Respublikada ilk dəfə olaraq ana bətnində dölə qan köçürülüb
Bu ilkə imza
atan ATU-nun Tədris Cərrahiyyə Klinikasının ginekologiya şöbəsinin müdiri Uzman
Dr. Turab Canbaxışov "Kaspi"yə bildirib ki, pasiyent 1 həftə əvvəl klinikaya müraciət
edib. Daha əvvəl başqa bir klinikada hamiləliyi izlənilən pasientə ultrasəs
müayinəsi zamanı dölün qarnına su yığıldığı deyilib. Bununla bərabər dəri və dərialtı
toxumalara su yığıldığı üçün ödəm başlayıb. Döldə belə vəziyyət, adətən, qan
uyğunsuzluğu, rezus uyğunsuzluğu və ya viral problem əsasında yaranır. Bundan
başqa analizlər nəticəsində virus və virus antitellərinə rast gəlindiyi də
deyilib.
Uzman Dr. Turab
Canbaxışov qeyd edib ki, eyni simptomları onlar da müşahidə
ediblər: "Biz müayinə etdik və virus antitellərinə qarşı da analiz götürdük.
Ancaq analizlərin nəticəsi mənfi çıxdı. Tək problem qan uyğunsuzluğu idi. Qan
qrupunun uyğunsuzluğunu ana bətnində ikən aşkar etmək çətin olur. Buna
baxmayaraq, analizlərin cavabı müsbət çıxdı. Dopler müayinəsi zamanı uşağa
ciddi anemiya diaqnozu qoyuldu. Ciddi anemiya olduğu üçün müalicənin yeganə
üsulu ana bətnində dölə qan köçürülməsidir. Dölün çəkisinə, həftəsinə və
hemoqlobin dəyərinə görə ümumi miqdar hesablanır və qan köçürülür. Biz bu
prosesi uğurla həyata keçirdik”.
Dr. T.Canbaxışov
bildirib ki, dölün bu həftəsinə görə hemoqlobin dəyəri normada 14-15 g/dl olmalıdır. Bizim müayinə etdiyimiz döldə
isə bu dəyər qanköçürmədən əvvəl 7.5 g/dl olub: "Biz dölə yeni xüsusi qaydada yeni
hazırlanmış eritrosit kütləsindən 96 ml qan köçürdük. Bu məhlulu verdikdən
sonra dölün qan dövranındaki hemoqlobin dəyəri 11.7 g/dl oldu. Hal hazırda
dölün vəziyyəti yaxşıdır. 1 həftə ərzində döldə olan ödemin çəkilməsini gözləyəcəyik. Əgər lazım gələrsə, bu proseduru hamiləliyin
sonuna qədər 2-4 həftə aralıqla daha 2 dəfə edəcəyik”.