AZE | RUS | ENG |


Ürəyinizin dərmanı Xəzərdədir

Ürəyinizin dərmanı Xəzərdədir
Uzm.Dr. Yalçın Velibey
Kardioloji Uzmanı
 
Dünyanın bəzi bölgələrində ürək-damar xəstəliklərinə az rast gəlinməsini o bölgələrdəki insanların qidalanma tərzi ilə əlaqələndirirlər. Aparılan araşdırmalar nəticəsində məlum oldu ki, xüsusi ilə də qidalarında balıq və balıq məhsullarının bol olduğu  bölgələrdəki insanlarda ürək-damar xəstəlikləri və buna bağlı  ölümlər daha az görülməkdədir. Balığın ürək-damar xəstəliklərindən qoruduğu daha öncə aparılan bir çox tədqiqatlar nəticəsində sübuta yetirildi.
Balıq yeməyin ürək-damar xəstəliklərindən qoruması onun tərkibində olan başda omeqa-3 yağ turşuları olmaqla selenyum kimi antioksidant elementə, D vitamini və bəzi önəmli proteinlərlə əlaqəlidir. Omeqa-3 yağ turşuları ürək damarlarının tıxanmasına səbəb ola bilən "Trigliserid” deyə adlandırdığımız xolesterin miqdarını azaldır. Bundan başqa, omeqa-3 yağ turşuları həm normal insanlarda həm hipertoniyalı insanlarda damarları genişləndirərək qan təzyiqini azaldır. Və ən önəmlisi odur ki bu turşular qanda trombun əmələ gəlməsinin qarşısını alaraq, qanın laxtalanma qabiliyyətini azaldır. Bundan başqa, balığın tərkibindəki selenium və omeqa-3 yağ turşuları antioksidant təsiri ilə ürək damarlarındakı iltihabi proseslərin qarşısını alır. Bütün bu proseslər ürək-damar daralması və infarkt keçirmə riskini azaldır. Həftədə ən azı bir dəfə balıq yemək ürək-damar xəstəliyinə tutulma riskini 16 % azaltmaqdadır. Balıq yemək beyin-damar xəstəliyinə tutulma riskinizi də azaldır. Daha öncə aparılan önəmli bir araşdırma nəticəsində həftədə 2-4 dəfə balıq yeməyin beyin iflici keçirmə riskini 6% azaltdığı görüldü.
Avropa Kardiologiya Cəmiyyəti ürək-damar xəstəliyi olmayan sağlam insanların biri yağlı olması şərti ilə həftədə ən azı 2 dəfə balıq yeyilməsini məsləhət görür. Həm qırmızı ətə, həm də toyuq ətinə nisbətən balıq ətində karbohidrat, yəni şəkər yoxdur. Bu baxımdan, balıq əti şəkər xəstələri üçün ideal qidadır. Balıq ətinin həzmi də digər ətlərə nisbətən daha rahatdır. 

Hər balıq eyni dərəcədəmi faydalıdır?

Ürəyiniz üçün faydalı olan omeqa-3 yağ turşuları hər balıqda eyni miqdarda deyil. Ən çox omeqa-3 yağ miqdarına sahib olan balıqlar: qızıl balıq, xanı balığı, qılınc balığı, Atlantik skumbriyası, palamut, nərə balığı və ton balığıdır. Bunlar yağlı balıqlar olaraq da bilinirlər. Balığın yağda qızardılması yerinə buğlama şəklində və ya sobada (fırın) və ya manqalda bişirilməsi daha məsləhətlidir. Balıq yeməyin insan sağlamlığına heç bir zərəri yoxdur. Yetər ki zəhərli olmasın.

Balıqmı ,yoxsa balıq yağı həblərimi? 

Poliklinika müayinə günlərimin birində hipertoniyası olan 60 yaşındakı Yusif bəy ona başqa bir həkim tərəfindən gündə 1 qram balıq yağı həbi içməyi məsləhət görüldüyünü söylədi. Hipertoniyası olan Yusif bəy ürək-damar xəstəliyinə tutulma riskini azaltmaq üçün təqribən üç aydır hər gün bu həblərdən içirmiş.  Apteklərdə müxtəlif adlarda balıq yağı həbləri satılmaqdadır. Bəzən sağlam insanlara balıq yemək yerinə balıq yağı həbləri yazılaraq içilməsi məsləhət görülür. Bu, yanlışdır. Çünki balıq yediyiniz zaman omeqa-3 yağ turşularından başqa siz selenyum və bəzi önəmli proteinləri də alırsınız. Amma halbuki apteklərdə satılan balıq yağı həblərinin içində selenyum və bəzi önəmli proteinlər yoxdur. Buna görə də ürək-damar xəstəliyi olmayan sağlam insanların balıq yağı həbləri yerinə balıq yeməsi daha məsləhətlidir. 2013-cü ilin may ayında dünyanın nüfuzlu tibb jurnalı olan New England Journal of Medicine jurnalında bunu təsdiqləyən çox önəmli bir araşdırmanın nəticələri paylaşıldı. İtaliyadan olan həkim Mario Negri və əməkdaşları ürək-damar xəstəliyi üçün risk faktorları (diabet, hipertoniya, köklük, hiperxolseterinemiya, ailə hekayəsi və s) olan, ancaq ürək-damar xəstəliyi olmayan 12 513 sağlam insanın yarısına gündə 1 qram balıq yağı həbi, digər yarısına isə zeytun yağı həbi verib 12 il boyunca bu insanları izlədilər. Nəticədə balıq yağı içən insanların zeytun yağı içən insanlardan daha az infarkt keçirmədiyi müəyyən olunub. Yəni ürək-damar xəstəliyi olmayan insanlara verilən balıq yağı həblərinin o insanları infarktdan qorumadığı, bir faydasının olmadığı ortaya çıxdı. Ona görə də "balıq yeməyin, balıq yağı həbi için” demək yanlışdır. Balıq yağı həbi içilməsi yerinə balıq yeyin.

Ürək-damar xəstəliyi olan bir xəstə hər gün balıq yağı həbi içməlidirmi?

Bir başqa poliklinika müayinə günlərimin birində ürək-damar xəstəliyi (üç il öncə infarkt keçirdiyini və stend taxıldığını) olan 68 yaşındakı Cavid bəy əvvəlki həkimi tərəfindən ona hər gün gündə 1 qram balıq yağı həbi içməyi məsləhət görüldüyünü söylədi. 1999-cu ildə aparılan bir araşdırmadan sonra ürək-damar xəstəliyi olan hər kəsə gündə 1 qram balıq yağı həbi içilməsi məsləhət görülürdü. Ancaq 2006 və 2010-cu illərdə aparılan daha böyük iki araşdırma nəticəsində balıq yağı həblərin ürək-damar xəstələrində heç bir faydasının olmadığı görüldü. Ona görə də Cavid bəyə bu həbləri içməsinin ona bir faydasının olmayacağını söyləmək ən doğrusudur. Son araşdırmalar balıq yağı həblərinin ürək çatışmazlığı olan xəstələrə də faydasının olmadığını göstərdi. İstər sağlam olun, istərsə də ürək-damar xəstəsi olun, balıq yağı həbi içilməsi yerinə, balıq yeyin.
Balıq yağı həbləri daha çox xolesterin yüksəkliyi (xüsusilə də hipertrigliseridemiyada) müalicəsində faydalıdır. Bu həblər qanında xolesterin miqdarı yüksək olan xəstələrə xolesterin düşürücü dərmanlarla yetərli olmadıqda əlavə olaraq verilir.

Nəticə olaraq balıq və balıq məhsullarından mütəmadi istifadə edilməsi, ürək-damar sistemimizə olduqca faydalıdır. Bu baxımdan, sağlamlığımıza faydalı olan qidalarla zəngin  mavi incimiz - Xəzər dənizimiz var. Ona görə də balıq yeməkləri mətbəximizin vazkeçilməz bir parçası olmalıdır.


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN