• cümə, 29 Mart, 04:09
  • Baku Bakı 7°C

Rəsulzadə Ankarada məzarı başında yad edildi

31.01.14 15:21 1191
Rəsulzadə Ankarada məzarı başında yad edildi
Şərqin ilk cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə anadan olmasının 130-cu ildönümü münasibətilə Ankara Cəbəci Asri məzarlığında, qəbri başında yad edilib.
APA-nın Türkiyə müxbirinin məlumatına görə, Rəsulzadənin 2 fevral 1949-cu ildə qurduğu Azərbaycan Kültür Dərnəyi və Azərbaycanın Ankaradakı səfirliyinin təşkil etdiyi mərasimdə Mustafa Kamal Atatürk, Məhəmməd Əmin Rəsulzadə və Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edən Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev deyib ki, M. Ə. Rəsulzadə 71 yaşında həyata gözlərini yumub: “Biz onun xatirəsini yad edirik. Azərbaycan prezidenti cənab İlham Əliyev 13 noyabr 2013-cü ildə Rəsulzadənin xatirəsinin əbədiləşdirilməsi və 130 illik yubileyinin keçirilməsi barədə sərəncam imzalayıb. 59 ildən bəri ürəklərdə yaşayan Məhəmməd Əmin Rəsulzadə əbədiyyətə qədər Azərbaycan və Türkiyə türklərinin qəlbində yaşayacaq”.
M. Ə. Rəsulzadənin xatirəsini həmişə əziz tutduğuna görə Vaqif Əliyev Türkiyə dövlətinə minnətdarlığını bildirib.
Azərbaycan Kültür Dərnəyinin baş katibi Tuncər Kırhan Rəsulzadənin anadan olmasının 130-cu iliyi ilə bağlı sərəncam imzalayan prezident İlham Əliyevə təşəkkür edib. Mərasimdə iştirak etmək üçün Bakıdan nümayəndə heyəti ilə gələn mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyevə minnətdarlığını bildirən Tuncər Kırhan deyib: “Məhəmməd Əmin bəy 6 mart 1955-ci ildə həyata gözlərini yumanda onun qaldırdığı bayrağı və yandırdığı məşəli alan Mirzəbala Məmmədzadə, Həmid Ataman, Əbdülvahab Yurdsevər, Mehmet Azər Aran, Mehmet Kəngərli, Əhməd Qaraca Azərbaycanın müstəqilliyi uğrunda mübarizəyə yorulmadan davam ediblər. Bu gün onların da ruhlarının şad olduğuna əminəm, çünki Rəsulzadənin silahdaşları onun ideallarına daim sadiq qalaraq Azərbaycanın istiqlalı uğrunda mübarizədə bütün təzyiqlərə sinə gəriblər, heç bir güzəştə getməyiblər. Azərbaycanın müstəqilliyinin əbədiliyi Rəsulzadənin olduğu kimi, bizim də ən böyük amalımızdır”.
Mərasimdən sonra APA-ya açıqlama verən millət vəkili Sabir Rüstəmxanlı deyib ki, Məhəmməd Əmin Rəsulzadə Azərbaycan tarixinin parlaq siyasi liderlərindən biridir: “Onun şəxsiyyətinin böyüklüyü burdadır ki, həm ideoloq olub, həm də ideologiyasını hazırladığı dövləti qurmağa müvəffəq olub. Rəsulzadənin anadan olmasının 130-cu ildönümü münasibətilə keçirilən tədbirlər onun ruhunu şad edir. Mənə görə, məzarı başında keçirdiyimiz bu mərasim tarixi hadisədir. Rəsulzadənin 130 illiyinin qeyd edilməsi üçün sərəncam verən Azərbaycan prezidenti İlham Əliyevə və ona sağlığında qucaq açmış və məzarına həmişə etina ilə yanaşmış türk dövlətinə təşəkkür edirəm”.
Azərbaycan Kültür Dərnəyi başqanının müavini Səlçuq Önal isə APA-ya açıqlamasında Məhəmməd Əmin Rəsulzadə barədə onu görən şəxslərdən eşitdiyini deyib: “Məhəmməd bəyi onu görən şəxslərdən dinləmişəm. 70-ci illərin əvvəlində Azərbaycanın istiqlalı uğrunda mübarizəyə başlayanda mərhum Əbdülvahab Yurdsevər Azərbaycan dövlətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə barədə bizlərə danışırdı. Onun sözlərindən öyrənmişdim ki, Rəsulzadə son dərəcə bilgili və mədəni adam olub. Onun iştirak etdiyi müzakirələrdə həmişə elmi prinsiplər üstünlük təşkil edib. Vahab bəy danışırdı ki, Məhəmməd Əmin bəyi heç kim kostyum-qalstuksuz görməmişdi. İdealları uğrunda mübarizədə heç vaxt əyilməyən və Azərbaycanın azadlığına qovuşacağına inanan bir adam olduğuna görə, biz də onun idealları uğrunda mübarizəyə axıra qədər sadiq qaldıq. Rəsulzadə təkcə Azərbaycanın yox, sovet əsarəti altında olan digər türk xalqlarının son dərəcə sevdiyi və hörmət bəslədiyi bir lider olub”.
Mərasimdə iştirak edən Cənubi Azərbaycan Müsavat Partiyasının qurucusu Mehmet Müştaq isə deyib ki, partiyanı 1979-cu ildə Təbrizdə yaradıb: “1980-ci ildə Türkiyəyə mühacirətə edərək partiyanı burada elan etdim, gizli adım Mehmet Qaradağ idi. Türk qəzetləri fəaliyyətimiz barədə manşetlərdən xəbər yayırdı. 1983-cü ildə Özal hakimiyyətə gələndən sonra fəaliyyətimiz qadağan edildi. Daha sonra fəaliyyətimizi Azərbaycan Milli Hərəkatı çərçivəsində davam etdirdik”.
Məhəmməd Əmin Rəsulzadəni həyatda görmüş bir neçə nəfərdən biri olan doktor Yəhya Taşdələn APA-ya deyib ki, 8 mart 1955-ci ildə Rəsulzadəni bu məzara öz əliylə qoyanlardan və daha sonra məzara kürəklə torpaq atanlardan biri olub: “1952-ci ildə Qarsdan Ankaraya oxumağa gələndə Azərbaycan Kültür Dərnəyinə üzv yazıldım. Hər həftənin şənbə günü dərnəyə gedər, Rəsulzadə kimi möhtərəm bir adamın söhbətlərini dinləyərdim. Son dərəcə mədəni adam idi, bir neçə dəfə çay vermək istəmişdim, həmişə deyirdi ki, oğlum, zəhmət çəkmə. 59 ildən sonra onu məzarı başında yad etmək məni inanılmaz dərəcədə xoşbəxt edir, çox duyğulu anlar yaşayıram”.
Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illiyi münasibətilə keçirilən mərasim Azərbaycanın Ankaradakı səfirliyində davam edəcək.
banner

Oxşar Xəbərlər