AZE | RUS | ENG |

Çörəyin qiymətinin qalxmasının sonrakı fəsadları

Çörəyin qiymətinin qalxmasının sonrakı fəsadları
Azər Mehtiyev: “Azərbaycan çörək üçün buğda idxal edən ölkədən buğda ixrac edən ölkəyə çevrilə bilər, əgər...”

Bir neçə gündür çörəyin qiymətində artım müşahidə olunur. 30 qəpiyə olan zavod çörəyi 40 qəpiyə satılır. Çörəyin qiymətinin artmasını təsdiqləyən İqtisadi İnkişaf Nazirliyi (İİN) bildirir ki, buna səbəb son üç ayda Azərbaycana ənənəvi taxıl ixracatçısı olan Qazaxıstan və Rusiyada ərzaq buğdasının qiymətində 40-50 faiz artımın baş verməsidir.
Qeyd edək ki, iki həftə öncə Nazirlər Kabinetinin verdiyi qərara əsasən, 1 il müddətinə buğda və buğda ununa qoyulan əlavə dəyər vergisi (ƏDV) ləğv edildi. Bununla belə, göründüyü kimi, çörəyin qiymətinin bahalaşması qaçılmaz oldu. Məsələ ilə bağlı suallarımızı İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehtiyev cavablandırdı.

- 30 qəpiklik çörəyin qiymətinin artaraq 40 qəpik olması, sizcə, aztəminatlı ailələrin büdcəsinə nə dərəcədə təsir edəcək?
- Azərbaycan əhalisinin belə bir xüsusiyyəti var ki, çörəyi çox istehlak edir. Üstəlik, araşdırmalar göstərir ki, əhalinin gəlirləri az olduqca, orada çörək istehlakı böyük yer tutur. Xüsusilə ailə aylıq gəlirləri hesabına kifayət qədər ət və digər ərzaq məhsulları ala bilmirsə daha çox çörəyə meyil edir. Təbii ki, çörəyin qiymətinin qalxması istər-istəməz insanların çörəyə çəkdikləri xərclərin artmasına aparıb çıxaracaq. Yəni, ilk baxışdan çörəyin qiymətinin 10 qəpik artması böyük görünməsə də, aztəminatlı ailələrin istehlakında çörək xüsusi yer tutduğundan çörəyin hesabına onların istehlak xərcləri 30-50 faizə qədər arta bilər.
- Azər bəy, buğdaya qoyulan ƏDV-nin ləğvi çörəyin qiymətinin sabit qalması üçün kifayət deyilmi?
- ƏDV-nin ləğv edilməsi əslində taxılın qiymətinin qalxması prosesindən sonra baş verdi. Dünyada baş verən iqlim dəyişmələri, quraqlıq səbəbindən yay aylarından bəri əsas taxıl istehsalçıları olan ölkələrdə taxıl istehsalı ilə bağlı problemlər yarandı. Amerika, Rusiya, Kanada, Qazaxıstan, Ukrayna və digər əsas taxıl istehsalçıları olan ölkələrdə istehsalın aşağı düşməsi səbəbindən dünya bazarında taxılın qiyməti artdı. Bildiyimiz kimi, Azərbaycan çörək istehsalı üçün buğdanı və unu əsasən idxal edir. Təbii ki, ölkəyə gətirilən sözügedən məhsulların qiymətinin qalxması undan hazırlanan məhsulların qiymətinin qalxmasına gətirib çıxarmalı idi. Ölkəyə gətirilən buğdaya qoyulan ƏDV-nin ləğvi bir qədər gecikmiş qərar idi. O vaxtacan ölkəyə un, taxıl gətirilməsi baş vermişdi. ƏDV ləğv olunanda çörək istehsalçısı olan sahibkarların mətbuata verdiyi açıqlamalarda göstərilirdi ki, onlar baha qiymətə müəyyən miqdarda buğda alıb gətiriblər və həmin buğdadan istehsal olunan çörəyin qiymətinin qalxması qaçılmaz olacaq. Amma araşdırma aparmaq lazımdır ki, dünya bazarında taxılın qiyməti artsa belə, ƏDV-nin ləğvi taxılın qiymətinə nə qədər təsir göstərə bilər və çörəyin qiymətinin əvvəlki kimi saxlanılması mümkündürmü? Həmçinin hesablamaq lazımdır ki, ƏDV ləğv edildikdən sonra ölkəyə gətirilən buğda və undan hazırlanan çörəyin qiymətinin qalxmaması üçün imkan varmı? Həmçinin ancaq indiki halda dəqiq hesablamalar aparılmalıdır ki, çörəyin indiki halda qiymətinin qalxmasında inhisar amilinin rolu nə qədərdir?
- ƏDV-nin ləğvi heç olmasa bundan sonrakı dövrdə, yəni sözügedən qiymət artımından sonra çörəyin qiymətinin sabit qalacağına təsir göstərə bilərmi?
- Bir şeyi diqqətdə saxlamaq lazımdır ki, dünya bazarındakı proseslər ərzağın, həmçinin taxıl və taxıl məhsullarının qiymətinin qalxmasına doğru gedir. Buğdaya qoyulan ƏDV-nin ləğvinin bundan sonrakı dövrdə çörəyin qiymətini sabit saxlayacağına da ümid etmək olmaz. Bunun üçün ölkənin özündə taxıl istehsalına nail olmaq lazımdır.
- Buğdaya olan əsas tələbatı idxal nəticəsində ödəsək də, Azərbaycanda da az taxıl istehsal olunmur. Kənd Təsərrüfatı Nazirliyindən aldığımız məlumata görə, bu il ölkəmizdə 2 milyon 700 min ton taxıl istehsal olunub ki, bu da ötən illə müqayisədə 200 min ton çoxdur.
- Düzdür, taxıl çox istehsal olunur və Taxıl Fondu taxılın yerdə qalmaması üçün məhsulu fermerlərdən alır. Amma baxaq görək, kiçik fermerlərin istehsal etdiyi taxılın nə qədəri çörək hazırlamağa yararlıdır? Taxıl Fondu tərəfindən fermerlərin qarşısına elə keyfiyyət şərtləri qoyulur ki, onların istehsal etdiyi məhsul bu tələblərə cavab vermir və əllərində qalır. Nəticədə kiçik fermerlərin istehsal etdikləri taxılı ya özləri istehlak edir, ya da heyvan yemi kimi istifadə olunur. Şəhər yerlərində, xüsusilə iri zavodlarda çörək istehsalı üçün idxal olunan undan və taxıldan istifadə olunur. Ölkədə istehsal olunan taxıldan çörək istehsalında istifadə etmək üçün həmin taxılın keyfiyyətinin artırılması zəruridir.
Son zamanlar taxılçılığın inkişafı üçün yeni bir xətt götürülüb - iri taxılçılıq təsərrüfatının yaradılması. Ölkədə yalnız iri taxıl istehsalçılarına arxayın olmaq düzgün deyil. Yalnız iri taxıl istehsalçılarının əkdiyi məhsulla bazarı təmin etmək mümkünsüzdür.
- Azər bəy, Azərbaycan taxıla olan tələbatını tam ödəyə bilərmi? Buna imkanımız varmı?
- Ölkəmizin taxıla olan tələbatını daxili imkanları hesabına ödəməsi mümkündür və bunun üçün kənd təsərrüfatı istiqamətində çox ciddi addımlar atılmalıdır. Toxumun keyfiyyətindən tutmuş, torpaqların keyfiyyətinin artırılması, gübrə təminatının gücləndirilməsi, taxıl istehsalçılarının real olaraq stimulaşdırılmasına qədər bir sıra tədbirlər görülməlidir. Söhbət yalnız taxıl istehsalçılarının yanacağı, gübrəni güzəştlə almasından getmir. Bu və digər kompensasiyaların ciddi şəkildə real tələblərə uyğunlaşdırılmasına ehtiyac var. Eyni zamanda istehsal olunan taxılın dövlət satınalmasının təşkili yaxşılaşdırılmalıdır ki, fermerlər taxıl istehsalında maraqlı olsunlar. Bir sözlə, bu sahədə kompleks tədbirlərə ehtiyac var. Bu addımlar atılarsa, təbii ki, Azərbaycan öz taxılı ilə özünü təmin etmək iqtidarında ola bilər. Hətta torpaqlarda normal məhsuldarlıq yaradılarsa, Azərbaycan çörək üçün buğda idxal edən ölkədən buğda ixrac edən ölkəyə çevrilə bilər.
- Çörəyin qiymətinin qalxması digər ərzaq məhsullarında da qiymət artımına səbəb ola bilərmi?
- Son zamanlar dünyada ərzaq məhsullarının artmasına doğru tendensiya gedir. Dünyada ərzaq böhranı yenə gözlənilməkdədir və təbii ki, dünyada gedən proseslər, həm də çörəyin qiymətinin qalxması psixoloji olaraq digər sahələrə də təsir göstərə bilər. Hazırda Azərbaycanda çörəyin qiymətinin qalxması digər ərzaq məhsullarının qiymətinin qalxmasına əsas olmamalıdır. Ancaq bütövlükdə qarşıdakı dövrdə digər ərzaq məhsullarının qiymətinin qalxması baş verə bilər. Çünki dünyada ərzaq böhranının gözlənilməsi haqqında BMT-nin Ərzaq Fondu səviyyəsində fikirlər səsləndirilir.
Lalə Musaqızı

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8846
GEL 1 1 Gürcüstan larisi 0.582
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0621
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7332
KWD 1 1 Küveyt dinarı 5.5868
TRY 1 1 Türkiyə lirəsi 0.301