• çərşənbə, 17 Aprel, 00:59
  • Baku Bakı 14°C

Reyxstaq divarı üzərində yazı: Mən azərbaycanlıyam və burada olmuşam!

08.05.20 15:45 643
Reyxstaq divarı üzərində yazı: Mən azərbaycanlıyam və burada olmuşam!
Bu sözlər Böyük Vətən müharibəsi cəbhələrində şərəfli döyüş yolu keçmiş qəhrəman neftçi Əbdül Ağa Əli oğlu Cavadova məxsusdur
İkinci Dünya müharibəsinin bitməsinin 75 illiyinin qeyd olunduğu ərəfədə şərəfli ömür yaşamış, Reyxstaqa qədər döyüş yolu keçmiş Əbdül Ağa Əli oğlu Cavadovun doğum günündən 100 il ötür.
O, 1920-ci ildə Bakının Zirə qəsəbəsində dünyaya gəlib. 1954-cü ildə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Geoloji-kəşfiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib, Dağ-mədən mühəndis-geoloqu ixtisasına yiyələnib. "Balaxanıneft” Neft və Qazçıxarma İdarəsində (NQÇİ) öz ixtisası üzrə işləyib. 1956-cı ildən 1964-cü ilə qədər Elmi-Tədqiqat İnstitutunda geoloq vəzifəsində çalışıb.
1962-ci ildə "Sabunçu layında Balaxanı-Sabunçu-Ramana yataqlarının geologiyası və neftqazlılığı, onların işlənib hazırlanmasının səmərəli yolları” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Ə.Cavadov 1954-1974-cü illərdə "Qaradağneft” NQÇİ-nin baş geoloqu vəzifəsində çalışıb. Atəşgah, Umbakı, Mezozoy çöküntüləri sahələrində meosen – mezozoy qalxmalarının stratiqrafik tiplərinə aid yataqlarda kəşfiyyat quyularının qazılmasını layihələndirib. Lökbatan qatının meosen-mezozoy layında qaz-kondensat yataqlarının kəşfində və istismarında iştirakçı olub, 1970-ci ildə "Abşeronun cənub-qərbindəki məhsuldar qatların geologiyası və neftqazlılığı” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. O, Azərbaycanda yeganə neftçi-geoloqdur ki, doktorluq dissertasiyasını istehsalatda işləyə-işləyə müdafiə edib.
1974-1978-ci illərdə Elmi-Tədqiqat Neft İnstitutunda "Layın fizikası” laboratoriyasının müdiri vəzifəsində çalışan Ə.Cavadov Azərbaycan Neft-Kimya İnstitutunun Neft-qaz yataqlarının geologiyası, kəşfiyyatı və axtarışı kafedrasının professoru olub, Sənaye istehlakının təşkili fakültəsinin dekanı kimi də fəaliyyət göstərib. 1981-1986-cı illərdə isə Neft-qaz yataqlarının geologiyası, kəşfiyyatı və axtarışı kafedrasının müdiri vəzifəsində çalışıb, "Neft Daşları”, "Günəşli” və başqa yataqların istismara hazırlanmasında yaxından iştirak edib.
Ə.Cavadov neft sənayesinin inkişafında göstərdiyi yüksək xidmətlərə görə 1964-cü ildə SSRİ Dövlət Geologiya Komitəsi və Kəşfiyyat İşçiləri Həmkarlar İttifaqı Mərkəzi Komitəsi tərəfindən "Yerin təkinin kəşfiyyatı üzrə peşəkarlıq” dövlət mükafatı ilə təltif edilib. 120 elmi əsərin müəllifi olan Əbdül Ağa müəllim 12 elmlər namizədi yetişdirib.
O, Böyük Vətən müharibəsi cəbhəsində göstərdiyi döyüş şücaətinə görə I, II dərəcəli "Vətən Müharibəsi”, "Qırmızı Ulduz” ordenləri, eləcə də bir çox orden və medallarla təltif olunub. 2014-cü ildə Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının katibi Nikolay Petruşev Bakıya gələrək Əbdül Ağa müəllimi şəxsən "Rusiya Federasiyasının Təhlükəsizlik Şurası” ordeni ilə mükafatlandırıb.
O, yeganə neftçidir ki, Böyük Vətən müharibəsinin ilk günlərindən son gününədək şərəfli döyüş yolu keçib və Berlində Reyxstaqın divarı üzərində "Mən azərbaycanlıyam və burada olmuşam!” sözlərini yazıb.
Ə.Cavadov, həmçinin "Qafqazın müdafiəsi uğrunda”, "Varşavanın azadlığı uğrunda”, "Döyüşdə göstərdiyi şücaətə görə”, "Berlinin alınmasına görə”, "Almaniya üzərində Qələbə”, Böyük Vətən müharibəsində Qələbənin 20 illiyindən başlayaraq 70 illiyinədək bütün yubiley medalları ilə təltif olunub. Onun təltifləri sırasında "SSRİ silahlı qüvvələrinin 70 illiyi”, "Ukraynanın azad edilməsinin 70 illiyi”, "Belarusun azad edilməsinin 65 illiyi”, "Moskva uğrunda döyüşlərin 75 illiyi” medalları da var.
banner

Oxşar Xəbərlər