• çərşənbə axşamı, 19 mart, 11:22
  • Baku Bakı 8°C

Restorana deyil, Veloparka gələnlər... – Reportaj

25.04.16 12:47 4582
Restorana deyil, Veloparka gələnlər... – Reportaj
“Çox yaxşı olardı ki, yollarda xüsusi velosiped xətləri olsun ki, özümüzü Veloparkla çərçivəyə salmayaq, istədiyimiz yerə velosipedlə gedib gələk. Yollarda velosiped sürənlər üçün xüsusi xəttin olmaması bir yana dursun, digər tərəfdən də sürücülər bizə yol vermirlər. Buna görə də arzumuzu reallaşdırmaq üçün buraya gəlirik. Yaxşı ki, velosipedi sərbəst sürmək üçün belə bir park var”.
Bu sözləri bizimlə söhbətində Milli Parkın Velopark hissəsində velosiped sürən Rüstəm Ələsgərli bildirdi. Veloparkdan reportaj hazırlayarkən qarşımıza ilk çıxanlar Rüstəmlə dostu oldu. Onlar söhbətə şikayətlə başlasalar da, sonra velosipedin onların həyatında necə yer aldığından danışdılar. Rüstəm velosiped sürməyin sağlamlıq üçün çox xeyirli olduğunu bildirdi: “Sağlamlıq bir tərəfə dursun, bu idman növündən zövq alıram. Velosiped sürməmişdən əvvəl 90 kq idim. İndi isə çəkim 70 kq-dır. Bu idman növü ilə məşğul olandan əsasən nəfəs yollarımın açıldığını hiss edirəm, sağlamlığımdan da heç bir şikayətim yoxdur”.
“Sürə biləcəyimə ümidim hər dəqiqə azalır”

Həyat yoldaşı ilə velosiped sürməyə gələn Nicat Qəhrəmanov bundan zövq aldıqlarını, bu yolla istirahət etdiklərini bildirdi: “Amma ilk növbədə bu idman növü ilə məşğul olmaq sağlamlıq baxımından yaxşıdır. Elə adamlar var ki, müəyyən xəstəliklərinə görə onlara velosiped sürmək olmaz, məsələn, bəzi ürək xəstəliklərinin daşıyıcılarına. Amma sağlamlığın icazə verirsə, ən gözəl idman növüdür. Bakının hər yeri restorandır. Bir var haradasa oturub yemək yeyəsən, bir də var dəniz havasında velosiped sürəsən. Bunlar arasında fərq çox böyükdür”.
Reportaj hazırlayarkən qarşımıza velosiped sürməkdə çətinlik çəkən tələbə qız da çıxdı. Mədinə Bağırova qan-tər içərisində velosiped sürməyə cəhd edir, rəfiqəsi Çinarə isə var-gücü ilə onu öyrətməyə çalışırdı. Amma Mədinə ilk gündən ümidsizliyə qapılmışdı. Deyirdi ki, çox çətindir və sürə biləcəyinə inamı hər dəqiqə azalır. 7 yaşından atasının velosiped alıb həvəslə sürməyi öyrətdiyi Çinarə isə onu inandırmağa çalışırdı ki, bacaracaq.
Mədinə ilə Çinarəyə uğurlar arzulayıb yolumuza davam edirik. Qarşımıza velosipedlərini saxlayıb nəyisə müzakirə edən dostlar çıxır. İdmançı olduğunu deyən Fərhad Nağıyev hər bazar dostları ilə bura gəldiklərini bildirdi: “Sağlamlıq olduğundan restorana, kafeyə deyil, istirahət etmək üçün buraya gəlirik. Çünki bu, sağlam istirahətdir. 13-14 yaşımdan velosiped sürürəm. Həm düzgün nəfəsalma, həm də orqanizmin möhkəm olması baxımından çox yaxşı məşğuliyyətdir. Məsələn, mənim ayaq əzələlərim çox möhkəmdir”.
Veloparkda peşəkar müəllim olsaydı...

Sevda Məmmədli ayda bir dəfə yolunun buradan düşdüyünü deyir: “Dostlarımla gəlirəm. Gözəl əyləncə üsuludur. Eyni məkanda velosiped sürə-sürə zarafatlaşır, deyib-gülürük. Həm də dəniz kənarı olduğundan sakit yerdir, havası nisbətən təmizdir”.
Dostları arasında kimin daha yaxşı velosiped sürməsinə gəlincə, Sevda deyir ki, ayda bir dəfə bura gəldiklərindən hamısı təxminən eyni səviyyədə sürür: “Mən birinci sinifdən velosiped sürürəm. Birinci sinifdən atam mənə velosiped aldı və özü də öyrətdi. Atama təşəkkür edirəm ki, vaxtında məni öyrədib. Rəfiqələrimin çoxu elə burada öyrənib”.
Kamilə Yəhyayeva da dostları ilə gəlib: “Amma dostlarından fərqli olaraq, o, velosiped sürə bilmir. 1 saatdan çoxdur buradayıq, uşaqların hərəsi 15-20 dəqiqə mənimlə məşğul olub yorulur, amma mən öyrənə bilmirəm. Çox yaxşı olardı ki, Veloparkda hansısa mütəxəssis pulla velosiped sürənləri öyrədəydi. Peşəkar adamın öyrətməyi bir başqadır. Belə getsə, mən ömründə velosiped sürə bilməyəcəyəm”.
“Qızlar çoxluq təşkil edir”

Velosipedləri kirayəyə verən Elnar Mirzəyevlə də söhbətləşdik. Elnar deyir ki, kirayəyə velosiped götürənlərin əksəriyyəti tələbə qızlardır: “Bilmirəm səbəb nədir, amma qızlar çoxluq təşkil edir. Özü də qızların əksəriyyəti sürə bilmədiyindən elə burada rəfiqələri, oğlan dostlarının köməyilə öyrənirlər”.
Elnar deyir ki, əsasən günün birinci yarısı və axşamlar adam daha çox olur: “Bir neçə ildir burada işləyirəm. Əgər əvvəllər təsadüfən bulvara gələnlər kirayəyə velosiped götürürdülərsə, indi sırf velosiped sürmək üçün bura gəlirlər. Adamların bəziləri üçün velosiped sürmək sağlamlıq, bir çoxları üçün isə sadəcə, dostları ilə əylənmək, deyib-gülmək üçün bir əyləncədir. Axşam saat 6-dan sonra burada uzun növbə olur. Xüsusilə yayda velosipedlərimiz çatmır”.
Öyrəndik ki, velosiped kirayəyə götürmək istəyənlər 3-5 manat arasında xərc çəkməlidirlər. Belə ki, sadə velosipedlə 1 saat tur 3 manat, sürətli velosipedlə 5 manata başa gəlir. Pulla yanaşı, velosipedi götürərkən sənəd də təqdim etmək lazımdır.
Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər