• cümə axşamı, 28 mart, 13:00
  • Baku Bakı 16°C

Reytinq naminə fal açdıranlar Araşdırma

12.12.13 11:05 2147
Reytinq naminə fal açdıranlar Araşdırma
Ölkə telekanallarında mentalitetimizə, dinimizə zidd verilişlərin hazırlanması, mövzuların ictimailəşdirilməsi xeyli müddətdir müzakirə olunan məsələdir. Lakin artıq vəziyyət o həddə çatıb ki, ciddi müdaxilə olmalıdır. Bəzi telekanallarımız artıq falçılığın, cadugərliyin, öncəgörməliyin açıq-açığına təbliğini aparırlar. “Lider” telekanalında yayımlanan “Ekstrahiss”, ANS-in “Adam içində” verilişləri bunun bariz nümunələridir.
“Ekstrahiss” verilişi birbaşa özünə öncəgörən, falçı, baxıcı, ekstrasens və s. kimi ad qoyanlara meydan verir, onların öz “bacarıqlarını”, “möcüzələrini” göstərmələrinə şərait yaradır. “Adam içində” verilişi isə formatına görə insanların sosial-iqtisadi, hüquqi və s. problemlərinin müzakirəsi üçün nəzərdə tutulsa da, verilişin, demək olar ki, hər yayımında özünü öncəgörən, falçı, baxıcı, ekstrasens adlandıran insanlar reklam edilir. Aparıcı Elgiz Əkbər verilişin mövzusu üzrə efirə çıxardığı ekspertlərdən daha çox bu cür insanlara yer verir, hər məsələ ilə bağlı onların fikrini, rəyini ictimailəşdirir, bəzən hətta canlı efirdə “fal açdırır”. Üstəlik, özündə guya qeyri-adi bacarıqların olduğunu, müqəddəslərlə, hətta İmam Sahibəzzamanla, Allahla belə görüşdüyünü, danışdığını iddia edən insanlara bu verilişlərdə canlı efir verilir. Bir sözlə, telekanallarımız xurafatın açıq təbliği ilə məşğul olurlar.
Verilişlərin kökündə dayanan səbəb - reytinq
Bir müddət öncə “Space” kanalında yayımlanan “Günaydın” verilişində yaşanan qalmaqal bu cür verilişlərin nəyə hesablandığını açıq-aydın ortaya qoydu. Belə ki, verilişin canlı yayımlanan buraxılışlarının birində bir nəfər ekstrasensin guya kiminsə canına girmiş cini çıxarmasından sonra aparıcılar Ramal Hüseynov və Kəmalə Əzizqızı verilişdən ayrıldılar. R.Hüseynov bunun səbəbini açıqlayarkən bildirdi ki, verilişin reytinqə hesablanmış bir proyekt olduğunu canlı yayımdan sonra anlayıblar: “Verilişə dəvət olunan qonaqları, mövzuları mən seçmirdim. Bu məsələlər konkret layihənin rəhbərlərinin iradəsi ilə baş verirdi. İndi insanlar düşünə bilər ki, əgər razı deyildisə, Ramal canlı efirə niyə çıxırdı?! Birincisi, bu, canlı efirdi və peşəkar aparıcı kimi canlı efiri zərbə altında qoymağın tərəfdarı deyiləm. Buna görə də həmin verilişdə sona qədər qaldıq”. Aparıcı deyir ki, canlı efirdə cin çıxarmaq ideyasının konkret kim tərəfindən təklif edildiyini bilmir: “Mənə sadəcə demişdilər ki, verilişdə qonaq ekstrasens olacaq, falçılıqla məşğul olur və s. Bu məsələ mənə də qismən maraqlı olduğu üçün fikirləşdim ki, müzakirə aparmaq olar. Verilişin kuliminasiya nöqtəsində, cin çıxarılan zaman isə efiri atıb getmək etik normala uyğun olmazdı. Ona görə də proqramın bitməsini gözlədik”. R.Hüseynovun sözlərinə görə, əslində bu proqram bütün aparıcıların cəmi bir verilişlə kifayət qədər reytinq əldə edə biləcəyinin sübutu idi, sadəcə, bu cür süni reytinqlərdən imtina etməyi bacarmaq lazımdır: “Reytinqlərə görə efirin səviyyəsini aşağı salmaq, tamaşaçı baxır deyə istənilən mövzunu müzakirəyə çıxarmaq lazım deyil”.
Telekanalın icracı direktoru Kamil Şahverdiyev isə deyib ki, “Space”nin öz prinsipləri var: “Biz daima o prinsiplərə əməl edirik. Bu cin çıxarma mövzusu çox yayılıb. Bu insan da populyarlaşmağa doğru gedir. Buna inananlar çox olur. Bizim məqsədimiz o idi ki, həmin insanı bir daha efirə çıxarıb şarlatanlığını sübut edək. “Soy prodakşn”ın (layihənin müəllifi - red.) rəhbərliyi də həmçinin bu şarlatanlığı sübut etmək niyyətində olduqlarını bildirmişdilər. Verilişdə olan opponentlər də lazım olan məlumatları tamaşaçılara çatdırdılar”.
“Lider” kanalında yayımlanan “Ekstrahiss” verilişinin aparıcısı da verilişin formatı ilə bağlı tənqidlərə münasibət bildirib. Teleaparıcı bu verilişdə iştirak edənlərə inanmadığını bildirib: “Bu verilişin formatı hər kəsə bəllidir. Lakin verilişin öncəgörücülərinə, ekstrasenslərinə inanmıram. Səbəbini demək çətindir. Mən televiziya aparıcısıyam. Bu, mənim işimdir. Bu haqda fikir bildirməyim də düzgün olmazdı. Lakin bir şeyi deyə bilərəm ki, mən bu həyatda heç nəyə və heç kimə inanmıram. Ekstrasenslərə heç inanmıram”.
Mirəziz Seyidzadə: “Bu məsələdən şeyx də narahatdır”
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Fətva şöbəsinin müdiri Mirəziz Seyidzadə falçılıq, baxıcılıq, cadügərlik kimi məsələlərin İslama zidd olduğunu dedi. Onun sözlərinə görə, müqəddəs Qurani-Kərim bu məsələlərə xurafat kimi baxır: “Elə adamları efirlərə çıxarırlar ki, onların özlərinin psixoloji problemləri var, öz ailələrini idarə edə bilmirlər, gəlib ordan milyonlarla tamaşaçıya öyüd-nəsihət verir, söz deyirlər. Məsələn, bu yaxınlarda Masallı rayonunun Bədəlan kəndindən bir qadın çıxıb dedi ki, İmam Mehdi Sahibəzzəman mənimlə görüşür, gəlib pəncərədən mənlə söhbət etdi və s. Bu qadının ya özünün psixoloji problemi var, ya da insanları başdanxarab hesab edir. Masallı kimi dinə hörmət edən, dindarların çoxluq təşkil etdiyi bir yerdən belə bir insanın çıxması, imam adından danışması başadüşülən deyil. Mənim əlimdə imkan olsaydı, o qadının haqqında cəza tədbiri görərdim. O qadının İslam dini, onun qaydaları haqda belə məlumatı yoxdur. Mən inanmıram ki, kimsə ona inanır. Əgər bu, şou xarakterli verilişdirsə, şou olsun. Yoxsa insanların müqəddəratı həll olunan, əqidələri söhbət mövzusu olan bir verilişdə belə şeylər yolverilməzdir. Orda oturan ekspertlərin heç biri də din adamı, din xadimi deyil. Ona görə də mən bir ruhani, QMİ təmsilçisi kimi onlara etirazımı bildirirəm və belə şeyləri telekanallardan yığışdırmağa çağırıram”.
M.Seyidzadə onu da qeyd etdi ki, o cür verilişlər cəfəngiyyat, insanların vaxtını boş-boşuna almaqdır: “Jurnalistin məqsədi insanlara düz yol öyrətmək, onları maarifləndirmək olmalıdır. Necə ki, sovet dönəmində bunların kökü kəsilmişdi, bu gün müstəqil Azərbaycanda da belə olmamalıdır. Bu, biabırçılıqdır. Telekanal rəhbərliklərindən də xahiş edirəm ki, belə verilişlərlə Azərbaycanı biabır etməsinlər. Bununla İslama zərbə vurmaq istəyirlərsə, bu yolla bacarmazlar. Bu, birbaşa xurafatdır, insanların əqidəsilə oynamaqdır. Siz böyük bir məsələyə toxunmusuz, bu problemi ictimailəşdirmək gözəl işdir”.
QMİ təmsilçisi bildirdi ki, idarə rəhbərliyinin, Şeyx Hacı Allahşükür Paşazadənin də qeyd olunan məsələ ilə bağlı mövqeyi olacaq: “Biz bu məsələləri şeyx cənablarının diqqətinə çatdırmışıq, o da narahatdır. Yəqin ki, bununla bağlı onun da mövqeyi olacaq, bir iş görəcək”.
Azər Həsrət: “MTRŞ məsələyə qarışmalıdır”
Media eksperti Azər Həsrət bu cür mənəviyyatdan uzaq verilişlərə nə özünün, nə də ailəsinin baxdığını bildirdi. Onun sözlərinə görə, belə verilişlərin intellektual səviyyəsini, evlərə daşıyacağı bilgi və vərdişlərin aşağı səviyyədə olduğunu nəzərə alaraq, onlara baxmaqdan imtina edib: “Mənim və ailəmin düşüncəsinə görə, belə verilişlər çox zərərlidir. O baxımdan ki, yetişməkdə olan nəslin beyninə faydasız, eyni zamanda, xurafatla dolu bilgilər yeridilir və bu da nəticə etibarı ilə o nəslin nümayəndələrinin Azərbaycan cəmiyyətində dəyərsiz insanlara çevrilməsinə səbəb ola bilər. Elə verilişlərin ümumiyyətlə yayılıb-yayımlanmaması, yaxud yayımlanmasının nə dərəcədə zərərli olması ilə bağlı məsələyə gəldikdə, əlbəttə ki, xurafatla dolu verilişlərin efirə yol tapmasının əleyhinəyik. Belə verilişlər insanları pessimizmə, dindən kənar qüvvələrə inanmağa sövq edə bilər. Bu da cəmiyyətin deqradasiyasına, aşınmasına gətirib çıxara bilər. Biz artıq bilgi çağında yaşayırıq, belə bir zamanda o cür verilişlərin yayımlanması cəmiyyətə heç bir fayda verə bilməz. Lakin təəssüflər olsun ki, o verilişlər xeyli populyarlıq qazana bilib, bu da onun göstəricisidir ki, həmin verilişlərə efir verən adamlar istədiklərinə nail ola biliblər. Ona görə də o cür verilişlərin geniş əl-qol açmasının qarşısını almaq üçün çoxdan həyəcan təbili çalınmalıdır. Xüsusən də Milli Televiziya və Radio Şurası müəyyən addımlar atmalıdır”.
MTRŞ-nin şöbə müdiri: “Monitorinq aparılır”
MTRŞ-nın Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov bildirdi ki, telekanalların fəaliyyəti ilə bağlı şöbədə aparılan monitorinqin əsas predmetlərindən biri də məhz bu məsələdir: “Çünki “Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən, eyni zamanda erotika və qəddarlığı əks etdirən proqramlar üçün xüsusi qaydalar”a əsasən, efir vasitəsilə hipnoz etmək, falçılıq və s. məsələləri əks etdirən proqramların göstərilmə vaxtı məhdudlaşdırılıb. Bunların yayımlanması birbaşa qadağan edilməyib. O cür verilişlər saat 23.00-dan 7.00-a qədər efirə verilə bilər. Bu məhdudlaşdırma uşaqların və yetkinlik yaşına çatmayanların müdafiəsi üçün nəzərdə tutulub. Ümumiyyətlə, bu tip verilişlərin son vaxtlar efirlərdə populyarlaşması qanunvericiliyin başqa tələblərinin də pozulması ilə müşahidə edilir. “Teleradio yayımı haqqında” qanunun 32-ci maddəsində göstərilir ki, teleradio proqramlarında maarifçilik məsələlərinə üstünlük verilməlidir. Lakin faktiki olaraq həmin verilişlərdə nəinki maarifçilik məsələlərinə üstünlük verilir, əksinə, xurafat, mövhumat formasında materiallar yayımlanır. Əlbəttə ki, bunlar yolverilməzdir”.
T.Dadaşov qeyd etdi ki, telekanallar reytinq, şou xatirinə belə verilişlərdən geniş şəkildə istifadə edirlər. Lakin MTRŞ rəsmisinin sözlərinə görə, telekanallara tamaşaçıları reytinqə qurban verməmək tövsiyə olunur. Həmsöhbətimiz bildirdi ki, bu verilişlərdə “Teleradio yayımı haqqında” qanunda reklama verilən tələblər də pozulur: “Efirə çıxardıqları adamlar özlərinin “məharətlərini” göstərir, öz “müalicə metodlarını” reklam edirlər. Bu tip məsələlərin efirdə reklam olunması üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən lisenziya verilməlidir. Əks halda, bunların nümayişi qadağandır. Kanallar iddia edə bilərlər ki, biz reklam etmirik. Lakin hətta elə hallar var ki, o adamların telefon nömrələri, ünvanları, saytları nümayiş etdirilib. Bunlar yolverilməzdir. Ümumiyyətlə, biz tövsiyə edərdik ki, televiziya kanalları bu tip hallardan qaçsınlar. Bu verilişlərin yayımlanması, həmin halların təkrarlanması davam edərsə, MTRŞ məsələyə qarışa bilər. Amma hələlik tövsiyə edirik ki, televiziya yayımçıları bu məsələdə ictimaiyyətin həssaslığını nəzərə alsınlar”.
Şura rəsmisi bildirdi ki, həmin verilişlərdə narazılıq yaradan başqa məqamlar da var: “Kiminsə, hansısa ailənin problemlərini müzakirəyə çıxarırlar, valideyn-övlad qarşıdurması yaradılır, ictimailəşdirirlər, el-oba, bir nəsil bir nəfərə görə biabır olur. Bu məsələlərdə də diqqətli olmaları vacibdir. Çünki sonda bu, telekanallar üçün heç də yaxşı olmayan nəticələrə gətirib çıxara bilər”.
Həbibə ABDULLA

banner

Oxşar Xəbərlər