• çərşənbə axşamı, 16 aprel, 11:42
  • Baku Bakı 14°C

Rəssamlarımızın gülüşü

01.04.20 15:37 1153
Rəssamlarımızın gülüşü
Hər il aprelin 1-nin ənənəvi olaraq "Gülüş günü” kimi qeyd olunması heç də səbəbsiz deyil. Qənaətimizcə, bunu şərtləndirən başlıca səbəb insanların həyatlarını gülüşsüz təsəvvür etməmələridir. "Gülüş bir günəşdir, o qışı insanın üzündən götürür” deyimi də yəqin ki, insanların bu mənəvi-psixoloji dəyərə verdikləri ən düzgün qiymətdir. Bu mənada həyatımızın bütün sahələrində gülüşlü keçən dəqiqələri ömürə əlavə edilən gün hesab edənlər də yanılmırlar. Elə "Kiminlə gülə bilirsənsə, onunla da işləyə bilərsən” kəlamı da gülüşün insani münasibətlərdə əvəzsiz rolundan xəbər verir.

Bu gün gülüşü bizə bəxş edən təkcə bir-birimizlə münasibətimiz deyil. Belə ki, uzun əsrlərdir ədəbiyyat və incəsənət vasitəsilə biz təlx olmuş ovqatımızı əvvəlki nikbin durumuna qaytarmağa çalışırıq. Oxunan satirik hekayə və təmsil, tamaşa etdiyimiz komediya, eşitdiyimiz məzəli mahnı, kitab-jurnallarda və sərgi salonlarında gördüyümüz karikatura və şarjlar bizə bol gülüş bəxş edir, desək, yanılmarıq. Bu mənada aprelin 1-nin bayram kimi qəbul olunması da insanların buna ehtiyaclarının göstəricisidir.


"Gülüş günü”ndə bir-neçə kəlmə Azərbaycan rəssamlarının yaradıcılığında bu insani yaşantıya bədii münasibətdən söz açmaq istəyirik. Qeyd etmək lazımdır ki, rəsmli satiraya Azərbaycan təsviri sənətində hələ orta əsrlərdə - miniatür üslubunda çəkilmiş əsərlərin arasında rast gəlmək mümkündür. Sonrakı dövrlərdə bu sahə özünün davamlı təzahürünü 1906-cı ildən nəşr olunmağa başlayan "Molla Nəsrəddin” jurnalında göstərmişdir. Sovet dönəmində isə bu ənənəni bu günə kimi çap olunan "Kirpi” jurnalı davam etdirməkdədir. Azərbaycan rəssamlarının bütün nəsillərinin yaradıcılığında, bəzən hətta özünü tamamilə başqa janrlara həsr etmiş fırça ustalarının (S.Bəhlulzadə, T.Salahov, M.Abdullayev və s.) bədii irsində insanlara gülüş bəxş edən karikatura və şarjlara rast gəlmək mümkündür. Bununla belə, gülüşə bədii münasibəti yaradıcılığında geniş yer ayıran sənətkarlarımız da az olmayıb. Ə.Əzimzadə, Q.Xalıqov, H.Haqverdiyev, Nəcəfqulu, İ.Axundov, K.Kazımzadə, A.Quliyev, B.Hacızadə, B.Qasımxanlı, Y.Səmədov, Elturan, H.Nəsiroğlu, S.Soltanlı, S.Cəfərli, Y.Əsədli və s. rəssamların yaradıcılığında həyatımızın çox müxtəlif sahələrinə özündə satirik münasibəti əks etdirən karikaturalar görmək mümkündür. Bu mənada yığcam tutumlu satirik rəsmi və yaxud hansısa məşhur insana həsr olunmuş şarjı hər hansı iri həcmli yazıdan daha təsirli hesab edənlər yanılmırlar. Bizdə bu ənənə olmasa da xarici ölkələrin əksəriyyətində vəzifə sahiblərinin çoxu onlara şarj həsr olunmasını özlərinə şərəf hesab edirlər...

Ziyadxan Əliyev
Əməkdar İncəsənət Xadimi,
sənətşünaslıq üzrə fəlsəfə doktoru




banner

Oxşar Xəbərlər