• cümə, 29 Mart, 02:05
  • Baku Bakı 7°C

Rəsul Quliyev – «Müsavat» deyişməsi yeni mərhələdə

13.09.13 12:15 1476
Rəsul Quliyev – «Müsavat» deyişməsi yeni mərhələdə
Bu ilki prezident seçkiləri öncəsi baş verən siyasi proseslərin xüsusi özəlliyi müxalif düşərgənin iqtidarla deyil, daha çox daxildə bir-birilə mübarizə aparmasıdır. Əvvəlki dövrlərdə də sözügedən tendensiya müşahidə olunurdu, lakin bu il daha qabarıq şəkildə diqqəti cəlb edir. Həm də nəzərə alınarsa ki, bu səfər müxalifət seçkilərə vahid namizədlə gedir, düşərgədaxili problemlərin belə miqyası təəccübləndiricidir. Lakin fakt odur ki, daxili intriqalar bu ilki seçkilərdə daha çox özünü göstərir.
Müxalif düşərgədə çoxtərəfli və çoxaspektli didişmələrdən son günlər daha çox diqqət çəkəni Rəsul Quliyevlə «Müsavat» arasında gedən söz müharibəsidir. Hələ seçki kampaniyasına xeyli qalmış başlanan bu münaqişə sonradan bir qədər səngisə də, hazırda yenidən alovlanıb. R.Quliyevin Milli Şura və ümumilikdə müxalifətdə baş verən proseslərə öz facebook səhifəsində tez-tez tənqidi münasibətlə çıxış etməsi Müsavat tərəfinin kəskin reaksiyası ilə qarşılaşıb. Belə ki, bir neçə gün öncə R.Quliyev öz səhifəsində aşağıdakı fikirlərini paylaşıb: “Bu seçkilərdə Milli Şura üzvlərindən bəzilərinin məqsədi seçkiləri udmaq yox, özlərinin heç kimə lazım olmayan siyasi ömürlərini uzatmaqdır”.
R.Quliyev Milli Şuranın bir sıra üzvlərini destruktiv fəliyyət göstərməkdə də qınayıb: “Milli Şura üzvlərinin konkret iş görmək əvəzinə dağıdıcı fəaliyyətini davam etdirəcəklərinə şübhə ola bilməzdi. Başqa sözlə, Azərbaycanın tarixində işləmək şansına malik olmayan, anadan ölü doğulmuş uşaq meydana gəldi. Milli Şuranı “taleyüklü təşkilat” adlandırmaqlarına baxmayaraq, onun iclaslarında heç bir stenoqrama aparmamaq, əvvəldən axıra qədər bütün prosesin videosunu yazmamaq Milli Şuranın hansı tarixi rolundan danışmağa əsas verir? Əgər bunlar olsaydı, bu gün xalq o yazılara baxıb Milli Şuranın işləmək üçün yox, dağılmaq üçün yaradıldığını aydın görə bilərdi”.
Eks-spikerin bu açıqlamalarına Milli Şuranın iki aparıcı təşkilatından biri olan Müsavat partiyasından sərt reaksiya verilib. Partiya başqanının müavini Gülağa Aslanlı açıqlamasında bildirib ki, Rəsul Quliyev ya Milli Şuranın fəaliyyətindən və namizədi Cəmil Həsənlidən xəbərsizdir, ya da hakimiyyətə xidmət edir.
G.Aslanlının fikirlərinə R.Quliyevin reaksiyası da özünü çox gözlətməyib. O, başqan müavinini məntiqsizlikdə və hətta utanmazcasına yalan danışmaqda ittiham edib: «Deyəsən bir dəfə ya iki dəfə sizdən nəzakətlə yazıları axıra qədər oxuyub sonra fikir bildirməyi xahiş etmişəm, görsənir ki, vaxtınız olmadığından oxumursunuz və jurnalistin qəsdən təhrif etdiyi suala məntiqsiz cavablar verirsiniz. Mən yazıram MŞ bir dəfə də ciddi iclas keçirmiyib və heç bir video yazı və stenoqram yoxdur. Deyin var və onu qoyun ortaya… Hörmətli Gülağa müəllim, başqasının yazısına hörmətlə yanaşmamaq Azərbaycanda olar, qeyri adi bir şey yoxdur. Ancaq səhv sözlərinizə görə gərək insan özündən utana, xüsusilə əgər ağsaçlıdırsa”.
Qeyd edək ki, R.Quliyev-G.Aslanlı söz duelinə «Yeni Müsavat»ın baş redaktoru və qəzetin yazarları da qoşulub.
Baş redaktor Rauf Arifoğlu Press24.az-a müsahibəsində R.Quliyevi müxalif düşərgəyə yad birisi kimi dəyərləndirib: «İndiki hakimiyyətin, Yeni Azərbaycan Partiyasının qurucusu olan mərhum Heydər Əliyevin yanında olub, onunla birlikdə o vaxtkı iqtidara - Əbülfəz Elçibəyin komandasına qarşı mübarizə aparıb; daha sonra iqtidara gəlib, artıq müxalifətdə olan Elçibəyçiləri dəfələrlə təhqir edib; onları kəskin ifadələrlə aşağılayıb; daha və daha sonra isə dönüb onlarla birgə təşkilatlanıb, süfrə arxasında əyləşib çörək yeyib… Bu üç transformasiyanı aktyor kimi səhnədə oynamağı özü belə ciddi mənəvi-psixoloji hazırlıq tələb edir. Peşəkar aktyor üçün belə çətin olan bu işin öhdəsindən o, məharətlə gəldi».
Qəzetin yazarı Zahid Səfəroğlu isə yazısında R.Quliyevin müxalif düşərgəyə daim zərbə vurduğunu bildirib, bir növ onu bu düşərgəyə gətirənləri də qınayıb: «Quliyevi əbəs yerə demokrat, cümhuriyyətçi, hətta istiqlalçı eləmək istədi bizim qos-qoca demokratik düşərgə. Son olaraq isə gətirib Milli Şuraya bağladılar. Halbuki onun 2005-ci ilin payızında müxalifətə, xalqın ümidlərinə vurduğu zərbənin yeri hələ də göynəyir».
Göründüyü kimi, R.Quliyevin özünü hamıdan ağıllı zənn edərək müxalif düşərgəyə dərs vermək cəhdləri özünə qarşı açıq ittihamlarla müşayiət olunur. Yazdığı hər bir statusla özünə qarşı cəbhəni genişləndirən. R.Quliyevin sonda müxalif düşərgə ilə bilmərrə düşmən düşəcəyi aydın görsənir.
Bunun ilkin simptomları özünü göstərməkdədir. Belə ki, Modern.az-ın məlumatına görə, R.Quliyevin müxalifətə müxalif mövqeyi Milli Şura üzvlərində narazılıq yaradıb. Eks-spikerin hiddətləndirdiyi müxalifətçilər onun Milli Şuradan çıxarılmasını istəyirlər. Hətta Milli Şuranın yaxın günlərdə keçirilməsi nəzərdə tutulan toplantısında bu məsələnin qapalı müzakirə ediləcəyi gözlənilir.
Bu isə müxalif düşərgənin lideri qismində heç kimə güzəştə getmək niyyətində olmayan birisinin siyasi karyerasının çox uzaqda olmayan qürubunun ilikin əlamətlərindəndir.
Təvəkkül Dadaşov
banner

Oxşar Xəbərlər