• cümə, 29 Mart, 12:56
  • Baku Bakı 14°C

Rəsul Quliyevi təhqir edirlər, ələ salırlar…

03.09.13 09:57 1442
Rəsul Quliyevi təhqir edirlər, ələ salırlar…
ACP lideri Rəsul Quliyevin zaman-zaman Jirinovskisayaq vasitələrlə istər normal cəmiyyət toplumuna qarşı qeyri-normal, heç bir arqumenti olmayan fikirlər səsləndirməsi son günlər həm mətbuatda, həm də sosial şəbəkələrdə qızğın müzakirə predmentinə çevrilib. Xatırlatmaq olar ki, Rəsul Quliyev daha öncələr də xalqa, dövlətə və millətə qarşı etikadan kənar ifadələr işlətmiş, bununla öz ucuz “səviyyəsini”, “təfəkkürünü” ortaya qoymuşdu. Lakin bugünlərdə onun facebook sosial şəbəkəsində Azərbaycan gəncliyini hədəfə götürməsi, həqarətli sözlər yazması onun cavabını gecikdirmədi. ACP liderini bir sıra haqlı ittihamlarda suçlayan tərəflər onu yaşlı-başlı insana yaraşmayan hərəkətlərdə günahlandırdı, bu addımlarını əxlaqa zidd qiymətləndirdi.
Ancaq təəssüf ki, Rəsul Quliyev hər zaman olduğu kimi bu dəfə də köhnə havasında qalmaqla yanaşı, bir az da irəliyə gedərək, xalqımızın danılmaz ənənəsi və hörmət-izzət faktoru olan ağsaqqallıq amilinə qarşı gülünc “arqumentlərini” qoyub. Üstəlik, özünü “ağıllı-kamallı siyasətçi” kimi cəmiyyətə sırımağa cəhd edən ACP lideri bununla göz qabağında olan qeyri- milli baxışlarını, tərbiyəsizliyini ifşa edib.
Belə ki, eks-spiker facebook səhifəsində və öz bloqunda yazdığı yazıları guya düzgün anlamadan tənqidi fikirlər yazanlara iztehzadoğurucu müraciət edib. Virtualaz.org-un məlumatına görə, eks-spiker müraciətində yazdığı yazıları oxuyanları daha diqqətli olmağa və öz təbirincə “düzgün analiz” etməyə çağırıb: “Hörmətli mənim yazılarımı oxuyanlar və oxumadan hədyan, əhəmiyyətsiz, yazanın səviyyəsini müəyyənləşdirən yazanlar, sizlərdən xahişim olacaq. Siz bu yazıları oxuyarkən 3-4 cümlədən sonra hiss etsəniz ki, anlaya bilmirsiniz, sizin beyninizin xörəyi deyil, ardını oxumayın. Çünki davam etsəniz başa düşməməyiniz sizi daha da əsəbiləşdirəcək və nəticədə normal insana xas olmayan cümlələrdən istifadə edəcəksiniz. Yazılara diqqət yetirsəniz hər biri sadə izahatdan başlayıb daha mürəkkəb analizlərə tərəf gedir, ona görə də ilk cümlələrdən qərar verin”.
Maraqlıdır ki, yazılarını öz dadsız-duzsuz “beynin xörəyi” ilə yazan ACP lideri ətrafında süni ajiotaj yaratmaqdan ötrü guya onun yazdıqları əsassız fikirləri “dəstəkləyənlərin” də olduğunu iddia edib. Ancaq onun “ağsaqqal kişi” olmadığı elə özü tərəfindən etiraf olunub: “Yazıları oxuyub başa düşənlərin bu hədyanları yazanlara cavabları da daha çox qaldırılmış məsələlərin ətrafında olsa yaxşıdır. Yoxsa “tərbiyəniz olsun, ağsaqqal kişiyə o nə sözlərdir yazırsınız” kimi cümlələr əxlaqsız (?-R.) adamları daha da qızışdırır. Özü də Azərbaycanda bir çox anlayışlar kimi ağsaqqal anlayışı da mücərrəddir (?!-R.) Normal ölkələrdə başqalarının şəxsiyyətinə, fikirlərinə hörmətlə yanaşmağı 3 yaşından tərbiyə edirlər, Azərbaycanda guya “ağsaqqala hörmət etmək bizim qanımızdadır” nəzəriyyəsi absolyut yalandır.”
Demək, ACP liderinin dar və yersiz düşüncəsinə görə, hər hansı Qərb dövlətinin yerli ənənəsini Azərbaycanda da tətbiq etmək lazımdır. Maraqlıdır ki, əsrlər boyu Azərbaycanda ağsaqqal dəyərlərinə, ağsaqqal hökmlərinə hörmət bəslənilirsə, nəyə görə cəmiyyət bu önəmli dəyərləri hər hansı xarici dövlətin tərbiyə ənənəsi ilə dəyişdirməlidir? Çünki Azərbaycanda böyük-kiçiklik mövcudluğu nəinki 3 yaşından, hətta uşaq bələkdə olandan yerini tapır. Lakin göründüyü kimi, Rəsul Quliyev bu və ya digər şəkildə milli adət-ənənəni bilavasitə Qərb tərbiyəsi metodikasına dəyişməyə səy göstərir. Yəqin ki, bu səbəbdən də ağsaqqallıq anlayışını “mücərrəd” görməklə yanaşı, ahıl yaşına baxmayaraq, özünü ağsaqqal hesab etmir. Ancaq yaxşı ki, Rəsul Quliyev özünü ağsaqqal hesab etmir. Çünki Rəsul Quliyevə nəinki ağsaqqallıq, eləcə də qarasaqqallıq belə yaraşmır.
Yaxud ağsaqqallığı özünə rəva görməyən və onu qınayan gənclərə ədəbsiz tonda ismarıclar, hədələr ünvanlayan ACP lideri çəkilib kənarda öz sözlərini təhlil edib, nəticə çıxarması yerinə daha qərəzli şəkildə öz daxili çirkablıqlarını ortaya qoyur: “Azərbaycanda daha çox ağ saqqalı olan hələ ağsaqqal demək deyildir… Sadəcə olaraq hər bir kəs cavan və ya yaşlı olmasından asılı olmayaraq başqasının fikirlərinə hörmətlə yanaşmalıdır, əgər bacarmırsa ağzını yummalıdır…”.
Maraqlı və maraqlı olduğu qədər də ilgincdir ki, başqalarının Rəsul Quliyevə tutduqları haqlı, arqumentli iradlar onun tərəfindən qəbul edilmir, ancaq o öz yersiz, cəfəng, millilikdən uzaq arumentsizliklərinə qarşı digərlərindən “hörmət” tələb edir. Əslində, görünən də budur ki, ACP lideri bu zamana qədər oynadığı oyunları ilə heç bir uğur qazanmaması səbəbindən belə vəziyyətlərlə qarşı-qarşıya qalır.
Bunu sosial şəbəkələrdə onu tənqid edən gənclərin yazdıqları statuslarından da ayırd etmək mümkündür. Məsələn, gənclərdən biri səhifəsindəki fikirləri belə əsaslandırıb: “Rəsul müəllim, yazdıqlarınızdan belə anlamaq olar ki, əgər siz ağsaqqallığı mücərrədlik kimi görürsünüzsə, demək yürütdüyünüz siyasətiniz də mücərrədlik üzərində qurulub. Həyata mücərrəd baxışlarla baxmaq isə uğursuzluğunuzun təməlidir”.
Yaxud digər statusa nəzər salaq: “Sizin bu qədər “mədəniyyətə” və “etikaya” malik olmağınıza heç vaxt şübhəm olmayıb. Rəsul Quliyev “siyasəti” öz “uğurunu” neçə illərdir Azərbaycana gələ bilməməsi ilə sübuta yetirib. Bəs “ağsaqqal” başqa cür necə olmalıdır ki?”
Nəticədə daha bir amilə nəzər salmaq olar. Bu gün Rəsul Quliyevin hətta öz siyasi təşkilatı daxilində nüfuzunun olmaması yuxarıda qeyd edilən fikirlərə əlavə kimi qeyd olunmalıdır. Çünki hər şey necə deyərlər göz qabağındadır.
Rövşən
banner

Oxşar Xəbərlər