• şənbə, 20 Aprel, 06:52
  • Baku Bakı 14°C

Ört-basdır edilən Kərimli-Gülən ittifaqı

20.08.16 10:48 1972
Ört-basdır edilən Kərimli-Gülən ittifaqı
"Öz gözündə tiri görmür, başqasının gözündə tük axtarır”. Son günlər radikal müxalifət təmsilçilərinin Azərbaycanda Fətullah Gülən tərəfdarları ilə bağlı qaldırdıqları hay-küy məhz bu el misalını xatırladır. Xüsusilə də Əli Kərimli və nəzarətində olan KİV-lər, kənardan onlara "tırka verənlər” elə təsəvvür yaratmağa çalışırlar ki, sanki Azərbaycan hökuməti Türkiyədəki dövlət çevrilişi cəhdinə biganə qalıb, Ərdoğan hökumətini bunlar xilas ediblər. Amma kimi aldadırlar axı bunlar?
Türkiyədə hərbi çevriliş cəhdinə qarşı ilk etiraz edən və qardaş ölkənin qanuni hakimiyyətinə ilk açıq dəstək verən dövlət məhz Azərbaycan oldu. Azərbaycan Xarici İşlər Nazirliyi çevriliş cəhdindən dərhal sonra bəyanat verərək rəsmi Bakının Türkiyə xalqı və dövlətinin yanında olduğunu bildirdi. Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov isə Prezident İlham Əliyevin bu hadisəni birmənalı şəkildə dövlət çevrilişi cəhdi, Türkiyə xalqının milli maraqlarına, ölkənin demokratik əsaslarına və hüququn aliliyinə qəsd kimi dəyərləndirdiyini bəyan etdi.
Azərbaycan iqtidarının qəti və birmənalı mövqeyi Türkiyənin hökumət və dövlət rəsmiləri, eləcə də Türkiyənin Bakıdakı səfiri tərəfindən dəfələrlə təqdir edilib.
Bəs bu məsələdə rəsmi Bakını qınamaq niyyətində olan müxalifətin radikal qanadı, konkret olaraq AXCP nə edib? Diqqət yetirsək, görərik ki, çevrilişə cəhdin davam etdiyi dəqiqələrdə AXCP sədrinə yaxın fəallar sosial şəbəkələrdə qələbəni bayram edir, prezident Ərdoğanın "dərsinin verildiyini” iddia edirdilər. Hətta çevriliş cəhdinin qarşısı alınandan sonra müxalifətçilər, "demokratiya aşıqləri” baş verənləri "hakimiyyətin oyunu”, "qurulmuş tamaşa” kimi qələmə verməkdə idilər. Türkiyə hökumətinin çevrilişdə iştirak edənlərin tapılıb həbs edilməsi istiqamətindəki addımları da müxalifət mediası tərəfindən siyasi repressiya kimi qiymətləndirilirdi. Kərimovçular özlərinə yaxın media orqanlarında, xüsusən sosial mediada özlərini aqressiv aparır, faktlara qarşı qeyri-etik ifadələrlə cavab verirdilər.
İndi də məlum olur ki, Türkiyədə dövlət çevrilişi planı hazırlayan və həyata keçirən FETÖ-nün Azərbaycanda Əli Kərimli tərəfdarları ilə əlaqələri var imiş. Fətullahçıların Əli Kərimlinin daxil olduğu seçki ittifaqlarına gizli dəstək verməsi faktının gün üzünə çıxması AXCP-nin özü haqda yaratmağa çalışdığı dünyəvi liberal dəyərlərin qoruyucusu mifini dağıdır. Görünür, kərimovçuları təlaşa salan elə bu olub. Onlar heç vaxt Azərbaycan üçün prinsipial məqamlarda dövlətçi mövqedən çıxış edə bilməyiblər. Həmişə özlərini gündəmə gətirmək, hakimiyyətin siyasətini bəyənmədiklərini nümayiş etdirmək xatirinə müxtəlif cildlərə giriblər. Bu dəfə də belədir. Özlərini təmizə çıxarmaq üçün Azərbaycan hakimiyyətini FETÖ-yə qarşı rəsmi Ankaranın çağırışlarına lazımı səviyyədə dəstək verməməkdə ittiham edirlər. Diqqət etmirlər ki, yalanları, uydurduqları böhtanlar hətta iki qardaş ölkə arasındakı münasibətlərin korlanmasına belə səbəb ola bilər. Məsələn, onlar iddia edirlər ki, gülənçiləri Azərbaycana indiki hakimiyyət gətirib və onları himayə edir. Amma faktlar deyir ki, Fətullah Gülən şəbəkəsi Azərbaycanda hələ 80-ci illərin sonlarından formalaşmağa başlayıb. Bu gün onların əsas dayaqları olan "Qafqaz” Universiteti və "Araz” kursları məhz AXC hakimiyyəti vaxtı fəaliyyətə başlayıb. "Qafqaz” gülənçilərin xaricdə ilk ali məktəbi, "Zaman Azərbaycan” ilk xarici nəşrləri idi.
Hazırlıq kurslarının əhəmiyyəti barədə isə yalnız onu demək olar ki, F.Gülən və AKP hakimiyyəti arasında ziddiyyətlər məhz Türkiyədə hazırlıq kurslarının qapadılmasından sonra ictimailəşdi.
"Zaman” qəzetinin Azərbaycan əlavəsi 90-cı illərin birinci yarısından etibarən nəşrə başlayıb, ilk vaxtlardan da daxili siyasi proseslərdə mövqe tutmağa çalışıb.
Hələ 1992-ci ildə Əbülfəz Elçibəyin seçkiqabağı kampaniyasına açıq şəkildə dəstək verilib, "Oylarımız Elçibeye!” başlığı ilə bröşür və plakatlar nəşr edilib.
Keçmiş AXCP-çilər Daşqın Ağalarlının və Fazil Mustafanın açıqlamalarından göründüyü kimi, AXCP-Gülən əlaqələri hələ AXC hakimiyyətə gəlməzdən əvvəlki dövrə təsadüf edir, sonralar bu əlaqələr daha çox Kərimli tərəfdarlarının üzərində fokuslanıb.
Şübhə yoxdur ki, Türkiyədə FETÖ-çularla bağlı istintaq dərinləşdikcə Əli Kərimli ilə bu terror təşkilatı arasında əlaqələrin yeni sübutları gün işığına çıxacaq.
Elə bu səbəbdən də çox narahatdırlar. Amma öz gözlərindəki tiri də görmürlər ki, görmürlər. Məsələn, Türkiyədəki çevrilişə cəhd edənlərin ruporu kimi çıxış etmiş ANS televiziyasının yayımının dayandırılması barədə qərar çıxarılan kimi hakimiyyətə qarşı hücuma keçirlər. Bir müddət öncə Gülən şəbəkəsinin Azərbaycandakı məktəblərinin bağlanması ilə bağlı qərar qəbul olunanda kərimovçular bunu ciddi şəkildə tənqid edirdilər. İndi də Azərbaycan hökuməti çevriliş cəhdindən dərhal sonra rəsmi Ankaraya yardım məqsədilə mümkün olan bütün addımları atır. Dərhal Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin nəzarətinə verilib. Universitetin Gülənə bağlı müəllimləri işdən uzaqlaşdırılıb. Bu istiqamətdə lazım olan bütün addımlar atılır, Türkiyə tərəfi də bu addımları məmnunluqla qarşılayır. Hökumət rəsmiləri bir neçə dəfə atılan addımlara görə rəsmi Bakıya təşəkkürlərini çatdırıb, digər ölkələri də Azərbaycandan nümunə götürməyə çağırıblar. Amma kərimovçular yenə də narazıdırlar. Nədən narazıdırlar görəsən? Deyəsən, daha çox özlərinə görə narahatdırlar. Bu cür addımlarla guya özlərini qoruyacaqlarını, təmizə çıxaracaqlarını düşünürlər. Bundansa, başqasının gözündə tük axtarmaqdansa, gedib öz gözlərindəki tiri görməyi öyrənsələr yaxşı olar... Onsuz da özləri görməsələr də, hamı görür...
F. Qəhrəmanlı
banner

Oxşar Xəbərlər