AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ürəyinizin əsas düşməni

Ürəyinizin əsas düşməni

Təfsilat
29 Noyabr 2016, 14:14 1398
"Ürəyimizin əsas düşməni nədir” sualına "stress” cavabını versək, yanılmarıq. Stress dediyimiz zaman insanların çoxu əsəbiləşməni nəzərdə tutsalar da, əslində bu, geniş anlayışdır. Stress bədənimizin daxili və xarici qıcıqlara qarşı verdiyi reaksiyadır. Stress fizioloji və psixoloji olmaq üzrə iki yerə bölünür. Mən bu yazımda sizi psixoloji və ya emosional stressin ürəyiniz üçün nə dərəcədə təhlükəli olduğu haqqında məlumatlandıracağam. Çox incəliyə girməyərək daha sadə şəkildə demək istəyirəm ki psixoloji və ya emosional stress dedikdə ən sadə şəkildə desək, əsəbiləşmə, hirslənmə və ya hiddətlənmə, qorxu, depressiya, həyəcan, təşviş, əndişə, nigaranlıq, psixi gərginlik, dilxorçuluq, qanıqaralıq, kefin pozulması və sairə kimi emosional vəziyyətlər və ya hallar nəzərdə tutulur.

Təəssüf ki, elə bir dünyada yaşayırıq ki stresssiz bir həyat və ya yaşam tərzi mümkün deyil. Müharibələr, terror aktları, təbii fəlakətlər, siyasi və ya iqtisadi böhranlar, iş yerində və ya ailə içindəki ziddiyyətlər və ya münaqişələr, səhiyyə problemləri və sairə ən önəmli stress səbəbləridir. Gündəlik həyatımızın hər hansı bir anında məruz qaldığımız psixoloji travma sağlamlığımız üçün o cümlədən ürək-damar sağlamlığımız üçün çox ciddi bir təhdiddir. Həm kəskin stress (yəni ani başlayan və ya qısa müddətli) həm də xroniki (yəni uzun müddətdir ki var olan) stress bir insanın infarkt keçirməsinə və ya anidən ölməsinə səbəb ola bilər. İnfarkt keçirən insanların çoxunda da stress və ya stresli həyat tərzi çox sıx görülür. Stress və ya stressli həyat tərzi bir insanda infarktı tətikləyən ən önəmli faktorlardandır. Stress və ya stressli həyat tərzi işini, peşəsini və ya məşğuliyyətini itirən, maddi problemləri olan insanlarda, boşanan və ya ayrılan, özündə və ya ailə üzvlərinin hər hansı birində ciddi bir xəstəlik ortaya çıxan və ailə üzvünün hər hansı bir fərdi ölən insanlarda daha sıx müşahidə edilir.
 
Hirslilik və əsəbilik
 
Cəmiyyətdə və ya ətrafımızda hər hansı bir səbəbdən ötrü tez-tez əsəbiləşən və ya hirslənən insanlarla çox rastlaşırıq. Ancaq araşdırmalar bu xüsusiyyətə sahib insanlarda ürək-damar xəstəliklərinin daha çox ortaya çıxdığını, daha çox infarkt keçirdiklərini, ölüm risklərinin daha çox olduğunu göstərdi. Əsəbilik hər yaşda olduğu kimi, xüsusi ilə də cavan yaşlardakı insanların infarkt keçirməsinə səbəb olur. Məsələn, 1055 cavan tibb tələbəsi üstündə aparılmış bir araşdırma nəticəsində məlum oldu ki, yüksək dərəcədə əsəbi olan tələbələr daha aşağı dərəcədə əsəbi olan tələbələrə nisbətən cavan yaşlarda (55 yaşından öncə) daha çox infarkt keçirirlər. Maraqlı olan odur ki bu xüsusiyyətə sahib insanlar daha çox əsəbi olmadığı vaxtlarda infarkt keçirirlər. Ancaq bir insan əsəbiləşmə anında da infarkt keçirə bilər. Sizə maraqlı bir fakt deyim. İnfarkt keçirən insanların 2.5 faizi infarktdan iki saat əvvəl ciddi şəkildə əsəbiləşmiş olur. Bu insanların 25 faizi ailə içi problemlərə, 22 faizi isə işlə əlaqəli problemlər görə əsəbiləşirlər. Xüsusiylə də əsəbiləşdikdən sonra ilk iki saat içində infarkt keçirmə riski beş qat artır. 
 
Təşviş, əndişə, həyəcan və nigarançılıq
 
Şəkər xəstəliyi və ürək-damar xəstəliyi olmayan 735 sağlam kişi üstündə 12 il boyunca aparılmış bir araşdırma nəticəsində məlum oldu ki təşvişli, əndişəli, həyəcanlı və nigaran kişilər daha çox infarkt keçirirlər. 
 
Təbii fəlakətlər ürəyimiz üçün də fəlakət ola bilir
 
İnsanların ətraf mühitə və təbiətə etdiyi mənfi təsirin nəticəsində ortaya çıxan və son illərdə get-gedə artan təbii fəlakətlər nəinki maddi və mənəvi, hətta çox böyük psixoloji və emosional problemlərə səbəb olur. İnsanlarda ortaya çıxan bu emosional problemlər sağlamlığımıza və o cümlədən ürək sağlamlığımıza çox böyük təsir edir. Təbii fəlakətlərin o fəlakətlərlə üzləşən insanlarda infarkt keçirmə riskini artdırdığını göstərən bir çox misal çəkilə bilər. Məsələn, 1981-ci ildə Afinada baş vermiş zəlzələdən sonra 5 gün içində ürək mənşəəli ölümlərin sayı digər günlərlə müqayisədə önəmli dərəcədə çox olub. Buna bənzər şəkildə 1994-cü ildə Los-Anclesdə baş vermiş zəlzələdən sonra infarkt keçirən və ya anidən ölən insanların sayı zəlzələdən əvvəlki həftə içində infarkt keçirən və ya anidən ölən insanların sayına nisbətən çox olmuşdu. Bir başqa araşdırma nəticəsində məlum oldu ki, Yaponiyada Avajı şəhərində baş vermiş Hanshin zəlzələsindən sonrakı 6 həftə içərisində infarkt keçirən və anidən ölən insanların sayı əvvəlki ilin həmin günləriylə müqayisədə daha çox olub. Ayrıca, aparılan araşdırmada zəlzələdən 1-2 həftə sonra onun episentrinə yaxın ərazilərdə yaşayan insanların qan təzyiqlərinin və qanın laxtalanma qabiliyyətlərinin müvəqqəti olaraq artdığı məlum olub. Sadəcə zəlzələlər deyil, başqa təbii fəlakətlərdən sonra da insanların infarkt keçirmə riski artar. Məsələn, Massachusettsdə 1974-1978-ci illər arasında altı fərqli zamanlarda ortaya çıxan qar-çovğun fırtınası sonrakı 8 gün içərisində infarktdan və ürək-damar xəstəliyindən ölənlərin sayı, sonrakı həftələrdə ölənlərin sayı ilə müqayisədə 22 % daha çox olub. 
 
Müharibələr və terror aktları
 
Savaşların, müharibələrin və terror aktlarının insanlar və cəmiyyət üçün nə dərəcədə böyük fəlakət olması haqqında danışmağa ehtiyac yoxdur. Müharibələr təkcə insanların həyatlarına son qoymur, həm də sağ qalanlarda ciddi psixoloji problemlərə səbəb olur. Ortaya çıxan stress, psixoloji travma istər-istəməz insan sağlamlığına o cümlədən ürək sağlamlığına çox pis təsir edir. Məsələn statistik araşdırmalar zamanı məlum oldu ki 1991-ci ildə baş vermiş birinci körfəz müharibəsi ərəfəsində infarkt keçirən insanların sayı digər vaxtlara nisbətən önəmli dərəcədə çox olub. Daha yaxın tarixə nəzər yetirək. 2001-ci ilin sentyabrın 11-də Dünya Ticarət Mərkəzində həyata keçirilən terror aktından sonra həmin mərkəzin 50 mil (80.4672 km) radiusu boyunca ətrafındakı ərazidə 60 gün içərisində infarkt keçirənlərin sayı terror aktından əvvəlki 60 gün içində infarktdan ölənlərin sayına nisbətən 49 % artıb. 
 
Depressiya

Depressiyanın infarkta, ürək-damar xəstəliyinə və ya ani ölümə səbəb olduğu aparılmış bir çox araşdırmalarla sübuta yetirilib. 50-79 yaş arası 93 000 sağlam qadın üstündə 4 il boyunca aparılmış bir araşdırma nəticəsində məlum oldu ki, depressiyalı qadınların infarkt keçirmə və anidən ölmə riski depressiyası olmayan qadına nisbətən daha yüksəkdir. Ayrıca ilk dəfə infarkt keçirən insanlarda depressiya çox sıx görünür. Depressiyanın ağırlıq dərəcəsi artdıqca ürək-damar xəstəliyinə tutulma və infarkt keçirmə riski də bir o qədər artar.
 
Önəmli bir təhlükə: Nəqliyyat gurultusu

Ürək sağlamlığınız üçün önəmli bir təhlükə də nəqliyyat gurultusudur. Maşın və ya təyyarə gurultusunun hipertoniya xəstəliyinə, ürək-damar xəstəliyinə və infarkta səbəb olduğunu artıq bilirik. Gurultunun daha bariz şəkildə eşidildiyi bölgələrdə, yəni avtomobil yolu kənarında və ya yaxınlığında və ya hava limanına daha yaxın bölgələrdə yaşayan insanlarda ürək-damar xəstəliyi və infarkt riski inanılmaz dərəcədə daha çox olur. Bu reallıq aparılan bir çox araşdırmalarla sübuta yetirilib. Bunun əsas səbəbi gurultunun bizim sinir sistemimizə mənfi təsir göstərməsidir. Çünki gurultunun özü də bir stress qaynağıdır. Ona görə də mümkünsə avtomobil yolu kənarında və ya yaxınlığında və ya hava limanına daha yaxın bölgələrdə yaşamamağa çalışın. Avtomobildən söz açılmışkən, iş dönüşü və ya işə gedərkən avtomobil tıxaclarında qalmaq infarkt keçirməyə səbəb ola bilir. Məsələn, infarkt keçirən 691 insan üzərində aparılan bir araşdırma zamanı məlum olub ki infarkt keçirənlərin 12 faizi infarktdan 1 saat əvvəl avtomobil tıxacında imişlər. Bunun ən önəmli səbəbi uzun müddət tıxacda qalmağın səbəb olduğu şiddətli stressdir. Odur ki avtomobil tıxaclarında qaldığınız zaman mümkün olduqca rahat olmağa çalışın, əsəbiləşməyin və psixoloji olaraq gərgin olmamağa çalışın.
 
Stress niyə infarkta səbəb olur?

Psixoloji və ya emosional stress sinir sistemi vasitəsiylə nəbzimizi sürətləndirir və qan təzyiqimizi qaldırır. Stress ayrıca qanın laxtalanma qabiliyyətinin artmasına da səbəb olur. Nəticədə bütün bu proseslər həm ürəyin iş yükünü artırır, həm də ürəyi qidalandıran damarların tıxanmasına gətirib çıxarır. Ayrıca stress nəticəsində ürəyi qidalandıran damarların tac arteriyalarda spazm (damarın büzülməsi) ortaya çıxır. İstənməyən bu proseslər insanda ürək-damar xəstəliyinin ortaya çıxmasına və infarkta səbəb olur. 
 
Stresslə mübarizədə həkim dəstəyi

Səbəbi nə olursa-olsun, streslə mübarizədə psixiatr və ya psixoloq dəstəyi çox önəmlidir. Təəssüf ki insanların çoxu müəyyən səbəblərdən psixiatr və ya psixoloq tərəfindən müayinə olunmaq istəmirlər və ya onların müəyyən elədiyi dərmanları içmək istəmirlər. 

Streslə mübarizənin sadə yolları da var

Streslə mübarizə aparmaq üçün, həmişə zaman dərman içmək də şərt deyil. Gündəlik həyatda görəcəyiniz bəzi tədbirlər stressə qarşı mübarizədə ən azı dərmanlar qədər effektivdir. Məsələn, bunlardan ən önəmlisi idmanla məşğul olmaqdır. İdmanla məşğul olduğunuz zaman beyninizdən qana "xoşbəxtlik hormonu” da adlandırdığımız endorfin hormonu ifraz olunur. Endorfin əslində ağrıkəsici hormondur və ağrıkəsici gücü morfindən 30 qat daha çoxdur. Ancaq endorfinin digər ən önəmli xüsusiyyəti insanda psixoloji olaraq rahatlama yaratmasıdır. Endorfin sizin psixoloji olaraq özünüzü daha yaxşı hiss etməyimizə səbəb olur. Xüsusi ilə də stressli dönəm keçirirsinizsə o dönəmlərdə idmanla məşğul olmağınız stressin sağlamlığınıza elədiyi təsiri minimuma endirərək o dönəmi daha sürətli şəkildə atlatmağınıza kömək edir. Stresslə mübarizədə çox effektiv olan metodlardan biri də yoqa və ya digər meditasyonlarla məşğul olmaqdır. 

Nəticə
 
Təəssüf ki elə bir dövrdə yaşayırıq ki, stressiz həyat və ya yaşam tərzi mümkün deyil. Gündəlik həyatımızın hər hansı bir anında məruz qaldığımız psixoloji travma sağlamlığımız üçün o cümlədən ürək-damar sağlamlığımız üçün çox ciddi bir təhdiddir. Buna görə də səbəbi nə olursa-olsun stresslə mübarizə aparmaq sağlamlığımızla əlaqəli olaraq ortaya çıxa biləcək problemlərin qarşısını alınması üçün çox önəmlidir. 
 
Uzm. Dr. Yalçın Velibey
Kardiologiya Uzmanı