• cümə axşamı, 18 aprel, 20:01
  • Baku Bakı 21°C

Roza Zərgərli məşhur özbək müğənni ilə mahnı oxuyub

11.12.13 16:56 2122
Roza Zərgərli məşhur özbək müğənni ilə mahnı oxuyub
Tanınmış “Üç-Kuduk” özbək qrupunun solisti Ziyad İşanxocayev müğənni Roza Zərgərli ilə birgə oxuduğu “Sən və mən” mahnısını dünən media nümayəndələrinə təqdim etdi.
Mətbuat konfransında Ziyad İşanxocayev müğənni ilə “Şərq bazarı” müsabiqəsində tanış olduğunu və onunla işbirliyindən məmnun olduğunu qeyd etdi: “Əgər mahnı ərsəyə gəlirsə, o daima öz ifaçısını axtarır. Elə olur ki, mahnı yazılır və illərlə öz ifaçısını tapa bilmir. Bizim işbirliyimiz də elə oldu. “Şərq bazarı” müsabiqəsində səhnədə hər yerə qaranlıq çökdü və birdən həmin qaranlıqda gözəl bir səs eşitdim. Geri çevrildim və sizin gözəl xanımınız olan Roza Zərgərlini gördüm. Biz tez bir zamanda onunla dostlaşdıq və fikirləşdik ki, niyə də birgə layihə ilə çıxış etməyək. Onun əla səs diapazonu var. Əsas yaxşı mahnı seçə bilməkdir. Bunu edə bilsək, son nəticədə möhtəşəm bir layihə ortaya çıxacaq”.
245 85 85
Z.İşanxocayev Bakıya gələrkən, belə gözəl və hərarətlə qarşılanacağını gözləmədiyini də dilə gətirdi: “Buraya gələndə hər kəsdə özümə və qrupumuza qarşı böyük marağın şahidi oldum. Tamaşaçılar bizim qrupumuz haqqında kifayət qədər məlumatlıdırlar və bu da məni çox sevindirir. Özümüzə qarşı bu sevgini görəndə başa düşdüm ki, Bakıya gəlməzdən əvvəl intensiv çalışmalarımız əbəs yerə deyilmiş. Mənim üçün sevindirici haldır ki, bu gün nağıllar şəhəri olan Bakıda sizinlə görüşmək imkanı əldə etmişəm. Burada olduğum üçün hədsiz sevinc hissi keçirirəm. Hər dəfə bu şəhərdə olanda özümü başqa aləmdə hiss edirəm. Bakıya hər səfərimdə özümə daha yaxın həmkarlar, dostlar tapıram. Artıq Bakıya istədiyim an gələ bilərəm. Buradakı dostlarımla münasibət saxlayaraq doğmalaşmağa başlayırıq”.
Roza Zərgərli Ziyad İşanxocayevlə duet oxuyacağına söz verdiyini və sözünün üstündə durduğunu qeyd etdi: “Sizə söz vermişdim ki, məşhur bir ifaçı ilə duet oxuyacağam və sözümün üstündə durdum. Mahnı “Üç-Kuduk” qrupuna aiddir. Bu mahnının tarixçəsi var. Belə ki, həyat yoldaşından ayrılmaq istəyən xanım, bu mahnını dinləyəndən sonra fikrini dəyişir və ailəsinə geri dönür. Xanım öz həyat yoldaşına “Yenə də məni bağışla” deyir və onlar ailələrini dağıtmırlar. Mahnının bu tarixçəsini dünən eşitdim və bu hadisə mənə təsir etdi”.
Nəzərinizə çatdıraq ki, Roza Zərgərli özbək ifaçısı ilə duet oxumaqla kifayətlənməyəcək. Belə ki, bu mahnıya klip çəkildikdən sonra növbəti dueti tamaşaçılara təqdim edəcək. Növbəti duet isə 2 dildə - Azərbaycan və özbək dillərində ifa olunacaq. Həmin mahnı da sevgidən bəhs edəcək. Roza Zərgərlinin sözlərinə görə, həmin mahnın sözləri 1 bənd Azərbaycan dilində, 1 bənd isə özbək dilində ifa olunacaq.
Bundan əlavə, duet ortaqlarının yaxın zamanlarda albomları da işıq üzü görəcək. Albom 4 dildə - Azərbaycan, özbək, türk və rus dilində olacaq.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər