AZE | RUS | ENG |

Ürəyim istəyəni edirəm

Ürəyim istəyəni edirəm
Nura Suri: “Hər zaman xoşuma gələni deyil, özümə yaraşanı geyinirəm”

Deyirlər, çirkin qadın yoxdur, baxımsız qadın var. Amma nədənsə bir çox xanımlar bu deyimlə razılaşmır. Çünki gözəlliyin ilahi tərəfindən xanımlara bəxş edildiyini düşünürlər. Gözəllik, baxımlılıq bir kənara, bir də var ki, xanım şarmlı olsun, yerişi-duruşu, geyimi, rəftarında xüsusi bir cazibədarlıq sezilsin. "Məşhurların gözəllik sirləri” rubrikamızın qonağı Nura Suri də belə xanımlardandır. Nura xanım uzun müddətdir ki, səhnədədir. Onun özünəməxsus ifa tərzi olduğu kimi, özünəməxsus incə bir şarmı da var. Belə ki, ifaçı hər zaman formadadır və illər keçdikcə də gözəlliyinə gözəllik əlavə olunur. Gözəlliyi ilə zamana meydan oxuyan Nura xanımın necə formada qalması, hansı dietalardan, idman növlərindən və qida məhsullarından istifadə etməsi bizə də maraqlıdır. Ondan gözəllik sirlərini bizimlə bölüşməsini istədik. Söhbətimiz əsnasında öyrəndik ki, uzun müddətdir öz formasına sadiq qalan Nura xanımın heç bir dieta resepti yoxdur. 

- Nura xanım, hər zaman şıq və formadasınız. Bu bədən quruluşunu necə qoruyub saxlayırsınız? Eyni formada qalmaq üçün nələrdən istifadə edirsiniz? 
- Formada qalmaq üçün sağlam həyat tərzi keçirirəm. Belə ki, ilk növbədə spirtli içki qəbul etmirəm, siqaret çəkmirəm, daha çox ailəmlə zaman keçirirəm. Özümü ailəmlə daha rahat və xoşbəxt hiss edirəm. Çalışıram ki, neqativ insanlardan və pis hadisələrdən uzaq durum. Bunlar ən vacib amillərdir. Pis xəbərlərdən və qeybətdən, paxıllıqdan, mənə neqativ enerji ötürən insanlardan özümü uzaq tuturam. Sağlam həyat yaşamaq üçün beyni yormaq olmaz. 
Sağlam həyat tərzi yaşamaq üçün özünə çox zaman sərf etməlisən. Misal üçün, bilirsiniz ki, biz tədbirlərdə və məclislərdə çox oluruq. Əgər harasa dəvət almışamsa və ora getmək istəmirəmsə, buna özümü məcbur etmirəm. Düşünmürəm ki, ürəyim istəmir, ancaq gedim, kiminsə xətrinə dəyməsin. Özümü yaxşı hiss etmirəmsə, həmin an evdə olmaq, idman etmək istəyirəmsə, istəyimə uyğun davranıram. Ürəyimin istədiyini edirəm. Özümü istəmədiyim bir şeyə məcbur etmirəm.
 
 

- İstərdik, xanımlarımızla öz dietanızın reseptini bölüşəsiniz.
- Heç zaman dieta saxlamamışam. Buna görə də xanımlarımıza hansısa bir dieta resepti məsləhət edə bilməyəcəyəm. Sadəcə onlara deyə bilərəm ki, yeməklərinə fikir versinlər. Mən özümə yemək qadağası qoymuram, ürəyim istəyən hər bir şeyi yeyirəm. Düzdür, az-az, amma tez-tez yeyirəm. Gündə 5-6 dəfə yemək yeyirəm. Bundan başqa, idmanla mütəmadi məşğul oluram. İdmanla məşğul olan insanlara daha çox protein məsləhət görülür, əzələləri formada olsun deyə. Meyvə-tərəvəzi günün birinci yarısında yemək məsləhət görülür. Gecə yatana yaxın qatıq, kəsmik daha çox məsləhət görülür, xüsusilə də idman edənlər üçün. Əslində, mən heç bir qaydaya əməl etmirəm. Çünki peşəkar idmançı deyiləm. İdmanla məşğul oluram ki, həm formada qalım, həm də özümü xoşbəxt hiss edim. İdmanla məşğul olanda insan orqanizmində xoşbəxtlik hormonları istehsal olunur, insan özünü daha yaxşı hiss edir. Səhər yuxudan duranda acqarına iki stəkan su içirəm. Bundan yarım saat sonra yemək yeyirəm. Çalışıram ki, təbii vasitələrlə qidalanım. Belə ki, tərəvəz və digər qida məhsullarının təbii olmasına arxayın olmaq üçün bunları rayondan sifariş verirəm. Süd, kəsmik, göyərti, yumurtanı Gəncədən gətizdirirəm. Arıq görünmək və formada qalmaq üçün özümü ac saxlamıram.

- Bəs estetik əməliyyatdan necə, istifadə etmisinizmi?
- Bunu bir neçə dəfə demişəm, yenə də xatırladıram, 1997-ci ildə həyat yoldaşımla avtomobil qəzasına düşmüşəm. Ondan sonra burnumda sınıq olduğundan dəfələrlə əməliyyat etdirmişəm. Əslində, bu, estetik deyil, rekonstruktiv bir əməliyyat oldu. Çünki həkimlər sınmış burnumu düzəltməyə çalışıblar. Bu da avtomobil qəzasının nəticəsində olub. Ona qədər burnumda heç bir problem olmayıb. Dəfələrlə sosial şəbəkələrdə əməliyyatdan əvvəlki burnumun şəklini paylaşmışam. Uzun müddət çəki azlığından əziyyət çəkmişəm. Belə ki, çəkim 46-48 kiloqramdan çox olmurdu. Ancaq sonradan sağlam rejimə düşdükdən sonra çəkim düzəlib.
 


- Nura xanım, siz zövqlü geyinən ifaçılardansınız. Geyimlərinizi özünüz seçirsiniz, yoxsa stilistlərlə işləyirsiniz?
- Mən deməzdim ki, hər zaman zövqlü geyinirəm. Elə vaxtlar olur ki, geyimlərim xoşuma gəlmir. Bəzən tanınmış mağazaların reklamını edirəm və reklam zamanı bəzən o qədər də xoşuma gəlməyən geyimləri də geyinirəm. Amma yenə də, onları özümə yaraşdırmağa çalışmışam. Hər zaman xoşuma gələni deyil, özümə yaraşanı geyinirəm.

- Bəs dəbi izləyirsinizmi?
- Mən dəb arxasınca qaçan insan deyiləm. Ümumiyyətlə dəb arxasınca qaçanları anlamıram. Onlarla heç bir problemim yoxdur, ancaq başa düşə bilmirəm. Dəb, moda bir gəlir mənbəyidir. Dünyada bəzi qurumlar var ki, yenilik adı ilə ortalığa nəsə çıxarırlar, yeni bir məhsul kimi onu insanlara təqdim edirlər. Əsas məqsədləri məhsullarının daha çox satılmasıdır. Moda mütəxəssisləri diktə edirlər ki, hər mövsümə uyğun bir rəng dəbdə olur. Moda, dəb elədir ki, hər mövsüm fərqlilik olmalıdır. Məsələn, ötən il sarı rəng dəbdə idisə, keçən il insanlar nə almışdılarsa, bu il ondan istifadə etməsinlər. Gedib yenilərini alsınlar. Əslində bu mövzu çox dərindir. Bir də hamı kimi olmaqdan çəkinmək lazımdır. İnsanın bir imici və stili olmalıdır. Hər gün stilini dəyişməməlidir. Görürsünüz ki, saç rəngim uzun müddətdir dəyişməyərək qalır. Demək olar ki, eyni saç rəngindən istifadə edirəm. Ya yığıram, ya da açıq qoyuram. Bundan başqa, mənim özümə məxsus geyim tərzim var. Ancaq bu rəng mənim imicimdir. Bu, özünəməxsusluq və individuallıq deməkdir. "Bu gün hamı bunu geyinirsə, mən də geyinməliyəm” fikirlərindən uzağam. SSRİ dövründə bir cür "layka plaş”lar və "dublyonka”lar var idi, hamı ondan geyinirdi. Kimdə yox idisə, ona pis baxırdılar. Şəhərə çıxırdın "inkubator” cücələri kimi hamı eyni cür geyinirdi. Mən bunların əleyhinəyəm.
 


- Sizcə, bir qadın cazibədar, "cool” görünmək üçün nə etməlidir?
 - Bir xanım "cool” görünmək üçün ilk növbədə öz bədəninin ölçülərini bilməlidir, bədənini tanımalıdır, xoşuna gələni deyil, özünə yaraşanı geyinməlidir.   
 
- Eşitdik ki,  gələn aydan sizi həm də aparıcı kimi efirdə görəcəyik.  
- Bəli, bu mənim aparıcı kimi ilk işim deyil. 2004-cü ildə səhnəyə gələndən sonra 2006-cı ildə artıq veriliş aparıcısıydım. Rəhmətlik Gülşən Qurbanovadan sonra onun verilişinin aparıcısı oldum. Lider telekanalında aparıcılıq etdiyim "Ləziz mətbəx” verilişim həftə içi hər gün yayımlanıb, bundan sonra ANS-də "Qadın saatı”, ATV kanalında "Yeni ulduz” və "Gün keçir” verilişlərinin aparıcısı olmuşam. Mənim üçün bu normaldır. Səhnəyə gəldiyim vaxtlardan  müğənniliklə yanaşı, aparıcılıq da  etmişəm. Bu mənim üçün çox asandır və çox sevirəm aparıcılığı, özümü çox rahat hiss edirəm. Aparıcılıq etdiyim verilişlərimdə heç zaman qalmaqal olmayıb. Hər zaman məsuliyyətini daşıdığım verilişimə gələn qonaqların ancaq müsbət tərəflərini önə çıxarmağa çalışmışam. İndi yenidən kanalların birində gündəlik olaraq həftə içi mətbəx verilişinə başlayacağıq. Hazırda verilişin  danışıqları gedir. Yəqin ki, fevralın ilk günlərindən efirdə görə bilərsiniz.  

Xəyalə Rəis 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6308
GBP 1 İngilis funt sterlinqi 2.2135
TRY 1 Türk lirəsi 0.3020
KWD 1 Küveyt dinarı 5.6066
SEK 1 İsveç kronu 0.1881
EUR 1 Avro 1.9479
CHF 1 İsveçrə frankı 1.7064
USD 1 ABŞ dolları 1.7000