• çərşənbə axşamı, 23 aprel, 14:44
  • Baku Bakı 24°C

Riskli gözəllik

02.08.13 10:35 22917
Riskli gözəllik
“Sizi yoran saç düzümlərindən birdəfəlik azad edirik. İndi saçınız həmişə siz “ukladka” etmədən düz qalacaq. Sadəcə, saçınızı yuyub 3-4 dəqiqə fen ilə qurutmaq kifayətdir. Bütün bunları sizə keratin bəxş edəcək. Ən əsası, keratin saç tökülməsinin qarşısını alır, saçınız uşaq saçı kimi yumşaq və parlaq olur. Keratin 4-6 ay müddətində öz effektini göstərir. Bu möcüzəvi prosedurun qiyməti 80-160 manat başa gəlir. Prosedur müalicəvi olduğu üçün bütün saçlara tətbiq etmək mümkündür. HEÇ BİR ƏKS TƏSİRİ OLMUR!”
Son vaxtlar bir çox gözəllik salonlarının “vitrinlərini”, qapılarını bəzəyən bu reklamlar qadınların diqqətini çəkir. Buruq saçlı xanımlarla yanaşı, dalğalı saçlı xanımların da arzularından biri saçlarının heç bir fendən istifadə etmədən düz qalmasıdır. Reklamı yaxşı təşkil edilən və bu səbəbdən özünə ciddi tələbat yaradan bu maddə qadınların həyatında ciddi təhlükə yaradır. Belə ki, bu qadınlar xəyalında olan saçlara keratin vasitəsilə sahib olacaqlarını düşünürlər. Bütün dünyada məşhur olan “Keratin düzləşdirmə” Azərbaycanda da qadınların saçlarını düzləşdirmək üçün tətbiq etdiyi üsullardandır. Bəs keratin düzləşdirmə nədir? Doğurdanmı bu prosedur saçlara müalicə edir və onu 5-6 ay müddətində düz saxlayır?
Keratin düzləşdirmənin tarixi
Keratin düzləşdirmə ilk dəfə 2005-ci ildə Braziliyada meydana gəlib və qısa vaxt ərzində "Braziliya feni" adı altında bütün dünyada gözəllik salonlarında tətbiq olunan üsula çevrilib. Jennifer Aniston, Kim Kardashian, braziliyalı super model Gisele Bündchen və amerikalı televiziya ulduzu Nicole Ritchie kimi məşhurlar tərəfindən də seçilən Braziliya feninin, necə kəşf edildiyi isə dəqiq olaraq bilinmir. Mütəxəssislər hesab edirlər ki, bunu kəşf edən insanlar fabriklərdə yunu düzləşdirmək üçün istifadə edilən kimyəvi maddələrin, saçları da düzləşdirəcəyinə inanaraq bu üsulu saça tətbiq ediblər.
“Başına gələn başmaqçı olar”
Keratinlə düzləşdirməyə meyilli olan qadınlar saçlarının yalnız düz görünməsini istəyirlər və onun ziyanları barədə düşünmürlər. Onlar belə məhsulların kimyəvi maddələrdən hazırlandığını bilsələr də, onun fəsadlarından çəkinmirlər. Bundan bir neçə il öncə saçlarına keratin tətbiq etmiş Günay Əliyeva “başına gələn başmaqçı olar” şüarını əsas götürərək heç bir qadına keratin düzləşdirmədən istifadə etməyi məsləhət görmür: “Saçlarım buruq olduğu üçün həmişə düz saçlı olmağın arzusunda olmuşam. Reklamları gördükdən sonra saçlarımın 6 ay da olsa düz olması ümidi ilə salona getdim və “Braziliya feni”dən istifadə etdim. İlk öncə saçlarıma dərman vurdular daha sonra, düzləşdirməyə başladılar. Lakin, 3 aydan sonra saçlarım dəhşətli şəkildə tökülməyə başladı. Qorxudan saçımı daramırdım. Artıq saçımın bəzi yerləri keçəlləşmişdi. Saçlarım buruq olsa da, əvvəllər çox gözəl idi, keratindən sonra buruqdan da betər oldu”.
“Saçlarım inkişafdan qalmışdı”
Keratinin düzləşdirmədən istifadə edən Elnarə isə saçlarının yandığını və bundan sonra qısa kəsdirmək məcburiyyətində qaldığını bildirdi: “Saçımı keratinlə düzləşdirmişdim. Lakin 3 aydan sonra saçlarım sürətlə tökülməyə başladı. Maraqlısı odur ki, bu 3 ay müddətində saçlarım sanki inkişafdan qalmışdı. Nə normal saç kimi çirklənirdi, nə də həmin 3 ay müddətində 1 tel də olsun tökülmürdü. Normalda insanın saçından gündə 50-100 tel tökülməlidir, mənim saçım isə olduğu kimi qalmışdı, heç uzanmırdı da. 3 aydan sonra isə kütləvi şəkildə töküldü. Həkimə müraciət etdikdə isə saçlarımın yandığını bildirdi. Bu səbəbdən saçlarımı qısa kəsdirmək məcburiyyətində qaldım”.
Keratin düzləşdirmədə xərçəng riski
Keratin düzləşdirmənin fəsadları bununla bitmir. Ən təhlükəlisi isə “Braziliya feni” yüksək səviyyədə kanserogen maddə ehtiva edir. ABŞ-da saç düzləşdirmə tətbiqini araşdıran elm adamları, bütün dünyada qadınların müraciət etdiyi “Braziliya feni”nin tətbiqi sırasında havada xərçəngə səbəb olduğu bilinən "formaldehid" adlı kimyəvi maddənin yüksək faizlə olduğunu təsbit etdi. Belə ki, ABŞ-da istifadə edilən məhsullarda yalnız 0.1 faiz formaldehid olmasına icazə verilərkən, “Braziliya feni” üçün istifadə edilən məhsullarda 12 faiz nisbətində kanserogen maddə var. ABŞ alimlərinin gəldikləri nəticəyə əsasən, düzgün ventilyasiya sistemi qurulmadan edilən “Braziliya feni”nin tətbiqi insanlarda xərçəng xəstəliyinə tutulma riskini çoxaldır. Amerika Dərman və Qida Qurumunun xəbərdarlığına görə, kanserogen maddənin saçlara tətbiqi zamanı dəri və nəfəs yolu xərçənginin yaranma ehtimalı böyükdür.
Bundan əlavə, keratinin tərkibində olan Formaldehid adlı kimyəvi maddə bədənimizə tənəffüs yolu, həzm yolu və dəri məsamələri vasitəsi ilə girir. Keratin tətbiq edilən bütün insanlarda bu məhlul göz yaşarması, boğaz qıcıqlanması, asqırıq və öskürək doğurur. Formaldehid bəzi həssas insanlarda burun qanamasına, yuxulama-mürgüləməyə də səbəb olur, dəri səpkiləri yaradır, baş ağrısı, baş gicəllənməsi, diqqət pozğunluğu və buna bənzər bir çox fərqli problemlər ortaya çıxarır. Formaldehidin astma yaratması isə Amerika Dərman və Qida Qurumu tərəfindən artıq təsdiq edilib.
Hİ Fi Estetik Mərkəzin həkim-trixoloqu Səriyyə Kərimova qəzetimizə açıqlamasında keratinin saça yüklənməsi düzgün aparılmadığı təqdirdə saçda müəyyən fəsadlar yarada biləcəyini təsdiqlədi: “Saça keratin yükləməzdən əvvəl istifadə olunan məhsulların beynəlxalq keyfiyyətinə diqqət yetirmək lazımdır. Bunlara diqqət edilmədikdə keratin saça tətbiq edildikdən sonra 3 ay keçdikdə saçda qırılmalar, kütləvi şəkildə tökülmələr başlayır və saçın telləri zədələnir. Buna görə də keratindən istifadə edilən zaman stilist saçın materialına mütləq fikir verməlidir, çünki, elə saçlar var ki, ona keratin tətbiq etmək olmaz”. Trixoloqun sözlərinə görə, saça “Braziliya feni” çəkilən zaman saç uzanmağa davam edir və kökündən yenidən buruq saçlar çıxır. Keratinin insanlarda xərçəng xəstəliyinə tutulma riskini artırmasına münasibət bildirən həkim vurğuladı ki, gözəllik salonlarında istifadə edilən kremlərin, saç boyalarının və s. məhsulların çoxu kimyəvi maddələrdən hazırlanır: “İnsanlar bunları bilə-bilə məhəl qoymadan onlardan istifadə edirlər. Hesab edirəm ki, xərçəng xəstəliyi yalnız keratin vasitəsilə yox, xəstəliyə meyilli olan bütün insanlarda salonlarda istifadə edilən məhsullar vasitəsilə də yarana bilər. Amma keratinin miqdarından düzgün istifadə edildikdə orqanizmdə böyük fəsadlar törətmir”.
“Usta seçimində diqqətli olun!”
Bauty Salonun administratoru Sona Muradova bizimlə söhbətində bildirdi ki, keratininin tərkibində kimyəvi maddə olduğu üçün ixtisaslı və seminar keçmiş təcrübəli saç ustaları onu tətbiq etməlidirlər: “Braziliya feni ilə saç düzləşdirmək hər kəsin bacara biləcəyi iş deyil. Hər iş kimi bunu da tətbiq edərkən seçici davranmaq lazımdır. Keratinin tərkibində kimyəvi maddə olduğu üçün düzgün tətbiq edilmədikdə təhlükəli vəziyyətləri də özü ilə bərabər gətirir. Əgər keratinin miqdarı düzgün təyin edilmədikdə saçda ağır fəsadlar yarada bilər. Tərkibi düzgün tətbiq edildikdə isə saça parlaqlıq və sağlamlıq verir. Bu səbəbdən saçlarını keratinlə düzləşdirmək istəyən qadınlar salon və usta seçimində diqqətli olmalıdırlar”.
“Braziliya feni”nin qiymətləri
Avropa ölkələrində 450-500 dollara tətbiq edilən bu üsul Türkiyədə 200-500 manata təklif edilir. Qiymət saçın uzunluğuna və həcminə görə dəyişir. Azərbaycanda da qiymətlərlə maraqlanmaq üçün “Braziliya feni”ndən istifadə edən bir neçə salonla əlaqə saxladıq.
“Grace gözəllik salonu”da keratinlə saçın düzləşdirilməsi 300 manata başa gəlir və saçlar 3 ay müddətində düz qalır. Salonun işçisi bizimlə söhbətində bildirdi ki, keratin düzləşdirmə effektini 3 aydan sonra itirir: “Bəzi salonlar saçın 6 ay düz qalması ilə bağlı qarantiya verir. Bunu kim deyirsə, onlara inanmayın. Keratinin effekti yalnız 3 ay davam edir. 3 aydan sonra saç əvvəlki vəziyyətinə qayıdır”.
Keratinlə saç düzləşdirmə reklamları ilə diqqət çəkən “Face studio”-da isə saçın uzun və qısalığına görə “Braziliya feni”nin qiyməti 80-160 manat arasında dəyişir və müddəti 4-6 aya qədər davam edir. Salon işçisinin sözlərinə görə, keratinin saçlara heç bir ziyanı yoxdur, əgər saç keratində sonra tökülürsə, bu, başqa səbəblərdən ola bilər.
Məşhur gözəllik salonlarından olan Beauty salonda keratinlə saç düzləşdirmənin qiyməti 120 manatdan başlayır və saçların uzunluğuna görə dəyişir.
Qiymətlər nə qədər baha olsa da, keratinlə saç düzləşdirmək istəyən kifayət qədər insan var. Qadınlar bunu tətbiq edən zaman nəzərə almalıdırlar ki, saçları bir neçə aylıq düzləşdirib, hamarlaşdırmaqla iş bitmir.
Aygün CƏFƏRLİ
banner

Oxşar Xəbərlər