• cümə, 29 Mart, 01:46
  • Baku Bakı 7°C

Robert Hossein: “Bir az da təkid etsəniz, burda qalacam” - "Bizim qonaq" - Fotolar

23.11.16 16:51 4336
Robert Hossein: “Bir az da təkid etsəniz, burda qalacam” - "Bizim qonaq" - Fotolar
Fransız aktyor və rejissor: "Məni Azərbaycana dəvət etdiklərinə görə, prezident İlham Əliyevə və ölkənin birinci xanımı Mehriban Əliyevaya təşəkkür edirəm! Onlar mənə əcdadlarımla yaxından tanış olmaqda kömək etdilər”
Onu illərdir ki, üç ölkə - Azərbaycan, Rusiya və İran öz arasında bölə bilmir. Özü isə bu məsələyə gülə-gülə reaksiya verir: "Bu o deməkdir ki, mən hamınınam”. Xanımı Kendis Patu ilə "Kaspi”də qonaq olan əfsanəvi fransız aktyoru və rejissoru Robert Hossein Bakıda xüsusən gənclərin ona sevgisindən heyranlığını gizlətmir. "Bizim qonaq”da da eyni səmimiyyətlə: "Mənim haqqımda nəyi bilmək istəyirsinizsə, soruşun” - dedi.
Kasıb, amma zəngin fikirlərlə doğulmuşam
- Sizi kino aləmində daha çox Joffrey de Peyrak roluna görə tanıyırlar. Ancaq sizin kino və teatrda yüzdən çox rolunuz var. Bircə rolla tanınmaq sizi məyus etmirmi?
- Mən 150-dən çox filmdə həm aktyor, həm də rejissor kimi iştirak etmişəm. Həm oynamışam, həm də özüm səhnələşdirmişəm. Çoxlu tamaşalar hazırlamışam, kütləvi səhnələr qurmuşam. Ancaq Joffrey roluna görə məni daha çox tanıyırlar. Moskvada olanda küçəyə çıxa bilmirdim. Bütün insanlar məni əhatəyə alıb, bu rolla bağlı suallar verirdilər. Bakıda universitet gəncləri ilə görüşərkən də, bu sevgini gördüm. Hamı bu roldan danışırdı...
- Siz həmçinin, çoxlu mənfi rollar da oynamısınız. Ancaq "Anjelika, mələklərin markizası” filmində bizim üçün ən maraqlı məqamlardan biri Qraf Joffreyin Anjelikanın qarşısında görünməsidir - qoca, bədheybət, axsaq… Ancaq indi gözümüzün qarşısında həddindən artıq yaraşıqlı bir kişi oturub. Belə bir insanın elə bir rolda çəkilməsi maraqlıdır. Bu, sizin ən sevimli rolunuzdur?
- Mən çox məmnunam ki, bütün fikirlər "Anjelika” filminin ətrafında dolaşır. Ancaq mən sevdiyim filmlərin içərisində "Professional”ı da qeyd edərdim. Komissar Rozin rolunu çox xoşlayıram. Çoxlu qanqster rolları oynamışam. Həmçinin, kifayət qədər polis rollarım var.

- Oynadığınız hansı rol xarakterinizə daha çox yaxındır?
- Fyodor Dostoyevskinin "Cinayət və cəza” əsərindəki Raskolnikov bəlkə mənə bir az oxşayır. Mən teatrda yazıçının "Cinayət və cəza”, "Şeytanlar” əsərlərini, həmçinin digər rus klassiklərinin əsərlərini səhnələşdirmişəm.
- Dostoyevskiyə müraciət etməyiniz maraqlıdır. Fikirlər var ki, yazıçının əsərlərinə müraciət edən rejissorlarda insanın peşmançılıq hissini qabartmaq düşüncəsi olur. Sizi onun yaradıcılığında cəlb edən nə olub?
- Onu bilirəm ki, mən həmişə Raskolnikovun və Sonyanın yanında olacağam.
- Fransada meydanlarda və stadionlarda qurduğunuz kütləvi səhnələrə görə sizi "Respublikanın xalq rejissoru” adlandırırlar. O qədər insanla iş prosesində necə dil tapa bilirsiniz?
- Hər dəfə çəkilişlər vaxtı 150-ə yaxın insanla işləyirəm. Stadiondakı çəkilişlərdə 85 min insan olur. "Ben-Hur” filmi mənim üçün daha çox adamların toplaşdığı filmdir. Həmin filmin çəkilişləri zamanı bu qədər tamaşaçıdan əlavə, 450-ə yaxın aktyor heyəti yığışmışdı. Mən o qədər insanlarla işləyirdim. Ancaq sonradan işsizliyin artdığını görüb Ren şəhərinə getdim. Orada məktəb açaraq, işsiz gəncləri aktyor kimi yetişdirmək üçün cəlb etdim. Mənim fəaliyyətimin nəticəsi o oldu ki, tanınmış aktrisa İzabella Adcanini küçədən həmin məktəbə gətirdim. Sonradan o, çox məşhurlaşdı.
- Hazırkı fransız kinosu il 40-50 il əvvəlki fransız kinosu arasında çoxmu fərqlər var?
- Bu gün istedaddan danışmaq düzgün deyil. Bu gün vasitələr də, yanaşma tərzi də əvvəlki konsepsiya deyil. Elə bir şey yaradılmalıdır ki, insanların qəlbinə toxuna bilsin. Bu gün artıq o yoxdur. Ancaq bir şey hələ də mövcuddur - mübadilə, bölgü, ümid və şüurlu şəkildə yanaşmaq. Ancaq bu cür düşünmək məni nəinki işləməyə, bəlkə də küçəyə aparar.
- Siz şöhrəti çox erkən əldə etmisiniz. Bütün ömrünüz səhnələrdə, projektorların işığı altında keçib. Necə düşünürsünüz, bu qədər şöhrətli olmaq yaxşıdırmı?
- Mənim üçün vacib olan gələcəkdir. Gələcək isə gənclik deməkdir. Mən anadan kasıb, amma zəngin fikirlərlə doğulmuşam.
- Amma çoxdandır filmlərə çəkilmirsiniz. Kameraya vida etmisiniz?
- Çətin olan birinci 50 ildir. Həyatın ikinci yarısına qədəm qoyanda hər şey rahatlıqla öz yolu ilə gedir. Çünki birinci 50 ildə hər şeyə adət edirik. Hal-hazırda bütün dinləri, irqləri bir yerə toplayan və insanları sülh şəraitində yaşamağa çağıran bir tamaşa hazırlayıram. Əgər mən dünyanın ən böyük tamaşasını hazırlamaq üçün vəsait tapsam, onu Azərbaycanda həyata keçirəcəm.
- Bir aktyor kimi ürəyinizdə oynamaq istədiyiniz rolların həsrəti qalıbmı?
- Çoxlu rollar var...
Göz yaşları gəncliyimin nostalgiyası idi
- Azərbaycan haqqında təəssüratlarınız maraqlıdır?
- Artıq dördüncü dəfədir ki, Azərbaycana gəlirəm. Azərbaycan mənim üçün elə bir ölkədir ki, özümü burada rahat hiss edirəm. Ona görə də bu ölkəni çox sevirəm. Mən burada keçmişdən üzü bəri inkişafda olan bir şəhəri görürəm. Bu, mənim üçün dövrülük deyil, əbədilikdir. Küçədə insanlarla rastlaşanda onların emosiyalarını hiss edib, özüm də həyəcanlanıram. Burada insanlarla danışıb ünsiyyət qurmaq çox rahatdır. Xüsusən ölkənin inkişafını görəndə çox sevinirəm. Məni Azərbaycana dəvət etdiklərinə görə, prezident İlham Əliyevə və ölkənin birinci xanımı Mehriban Əliyevaya təşəkkür edirəm! Çünki onlar mənə əcdadlarımla yaxından tanış olmaqda kömək etdilər.
Kendis Patu: - İlk dəfə biz Azərbaycana dəvət alanda 40 il idi ki, Robert təyyarəyə minmirdi. Çünki bizi İrana da dəvət etmişdilər. Amma biz getmirdik. Birinci xanım Mehriban Əliyevanın dəvətini böyük məmnuniyyətlə qəbul etdik. Robert özünü pis hiss edər deyə, hər ehtimala qarşı dərmanlar götürdüm. Bakıda hava limanına enəndə çoxlu insanlarla əhatə olunduq. Elə burada Robertin atasının musiqisini dinləməli olduq. Fransadan Bakıya neçə uçduğumuzu bilmədik. 40 illik həyəcan itib-getdi. Sonra biz İçərişəhərə getdik. Robert köhnə şəhərdə gəzdikcə, çox təsirləndi. O Qız qalasına baxdı və ağlamağa başladı. Yolda olan yaşlı bir azərbaycanlı Robertə yaxınlaşdı və onu qucaqladı. Biz həmin səhnəni yaddan çıxara bilmirik.
- Cənab Hossein, heç şübhəsiz ki, sizin Azərbaycanın 20 faiz torpağının işğal altında olması ilə bağlı məlumatınız var. Sizcə kinematoqrafiyanın, mədəniyyətin dili ilə bu həqiqətləri dünyanın diqqətinə çatdırmaq olar?
- Bu, ağrılı məsələdir. Çox istərdim ki, bu münaqişə hüquq çərçivəsi daxilində tezliklə öz həllini tapsın. Hər iki tərəfin hüquq çərçivəsində barışıq əldə etməsinə təsir edə bilən tamaşa və ya kino çəkmək olar. Çünki bu, hər iki tərəf üçün ağrılıdır. Azərbaycanın bu münaqişədən çox əziyyət çəkdiyini görürəm. Ancaq mənə elə gəlir ki, bu münaqişəni daha da mürəkkəbləşdirən siyasi əlaqələrdir. Hər iki tərəfin rahat yaşamaq imkanı üçün hüquq çərçivəsində barışıq əldə etmək lazımdır. Kənardan müdaxilə olmadan tərəflərin oturub münaqişəni müzakirə etməsi və barışığa gəlib çatması çox vacibdir. Bu gün erməni lobbisi çox güclüdür. Biz bunu Fransada da çox hiss edirik. Mədəniyyət və ya kinematoqrafiya yolu ilə bu münaqişənin həllinə kömək etmək olar.
- Siz bizim universitet tələbələri ilə görüşərkən, filmlərinizdən kadrlar nümayiş olunan zaman ağlayırdınız. Aktyoru belə məqamlarda ağladan nədir - keçmişimi, gəncliyimi?
- Bu göz yaşları gəncliyimin çox qəribə nostalgiyası idi. Gözlərimi yaşadan xatirələrim idi. Mən çox həyəcanlanmışdım.
Evdə tar varsa, deməli, bizdə Azərbaycan musiqisi çalınır
- Müsahibələrinizdə dəfələrlə demisiniz ki, atanız sizə "Həyatda hər şey ola bilər, ona görə bunlara alışmaq lazımdır” məsləhətini verib. Siz çox qaynar, hay-küylü həyat yaşamısınız. Atanızın vəsiyyətinə əməl etmisiniz? Əgər etmisinizsə, bu, sizi xoşbəxt edibmi?
- Atamın xatirələrinə, məsləhətlərinə adət etmişəm. Atam Tehrandandır, o, çox gözəl tar çalan olub. Hətta deyirlər ki, İranda hər il onun vəfat etdiyi gün qeyd edilir. Atamgilin də, mənim də həyatım çox çətin olub. İmkanımız olmadığından 12-13 yaşlarında mən tez-tez məktəbi dəyişirdim. Biz binanın çardağında yaşayırdıq. Əl yumaq üçün 2-ci mərtəbəyə düşürdük. Su üçün isə dəhlizə çıxırdıq. Bütün bu çətinliklərə görə, atam mənə bu kimi məsləhətləri vermişdi. 14 yaşıma keçəndə "Mən artıq həyatımı qazanmalıyam” deyib, qarşıma məqsəd qoydum və San-Jermenə getdim. O vaxtdan həyata atıldım və yaşamağa başladım. Mən oteldə işləyirdim. Orada bir rus rəssam qalırdı. O, hər gün dəhlizdə balıq bişirirdi. Rəssam kirayə pulunu ödəyə bilmirdi. Otelin sahibi mənə "ya onu oteldən çıxar, ya da ikinizi də çölə atırıq” dedi. Mən rəssamın yanına getdim və vəziyyəti izah etdim. O, "mən bir gün milyarder olacam” deyincə, təəccüblə onun üzünə baxdım və ürəyimdə "sən heç kirayə pulunu ödəyə bilmirsən, necə milyarder olacaqsan” dedim. Həmin rəssam Polyakov idi.

- Oğlunuz da Azərbaycan tarına meyl edib və bu alətdə çalır. Maraqlıdır, siz evdə hansı musiqiyə qulaq asırsınız? Azərbaycan musiqisi, xüsusilə muğamı dinləyirsinizmi? Həmçinin hansı Azərbaycan filminə baxmısınız? Xoşunuza gəlibmi?
- Əgər Azərbaycan filmlərini Parisdə göstəriblərsə, mən onlara baxmışam. Muğam diskləri var, ondan əlavə, əgər evdə tar varsa, deməli, bizdə Azərbaycan musiqisi çalınır. Oğlum təkcə tarda çalmır, həm də pianoda ifa edir. Eyni zamanda, hazırladığım tamaşada və filmdə də tarın ifası var. Dünən haradasa süpürgə də gördüm və "bunu aparım” dedim. Çünki orada süpürgə yoxdur. Azərbaycan musiqisi, folkloru doğrudan da fövqəladə təsirə malikdir. Biz Azərbaycan musiqisinə çox qulaq asırıq.

- Müsahibələrinizin birində "Mənim heç evim də yoxdur, xeyriyyəçiliklə məşğulam” demisiniz. Bu indiki dövrdə utopiya kimi səslənmirmi?
- "Mülk sahibi” mənası mənim üçün yoxdur. Həqiqətən də mənim evim yoxdur. Əgər həyatda daimi olsaydım, bu barədə düşünərdim. Mən xeyriyyəçiliklə məşğulam, amma bu, o qədər də böyük sferanı əhatə etmir.
Kiçik, amma yaxşı döyüşlər
- Çox istərdik ki, bu suala həyat yoldaşınız cavab versin. Xanım Patu, dünyaca məşhur bir insanın həyat yoldaşı olmaq çətin deyil ki?
Kendis Patu - 40 ildir biz bir yerdəyik. Mən onu seçdim. Bir insan kimi görmək istədiyim xüsusiyyətləri onda tapdım. Mən ona rast gələndə artıq Anjelika dövrü keçmişdi. O, yeni bir yola çıxmaq üçün istiqamətlər axtarırdı. O, teatr istiqamətini götürdü və o zaman biz rastlaşdıq. Keçmiş arxada qaldı. Biz ikilikdə yeni bir yola başladıq. Çünki mən özüm də teatr aktrisası idim və birlikdə teatrda irəlilədik. Bu yol bizim 40 il bir yerdə olmağımızı təmin etdi. Bəzən Robertin çəkilişləri başqa məkanlarda olurdu. Ona görə də o mənə " teatrdan çıx, biz bir yerdə olmalıyıq” dedi. Görüşlərimizin birində dostlardan biri mənə "sən həqiqətən bir xəzinə tapmısan” deyəndə, düşündüm ki, biz mütləq daim bir yerdə olmalıyıq. Ondan sonra mən teatrı tərk etdim.

- Robert Hosseinin hansı şıltaqlıqları var?
- Kiminlə yaşayırıqsa və onun özünəməxsus xasiyyəti varsa, bu artıq bir döyüşdür. Ancaq bu kiçik döyüşlər yaxşı döyüşlərdir ki, bizi bu həyat yoluna gətirib çıxarıb. O vaxtkı məhəbbətlə bugünkü məhəbbət bir-birinə qarşılıqlı hörmətə gətirib çıxarır. Heç vaxt əllərini yanına salıb oturmaq olmaz. Hər bir kəsin öz şəxsiyyəti var, güzəştə getməlisiniz, amma çox yox. Parisdə hazırkı problem ondan ibarətdir ki, bugünkü cütlüklər evlənəndən sonra tez də ayrılırlar. Tutaq ki, sizin bağınız var və orada qızılgüllər əkirsiniz. Yaxşı seçim də edə bilərsiniz. Ancaq nə əkirsinizsə əkin, o müəyyən vaxtdan sonra boya- başa çatır. İnsan bir-birinin gözünün içinə baxa-baxa, yavaş-yavaş hər şeyə adət edir. Ancaq hər gün bayram deyil, bunu dəqiq bilirəm. Hər şeyə ciddi yanaşmaq lazımdır, amma həddən artıq yox.
İnancın sonu Allahın mövcudluğu ilə bitəcək
- Jerar Depardye Rusiya vətəndaşlığını qəbul edib. Sizin də ürəyinizdən Azərbaycan vətəndaşlığını qəbul etmək keçibmi? İçinizdə Azərbaycanda qalıb yaşamaq hissi varmı?
- Mən əldə etdiklərimə görə Fransaya öz minnətdarlığımı bildirmək istəyirəm. Çünki nə əldə etmişəmsə, o ölkədə qazanmışam. Ancaq Azərbaycanda olmağı da çox istərdim. Çünki gələndən bəri hamı "bəlkə burda hansısa tamaşa qurasınız” deyir. Bir az da təkid etsəniz, burada qalacam. Depardyeyə gəlincə, mən onunla qardaş kimiyəm. Hazırda səhnələşdirdiyim tamaşada bütün dini kitabları da ona oxutduracam. Məqsədim həmin filmdə Depardyenin oynamasıdır. Depardye o filmdə dindar rolunu oynayacaq. Çünki o, dinə inanandır.

- Bəs sizin inancınız, ən böyük duanız nədir?
- Mən sadəcə, inanıram. Bizim evimizdəki müsəlman qadını 25 ildir ki, hər gün namaz qılır. Mən Allaha o qədər inanıram ki, bu inancın sonu onun mövcudluğu ilə bitəcək. Düşünürəm ki, bütün dinlərə hörmət lazımdır. Müqəddəs kitabların hamısının mənşəyi eynidir. Mən Mehriban Əliyevanın Parisdə dəfələrlə təşkil etdiyi tolerantlıqla bağlı konfranslarda iştirak etmişəm. Hər bir insanın özünün kimliyi olmalıdır. Bu kimliklə bərabər, başqasının da kimliyinə hörmətlə yanaşılmalıdır. Biz ona görə Azərbaycana gəlirik ki, o fərqi hiss etmirik.
Təranə Məhərrəmova


banner

Oxşar Xəbərlər