Date: 11 Yanvar 2017, 15:36,
Oxunma sayı: 614
Yanvarın 15-də Təhsil Nazirliyi tərəfindən ölkənin bütün şəhər və
rayonlarında Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsinə
start veriləcək.
Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar
edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların bilik və
bacarıqlarını nümayiş etdirmələrinə yardım etməkdir.
Olimpiada riyaziyyat, fizika, kimya, biologiya, informatika,
coğrafiya, Azərbaycan dili və ədəbiyyatı, tarix fənləri olmaqla 8 fənn üzrə
keçiriləcək. Bilik yarışının birinci mərhələsinə 29691 şagirdin qatılacağı gözlənilir.
Respublika fənn olimpiadasında
iştirak edəcək şagirdlərdən 10842 nəfər IX (onların arasında xüsusi istedadı və
hazırlığı ilə seçilən VIII sinif şagirdləri də vardır), 9311 nəfər X, 9538 nəfər
isə XI sinif şagirdidir. 28014 nəfər şagird Azərbaycan, 1677 nəfər şagird isə rus bölməsində təhsil alır.
Rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən, hər fənn və hər sinif
üzrə ən azı 60 faiz nəticə göstərən ən yaxşı 3 şagird respublika mərhələsinin
yarımfinal turuna vəsiqə qazanacaqdır.