• cümə, 19 Aprel, 18:41
  • Baku Bakı 24°C

Restoranların fantastik Yeni il qiymətləri Araşdırma

25.12.13 11:26 13666
Restoranların fantastik Yeni il qiymətləri Araşdırma
Yeni ilin gəlməyinə artıq sayılı günlər qalıb. Bütün dünya bayramı xüsusi təmtəraqla qarşılamağa hazırlaşır. Azərbaycanda isə bayram təkcə yeni ilin gəlməsi ilə bitmir, 31 dekabr həm də Dünya Azərbaycanlılarının Həmrəyliyi günüdür. Yəni həmin gün xalqımız üçün ikiqat bayramdır. Təbii olaraq, həmin gün hər kəs öz büdcəsinə görə hərəkət edəcək.
Adətən insanların əksər hissəsi bayramı öz evində, bir qismi xaricdə, digərləri isə restoranlarda keçirməyə üstünlük verir, paytaxtın çoxsaylı əyləncə və istirahət mərkəzlərinə üz tuturlar. Bakıda fəaliyyət göstərən restoranlar da bir-biri ilə rəqabətə girərək daha yaxşı proqram hazırlamaq və insanları məkanlarına cəlb etmək üçün “dəridən-qabıqdan” çıxırlar. Bu da restoranlarda qiymətlərə təsir edir. Biz də “Kaspi” qəzeti olaraq Bakıda Yeni il şənliyi təşkil edən əyləncə məkanlarında təklif olunan qiymətlərlə bağlı kiçik bir araşdırma apardıq. Yeni il proqramı təklif edən bir neçə restoranla müştəri kimi əlaqə saxlayıb, qiymətləri və proqrama nələrin daxil olduğunu öyrəndik.
Restoranların əksəriyyətində eyni zalda bir neçə qiymət təklif edilir. Qiymət arasındakı fərqin səbəbi müştərinin səhnəyə yaxın olması ilə əlaqədardır. Belə ki, şou-proqramı daha yaxından izləmək istəyənlər daha çox pul xərcləməlidirlər.
60-350 AZN-lik menyu
Məşhur şadlıq saraylarından sayılan “Buta Palace” hər il olduğu kimi, bu il də Yeni il şənliyi ilə bağlı maraqlı proqram hazırlayıb. Burada həm uşaqlar, həm də böyüklərin əylənməyi üçün şərait yaradılacaq. “Buta Palace”ın administratoru bizimlə söhbətində bildirdi ki, dekabrın 31-i günü məşhur sənətçilər dünya və rus musiqiləri ilə burada çıxış edəcəklər: “Yeni il ərəfəsində David Vandetta, skripkaçı Micah, Bianchi qonaqları əyləndirəcək. Menyularımız və qiymətlər isə yerə və zala uyğun olaraq dəyişir. Biletlər VIP zonada 300-350 AZN, GOLDEN zonada 120-150 AZN, STANDARD zonada isə 60 AZN-dən başlayır”. Administrator vurğuladı ki, sonuncu zonada olan vətəndaşlar üçün heç bir menyu yoxdur, onlar sadəcə, ayaq üstə konserti izləyə biləcəklər.
Qiymətlər cib “yandırır”
“Fayton” restoranında da qiymətlər cib “yandırır”. Belə ki, burada menyu 150 manatdan başlayaraq yüksələn xəttlə davam edir. Administrator qəzetimizə açıqlamasında bildirdi ki, şou proqram axşam saat 10-dan başlayacaq, səhər 6-ya qədər davam edəcək: “Ödəniləcək məbləğə möhtəşəm təşkil olunmuş şou-proqram, yemək-içmək daxildir. Menyuda isə isti və soyuq məzələr, kabablar, qutablar, alkoqollu və alkoqolsuz içkilər, Yeni il gecəsi partlatmaq üçün şampan var. Yeni il gecəsi məşhur müğənnilər də çıxış edəcək”.
“Şouya çox pul ayrılıb”
“Oazis” şadlıq sarayında proqram axşam saat 7-dən başlayacaq səhər saat 5-ə kimi davam edəcək. Qiymətlər isə menyulara müvafiq olaraq dəyişir. Burada ən ucuz menyu 100 manat, ən baha isə 150 manatdır. Restoranın administratoru bildirdi ki, şouya xüsusilə çox pul ayrılıb: “Yeni il gecəsi insanlar daha çox əylənməyə, oynamağa üstünlük verirlər. Bu səbəbdən də bizim restoran 31 dekabr günü möhtəşəm şou-proqram hazırlayıb. Məşhur müğənnilər Faiq Ağayev və Röya da həmin gecə çıxış edəcəklər. Bundan əlavə, foks və rəqs qruplarının maraqlı çıxışları gözlənilir. Menyuda isə “soyuq” yeməklərdən tutmuş isti yeməklərə qədər hər şey, eyni zamanda içkilər də var”.
“Cıdır” restoranı Yeni il illə bağlı xüsusi proqram hazırlamadığı üçün menyu digərlərinə nisbətən ucuzdur. Burada ən ucuz menyu 50 manatdan başlayır, 100 manata qədər davam edir.
“Altun”a giriş biletlədir
“Altun” restoranına bayram günü giriş biletlə olacaq. Bu restoranda 2014-cü ili qarşılamaq digər restoranlarda olduğu kimi, insanlara baha başa gələcək. Belə ki, bayram günü restorana daxil olmaq üçün lazım olan biletlərin qiyməti 100-150 manat arasında dəyişir. Administratorun sözlərinə görə, restoranda iddialı və möhtəşəm şou-proqramla qonaqları əyləndirəcəklər.
“Xəmsə” restoranı da saat 9-dan etibarən Yeni il şənliyinə start verəcək. Tədbir səhər saat 6-ya qədər davam edəcək. Menyu isə 80 manatdan başlayıb 160 manata qədər olacaq.
Araşdırmalarımızdan da məlum olduğu kimi, restoranlar fantastik qiymətlərlə öz qonaqlarını gözləyirlər. Restoranlarda yüngülvari Yeni il şənliyi adambaşına 100 manat, 4-5 nəfərlik ailəyə 600-800 manata başa gəlir.
Qeyd edək ki, mütəxəssislər yeni ildə bahalaşmanı son illər ərzaq məhsullarının və digər xərclərin artması ilə əlaqələndiriblər. Araşdırmalara görə, yeni il ərəfəsində restoranların qiymətləri 20-25 faiz bahalaşır. Onu da vurğulayaq ki, baha olmasına baxmayaraq, bayram günlərində kafe-restoranlarda, əyləncə mərkəzlərində boş yer tapmaq mümkün deyil.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər