• şənbə, 20 Aprel, 00:21
  • Baku Bakı 15°C

Riski sevirəm: Ya batacağam, ya qalxacağam

19.12.13 11:32 1770
Riski sevirəm: Ya batacağam, ya qalxacağam
Ötən həftə Türkiyənin məşhur ifaçısı Petek Dinçöz yerli mətbuata müsahibə verib. Uzun müddətdir ki, yaradıcılığında durğunluq yaşayan müğənni yeni albom çıxarmağa hazırlaşır. Petek Dinçöz müsahibəsində keçmişdə yaşadığı problemləri artıq geridə buraxdığını, yeni həyata qədəm qoyduğunu söyləyib. Müsahibəni təqdim edirik.
Su mənim uğurumdur

- Uzun müddətdir ki, efirlərdə görünmürsünüz. Bu müddət ərzində nələr etmisiniz?

- Bu müddət ərzində Türk sənət musiqisi ilə bağlı albom hazırlayırdım. Ondan əlavə klip çəkilişləri bağlı danışıqlar apardım. Yəni boş dayanmamışam.
- Klip demişkən, bütün kliplərinizdə suya ayrıca yer ayırırsınız. Bu nədən irəli gəlir?

- Bəli, kliplərimdə suyun yer almasına xüsusilə önəm verirəm. Çünki suyun bərəkətinə çox inanıram. Bütün kliplərimdə su olmalıdır. Efirə çıxanda da arxa fonda hər zaman su axmalıdır. Mənə görə bu çox önəmlidir. Çünki su mənim uğurumdur. Uğurlarımı suya borcluyam. Deyəsən getdikcə də özümü kəşf etməyə başlayıram (gülür).
- Özünüzdə nələr kəşf etmisiniz?

- Doğrudan da özümdə çox dəyişikliklər hiss edirəm. Adi günlərdə güzgüyə baxanda özümü çox xoşbəxt görürəm. Həmin andan etibarən xoşbəxtlik hissləri mənə hakim kəsilir. Kaş, daha öncə həyatımla bağlı belə qərarları ala bilsəydim. Bu saatdan sonra heç kim məni dayandıra bilməz. Çox xoşbəxtəm və sakitəm.
Özümü eqoist aparırdım

- Müsahibələrinizdə demisiniz ki, “Mən özümü gözəl hesab etmirəm, ancaq çox ağıllıyam”. İndi deyirsiniz ki, özünüzü yenidən kəşf etmisiniz. İndi o sualı yenə sizə vermək istəyirəm....

- Mən günahsız insan deyiləm, mənim də günahlarım var. Ancaq günahlarım elə də çox deyil. Əlbəttə ki, bundan sonra da olacaq. Ancaq bu gündən belə heç vaxt düzgün hesab etmədiyim işləri görməyəcəyəm. Sizə beləyəm və ya belə edərəm, demək istəmirəm. Əvvəllər özümü eqoist aparırdım. Ağlım bir qarış havada idi. Misal üçün, kitablara marağım yox idi. İndi isə tez-tez kitab oxuyuram. Oturub düşünürəm ki, özümlə bağlı nələr edə bilərəm. İndi təkcə özümü deyil, ailəmi, dostlarımı xoşbəxt etmək üçün nələr edə biləcəyim haqqında fikirləşirəm. Hərdən tanımadığım insanlara belə, nələr edə biləcəyimi düşünürəm. Özümə görə indi ağıllı olmağa başlamışam. Daha yolun başlanğıcındayam. Çünki böyük hədəflərim var.
- Siz kiçik yaşlarınızdan oxumağa başlamısınız. İfaçılıq sənəti isə böyük bir yol tələb edir.

- Bəli. Həyatda elə pis zamanlarım olur ki... Bir tərəfdən musiqidə ilk pillələri qalxırsan, bir də görürsən musiqiçisən. Bunun üçün həyatını verən insanlar var. Musiqini bilmək üçün böyük bir məktəb keçməlisən. Bir zamanlar çox istəyirdim ki, konservatoriyanı bitirib, səhnə həyatıma başlayım. İndi isə...
- İndi özünüzü peşəkar müğənni hesab edirsinizmi?

- Yox. Professional ifaçı olmağım üçün hələ çox var. Musiqi elə bir şeydir ki, onu mükəmməl, hərtərəfli öyrənmək olmur. Bu gün hələ səhnəmizin divası Ajda Pekkan da musiqi dərsi alır. Belə olan halda, peşəkarlıqdan söhbət gedə bilməz.
Film çəkmək istəyirəm

- İngilis dilini bilmədiyiniz halda, ingiliscə albom çıxardınız. Bu, musiqi həyatınız üçün risk deyildimi?

- Risk etməyi sevirəm. Ya batacağam, ya da qalxacağam.
- Petek xanım, insanlara tez inanırsınız?

- Bəli. İnsanlara çox güvənirəm və buna görə də onların dedikləri hər sözə inanıram. Təsəvvür edin ki, dənizə girərkən tez-tez arxaya baxıram. Ancaq arxamda dostlarım olanda arxaya baxmaq istəmirəm. Özümü onların çevrəsində rahat hiss edirəm. Çevrəmdəki insanları özüm seçmişəm. Ümumiyyətlə, həyatımda cəmi bir - ağ rəng var. Həyatımda başqa rənglərə yoxdur.
- Bundan əvvəl hansı rəngi sevirdiniz?

- Bundan əvvəl həyatımda dediyiniz rəng sözünün “r”si belə yox idi. İndi hər şey fərqlidir.
- İndi dediyiniz o ağ səhifədə nələr var?

- Bu səhifədə yaxşılıqlar və gözəl insanlar var. Problemli insanları o səhifədən uzaq tutmağa çalışıram. Hər şeyə yenidən başladığım həmin səhifəni yaxşılıqlarla doldurmağa cəhd edirəm. Danışdığım, dostluq etdiyim hər kəsdən nələrisə öyrənirəm və öyrəndiklərimi də oraya əlavə edirəm. Hər sabah oyananda günə xoşbəxt, gülərək başlayıb deyirəm ki, “Allahım məni yaxşı insanlarla qarşılaşdır”.
- İndi hədəfləriniz nədən ibarətdir?

- Bu gün böyük hədəflərim var. Əsas hədəfim böyük bir film çəkməkdir. Filmə onsuz da çəkilmişəm, ancaq müasir dövrlə səsləşən bir film çəkmək niyyətindəyəm. Bu sahədə etmədiyim iş qalmadı. Həyatda verdiyim imtahanlar da çox böyük idi və onlardan da dərsimi aldım. Açığını desəm, verdiyim imtahanlar da çox riskli imtahanlar idi. Ancaq düşünürəm ki, mən bütün imtahanlardan qalib çıxmışam. Xətasız qul olmaz. Mənim də xətalarım olub. İnsanlar xəta edə-edə müəyyən bir yerə qədər gəlib çıxırlar. Əsas məsələ isə o xətalardan dərs çıxarmaqdır. Mən etdiyim xətaların hamsından dərs çıxarmışam.
Xoşbəxtəm və aşiqəm

- Hansı mövzulara dair dərs çıxardınız?

- Misal üçün, əvvəllər həyatımda idmana elə də böyük yer ayırmırdım. İndi isə idman mənim həyatımın əsas mənasıdır. Vaxtımı boş yerə itirirdim, sosial bir həyatım yox idi. İnsan yaşlandıqca həyat fəlsəfəsi də dəyişir. İndi hər şeyi fərqli görürəm. Artıq özümün və həyatın qiymətini bilirəm.
- İstərdim yeni sevgilinizdən danışasınız. İndi xoşbəxtsinizmi?

- Bəli. Bir neçə aydır ki, onunla münasibət saxlayıram. Bir-birimizi yaxşı tanıyırıq. Xoşbəxtəm və aşiqəm. Həyatımda hər şey çox yaxşı və qaydasında gedir. Nəzərinizə çatdırım ki, mənim sevgilimin musiqi ilə heç bir əlaqəsi yoxdur. Onun özünün ayrı şirkəti var. Onunla birlikdə oldumsa, bu o demək deyil ki, mənə qadağalar qoyur. İstədiyim hər yerə rahatlıqla gedirəm. Hər yerdə məktəbli sevgililər kimi gəzə bilirik. Ümumiyyətlə, getmək istədiyim yolda təkbaşıma olmaq istəmirəm. Ətrafımda ailəm, həyat yoldaşım və uşaqlarım olmalıdır. Mənim üçün o yolun adı xoşbəxtlikdir. Mən bunun üçün çalışıram.
- Sevdikdən sonra dəyişməyə başlamısınız?

- Bilmirəm. Sevib-sevilməkdən çox həzz alıram. Əvvəllər edə bilmədiyim, ağlımın ucundan belə keçməyən hərəkətləri edirəm. Çox dəyişmişəm. Bunu özüm də hiss edirəm. Yəni indi etdiyim şeyləri görəndə oturub düşünürəm və deyirəm ki, gör nə qədər dəyişmişəm. Abdulla mənə 24 saat “səni sevirəm” deyir. Sevmək və sevildiyini bilmək çox gözəl bir hissdir.
- Xoşbəxt olmaq üçün sevmək şərtdirmi?

- Təbii ki, elə deyil. İnsan sevdiyi zaman özünü dünyanın mərkəzində hiss edir. Heç bir duyğu bunu əvəz edə bilməz. İnsan sevən zaman sanki göylərdə olur. Ona görə də səni kim xoşbəxt edirsə, o müsbət enerjini kimdən alırsansa, onları ətrafında tutmağa çalışmaq lazımdır.
- Müsahibələrinizin birində 6-cı hissinizin güclü olduğunu söyləmisiniz...

- Bəli. 7-8 yaşımda özümdə nələrisə kəşf etdim. Xalq içində “ürəyimə damdı, hiss etdim” kimi deyirlər. Məndə də elə oldu. Sonra o hisslərin dediklərinə elə də fikir vermədim. Unutdum getdi. Ancaq 5 ildir ki, mən o hisslərdən tam əminəm. İnsanların düşüncələrini öncədən anlaya bilirəm. Əminliklə deyə bilərəm ki, qadınlarda olan o 6-cı hiss məndə özünü daha qabarıq göstərir.
- Sonda nə demək istəyirsiniz?

- Sonda sizə onu deyə bilərəm ki, həyat ölümlü həyatdır. Hamımız bu dünyanın hesabını o biri dünyada verəcəyik. Ancaq bu yalanlı dünyada hər kəs həyatı xoşbəxt şəkildə yaşasın. Hər kəs xoşbəxt olmağa çalışsın.
Hazırladı: Xəyalə Rəis
banner

Oxşar Xəbərlər