Ürəyim istəyəni edirəm
Deyirlər,
çirkin qadın yoxdur, baxımsız qadın var. Amma nədənsə bir çox xanımlar bu
deyimlə razılaşmır. Çünki gözəlliyin ilahi tərəfindən xanımlara bəxş edildiyini
düşünürlər. Gözəllik, baxımlılıq bir kənara, bir də var ki, xanım şarmlı olsun,
yerişi-duruşu, geyimi, rəftarında xüsusi bir cazibədarlıq sezilsin. "Məşhurların
gözəllik sirləri” rubrikamızın qonağı Nura Suri də belə xanımlardandır. Nura
xanım uzun müddətdir ki, səhnədədir. Onun özünəməxsus ifa tərzi olduğu kimi,
özünəməxsus incə bir şarmı da var.Belə
ki, ifaçı hər zaman formadadır və illər keçdikcə də gözəlliyinə gözəllik əlavə
olunur. Gözəlliyi ilə zamana meydan oxuyan Nura xanımın necə formada qalması, hansı
dietalardan, idman növlərindən və qida məhsullarından istifadə etməsi bizə də
maraqlıdır. Ondan gözəllik sirlərini bizimlə bölüşməsini istədik. Söhbətimiz əsnasında
öyrəndik ki, uzun müddətdir öz formasına sadiq qalan Nura xanımın heç bir dieta
resepti yoxdur.
- Nura xanım, hər zaman şıq və
formadasınız. Bu bədən quruluşunu necə qoruyub saxlayırsınız? Eyni formada
qalmaq üçün nələrdən istifadə edirsiniz?
-
Formada qalmaq üçün sağlam həyat tərzi keçirirəm. Belə ki, ilk növbədə spirtli
içki qəbul etmirəm, siqaret çəkmirəm, daha çox ailəmlə zaman keçirirəm. Özümü
ailəmlə daha rahat və xoşbəxt hiss edirəm. Çalışıram ki, neqativ insanlardan və
pis hadisələrdən uzaq durum. Bunlar ən vacib amillərdir. Pis xəbərlərdən və qeybətdən,
paxıllıqdan, mənə neqativ enerji ötürən insanlardan özümü uzaq tuturam. Sağlam
həyat yaşamaq üçün beyni yormaq olmaz.
Sağlam
həyat tərzi yaşamaq üçün özünə çox zaman sərf etməlisən. Misal üçün, bilirsiniz
ki, biz tədbirlərdə və məclislərdə çox oluruq. Əgər harasa dəvət almışamsa və
ora getmək istəmirəmsə, buna özümü məcbur etmirəm. Düşünmürəm ki, ürəyim istəmir,
ancaq gedim, kiminsə xətrinə dəyməsin. Özümü yaxşı hiss etmirəmsə, həmin an evdə
olmaq, idman etmək istəyirəmsə, istəyimə uyğun davranıram. Ürəyimin istədiyini
edirəm. Özümü istəmədiyim bir şeyə məcbur etmirəm.
- İstərdik, xanımlarımızla öz
dietanızın reseptini bölüşəsiniz.
-
Heç zaman dieta saxlamamışam. Buna görə də xanımlarımıza hansısa bir dieta
resepti məsləhət edə bilməyəcəyəm. Sadəcə onlara deyə bilərəm ki, yeməklərinə
fikir versinlər. Mən özümə yemək qadağası qoymuram, ürəyim istəyən hər bir şeyi
yeyirəm. Düzdür, az-az, amma tez-tez yeyirəm. Gündə 5-6 dəfə yemək yeyirəm.
Bundan başqa, idmanla mütəmadi məşğul oluram. İdmanla məşğul olan insanlara
daha çox protein məsləhət görülür, əzələləri formada olsun deyə. Meyvə-tərəvəzi
günün birinci yarısında yemək məsləhət görülür. Gecə yatana yaxın qatıq, kəsmik
daha çox məsləhət görülür, xüsusilə də idman edənlər üçün. Əslində, mən heç bir
qaydaya əməl etmirəm. Çünki peşəkar idmançı deyiləm. İdmanla məşğul oluram ki,
həm formada qalım, həm də özümü xoşbəxt hiss edim. İdmanla məşğul olanda insan
orqanizmində xoşbəxtlik hormonları istehsal olunur, insan özünü daha yaxşı hiss
edir. Səhər yuxudan duranda acqarına iki stəkan su içirəm. Bundan yarım saat
sonra yemək yeyirəm. Çalışıram ki, təbii vasitələrlə qidalanım. Belə ki, tərəvəz
və digər qida məhsullarının təbii olmasına arxayın olmaq üçün bunları rayondan
sifariş verirəm. Süd, kəsmik, göyərti, yumurtanı Gəncədən gətizdirirəm. Arıq
görünmək və formada qalmaq üçün özümü ac saxlamıram.
-
Bəs estetik əməliyyatdan necə, istifadə
etmisinizmi?
-
Bunu bir neçə dəfə demişəm, yenə də xatırladıram, 1997-ci ildə həyat yoldaşımla
avtomobil qəzasına düşmüşəm. Ondan sonra burnumda sınıq olduğundan dəfələrlə əməliyyat
etdirmişəm. Əslində, bu, estetik deyil, rekonstruktiv bir əməliyyat oldu. Çünki
həkimlər sınmış burnumu düzəltməyə çalışıblar. Bu da avtomobil qəzasının nəticəsində
olub. Ona qədər burnumda heç bir problem olmayıb. Dəfələrlə sosial şəbəkələrdə əməliyyatdan
əvvəlki burnumun şəklini paylaşmışam. Uzun müddət çəki azlığından əziyyət çəkmişəm.
Belə ki, çəkim 46-48 kiloqramdan çox olmurdu. Ancaq sonradan sağlam rejimə
düşdükdən sonra çəkim düzəlib.
-
Nura xanım, siz zövqlü geyinən
ifaçılardansınız. Geyimlərinizi özünüz seçirsiniz, yoxsa stilistlərlə işləyirsiniz?
-
Mən deməzdim ki, hər zaman zövqlü geyinirəm. Elə vaxtlar olur ki, geyimlərim
xoşuma gəlmir. Bəzən tanınmış mağazaların reklamını edirəm və reklam zamanı bəzən o qədər də xoşuma gəlməyən geyimləri də geyinirəm. Amma yenə də, onları özümə yaraşdırmağa çalışmışam. Hər zaman xoşuma gələni deyil, özümə yaraşanı geyinirəm.
- Bəs dəbi izləyirsinizmi?
-
Mən dəb arxasınca qaçan insan deyiləm. Ümumiyyətlə dəb arxasınca qaçanları
anlamıram. Onlarla heç bir problemim yoxdur, ancaq başa düşə bilmirəm. Dəb,
moda bir gəlir mənbəyidir. Dünyada bəzi qurumlar var ki, yenilik adı ilə
ortalığa nəsə çıxarırlar, yeni bir məhsul kimi onu insanlara təqdim edirlər. Əsas
məqsədləri məhsullarının daha çox satılmasıdır. Moda mütəxəssisləri diktə edirlər
ki, hər mövsümə uyğun bir rəng dəbdə olur. Moda, dəb
elədir ki, hər mövsüm fərqlilik olmalıdır. Məsələn, ötən il sarı rəng dəbdə
idisə, keçən il insanlar nə almışdılarsa, bu il ondan istifadə etməsinlər.
Gedib yenilərini alsınlar. Əslində bu mövzu çox dərindir. Bir də hamı
kimi olmaqdan çəkinmək lazımdır. İnsanın bir imici və stili olmalıdır. Hər gün
stilini dəyişməməlidir. Görürsünüz ki, saç rəngim uzun müddətdir dəyişməyərək
qalır. Demək olar ki, eyni saç rəngindən istifadə edirəm. Ya yığıram, ya da
açıq qoyuram. Bundan başqa, mənim özümə məxsus geyim tərzim var. Ancaq bu rəng
mənim imicimdir. Bu, özünəməxsusluq və individuallıq deməkdir. "Bu gün hamı
bunu geyinirsə, mən də geyinməliyəm” fikirlərindən uzağam. SSRİ dövründə bir
cür "layka plaş”lar və "dublyonka”lar var idi, hamı ondan geyinirdi. Kimdə yox
idisə, ona pis baxırdılar. Şəhərə çıxırdın "inkubator” cücələri kimi hamı eyni
cür geyinirdi. Mən bunların əleyhinəyəm.
-
Sizcə, bir qadın cazibədar, "cool”
görünmək üçün nə etməlidir?
- Bir xanım "cool” görünmək üçün ilk növbədə
öz bədəninin ölçülərini bilməlidir, bədənini tanımalıdır, xoşuna gələni deyil,
özünə yaraşanı geyinməlidir.
- Eşitdik ki, gələn aydan sizi həm də aparıcı kimi efirdə
görəcəyik.
-
Bəli, bu mənim aparıcı kimi ilk işim deyil. 2004-cü ildə səhnəyə gələndən sonra
2006-cı ildə artıq veriliş aparıcısıydım. Rəhmətlik Gülşən Qurbanovadan sonra
onun verilişinin aparıcısı oldum. Lider telekanalında aparıcılıq etdiyim "Ləziz
mətbəx” verilişim həftə içi hər gün yayımlanıb, bundan sonra ANS-də "Qadın
saatı”, ATV kanalında "Yeni ulduz” və "Gün keçir” verilişlərinin aparıcısı
olmuşam. Mənim üçün bu normaldır. Səhnəyə gəldiyim vaxtlardan müğənniliklə yanaşı, aparıcılıq da etmişəm. Bu mənim üçün çox asandır və çox
sevirəm aparıcılığı, özümü çox rahat hiss edirəm. Aparıcılıq etdiyim verilişlərimdə
heç zaman qalmaqal olmayıb. Hər zaman məsuliyyətini daşıdığım verilişimə gələn
qonaqların ancaq müsbət tərəflərini önə çıxarmağa çalışmışam. İndi yenidən
kanalların birində gündəlik olaraq həftə içi mətbəx verilişinə başlayacağıq.
Hazırda verilişin danışıqları gedir. Yəqin
ki, fevralın ilk günlərindən efirdə görə bilərsiniz.
Xəyalə
Rəis