• cümə, 29 Mart, 11:53
  • Baku Bakı 5°C

Rəssam, üzgüçü, bəstəkar... – Mən gənc olarkən

08.05.15 07:24 1534
Rəssam, üzgüçü, bəstəkar... – Mən gənc olarkən
Əlli ildən çoxdur ki, “Məhəbbət əfsanəsi” baleti dünya teatrının böyük səhnələrində səslənməkdədir. Dünyanın ən qədim və möhtəşəm sənət məbədi sayılan Böyük Teatr on illiklərdir ki, müntəzəm surətdə öz repertuarında “Məhəbbət əfsanəsi”nə xüsusi yer ayırır. 1961-ci ildə qələmə alınan balet dünyanın 60-dan çox teatrında səhnəyə qoyulub. Müsahibimiz “Məhəbbət əfsanəsi”nin müəllifi, dahi bəstəkar, rəssam, Azərbaycanın Xalq artisti, professor, Dövlət mükafatı laureatı, akademik Arif Məlikovdur.
Oğul pensiyası
Arif Məlikov 13 sentyabr 1933-cü ildə Bakıda dünyaya göz açıb. Atası Cahangir hərbçi olub. Bakıda hərbi məktəbdə müdir müavini vəzifəsində çalışıb. A.Məlikov ona yaxşı tərbiyə verdiyinə görə ömrü boyu atasına minnətdar olduğunu deyir: “28 yaşımdan dünya teatrlarına çıxdım və qazancım bir az artdı. O vaxt öz qazancımdan atamın yaşadığı dövrdə hər ay müəyyən miqdarda ona oğul pensiyası ayıracağımı dedim. Elə də etdim. Hətta mən Bakıda olmayanda da elə təşkil etmişdim ki, o pulu atama gətirirdilər. Rəhmətə gedənə qədər sözümü tutdum”.
“İki tərəfə iki daş qoyub futbol oynayardıq”
Uşaqlığı Təzə Pir Məscidinin yaxınlığında keçib. Dediyinə görə, dörd məhlə yuxarı, sola-sağa hamı bir-birini tanıyırmış: “İndi bir blokda yaşayan adamlar bir-birlərini tanımırlar. O vaxt isə açıq münasibət var idi. Qonşular bir-birilərinə televizora baxmağa, söhbətləşməyə gedirdi. Uşaqlar hər gün mütləq futbol oynayardı. İndiki kimi yadımdadır, futbol oynayan zaman iki tərəfə iki daş qoyub qapı kimi istifadə edərdik. Uşaqların hamısı dərslərini də oxuyurdu. O zaman uşağın oxumamağına imkan vermirdilər. Həmin dəqiqə müəllim ailəyə övladlarının dərs buraxması, yaxud hazırlaşmaması barədə məlumat verirdi. Müəllimə şagirdin yaxşı hazırlaşmadığını görəndə, dərs bitəndən sonra onu saxlayıb dərsi yenidən başa salırdı. Baxmayaraq ki, çətin illər idi, camaat çörəyi talonla alırdı, amma heç kəs vəziyyətindən şikayət etmirdi. Uşaqlar yenə də futbol oynamağa davam edirdi”.
“Lampa işığında sinifdə tək-tənha royal çalırdım”
Anası ədəbiyyatçı olsa da, çox gözəl kamança çaldığına görə evlərindən həmişə musiqi səsi gəlib. Buna baxmayaraq, gələcəyin böyük bəstəkarı 14 yaşına qədər musiqidən bixəbər olub. Ancaq musiqi dinləməyi sevib: “14 yaşımda ailəvi dostlarımızdan olan Yerevanski mənə tar bağışladı. Yavaş-yavaş tar çalmağı öyrəndim. O vaxtdan məndə musiqi xəstəliyi başladı. Qısa müddətdən sonra yaxşı tar çalırdım”.
Musiqiyə sevgisi onu Asəf Zeynallı adına musiqi məktəbinə aparır. Məktəbə gedənə kimi tarda ifa etməyi öyrənsə də, ona qədər bir dənə də not tanımır: “4 il Əhməd Bakıxanovun sinfində muğam dərsləri keçdim. Sonra böyük sənətkarımız Mirzə Mansurdan dərs aldım. Muğamları, xalq musiqisini qısa müddətdə öyrənə bildim. Amma musiqi məktəbində oxuduğum dövrdə məndə başqa maraqlar da yarandı. Royalı sevməyə başladım. Evimizdə piano yox idi. O vaxt Asəf Zeynallı adına məktəb, konservatoriya və Bülbül adına onillik məktəb hamısı bir binada idi. Siniflər çox olmadığına görə dərslər adətən gec qurtarırdı. Mən müəllimlər və şagirdlər evə gedəndən sonra axşam 8-9-da sinifdə royal arxasında çalışırdım. Hətta elə olurdu ki, işıq kəsildiyindən özümlə sinfə nöyüt lampası aparır, bunun işığında öyrənirdim. Royal yavaş-yavaş qanıma yeriməyə başladı və kiçik pyeslər yazmağa başladım. Amma başa düşürdüm ki, Konservatoriyaya daxil olmaq üçün biliyim kafi deyil. Bir var, dörd il tar sinfində oxuyub konservatoriyaya girəsən, bir də var, Bülbül adına məktəbin fortepiano sinfini bitirib gedəsən. Başa düşdüm ki, musiqidə davam etmək istəyirəmsə, 4 il tar sinfində oxumağım yetməz. Çünki Konservatoriyaya qəbul olan uşaqların hamısı 11 illik musiqi məktəbini, ya da 7 illik musiqi texnikumunu bitirib qəbul olurdular. Asəf Zeyallı adına məktəbi bitirəndə öz istəyimlə Şuşaya bir illik dərs deməyə getdim. Məqsədim həm Şuşada işləmək, həm də bu bir ildə Konservatoriyaya daxil olmaq üçün lazım olan bilik əldə etmək idi. Şuşada tardan dərs deməklə yanaşı, boş vaxtımda Konservatoriyaya hazırlaşırdım. 11 illik proqramı beş ayın içərisində əzbərdən öyrəndim. Şuşada işlədiyim bir il mənə böyük təkan verdi. Təkandan başqa, bu yolu mən özüm qururdum. Heç kim mənə musiqinin arxasınca getməyi məsləhət görməmişdi. Həyatda o qədər mümkün olan şeylər var ki... Əgər insan ona verilən fürsətlərdən, imkanlardan düzgün istifadə edə bilirsə, nəticədə nəsə əldə edir. Mən də axşamlar royal arxasında çalmağın, Şuşada boş vaxtlarımda hazırlaşmağımın nəticəsində 1958-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında Qara Qarayevin bəstəkarlıq sinfinə daxil oldum”.
Bəstəkarın pianosu yox idi
İstəyi, inadkarlığı çətinlik çəkmədən Konservatoriyaya daxil olmasına kömək edir. Konservatoriyanın bəstəkarlıq şöbəsinə daxil olanda evdə hələ də fortepianosu olmur. Deyir ki, buna baxmayaraq, evində pianosu olanlardan daha ciddi çalışır: “Konservatoriyada ikinci kursda oxuyanda mənə pianino alındı. Konservatoriyada oxuyanda orkestr üçün 4 böyük əsər yazmışdım. Üçüncü kursda oxuyanda Niyazi müəllim mənim ilk simfonik əsərimi çaldı. Konservatoriyanı qurtarmamışdan əvvəl mənim əsərlərim artıq simfonik orkestrdə ifa edilirdi”.
“Üzgüçülüyü atdım”
Orta məktəbdə üzgüçülüklə də məşğul olduğunu deyən həmsöhbətimiz o vaxt hesab edirmiş ki, bütün gənclər idmanın hansısa bir növü ilə mütləq məşğul olmalıdır: “Yaxşı üzgüçü olduğuma görə məni respublika komandasına daxil etdilər. Bəzən müəllimimlə eyni vaxtda yarışda çıxış edirdim. Konservatoriyada oxuyanda da vaxtımı çox alsa da, üzgüçülüyü atmadım. Moskvada yarışlara qatılanda konservatoriyada dərslərimi buraxmalı olurdum. Axırda Qara Qarayev mənimlə bu barədə söhbət etdi. Dedi ki, “sən ya orada üzəcəksən, ya da musiqidə. Harada üzəcəyinə qərar ver”. Müəllimim məni başa saldı ki, iki yerdə uğur qazanmaq olar, amma birini gec-tez itirəcəyəm. Mən Qarayevin dediyini anladım və üzgüçülükdən imtina etdim. Çünki musiqini sevirsənsə, ona çox vaxt sərf etməlisən. Musiqi təkcə yazmaq deyil, dinləmək də var”.
Müsahibimiz deyir ki, Qara Qarayev onu qısa müddətdə o dərəcədə yetişdirir ki, Konservatoriyanı qurtarandan sonra dünyaya səs salacaq “Məhəbbət əfsanəsi” baletini yazır: “Məhəbbət əfsanəsi”ni yazıb bitirdikdən sonra onu Leninqrada - Marinski Teatrına apardım. Əsər dinlənildi və qəbul edildi. Bir neçə müddətdən sonra isə səhnələşdirildi. 1962-ci ildə baletim Azərbaycanda da tamaşaya qoyuldu. Bu günə kimi
Leninqradda həmin əsəri repertuarda saxlayırlar”.
Arif məlikovlar yetişir?
A.Məlikov tələbəlik illərini bir bayram kimi qəbul etdiyini deyir: “O dövrlə bağlı ağlıma bir dənə də olsun pis fikir gəlmir. Saatlarla sinfin boşalmasını gözləyirdim ki, royalın arxasında oturum. Bu, faciə deyildi. Hesab edirdim ki, mənə royalda çalmaq lazımdır. Əgər ağırlığı çiyninə götürürsənsə, onun ağırlığını duymursan. Amma nəyisə faciəyə çevirəndə ağırlığı hiss edirsən. Bəstəkarın evində pianinonun olmaması böyük çətinlik idi. Mən isə onun yolunu tapmışdım”.
Bəstəkar təhsil aldığı dövrdəki tələbələrlə indiki tələbələr arasında heç bir fərq görmür: “Tələbələrimdən kiməsə istedad daha çox, kiməsə orta səviyyədə verilib. Orta səviyyəlini yaxşının səviyyəsinə çatdırmağa çalışıram. İndi Azərbaycan musiqisinin ağır dövrüdür. Çünki böyük bəstəkarlar hamısı birdən getdi. Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Soltan Hacıbəyov, Cövdət Hacıyev... Bunlar nəhəng musiqiçilər idi, onları əvəz etmək çox çətindir. Ümid edirəm ki, gələcəkdə yeni qarayevlər, əmirovlar yetişdirəcəyik”.
“Bəs arif məlikovlar yetişirmi?” sualımıza bəstəkarın cavabı belə oldu: “Mən bacardığımı, bildiyimi tələbələrimə verirəm. Tələbələrim məni, mən də onları çox istəyirəm. Müəllim və tələbə arasında səmimiyyət, sevgi olanda qavrama daha yaxşı olur. Hərdən atmosferi yüngülləşdirmək üçün tələbələrlə zarafatlaşıram da. Tələbə həftədə iki dəfə tapşırıq alıb gəlir. Tapşırığı yerinə yetiribsə, davam edirik, əsərlərin həcmi böyüyür. Kiçik pyeslərdən sonataya, simfoniyaya, operaya və s. doğru gedirik. Bu, ağır yoldur. Amma işini sevgi ilə görəndə ağırlığını o qədər də duymursan”.
“Rəssam olmaq istəyirdim”
Qeyd edək ki, uşaqlıqda A.Məlikov rəssam olacağını düşünürmüş: “Musiqi ilə məşğul olmayanda rəsm çəkirdim. Mənə elə gəlirdi ki, rəssam olacağam. Amma Yerevanski mənə tar bağışlayandan sonra rəsm bir tərəfdə qaldı”.
Rəssamlığını davam etdirməsə də, müsahibimiz yayda bağda olanda, şəhərdə təbi gələndə, yaxud şeyriyyət, musiqi onu yoranda rəsm çəkdiyini deyir: “Yorulmamaq üçün arada məşğuliyyəti dəyişmək lazımdır. Musiqidən ədəbiyyata, ədəbiyyatdan şeyriyyətə, şeyriyyətdən ifaçılığa keçirəm. Onda yorğunluq olmur, saatlar, günlər keçir, amma hiss etmirsən”.
Lalə MUSAQIZI
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər