• çərşənbə axşamı, 23 aprel, 10:56
  • Baku Bakı 20°C

Çörəyi çörəkçiyə etibar edəndə...

07.12.17 12:00 2125
Çörəyi çörəkçiyə etibar edəndə...
"Azərbaycanda bir sıra xəstəliklərin qarşısını almaq üçün satışa çıxarılacaq unun tərkibinə dəmir qatılacaq”. BunuAzVision.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
Təşkilat rəhbəri bildirib ki, anemiya xəstəliyinin yayılma riskini azaltmaq üçün unun tərkibinə dəmir, KAP deyilən xüsusi maddə qatılacaq: "Əhalinin böyük bir hissəsində qırmızı qan kürəciklərinin miqdarı azdır. Buna görə belə təşəbbüs irəli sürərək 7 unüyütmə dəyirmanına xüsusi qurğu və KAP deyilən material verdik. Lakin sonrakı ayların monitorinqlərində gördük ki, dəyirmanların təxminən 40%-i verdiklərimizdən istifadə etməyib. Onlar unu qırmızı loqo ilə bazara çıxarıb və istehlakçıları aldadıblar”.
Məsələ ilə bağlı ekspertlərin fikirlərini öyrəndik.
Azərbaycan Milli Kulinariya Mərkəzinin direktor müavini Ceyran Əsgərova bildirir ki, unun tərkibinə qatılan bəzi maddələr insan səhhəti üçün ziyanlıdır: "Son zamanlar unun tərkibinə bir çox maddələr qatılır. Bunun səbəbi isə çörəyin tərkibini zənginləşdirmək, qidalılıq dəyərini və saxlanma vaxtını artırmaqla bağlıdır. Amma əslində yaxşı üsulla üyüdülmüş təbii buğdanın bu kimi qatqılara ehtiyacı yoxdur. Yəni buradakı əsas məsələ üyüdülmə prosesinin düzgün aparılmasıdır. Belə ki, elektrik dəyirmanları buğdanın tərkibini yandırır. Ona görə son zamanlar çörəklərdən alışdığımız əvvəlki ətri, qoxunu ala bilmirik. Unun tərkibinə hansısa maddələri əlavə etməkdənsə, üyüdülmə texnologiyasını araşdırsalar, daha yaxşı olar. Sənaye üsulu ilə hazırlanan çörək məmulatının mağazalarda, piştaxtalarda saxlanma müddətinin artırılması üçün əlavə olunan qatqılar insan səhhəti üçün ziyanlıdır. Hətta deyərdim ki, indi mayalar belə təbii deyil”.
Tibb eksperti, professor Adil Qeybulladeyir ki, adi buğda, arpa, çovdar unundan hazırlanan müxtəlif növ çörəklər var. Bu çörəklərə dad vermək üçün tərkibinə müəyyən maddələr əlavə olunur: "Əlbəttə, bu qatqıların hər biri müəyyən standartlara cavab verməlidir. Dünyanın hər yerində qida sertifikatı əldə etmək üçün mütləq ekspertizadan keçirlər. Əgər ekspertiza rəyi müsbət olarsa, sertifikat alarsa, bu zaman məhsul satışa buraxılır. Yəni burada məqsəd qidanın tərkibinə daxil olan inqridiyentlərin nə dərəcədə təhlükəsiz olmasını, maddələrin bir-biri ilə reaksiyaya girib-girmədiyini bilməkdir. Çörəyin tərkibində olan qatqılar mütləq sertifikatla tənzimlənməlidir. Əgər hansısa maddə dünya praktikasında istifadə olunmursa, onun əlavə edilməsinə icazə yoxdursa, hətta o, ziyansız olsa belə, onu çörəyin tərkibinə qatmaq cinayətdir”.
Ekspert bildirir ki, bir var qidanı uzun müddət saxlamaq, bir də var tərkibini zənginləşdirmək, dadlandırmaq üçün vurulan maddələr: "Sovet dövründə duzun tərkibini yodlaşdırmaq, mikroelementlərlə zənginləşdirmək üçün bir sıra maddələr əlavə olunurdu. Amma proses bütün ölkə üzrə aparılmırdı. Konkret hansı bölgədə o mikroelementlər zəif idisə, həmin bölgədə istehsal olunan çörəyə qatılırdı. Və bu da qanunla tənzimlənirdi. Amma hazırda satışda çoxlu sayda çörəklər var. Onların da tərkibi müxtəlifdir. Bu maddələr çörəyin uzun müddət saxlanmasına şərait yaradır. Bir də var qidanın tərkibini zənginləşdirən maddələr. Bunlar isə vitaminlərdir”.
Məsələ ilə bağlı çörək zavodlarının da münasibətini öyrənmək istədik. Amma təəssüf ki, bir sıra çörək zavodları ilə əlaqə yaratmaq mümkün olmadı. Yalnız N1 Gilan çörək zavodu ilə danışa bildik. Adının açıqlanmasını istəməyən şəxs bildirdi ki, onların zavodunda çörəyin tərkibinə heç bir maddə əlavə olunmur: "Çörəyin konkret tərkibi var. Və o da üzərində qeyd olunur. Bu isə dövlət orqanları tərəfindən daim yoxlanılır. Heç kim özbaşına deyil ki, istədiyi kimi çörəyin tərkibinə hər hansı bir maddə qatsın. Bu zaman çörəyin keyfiyyət göstəriciləri dəyişər. Əgər çörəyin tərkibinə nə isə maddə qatılarsa, bu onun maya dəyərinə də təsir edər. Hazırda çörəyin maksimum saxlanma müddəti 48 saatdır. 48 saat sonra normal çörək xarab olmalıdır. Əgər olmursa, demək ki, onun tərkibinə uzun müddət saxlanılması üçün maddə vurulub. Amma hələ ki Azərbaycanda elə bir texnologiya yoxdur. Bizim zavodda da çörək tam qaydasında, heç bir maddə qatılmadan bişirilir”.
Günel Azadə
banner

Oxşar Xəbərlər