• cümə, 19 Aprel, 23:56
  • Baku Bakı 24°C

Rəssamlıq bitib-tükənməyən sənətdir - Reportaj

22.09.18 10:00 4726
Rəssamlıq bitib-tükənməyən sənətdir - Reportaj
Rəsm duyğuların cilalanmış portreti, mənzərəsi, füsunkarlığıdır. Rəssamlıq məişətdən cəmiyyətə keçərək insanlarınxarakterini, təbiətin füsunkarlığını əksetdirir. Hazırda bu sahədə uğur qazanan istedadlı rəssamlarımız kifayət qədərdir. Sevindirici hallardan biri də odur ki, onların arasında gənc istedadlı rəssamlarımız da var. Bu gənclər ölkə hüdudlarında özləri deyib, özləri eşitmirlər. Mədəniyyətimizin beynəlxalq arenada tanınması üçün dünyanın tanınmış muzeylərində əsərlərinin nümayişini vacib hesab edirlər.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının mətbuat katibi, siyasi elmlər doktoru Fuad Sadıqov bizimlə hər söhbətində istedadlı gənc rəssam, Akademiyanın ən gənc müəllimlərindən olan Aysel Əmirovadan bəhs edirdi. Rəssamla görüşümüz elə onun emalatxanasında baş tutdu.

Kiçik emalatxananın nüfuzlu rəssamı
Gənc olmasına baxmayaraq, qalibiyyəti, qazandığı nüfuz, çəkdiyi əsərlər - hamısı o kiçik otaqda cəm olunmuşdu. Hər bir əsərin bir xatirəsi, bir hekayəsi, içində gizlənən bir sirri vardı.

Rənglər, palitralar, fırçalar, pəncərədən tabloların üzərinə şığıyan günəş işığı tam bir yaradıcı atmosfer yaratmışdı.

Bizi AzərbaycanRəssamlarİttifaqının Gənclər bölməsinin üzvü, Heydər Əliyev Fondunun qızıl medalçısı, respublika və beynəlxalq festivalların laureatı Aysel xanım qarşıladı. Onunla elə birbaşa söhbətə başladıq. Aydın oldu ki, kiçik yaşlarından rəssamlığa böyük həvəs,maraq göstərdiyi üçün, T.İsmayılov adına uşaq yaradıcılıq qalereyasında məşğul olmağa başlayıb. İlk uğuru 1998-ci ildə"Xocalı faciəsi”adlı sərgi-müsabiqəsindərespublika üzrə1-ci dərəcəli diploma layiq görülməsi olub. 1999-cu ildəisə50 rəsmdən ibarət ilk fərdi sərgisi həmin qalereyada keçirilib. Dərnəkdəməşğul olduğu illərərzindəbeynəlxalq sərgilərdə: ABŞ, Yaponiya,Rusiya, Gürcüstan,İranda keçirilən sərgi-müsabiqələrdəfəal iştirak edib, diplom və mükafatlara layiq görülüb. 2003-cü ildəƏ.Əzimzadəadına Azərbaycan Dövlət Rəssamlıq vəİncəsənət Kollecinərəngkarlıq ixtisasına daxil olub. Təhsil aldığı illərdə Rəssamlar İttifaqı,Mədəniyyət vəTurizm,Gənclər vəİdman nazirlikləri tərəfindən keçirilən sərgilərdəfəal iştirak edib. 2007-ci ildəkolleci fərqlənmədiplomu ilə bitirib. 2007-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına rəngkarlıq ixtisasına daxil olub. Elə həmin ilin oktyabrında HeydərƏliyev FondundaWord Intellectual Property Organizationtəşkilatı tərəfindən rəssamlıqda yüksək nailiyyətlərinəgörəqızıl medalla təltif olunub."Meyvələr”adlı kətan üzərindəyağlı boya iləişlənmiş tablosunu Fonda hədiyyəedib.
2011-ci ildəakademiyanı fərqlənməilə bitirib və magistr pilləsinə daxil olub.Həmin ilin may ayında Prezident təqaüdünəlayiq görülüb. 2014-cü ildəAzərbaycan Dövlət Rəssamlıq Akademiyasının dissertanturasına daxil olub.

Təhsilin gətirdiyi uğur

Deyir ki, 6 yaşından rəssamlıqla məşğul olub, ona bu istedad anasından keçib. Qazandığı uğurlar onu rəssam olmağa bir növ sövq edib. Əvvəlcə kiçik əsərlərdən başlayan rəssamın, böyüdükcə arzuları, istəkləri, hədəfləri də artıb: "Məktəb illərimdə tez-tez uşaq tədbirlərində iştirak edirdim və bu tədbirlərin birində ulu öndərimiz Heydər Əliyevlə görüşdüm. Onunla 2 dəfə görüşdük. Daha sonra 2001-ci ildə tədbirlərin birində cənab prezidentimiz İlham Əliyevlə görüşdüm. Ona böyük həvəslə çəkdiyim portretini hədiyyə etdim. İlham Əliyev portretə baxıb, məndən tələbə olub-olmadığımı soruşdu. Məktəbdə təhsil aldığımı bildirəndə, qeyd etdi ki, çəkdiyim tabloda onun üz cizgiləri dəqiqliklə vurğulanıb. Əslində prezidentimizin bu sözləri mənə çox stimul verdi. O zaman məktəbdə təhsil alırdım. Sənədlərimi götürüb, Əzim Əzimzadə adına İncəsənət Kollecinə daxil oldum. Rəssamlıq sənətinin sirlərini öyrənmək üçün təhsil almağım önəmli idi. Orada peşəkar müəllimlərdən dərs aldım”.
Rəssamlıq sənətinin sirlərini öyrənmək üçün təhsilin vacibliyindən danışan Aysel xanım bu işdə təcrübənin də müstəsna xidmətlərini qeyd etdi: "Həvəskar rəssam olduqda, istədiyin bir əsəri kor-koranə çəkirsən və o da bir yerə qədər səni aparır. Təhsil olmadıqda, hardasa dayanmalı olursan. Rəssamlıq elə bir sənətdir ki, oxuduqca öyrənilir, bitmir, tükənmir. Mən indi tələbələrimlə işləyəndə görürəm ki, rəssamlıq sənətinin həqiqətən də böyük sirləri var. İşlədikcə daha çox öyrənirsən. Onu da qeyd edim ki, bazam olmasaydı, bu sənətin dəqiqliyinə vara bilməyəcəkdim. Təhsil aldığım hər bir müəllimdən bu işin əlifbasını öyrənmişəm Bu elə bir sənət növüdür ki, qalıcıdır və ona baxdıqca hər zaman xatırlanırsan”.

"Rəssamlıq incəsənətin şahıdır”
Emalatxanada abstrakt əsərlərin, təbiət məzələrinin çoxluğunu görüb, Aysel xanımdan çəkdiyi mövzuların ilham mənbəyini xəbər alırıq: "Son iki ildə ancaq təbiət rəsmləri çəkirəm. Meşə, ağaclar, hörümçək torlarının rəsmlərini çəkirəm. Allah təbiəti o qədər gözəl yaradıb ki, onun rəngləri təkrarlanmır. Günəşin şüaları üzərilərinə düşəndə müxtəlif rəng çalarlarına qurşanırlar. Meşəni, təbiəti sevirəm. Bundan əvvəl daha çox insanların daxili aləmini çəkməyə üstünlük verirdim. Bir müddət şəhid analarının üzündəki qırışları, kədəri, onların gözyaşlarını çəkirdim. Bu məni çox düşündürürdü. Hətta 2009-cu ildə Ankarada keçirilən "Xocalı soyqırımı” sərgisində "Şəhid anası” adlı rəsmlə iştirak etmişdim. Orada bu əsərim çox böyük diqqət çəkmişdi”.
Müsahibimiz qeyd edir ki, rəssamlıq yaradıcı sənətdir. Bəzən beynəlxalq sərgilərdə iştirak zamanı kənardan öz işlərinə baxıb, əsərlərini qısqanır. "Həqiqətənmi bu əsəri mən çəkmişəm?” deyə özünə sual verir. Bildirir ki, o, rəssamlığı incəsənətin şahı kimi qiymətləndirir.

Son bir neçə ildə gündəmdə olan abstrakt əsərlərin qeyri-peşəkarlığı məsələsinə də Aysel xanım aydınlıq gətirdi. Emalatxanada abstrakt əsərləri gördükdə, biz də bu sualla ona müraciət etdik: "Müxtəlif səpkili əsərlərim var, onların içərisində abstrakt əsərlər də var. Ümumiyyətlə hisslərimə uyğun əsərlər çəkirəm. Əsərə baxanda bilirəm ki, onu hansı ab-havada olarkən çəkmişəm. Abstrakt əsərləri böyük məktəb keçdikdən sonra çəkmişəm. Onun əlifbasını öyrənmişəm, işığını, kölgəsini öyrənib çəkmişəm. Abstrakt janrını asan hesab etmirəm. Onun texnikaları var. Əgər onu çəkən peşəkar rəssamdırsa, qəbul edirəm. Rəssamlığa yeni gələn, azacıq da olsa həvəsi olan gənclər abstrakt çəkirlər və bununla nəyisə sübut eləmək istəyirlər. Bu janr rahatdır, ancaq baxır kimin üçün. Mais Ağabəyov, Altay Sadıqzadənin abstrakt əsərlərinə baxdıqda görürsən ki, böyük bir dəryadır, sıradan rənglərin qarışığı deyil”.
Uzun müddət Uşaq-gənclər yaradıcılıq mərkəzində rəhbər vəzifəsində çalışan müsahibimin orada 100-ə yaxın tələbəsi olub. 11 ildir ki, fiziki qüsurlu uşaqlara dərs deyir. Həm fiziki, həm də əqli qüsurlu uşaqlarla çalışır. Deyir ki, onların xüsusi bir dünyası, həyata baxışı və yanaşma tərzi var: "İlk dəfə mənə belə bir təklif olunanda düşünürdüm ki, bu uşaqlarla işləmək mənə çətin olacaq. Ancaq onları o qədər sevdim ki... Onlar çox həssas uşaqlardır, sevgini də, nifrəti də dərk edirlər. Əslində mən fiziki qüsurlu uşaqlardan çox şey öyrənmişəm. Onlar bir rəsmi çəkməyə başlayırlarsa onu yarımçıq qoymurlar. Bunun üçün zamanın və məkanın heç bir fərqi yoxdur, yolda, tənəffüsdə belə, işlərini bitirib, sonra ondan əl çəkirlər. Hətta həmin tələbələrimdən Rəssamlıq Akademiyasına qəbul olunanlar da var”.

Terapiya guşəsi...
Emalatxananın bir guşəsi tələbələr üçün nəzərdə tutulub. Belə ki, gənc rəssam nəinki asudə zamanlarında buraya gəlir, hətta bu kiçik məkanda tələbələr də yetişdirir: "Tələbələrlə işləməkdən zövq alıram. Burada art-terapiya ilə məşğul oluruq. Bilirsiniz ki, rəsm çəkmək yorğunluğu və stressi aradan qaldırır. Akademiyaya hazırlaşanlar və ya digər ixtisas sahibləri də bizə müraciət edirlər. Tələbə sektoru müxtəlifdir”.

Dövlətin gənc rəssamlara olan qayğısı ilə bağlı söhbət açdıqda isə, rəssam deyir ki, hazırda çalışdığı bu emalatxana ona dövlət tərəfindən verilib: "Nazirliyimiz tərəfindən evimizin yaxınlığında olan bu emalatxanada təmənnasız mənə yer ayırdılar və mən orda böyük şəkillər çəkməyə başladım. Burda çəkdiyim əsərlər beynəlxalq sərgilərdə iştirak edir. Dövlətin qayğısını üzərimdə hər zaman hiss etmişəm və edirəm də. İl ərzində 10-a yaxın beynəlxalq və yerli sərgilərdə iştirak edirəm”.
Emalatxananı gəzdikdə, Aysel Əmirovanın yaradıcılığında gözəllik, daxili aləm, gənclik və zəhmətin vəhdət təşkil etdiyinin şahidi oluruq. Onun fırçasından çıxan "Xəyallarda”, "Şəhid anası”, "Bir millət - iki dövlət”, "Yaz rəqsi”, "Qızıl güllər”, "Büruzə verən hiss”, "Gecə və gündüz”, "Yerin üstündə”, "Nabran xatirələri”, "Quba”, "Bakı, İstanbul” və digər rəsm əsərləri insanı bir başqa dünyaya aparır.
Xəyalə Rəis










banner

Oxşar Xəbərlər