• cümə, 19 Aprel, 22:03
  • Baku Bakı 24°C

Rəsulzadəyə göstərilən ən böyük diqqət

23.11.13 10:36 1614
Rəsulzadəyə göstərilən ən böyük diqqət
“Azərbaycan prezidentinin Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncamını yüksək qiymətləndirirəm, amma çox arzu edirəm ki, sərəncam sənəd üzərində qalmasın”.
Bunu APA-ya açıqlamasında M. Ə. Rəsulzadə irsinin araşdırıcısı, tarixçi-alim Nəsiman Yaqublu Azərbaycan prezidenti İlham Əliyevin M. Ə. Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamasına münasibət bildirərkən deyib.
N. Yaqublu bildirib ki, bu sərəncam son 20 ildə Rəsulzadəyə olan münasibətin köklü şəkildə dəyişməsinə şərait yaradır: “Bu mənada prezidentə təşəkkürümüzü bildiririk. Sərəncam Rəsulzadə irsinin Azərbaycanda yayılmasına, tarixi faktların insanlara çatdırılmasına, Rəsulzadənin həm Azərbaycan, həm İran, həm Türkiyə, həm Almaniya, həm də Polşada fəaliyyətinin ciddi şəkildə öyrənilməsinə kömək edəcək. Eyni zamanda ümid edirik ki, bu sərəncam əsasında onun silahdaşlarının - Əlimərdan bəy Topçubaşovun, Ceyhun Hacıbəyli və digər görkəmli şəxslərin də irsinin toplanması, Azərbaycana gətirilməsi və nəşr edilməsi həyata keçiriləcək. O cümlədən ümidvarıq ki, Azərbaycanda mənim başçılığımla fəaliyyət göstərən Məhəmməd Əmin Rəsulzadə Mərkəzinə də bu sərəncamdan çıxış edərək dövlət tərəfindən dəstək veriləcək. Mərkəz Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınacaq, fəaliyyət göstərməsi üçün köməklik olunacaq. Çünki bu, Azərbaycanda bu adda yeganə mərkəzdir”.
M. Ə. Rəsulzadə irsinin digər fundamental araşdırıcılarından olan Şirməmməd Hüseynov da sərəncamı yüksək qiymətləndirib. O, APA-ya açıqlamasında bildirib ki, dövlət tərəfindən Məhəmməd Əmin Rəsulzadənin yubileyinin keçirilməsinə belə diqqət göstərilməsi böyük hadisədir: “Rəsulzadə irsinə bundan böyük diqqət ola bilməz. Mən uzun illərdir Rəsulzadə irsini araşdırıram. Ona görə də ancaq onu deyə bilərəm ki, bu sərəncam indiyə qədər Rəsulzadəyə azərbaycanlılar tərəfindən göstərilən ən böyük diqqət oldu”.
banner

Oxşar Xəbərlər