• cümə axşamı, 25 aprel, 20:09
  • Baku Bakı 21°C

Roş-ha-Şana bayramı: Qubada yaşayan dağ yəhudiləri 5779-cu ili qarşılayırlar

11.09.18 14:00 546
Roş-ha-Şana bayramı: Qubada yaşayan dağ yəhudiləri 5779-cu ili qarşılayırlar
Qubadakı Qırmızı qəsəbədə yaşayan dağ yəhudiləri Roş-ha-Şana bayramını qeyd edirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bütün dünya yəhudiləri kimi, Qırmızı qəsəbə sakinləri də yəhudi təqviminə görə 5779-cu ili qarşılayırlar. Roş-ha-Şana bayramının vaxtı təqvimə görə dəyişsə də, hər il əsasən sentyabr ayına təsadüf edir.
Yəhudi təqvimi ilə Yeni ilin başlanğıcı sayılan bu bayram günündə qəsəbə sakinləri sinaqoqa gedərək dualar oxuyur, ehtiyacı olanlara əl tutur, bayram süfrəsi arxasında toplaşaraq Tanrıdan günahlarının bağışlanmasını diləyirlər.
Yeni ilin ilk on günündə yəhudilər müxtəlif dini ayinləri yerinə yetirir, tövbə edir, müqəddəs "Tövrat” oxuyurlar. Onuncu gündə isə bütün sutkanı ac qalmaqla oruc tutur və müqəddəs "Yom Kipur” gününü qeyd edirlər.
Qırmızı qəsəbədəki İsak Xanukov adına 1 nömrəli məktəbin direktoru Yavuşva Simanduyev bildirib ki, yəhudi icması Azərbaycanda həmişə əmin-amanlıq şəraitində yaşayıb, heç bir ayrı-seçkiliyə məruz qalmadan dil və mədəniyyətini, adət-ənənələrini qoruyub saxlayıb. "Qırmızı qəsəbə dünyada İsraildən sonra yəhudilərin yığcam yaşadığı nadir məkandır. Burada yəhudilərin dini icması və milli mədəniyyət mərkəzi fəaliyyət göstərir. Biz uzun illərdir öz adət-ənənələrimizi yaşadırıq. Bu bayramda süfrəmizi dadlı təamlar bəzəyir. Bununla yanaşı, süfrədə dəyirmi doğranmış yerkökü, balıq başı, nar, alma və balın olması vacibdir. Dəyirmi formada doğranmış yerkökü qızıl pulu, var-dövləti, süfrədəki balıq başı ailə başçısını, ailənin böyüyünü simvolizə edir. Bayram təamlarını dadarkən alma bala batırılaraq yeyilir ki, il boyu ailədə şirinlik, isti münasibət hökm sürsün. Dənələnmiş nar isə ailənin böyüməsinə, yeni doğulacaq uşaqlara işarədir”
, - deyə Yavuşva Simanduyev qeyd edib.
Roş-ha-Şana bayramı dünyanın müxtəlif məkanlarında yaşayan bütün yəhudilər tərəfindən təntənəli şəkildə keçirilir.
Dağ yəhudilərinin Quba ərazisində yığcam şəkildə məskunlaşmasının tarixi XVIII əsrin ortalarına təsadüf edir. Quba xanlığına Fətəli xanın rəhbərlik etdiyi dövrlərdə bütün ətraf ərazilərdə yaşayan yəhudilər bura köçməyə başlayıblar. Həmin vaxt salınan yəhudi məhəllələrində 10-dan çox sinaqoq inşa olunub. Hazırda Qırmızı qəsəbədə 3 mindən çox dağ yəhudisi yaşayır.
banner

Oxşar Xəbərlər