• cümə, 19 Aprel, 06:01
  • Baku Bakı 13°C

Romanda tam söz sahibisiniz

08.02.16 10:11 1693
Romanda tam söz sahibisiniz
Corc Raymond Riçard Martin 1948-ci ildə ABŞ-ın Nyu-Cersi ştatında dünyaya göz açıb. C.Martin yaradıcı karyerasına bədii və sənədli filmlərin mətn yazarı kimi başlasa da, dünya ədəbiyyatında onu məşhur qısa hekayə və fantastik nəsrin ustası kimi tanıyırlar. 2011-ci ildə “Time” jurnalı tərəfindən “Dünyanın ən təsiredici 100” insanı siyahısına düşən yazar “Od və buzun nəğməsi”, “Taxt oyunları”, “İşıqdan gələn ölüm”, “Bahar xülyası” kimi romanları ilə məşhurlaşıb. Martini “Amerikanın Tolkieni” adlandırırlar. Corc R.R. Martin ilə “Taxt oyunları” (“Game of Thrones”) və digər yaradıcılıq təcrübələri haqqında söhbəti təqdim edirik.
- Bir neçə gün əvvəl danışanda “Əjdahalarla rəqs” (“A Dance with Dragons”) adlı yeni kitabınızın iyun ayında işıq üzü görəcəyini dediniz. Bu o deməkdir ki, əsəri tamamlamısınız?
- Kitab tamamilə bitib deyə bilmərəm. Son bir neçə hissə üzərində hələ də işləyirəm. Mən sizə deməmişdən əvvəl də “Bantam” nəşriyyatından kitabın çap tarixi ilə bağlı açıqlama verilmişdi, görünür işin yekunlaşdığını görüb rahatlaşıblar.
- Deyəsən, bu sual çox verilib?
- Bəli, bəli olduqca çox. Amma digər tərəfdən də yeni kitab, artıq demək olar ki, beş ildir, təxirə salındıqca yavaş-yavaş təzyiqlər də çoxalırdı. Təzyiq altında da işin necə davam etdiyini təsəvvür edirsiniz.
- Təzyiq də olsa, ən azından kitabınızla geniş kütlənin maraqlandığını görürsünüz.
- Ah, əlbəttə, ən azından alternativ situasiyadan yaxşıdır. Yəni heç kimin maraqlanmaması, yeni əsərin meydana gəlməsindən kiminsə xəbərinin olmaması ehtimalı da var idi. Mən bu bərbad vəziyyəti də yaşamışam.
- “Taxt oyunları”-nı izləmək imkanınız olmayıb. Birinci hissənin yekundan əvvəlki versiyasına baxmısınız. O zaman gördüklərinizdən razı qalmışdınızmı?
- Bəli, əslində, olduqca razı qalmışdım. Bu mənim hekayəmdir. Bəzi dəyişikliklər və fərqliliklər, əlavələr var idi. Məncə, istənilən romanı televiziya proqramına, sənədli filmə və ya bədii filmə çevirirsinizsə, bu tip dəyişikliklər qaçılmazdır. Amma etiraf etməliyəm ki, yersiz dəyişiklik yox idi. Əsərlərimə çəkilən filmdə bu həmişə şikayət etdiyim məsələdir. Müəyyən dəyişiklik lazımdır, çünki bu tamamilə fərqli meydandır. Amma digər dəyişikliklər ssenaristin, studiya işçilərinin və ya digərlərinin “Bəli, budur! Belə daha yaxşı olacaq!” deməsi ilə atılan kor-koranə addımlardır. Yazdıqlarının daha yaxşı formada ekranlaşdırılacağından əmin olmaq hər yazarın arzusudur.
- “Taxt Oyunları”nı Tolkienin “Üzüklərin şahzadəsi”nə rəqib olaraq düşünmüzdünüz?
- Hər zaman epik-fantastik janrda yeni əsərlərə müəlliflik etməyə çalışmışam. Ancaq qətiyyən Tolkienin ideyasını yenidən işləmək və ya üslubunu təkrarlamaq fikrim olmayıb. Sadəcə yeni üsul, yeni ideya işləmək istəyirdim. Fikrimi bir az da açası olsam, bu proyekt, əslində, mənim Hollivud karyeram üçün, daha doğrusu, formalaşmasına imkan verilməyən karyeram üçün bir müqavimət, reaksiya idi. 10 ildir Hollivudda idim, “Alatoran qurşağı”, “Gözəl və Çirkin” kimi iri layihələrdə yazar-prodüser kimi çalışmışdım. Beş il ideyalarımı ssenariləşdirdim. Mənim üçün bütün o mərhələ: “Corc, bu möhtəşəmdir! Bu qeyri-adi, mükəmməl bir yazıdır, çox sağ ol. Amma bunun xərci bizim büdcədən 3 dəfə çoxdur. Bu layihə üçün kifayət qədər maliyyə yoxdur. Bu çox böyük və bahalıdır...” – təsəllilərini eşitməklə keçirdi...
- Bəs sonra?
- Sonra yenidən yazdığıma qayıdır, obrazları birləşdirir, savaş səhnələrini kəsir, yəni daha rahat başa gələcək formaya salırdım. Ssenarilərin sonrakı formaları daha bəh-bəhlə qəbul edilsə də, mənə onların ilkin - kəsilib, şikəst edilməmiş versiyaları hər zaman daha dəyərli, orijinal, baha başa gəlsə də, daha keyfiyyətli gəlirdi və onların hamısını saxlayırdım. Roman yazmağa başlayanda, yəni 90-cı illərdə “təhkiyə məhəbbətim” qətiləşəndə ən çox dəyər verdiyim şeyləri qələmə aldım. Romanda hər şeyə, bütün effektlərə sahibsiniz. Sayı yüzü keçən qəhrəmanlara həyat verə, nəhəng və inanılmaz müharibə səhnələri canlandıra bilərsiniz. Televiziya və bədii filmlərdə başa gətirilməsi çətin şeyləri təhkiyədə, romanda edə bilərsiniz, çünki siz orada tam söz sahibisiniz. Romanda ssenarist də, rejissor da, mətn yazarı da, xüsusi effekt koordinatoru da, kostyum şöbəsinin müdiri də sizsiniz və büdcə haqqında düşünmək dərdiniz yoxdur. Bütün bunların ironik tərəfi isə bu romanı yazanda onun nə zamansa Hollivudda gündəmini zəbt edəcək bir film olacağını əsla düşünməmişdim, çünki ekranlaşdırılacağını heç planlaşdırmadığım roman idi.
- “Buz və odun mahnısı” silsilə əsərini yeddi kitab şəklində satmısınız?
- 1994-cü il idi. Ədəbi təbliğatçı Tolkienin dediyi kimi təhkiyənin içində irəliləyən bir hekayəni 3 kitab şəklində satmışdı. Mən də həmin ərəfələrdə romana geri qayıtdım, yazdım, yazdım və bir müddət sonra ilk kitab üçün əlimdə 1300 səhifəlik əlyazma olduğunu gördüm. 1300 səhifədə hekayə sonlanmalı idi, amma mənim əlimdə hələ də bir nəticə, bir yer yox idi. Öz-özümə düşündüm ki, bəlkə hekayənin dörd kitab olmağa ehtiyacı var. Qaldığım yerdən davam etdim və növbəti mərhələdə bu hekayənin altı kitab şəklində yayımına ehtiyacı olduğuna qərar verdim. Sonrakı bir neçə il ədəbi axtarışlarda oldum, yavaş-yavaş yazdıqca fikrim qətiləşdi: “Bəli, bu əsər altı kitab olacaq”. Hələ onda sevgilim, indi isə dəyərli xanımım olan Parris mən altı kitab deyəndə barmaqları ilə yeddi göstərir və mənim bu qərarsız halıma gülürdü. Zamanla başa düşdüm ki, o haqlıdır. Yeddi kitab olmalıydı. Yeddi krallıq, yeddi Tanrı, yeddi kitab... Özünəməxsus zərafət var idi bu rəqəmdə. Bəlkə də kimisə darıxdıracaqdı, amma bu mənim hekayəm idi və ona on əlli sarılmışdım.
- Əminəm ki, silsilənin getdikcə uzanması ədəbi təbliğatçınızı bir xeyli həyəcanlandırıb. Bəs, naşiriniz necə?
- Hər kitab üçün on il naşiri gözlətdiyimə görə, o qədər də həyəcanlı keçirmədilər bu mərhələni. Onların yeganə tələbi daha sürətlə yazmaq idi. Minnətdarlıqla deməliyəm ki, olduqca səbirlidirlər və incitmədən gözləyirlər.
- “Taxt Oyunları” üçün Hollivuddan təklif gəldimi?
- Əslində, sözün tam mənasında təklif olmadı. Silsilənin ikinci kitabı “Kralların toqquşması” (“A Clash of Kings”) bestseller siyahısında birinci yeri tutdu, əsərin tərcümə, tiraj, ekranlaşdırılma hüququ maraqlanan bir çox ədəbiyyat və film adamından, rejissorlardan təklif aldım. “Üzüklərin şahzadəsi”ndən sonra izləyiciyə yenidən onun həyəcanını yaşatdıra biləcək hekayə axtarırdılar. Amma nədənsə hamı bunu bir hissəli, uzun ekran əsəri kimi düşünürdü. Mən isə buna razı olmadım. Əgər film çəkiləcəksə, bu mütləq hissələr şəklində olmalı idi. “Üzüklərin şahzadəsi”nin üç kitabı üçün 3 seriya çəkilmişdi, halbuki o üç kitab mənim bir kitabımın həcmində deyildi. Deməli, hardasa 20 seriyalıq televiziya filmi çəkiməliydi. Bunu isə hər şirkət gözə ala bilmirdi. Üstəlik, Hollivudda sizə “Ohhh, çox bəyəndim. Möhtəşəm idi!” deyən çox adam görərsiniz, amma heç biri səmimi və realist deyil. Devid və Den bu işin öhdəsindən gəldilər.
- Kitablarınızın olduqca geniş oxucu kütləsi var. Əsərlər ekranlaşdırılarkən rejissorlar bu detala xüsusi diqqət yetirirlər. Siz necə düşünürsünüz, oxucularınızın hesabına bu film gözlənilən uğuru əldə edə biləcəkmi?
- Hamıda kimi oxucularımın da içində bir aclıq mövcud olduğu inkarolunmaz həqiqətdir. Amma serial uğur qazanması üçün əsəri oxumamış insanların da göz zövqünə, marağına diktə etməlidir. Kitablarımın alıcıları da, mütəmadi davamını gözləyənləri də, oxucu kütləm də kifayət qədər genişdir. Amma düşünürəm ki, bu rəqəm bir televiziya seriyalının yayıma davam etməsini təmin etmək üçün lazım olan qədər çox deyil. Yəni, sizin dediyiniz kimi sadəcə oxuyanlar izləsə, seriyalın ömrü düşündüyümüzdən çox qısa olar. Amma nəsə işə başlayanda yaradıcı heyət birmənalı şəkildə düşünürdü ki, bu fantastik hekayədən nifrət edən insanlara belə fantastikanı sevdirəcək əsərdir.
- “Taxt oyunları”nın təqdimatlarında hələ də aydınlaşdırıcı detallara rast gəlmirik. Bu planlaşdırılmış şeydir?
- Dastanlaşacaq fantastik hekayə üçün bir qədər sirli qalmağa ehtiyac var. Ədəbiyyatın hər zaman bir qədər sehrə, sirrə ehtiyacı var, bir qədər ordan qidalanır. Hər növbəti əsərdə yazıçı bu sirri daha da dərinləşdirə bilməlidir, oxucunu ovsunlamağı bacarmalıdır. Bu əqrəbi bişirməyə bənzəyir. Onu birbaşa isti suya atsanız, qazandan hoppanıb, qaçacaq. Amma əvvəlcə soyuq suya qoyub, suyu yavaş-yavaş qızdırsanız, onu istədiyiniz formada bişirə bilərsiniz.
P.S. Müsahibə 2010-cu ildə “New-York Times” qəzetində yayımlanıb. Həmsöhbət olub – Devid İtzkof.
Tərcümə etdi: Elcan SALMANQIZI
banner

Oxşar Xəbərlər