• cümə, 19 Aprel, 18:31
  • Baku Bakı 24°C

Rübail Əzimovun “Xarı bülbül” sevdası - Foto-Video

12.01.17 16:25 1769
Rübail Əzimovun “Xarı bülbül” sevdası - Foto-Video
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində "Xarı bülbül” mahnısına çəkilmiş klipin təqdimat mərasimi keçirildi. Azərbaycan professional musiqisinin banisi Üzeyir bəy Hacıbəylinin xatirəsinə ithaf olunan layihənin müəllifi "AZİRU Music”in rəhbəri Rübail Əzimovdur.
Tədbirdə onun müəllifi olduğu və Xalq artisti Alim Qasımovla birgə ifa etdiyi "Xarı bülbül” mahnısına çəkilmiş klip təqdim olundu. Klipdə xəyali obrazlar kimi Üzeyir Hacıbəylinin və Xurşud Banı Natavanın düşmənə əsir düşməsi təsvir olunur. Azərbaycan Milli Konservatoriyasında çəkilmiş klipdə Elxan Cəfərovun "Qarabağdır Azərbaycan” filminin fraqmentlərindən də istifadə olunub. Alim Qasımovun da çəkildiyi klip Azərbaycanın klassik memarlıq nümunələrini əks etdirən ortamda lentə alınıb.
Tədbirin aparıcı tanınmış jurnalist Kazım Sübhan iştirakçıları gənc ifaçıya dəstək olduqlarına görə alqışladı: "Ümid edirəm ki, təqdim edəcəyimiz klip və musiqi sizin zövqünüzcə olacaq”.
Layihənin rəhbəri R.Əzimov bildirdi ki, layihədə işğal olunmuş torpaqlarımıza tamam başqa bir profildən baxışın əks olunmasına çalışıblar: "Biz Alim müəllimlə birgə istədik ki, Şuşanın simvolu olan xarı bülbülə xitabən onun pərişan halını və qəmini bölüşdüyümüzü göstərək. Musiqi tərtibatı cəhətdən də fərqli yanaşma ortaya qoymağa çalışmışıq. Klipdə Azərbaycan igidlərinin düşmənlə əzmkar mücadiləsi əks olunub. Eyni zamanda, çalışmışıq ki, həm Azərbaycan əsgərinin qəhrəmanlıq nümunələri, həm də Azərbaycanın memarlıq inciləri diqqətdən kənarda qalmasın”.
Tədbirdə iştirak edən tanınmış şair Baba Vəziroğlu Rübaili təbrik edərək onun bu layihə ilə Azərbaycan mədəniyyətinə kiçik bir töhfə verdiyini bildirdi.
Bəstəkar Nailə Mirməmmədli də gənc ifaçını təriflədi: "Rübail istedadlı gənclərimizdəndir. Onun gələcəyinə böyük ümidlərim var. Rübailin əsas problemi utancaq olmasıdır. Belə gənclərə də
dəstək olmaq lazımdır. Rübail öz həmkarlarından çox fərqlənir. Bu fərqliliyin tərəfdarıyam. İstəyirəm ki, xalqımız belə bir istedadlı gəncimizdən xəbərdar olsun”.
Qeyd edək ki, təqdimat mərasimində tanınmış sənət adamları, ictimaiyyət nümayəndələri və media mənsubları iştirak edirdilər.

Xəyalə Rəis



banner

Oxşar Xəbərlər