AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Rezidentlərin laparoskopik bacarıqları artırılır

Rezidentlərin laparoskopik bacarıqları artırılır

Təfsilat
08 Aprel 2015, 10:26 489
Azərbaycan Tibb Universitetinin (ATU) Cərrahiyyə Klinikasında rezidentlərin bilik və bacarıqlarını dərinləşdirmək məqsədilə silsilə kurslar keçirilir. Bu gün klinikada növbəti “Laparoskopik cərrahi bacarıqlar” kursuna start verilib.

ATU-nun I cərrahi xəstəliklər kafedrasının müdiri Nuru Bayramovdan aldığımız məlumata görə, kursların məqsədi gənc cərrahlara, rezidentlərimizə təməl cərrahi bacarıqları öyrətmək və o təməllərini onlara başa salmaqdan ibarətdir:

“Bundan əvvəl klinikamızda canlı laparoskopik kurslar baş tutub. Bu dəfə isə təməl laparoskopik bacarıqların öyrədilməsi prosesinə başlamışıq. İki gün davam edəcək kursların iştirakçıları həm elektron simulyatorda dərc keçəcək, həm də canlı əməliyyatlara qatılacaqlar”.

N.Bayramov qeyd edir ki, kurslarda ATU-nun 10 rezidenti iştirak edir. Kursun sonunda onlar Tədris Cərrahiyyə Klinikası tərəfindən sertifikatla mükafatlandırılacaqlar. Bu sertifikat rezidentlərə əməliyyatlarda iştirak etmək hüququ qazandırır.

Kafedra müdirinin sözlərinə görə, kursun təşkilində həm ATU rəhbərliyi, həm də Cərrahiyyə Klinikasının böyük rolu olub. Kurslara rəhbərlik işinə Cərrahiyyə Klinikasının əməkdaşları ilə yanaşı, Almaniyanın Münster Universitetinin Euregi Klinikasının baş həkimi Nevzat Doğan da qatılıb. ATU tərəfdən I cərrahi xəstəliklər kafedrasının əməkdaşları, treninq mərkəzinin rəhbəri Qorxmaz Əhmədov kursların keçirilməsində birbaşa iştirak ediblər.

Gələcəkdə laparoskopik bacarıqlar kursları davam etdiriləcək və bu təlimlər ATU-nun çoxsaylı rezidentlərini əhatə edəcək.