• cümə, 19 Aprel, 13:30
  • Baku Bakı 25°C

Roma Papasının nifaqçılığı

14.04.15 06:55 1256
Roma Papasının nifaqçılığı
Məlum olduğu kimi, Roma Papası I Fransisk Romadakı Müqəddəs Pyotr kilsəsində ənənəvi mərasimdə çıxış edərək, “erməni soyqırımı”nı “XX əsrin ilk soyqırımı” adlandırıb. Bu isə, əlbəttə ki, təkcə Türkiyədə deyil, “soyqırımı”nın uydurma və qondarma olduğundan xəbərdar olan dairələrdə və cəmiyyətlərdə narahatçılıq doğurub.
Aydındır ki, “erməni soyqırımı” məsələsi təkcə ermənilər tərəfindən deyil, ümumilikdə Qərb siyasi və dini dairələri tərəfindən ortaya atılmış və daim müxtəlif məqsədlər naminə körüklənən kartdır. Bu gün isə bu kart Qərb dairələri tərəfindən daha çox istifadəyə yararlı hesab olunur. Məlumdur ki, Türkiyənin bir dövlət olaraq regionda və dünyada əhəmiyyəti artır. O, artıq öz sözünü deyə bilən bir dövlətə çevrilib. Sirr deyil ki, Türkiyə bu gün əvvəlki dövrlərdə olduğu kimi, Qərbin hər dediyinə “hə” demir və öz milli maraqlarından çıxış edərək, Qərbin bir sıra məkrli planlarının reallaşmasına imkan vermir. Bu isə, əlbəttə ki, həmin dairələrdə ciddi narahatlıq doğurur.
Məsələn, çox uzağa getmədən deyək ki, İŞİD məsələsində Qərbin oyunlarına alət olmaması, Rusiya və İrana qarşı Qərbin təşkil etdiyi koalisiyalarda yer almaması Türkiyəyə qarşı bir növ qisasçılıq hissini artırmış oldu. Bu isə Qərbin Türkiyəyə təzyiq etmək üçün müxtəlif vasitələrdən istifadə etməsinə gətirib çıxarır. Çünki əgər Vatikan həqiqətən də erməni “soyqırımı” ilə maraqlanmış olsaydı və bu onu narahat edirdisə, “soyqırımı”nın baş verdiyi dövrə yaxın zamanlarda öz mövqeyini bildirərdi. Göründüyü kimi, illər sonra, hadisələrin (əgər bu hadisələr olubsa) izlərinin itdiyi bir dövrdə Roma Papasının belə bir addımının sırf siyasi mülahizələrdən irəli gəldiyi acı gerçəklikdir.
Deməli, Papa tarixdə nəyin baş verməsindən asılı olmayaraq, özünə yaxın bildiyi dairələrin mənafeyinə uyğun olaraq hərəkət etmiş olub.
Məlumdur ki, bəzən Qərb ölkələri öz sözlərini birbaşa deyil, müəyyən vətəndaş cəmiyyəti instituları vasitəsi ilə çatdırmağa adət ediblər. Bu dəfə isə onlar dini vasitədən istifadə etməyi lüzum görüblər. Vatikan və Roma Papası nə qədər dini təsisatlar olsa da, zaman-zaman siyasətin, xüsusilə də xristian klubu ölkələrinin siyasətinin aləti olduqlarını sübut ediblər. Roma Papasının “erməni soyqırımı” məsələsindəki mövqeyi də sırf Qərb dairələrinin sifarişi və xristian təəssübkeşliyinin nəticəsidir. Xüsusilə də erməni “soyqırımı” məsələsinin siyasi alət kimi istifadə edildiyinin aydın şəkil aldığı bir dövrdə Roma Papasının bəyanatı Vatikanın dini deyil, sırf dünyəvi siyasətlə məşğul olduğunu ortaya qoyur. Əslində, Roma Papası kimi nüfuzlu din xadimi tarixdə baş vermiş qanlı səhifənn bu gün gündəmə gətirilərək xalqlar arasında nifaqa səbəb olacağını bilə-bilə bu addımı atmamalı idi. Deməli, Vatikan dünyada sülhün, əmin-amanlığın deyil, bir daha qeyd edək ki, Qərb və xristian təəssübkeşliyinin simvoludur.
Roma Papası əgər 100 il bundan öncə dünyalarını dəyişmiş insanların halına yanırsa və buna “ədalətli” qiymət verilməsinin tərəfdarıdırsa, 23 il öncə baş vermiş Xocalı faciəsinə niyə eyni reaksiyanı bildirmir? Bundan başqa, xüsusilə Yaxın Şərqdə Qərbin törətdiyi fitnə əsasında son iki ildə öldürülən yüz minlərlə müsəlmanın halına niyə yanmır? Çünki onlar müsəlmandır, ona görəmi? Əlbəttə ki, bəli.
Roma Papası son addımı ilə özünü dünyanın, xüsusilə də müsəlman dünyasının gözündən salmış oldu. Artıq çətin ki, dünyada onun barışdırıcı roluna inanan olsun.
Vatikanın və Roma imperiyalarının tarixinə nəzər salarkən də onların daim dini, sülhpərvər və barışdırıcı missiya ilə deyil, dağıdıcı, təhrikedici rol oynadığının şahidi olmuş olarıq. Səlib yürüşlərinin təşkilinin özü bu “dini” təsisatın nə qədər eybəcər tarixi missiyalar həyata keçirdiyini ortaya qoyur. Səlib yürüşləri zamanı milyonlarla şərqli-müsəlmanın qətlə yetirilməsinin, sivilizasiyaların məhv edilməsinin baiskarı kimdir? Əlbəttə ki, bu səlib yürüşlərinin təşkilatçısı Vatikan. Ümumiyyətlə, bu təsisatın tarixdə daim geriçiliyi, təfriqəni, nifaqı təşviq etdiyi, mürtəce missiya daşıyıcısı olduğundan hər kəs xəbərdardır. Əslində bu gün xristianlar arasında da Roma papalarının elə bir nüfuzu yoxdur. Sadəcə, hazırda siyasət alətinə çevrilərək müxtəlif məqsədlər üçün istifadə olunmağa yararlı bir qurum kimi, mövcudluğu məqsədyönlü şəkildə şişirdilir. Allah adından danışaraq yalan, uydurmalar əsasında oynanılan siyasətə alət olan Vatikan və konkret olaraq Papa Fransiski onun inandığı o dünyada nəyin gözlədiyi məlumdur. Lakin yəqin ki, Papa Fransisk orta əsrlərdəki sələfləri kimi, bəzi Qərb dairələrinin və erməni diasporunun pulları hesabına özünə “cənnət qəbzi” - indulgensiya aldığından, yalana doğru deməyinin ona o dünyada problem yaratmayacağına əmindir.
Özünü bu cür gülünc günə salan Roma papalarından başqa nə isə gözləmək də doğru deyil. Əslində isə, Türkiyənin baş naziri Əhməd Davudoğlunun dediyi kimi, dini liderlərin birinci vəzifəsi tarixi mübahisələr üzərindən yeni bir insident və nifrət mühiti yaratmaq yox, bəşəriyyəti birliyə, sülhə və bərabər yaşamağa dəvət etməkdir. Həmçinin insanların sadəcə bir hissəsinin kədərinə sahib çıxıb digərinin iztirablarını görməmək Papaya və onun tutduğu mövqeyə yaraşmadı. Yalnız kədər, xüsusilə də müharibə dövründə yaşanan kədər paylaşıldığı zaman, bu iztirabların anlaşıldığı və ədalətli yaddaşla bu iztirablara sahib çıxıldığı zaman sülh mühiti yaranar.
Göründüyü kimi, Roma Papası özünün missiyasını doğru-düzgün yerinə yetirməkdə maraqlı deyil. Lakin bu, heç də bəşəriyyət üçün xoş gələcək vəd etmir. Əvvəlki dövrlərdə Roma papalarının müsəlman dövlətlərinə, o cümlədən Türkiyə və Azərbaycana səfərləri iki din və dini təsisatlar arasında münasibətlərin normallaşmasına xidmət edirdisə, son bəyanat bunun əksi olan prosesləri proqnozlaşdırmağa sövq edir. Sirr deyil ki, Fransiskin işlətdiyi “soyqırımı” ifadəsi istər-istəməz Vatikanla Türkiyə və Azərbaycanın münasibətlərinə təsirsiz ötüşməyəcək. Bundan başqa, cəmiyyətlərdə də bunun əks-təsiri özünü göstərə bilər.
Təvəkkül Dadaşov
banner

Oxşar Xəbərlər