• çərşənbə axşamı, 16 aprel, 21:57
  • Baku Bakı 18°C

Riskli əməliyyatlara imza atan gənc həkim – Uğur hekayəsi

17.04.15 05:55 10198
Riskli əməliyyatlara imza atan gənc həkim – Uğur hekayəsi
Azərbaycanda bir çox həkimin bacara bilmədiyi beyin əməliyyatlarını həyata keçirir. Düşünür ki, yaxşı həkim olmaq üçün işini mükəmməl bilməlisən. Onun fikrincə, cəsarət və risk həyatda uğur qazanmağın ən böyük faktorlarındandır. Müsahibimiz neyrocərrah, uzman həkim Tural Rəhimlidir.
Tural Rəhimli 1982-ci ildə Bakıda anadan olub. Azərbaycan Tibb Universitetini bitirib. 2008-2014-cü illərdə isə Türkiyənin məşhur Hacettepe Universitetində beyin və sinir cərrahiyyəsi üzrə təhsil alıb.
- Tural bəy, necə oldu ki, həkim olmaq qərarına gəldiniz?

- Ailəmizdə anam həkim idi. Amma mənə hansı ixtisası seçəcəyimlə bağlı ailəm təzyiq göstərməyib. Ola bilər ki, anamın həkim olması məni bu sənətə təşviq etdi. Amma Tibb Universitetini seçmək və cərrah olmaq öz istəyim idi.
- Sizcə, yaxşı həkim olmaq üçün nə etmək lazımdır? Həkimdə hansı xüsusiyyətlər olmalıdır?

- Təkcə həkim yox, öz sahəndə mütəxəssis olmaq üçün işini doğru bilmək və çox çalışmaq lazımdır. Yaxşı həkim olmaq üçün də işini mükəmməl görmək kifayətdir. Kimisi hesab edir ki, həkimliyin əsas xüsusiyyəti xəstə ilə xoş davranışdır. Olsa, nə gözəl. Amma bu, insanın professionallığını ortaya qoyan bir şey deyil. Həkim xəstə ilə normal və qeyri-normal davrana bilər. Bu, onun yaxşı həkim olmaması qənaətinə gətirmir. Bəzi həkimlər var ki, xəstə ilə çox gözəl davranır. Amma araşdırsan, onda həkimlikdən əlamət yoxdur. İşini gözəl bilməsi hər bir insanın yaxşı mütəxəssis olmasına kifayət edir. Çünki işini bildikdən sonra onsuz da hər şey öz yerini tapır.
- Niyə məhz neyrocərrahiyyə?

- Ümumiyyətlə, xarakterim belədir ki, heç zaman asana qaçmamışam. Hər zaman ən çətin işi görmək və bu şəkildə fərqlənmək istəmişəm. Tibdə də ən çətin sahələrdən biri məhz beyin cərrahiyyəsidir. Bu sənəti seçəndə beyin əməliyyatlarını görməmişdim. Bəlkə də kor-koranə seçim idi. Amma bu sahədə uğur qazanacağıma inanırdım. Çətin və riskli olsa da, özümü sübut edə bildim.
- Müasir dövrdə neyrocərrahiyyədə ən çox yayılan xəstəliklər hansıdır?

- Əslində ən bəsit xəstəliklər ən çox yayılan xəstəliklərdir. Bundan əlavə, cəmiyyətdə ən çox hansı həkimin nəyi bacara biləcəyi statistikasına da baxmaq lazımdır. Bizdə həkimlər daha çox bel problemləri, onurğa sütunu ilə məşğul olduqları üçün hər kəs deyə bilər ki, Azərbaycanda ən çox yayılan problemlər məhz bel yırtıqlarıdır. Amma ən çox yayılan problemdənsə, ən çox narahat edən xəstəliklə maraqlanmaq lazımdır. Azərbaycanda beyin cərrahiyyəsində çox problemlər var. Son zamanlar onkoloji xəstəliklər artır. Beyin də bu xəstəliklərin ən sıx rast gəlinən yerlərindən biridir. Bundan əlavə, bizim cəmiyyətdə kölgədə qalan sahələrdən biri hipofizdir. Dünyada epilepsiya əməliyyatları 30 ildən çoxdur ki, tətbiq olunur. Bizim cəmiyyətin isə bundan xəbəri yoxdur. Bunun cərrahi müalicəsi haqqında həkimlər və xəstələr xəbərsizdir. Səhiyyə sahəsində standartlardan çox geri qalmışıq.
- Ümumiyyətlə, ölkəmizdə beyin cərrahiyyəsi sahəsində vəziyyət sizi qane edirmi?

- Azərbaycan səhiyyəsini Avropa ilə müqayisə etsək, istər bilgi, istərsə də praktiki baxımdan təbii ki, çox geridəyik. Çox təəssüflə qeyd etmək istərdim ki, beyin cərrahiyyəsi yaxşı səviyyədə deyil. Yuxarıda da qeyd etdiyim kimi, epilepsiya cərrahiyyəsindən xəbərsizik. Bəzi nevroloji xəstəliklər var ki, məsələn, “parkinson” xəstəliyinin cərrahi müalicəsindən nə bizim cəmiyyətin, nə də həkimlərin xəbəri var. Amma dünyada bu əməliyyatlar edilir və çox gözəl nəticələri var. Lakin biz hələ beyin şişlərinin bir çoxlarına müdaxilə edə bilməyəcək vəziyyətdəyik, nəinki digər xəstəliklər.
- Siz kifayət qədər riskli əməliyyatlar həyata keçirən gənc cərrahsınız. Xəstələrin sizə güvəni necədir? Sizə elə gəlmir ki, Azərbaycanda xəstələr daha çox yaşlı həkimlərin təcrübəsinə güvənirlər?

- Bu, Azərbaycanda yazılmamış bir qanundur. Məsələn, xəstə gəlir, əməliyyatı mənim edəcəyimi görəndə təəccüblənir. Düşünürlər ki, bu yaşda həkim olmaz, nəinki beyin cərrahı. Bəzi xəstələrə görə, yaxşı həkimin ən azı 50-60 yaşı olmalıdır. Təəssüf ki, bizim cəmiyyət hələ ki, bu fikirlərlə yaşayır. Bizdə insanın işinə deyil, xarici görünüşünə, yaşına baxırlar və gənc həkimi görəndə güvənləri sarsılır.
- İlk etdiyiniz əməliyyatı xatırlayırsınızmı?

- İlk girdiyim əməliyyat Hacettepede olub. O, əməliyyatı xatırlamıram. Çünki oranın iş qrafiki o qədər hərəkətlidir ki, ilk etdiyin iş insanın xatirində qalmır. Azərbaycanda isə əməliyyata disk yırtığı ilə başladıq. Normalda hər bir işə asandan başlamaqda fayda var. Mənə ilk müraciət edən xəstə cavan qız idi, bel yırtığından əziyyət çəkirdi. Bu asan əməliyyat idi və Azərbaycandakı fəaliyyətimə bu əməliyyatla başladım.
- Bəs cərrah kimi çalışdığınız müddətdə rastlaşdığınız ən çətin və unuda bilməyəcəyiniz əməliyyat olubmu?

- Beyin cərrahiyyəsi elədir ki, bütün əməliyyatlarda risk faktoru var. Beyin cərrahının, xüsusilə beyin şişləri ilə məşğul olan cərrahın unuda bilməyəcəyi əməliyyatlar çox olur. Özəlliklə qeyd edə biləcəyim hallardan biri 30 yaşlı gənc oğlanın beyin əməliyyatıdır. Bu xəstənin beynində böyük şiş var idi. Hətta beyin şişi (Pineal Tm) diaqnozu ilə Türkiyədə GATA (Gülhanə Əsgəri xəstəxanası) da əməliyyat çox riskli olduğu üçün həyata keçirməmişdilər. Çünki əməliyyatın risk faktoru çox yüksək idi. Amma mən bu riskə baxmayaraq əməliyyatı həyata keçirdim. Bu məsuliyyətin altına girmək bir az çətin oldu, əsas odur ki, çox uğurlu əməliyyat alındı. Xəstə normal insanlar kimi həyatını davam etdirir. O xəstəni unutmuram.
- Neyrocərrahiyyədə etdiyiniz hansısa yenilik varmı?

- Mən bu sahədə hələ başlanğıc addımlarımı atdığım üçün yenilik etdiyimi deyə bilmərəm. Amma qeyd etmək istəyirəm ki, Türkiyədə epilepsiya ilə bağlı elmi işim var idi. Orada yeni təcrübə tətbiq etdim və ortaya fərqli nəticə çıxardım. Bir yeniliyin təməlini atdım. Bu, davam etdirilməsi vacib olan bir təcrübədir. Heyvanlar üzərində araşdırma aparırdım. Epilepsiya ocağı yaratdım. Fərqli nəzəriyyə irəli sürdüm. “Hansı doğru olarsa, müalicə daha effektli olar?” sualı ətrafında araşdırma aparıram. Bu nəzəriyyə tutarlı olarsa, epilepsiya xəstəliyinin müalicəsinə fərqli üsullarla gedəcəyik. İkinci yenilik - Azərbaycanda mən gələnə qədər endoskopik kəllə əsası cərrahiyyəsi ilə məşğul olan yox idi. İlk dəfə bu əməliyyatı biz həyata keçirdik. Gələcəkdə Azərbaycanda epilepsiya cərrahiyyəsinin təməlini qoyulmasını qarşıma məqsəd qoymuşam. Hələ ki, yolun başındayam.
- Uğurunuzun sirri nədir?

- Mən bu yerə gəlmək üçün çox çalışdım. İlk olaraq TUS imtahanında neyrocərrahiyyəni seçərkən araşdırma apardım ki, hansı xəstəxana daha yaxşı təhsil verə bilər. Uzun sürən araşdırmalardan sonra Hacettepeni seçdim. Hacettepe Türkiyənin beyin cərrahiyyəsi sahəsində ən yaxşı təhsil verən universitetdir. İlk uğurum sistemi qurulmuş, oturuşmuş böyük bir neyrocərrahiyyə mərkəzində təhsil almağım idi. İkinci uğurum orada çalışmam, bu proqramı əlimdən gəldiyi qədər yerinə yetirməm oldu. Üçüncüsü, orada dünyada məşhur olan müəllimlərin, həkimlərin əlindən əməliyyatı görməyim idi. Hacettəpənin ən yaxşı müəllimlərindən biri ilə uzun müddət çalışmaq imkanı əldə etdim. Bu, Türkiyənin mükəmməl cərrahlarından biri olan Burçak Bilginərdir. Bu, hər insana nəsib olmur. O insan mənə çox şey öyrətdi. Ən çətin əməliyyatları inanaraq mənə həvalə etdi. Azərbaycana gələndə mənə dedilər ki, çox ağır əməliyyatlara girmə. Amma buna tam fərqli prizmadan yanaşdım. Bir halda ki, 7 il əziyyət çəkib ağır əməliyyatlar gördüm və öyrəndim, bunu nə üçün vətənimdə tətbiq etməyim. Başqasının risk etmədiyi böyük əməliyyatlara girdim. Kiminsə “etmərəm” dediyi əməliyyatlara “edərəm” dedim. Şükürlər olsun ki, nəticələr uğurlu oldu. Bu, mənə uğur gətirdi. Ona görə də cəsarətin uğurda rol oynayacağını düşünürəm. Cəsarətsiz olub addım atmasaydım, mən də sıradan beyin cərrahı kimi tanınardım. Ümumiləşdirsək, çox çalışmaq, öyrənmək, cəsarət, risk və özgüvən uğurumun sirridir.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər