“Risksiz yenilik və inkişaf olmur” - Uğur hekayəsi
Maliyyə üzrə təhsil
alıb, hazırda bank sektorunda risklərin idarə edilməsi istiqamətində çalışır. Bəs
riski sevən biridir? Xarakter etibarilə riskləri çox sevməyən insan olduğunu
deyir, amma həm də qəbul edir ki, risk olmadan yenilik və inkişaf olmur. "Riskləri
idarə etməli və yalnız ölçülmüş riskləri qəbul etməliyik” – deyən müsahibimiz Paşa Bankın Risklərin İdarə Edilməsi
Departamentinin eksperti Məhəmməd Məhərrəmlidir.
- Bakalavr təhsiliniz müddətində ABŞ-ın "Duke” və Çexiyanın "Charles”
universitetlərində tələbə mübadilə proqramlarında iştirak etmisiniz. Tələbəlik
illərindən aktiv olmusunuz, deyəsən.
- Mən bakalavr təhsilimi İqtisad Universitetinin
Xüsusi İstedadlar Qrupunda almışam. Oxuduğum müddətdə aktiv olmağa,
universitetin təşkil etdiyi fərqli işlərdə rolum olmasına çalışmışam. Həmçinin,
tələbə vaxtı Regionların İnkişafı İctimai Birliyində tələbə koordinasiyası
şurasında fərqli proyektlərdə menecer kimi könüllü olmuşam. Həmçinin qeyd
etdiyiniz mübadilə proqramlarında da iştirak etmişəm. Bir də 4-cü kursda Dövlət
Neft Fondunda 3 ay təcrübə proqramı keçmişdim. Passiv olmamağa, yaranan
imkanları dəyərləndirməyə çalışmışam.
- Orta məktəbdə
də aktiv olmusunuz? Çünki məktəb illərində passiv olanların tələbəlik illərində
aktiv rejimə keçmələri vaxt alır...
- Məktəb illərində də kifayət qədər aktiv idim. Nə
tədbir, yarış olurdusa, iştirak edirdim. O vaxt regionlarda fənn olimpiadaları
keçirilirdi. Mən coğrafiya üzrə iki il dalbadal birinci yerə çıxmışam. Məktəbdə
öndə gedən şagirdlərdən olmuşam. 7-11 siniflər üçün məktəbin "şərəf lövhəsi”
olur. Orda məktəbin adını önə çıxaran şagirdlərin şəklini vururdular. Mənim şəklim
4-5 il orda olub.
- Uşağın
yaxşı oxumağında, aktiv olmağında bəzən valideynin rolu çox olur, bəzən isə məktəb
faktorunun. Siz bu cəhətdən hansını deyərsiniz?
- Ümumi götürəndə hər ikisinin ayrılıqda öz yeri
var. Amma anamın rolunun daha çox olduğunu deyərdim. Anam iqtisadçıdır və
riyazi fənləri çox yaxşı bilirdi. Maliyyəçi üçün riyazi fənləri bilmək baza
olaraq önəmlidir. Riyazi bazamın formalaşmasında anamın böyük dəstəyi olub.
Amma müəllimlərimin də biliklərimin inkişafında əməyi danılmazdır.
- Ananızın
iqtisadçı olmağının maliyyəni seçməyinizdə rolu yəqin ki, olub...
- İkinci qrupda əsas fənlər riyaziyyat və
coğrafiyadır. Coğrafiya və riyaziyyat biliklərim güclü idi və bu fənlərə
marağım da çox idi. Bu iki fənnin seçimimdə rolu yəqin ki olub, amma anamın
iqtisadçı olması məni bu sahəyə çəkən faktorlardan birincisidir.
- Bakalavrı
bitirib bir müddət çalışdıqdan sonra magistr təhsili üçün Queen Mary London Universitetinə
üz tutmusunuz.
- Əvvəldən bütün dünyada tanınan bir diploma sahib
olmaq kimi planım var idi. Biliklərimi inkişaf etdirmək və maliyyə sahəsində
beynəlxalq təcrübəni öyrənmək üçün bunun önəmli olduğunu düşünürdüm. Amma bunun
üçün iş mühitinə düşmək, bir müddət çalışmaq lazım idi ki, özümdə olan zəif cəhətləri
kəşf edim. Bir il maliyyə departamentində işləyib özümdə inkişaf etdirməli
olduğum sahələri müəyyən etdim. Magistratura təhsilində də o sahələr üzərində
daha çox fokuslandım.
- İngiltərədə
bir investisiya fondunda da çalışmısınız. Bu, tələbəlik illərinə düşüb?
- Bəli, orda oxuduğum müddətdə universitetin özünün
investisiya fondu var idi. Orda bir müddət investisiya analitiki kimi çalışıb təcrübə
yığmışam.
- Tələbəlik
illərində digər ölkələrdə təhsil alanlar adətən, imkan olanda xaricdə qalıb
çalışmağa üstünlük verirlər. Qayıtmağınıza səbəb nə oldu?
- İmkan yaranmışdı, təhsilimin axırıncı ilində
risklərin idarə edilməsi üzrə iş təklifi almışdım. Qalmaq, yoxsa qayıtmaq? Bu qərarı
vermək çox çətin idi. Düzdür, ailəm də burda idi, amma qayıtmağımın əsas səbəbi
vicdan borcu hiss etməyim oldu. Çünki mən xaricdə dövlət proqramı ilə təhsil
almışdım. Düşündüm ki, dövlətə, xalqımıza məxsus pul ilə təhsil almışamsa,
qayıdıb ən azı 5 il müddətinə də olsa, ölkəmizdə işləyim, əlimdən gələni edim,
o mənəvi borcu qaytarım. Bəlkə də öz pulumla təhsil alsaydım, qayıtmazdım. Elə
oldu ki qayıtdım, karyeram də burda yaxşı davam etdi. Bəlkə də Londonda
qalsaydım, burda indi gəldiyim yerə bir neçə il sonra çatardım. Londonda
banklarda baş mütəxəssis olmaq üçün hardasa 7-8 il lazım olur. Mən ölkəmizə
qayıtdığım 4 ildir ki, baş mütəxəssisdən daha yuxarı vəzifədəyəm. Bu şeylərə
baxanda qayıtdığım üçün peşman deyiləm.
- Sizcə, bu cür
tez irəliləmənizin səbəbi nədir?
- Halıma şükür edən biriyəm, amma həmişə özümdən
narazı olmuşam. Bəzən insan halına şükür edir, özündən də razı olur, deyir ki,
bu qədər öyrəndim bəsdir və nəticədə, daxili intizamı zəifləyir. Amma mən hər
zaman daha çoxu üçün çalışıram, həmişə fikirləşirəm ki, daha çoxunu edə, özümü
daha yaxşı inkişaf etdirə bilərdim. Böyük Britaniyanın nüfuzlu "Russel Qrupu”
universitetlərindən biri olan Queen Mary London Universitetini fərqlənmə ilə
bitirmişəm. Təhsilimi başa vurub ölkəmizə qayıdandan sonra da şəxsi inkişafa
fasilə vermədim. ABŞ-da yerləşən Qlobal
Risk Peşəkarları Assosiasiyasına (GARP) üzvlük üçün müraciət etdim və
maliyyə risk menecmenti sahəsində ən çətin və prestijli FRM sertifikatını almaq üçün İstanbulda iki
imtahan verdim. Həmin sertifikatı aldım, həm də o assosiasiyaya üzv oldum. Yenə
də düşünürəm ki, öyrənmək, oxumaq üçün hər zaman yer var, daha çoxunu edə bilərəm,
bu, hələ yolun başlanğıcıdır. Hər zaman əlimdən gələnin ən yaxşısını etməyə
çalışmışam.
- Daha yaxşı
etməyə çalışmısınız, bəs, sizcə, rəhbərləriniz sizdən razı qalıb?
- Buna rəhbərlərim daha yaxşı cavab verərdilər
(Gülür). İndiyə kimi işlədiyim rəhbərlərin topladığım təcrübədə rolu çox olub.
Ümumilikdə, iş uzunmüddətli proses olduğuna, zaman-zaman rəhbərlikdən fərqli tapşırıqlar
verildiyinə görə, tam razı qaldıqları da ola bilər, qismən razı qaldıqları da.
Bilirsiniz, rəhbərlər onların komandasında çalışan işçilərin potensiallarını
gözəl bilirlər, əgər onlar narazı qalırlarsa, deməli, o işçinin potensialına
görə daha yaxşısını əldə edə biləcəyinə əmindirlər. Hər kəsdən öz səriştələrinə
uyğun gözlənti formalaşır. Rəhbər biləndə ki işçi daha yaxşısını etməyə
qadirdir, daha çoxunu istəyir. Karyeram hər zaman artan templə getdiyinə görə,
yəqin ki, narazı olmayıblar.
- Çalışdığınız vəzifənin adında olan riskdən
danışaq. Risk nədir sizin anlamınızda?
- Risk hansısa atılan
addımın nəticələri barədə qeyri-müəyyənlikdir. Risk olmadan yenilik və inkişaf
olmur. Lakin həyatda hər bir insanın hədəfləri olmalıdır və onlara çatmaq üçün
yalnız düşünülmüş və ölçülmüş risklər götürülməlidir.
- Risk edən birisiniz?
- Əslində xarakter
etibarilə riskləri çox sevməyən insanam. Bəlkə də riski idarə edən insan riski
sevməməlidir. Biz riskləri idarə etməliyik və yalnız ölçülmüş riskləri qəbul
etməliyik. Bəzən elə seçim olur ki, daha çox gəlir görünən tərəfdə risk də çox
olur. Bunu vaxtında görüb, riskləri idarə etmək lazımdır.
Şəxsimə gəlində isə, əslində,
mən intizamlı adamam. Ölçülməmiş risk etməyi ümumiyyətlə, sevməyən biriyəm. İş,
vaxt cəhətdən intizamlı adamam.
- Müsahibəyə də yarım saat öncə gəlmişdiniz, gecikməyi də
sevmirsiniz?
- Gecikməyi sevmirəm.
Əgər 14:00-da bir yerdə olacamsa, görüşü 14:30-a təyin edirəm, istəmirəm kimisə
gözlədim. Yemək, yatmaq vaxtı kimi rejimləri belə qoruyan adamam. Çünki
bunların vacib olduğunu bilirəm.
- Gənclik dövründə bu intizamı qorumaq nə dərəcədə alınır?
- Mən heç vaxt o
çılğın gəncliyi keçirməmişəm, həmişə belə olmuşam. Tədbirlərdən, əyləncələrdən
qalmamışam, amma öz rejimim olub. Həmişə təyin etdiyim vaxtda olduğum yerdən
çıxıram. Bu rejimi qorumaq vacib işlərə vaxt ayırmaq cəhətdən adama çox kömək
olur.
- Hələ tələbə olanda verdiyiniz bir müsahibənizdə qeyd etmisiniz ki,
gələcək karyeranızı Mərkəzi Bankdaqurmağı
planlaşdırırsınız.
- Mən xaricdə təhsil alıb qayıdanda Mərkəzi Bankda işə qəbul olmuşdum və
növbəti aylarda işə başlayacaqdım. Müsahibəni də həmin müddətdə verdiyim üçün
böyük ehtimalla düşünürdüm ki, orda çalışacağam. Sonra elə oldu ki, Beynəlxalq
Bankdan təklif aldım. Çox zaman karyera həyatındakı hadisələr gözlənilməz olur.
Bir şey planlayırsan, başqa təklif gəlir, tamam dəyişilir.
- 4 il sonra
işi dəyişdiniz. Bu dəyişikliyə səbəb nə oldu?
- İş dəyişmək bir az cəsarət, risk tələb edir. Mən riski sevməsəm də, bu
tip ölçülmüş riskləri qəbul edirəm. Düşündüm ki, dəyişiklik olsun. Yeni bir iş yeri yeni təcrübə, yeni əlaqələr və yeni imkanlar deməkdir. Həm də bəzən
komfort zonadan çıxmaq lazım gəlir.
- Sizcə, insan
karyerada istədiklərini əldə etmək, uğurlu olmaq üçün nələrə sahib olmalıdır?
- Heç kim birdən-birə böyük nailiyyətlər əldə etmir. Səbirli, intizamlı və
qətiyyətli olmaq, ən əsası, çalışmaq lazımdır. Hər şeyin başlanğıcı çətindir.
Bütün çətinliklərə baxmayaraq, hədəflərə çatmaq istəyiniz çoxdursa, əmin olun hədəflərə
nail olacaqsınız. Qərarınızda qətisinizsə, həqiqətən çalışırsınızsa, doğru
addımlar atırsınızsa, bir il tez, bir il gec hədəflərinizə çatacaqsınız. Hədəflərinizə
hansı surətlə getdiyiniz önəmli deyil, önəmli olan hər gün durmadan yol qət etməkdir.
İnsan qərarlıdırsa, böyük hədəflərə çata bilər. Unutmayaq ki, gələcəyimizi bu
gün atdığımız addımlar müəyyən edir.
Aygün Asimqızı