• cümə, 29 Mart, 17:08
  • Baku Bakı 14°C

“Respondentlərin ictimai-siyasi sabitliyi yüksək qiymətləndirməsi çox mühümdür”

09.04.19 18:31 662
“Respondentlərin ictimai-siyasi sabitliyi yüksək qiymətləndirməsi çox mühümdür”
Fransanın "Opinion Way” şirkəti tərəfindən Azərbaycandakı mövcud ictimai-siyasi vəziyyətə, Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi islahat kursuna, hökumətin ümumi daxili və xarici siyasətinə ölkə əhalisinin münasibətini öyrənmək məqsədilə Azərbaycanın bütün bölgələrində geniş rəy sorğusu keçirib. Sorğunun nəticələrinə görə, respondentlərin 80,1 faizi ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub saxlanılmasını Prezident İlham Əliyevin fəaliyyətinin ən uğurlu nəticəsi kimi dəyərləndirib. Həmçinin rəyi soruşulan ölkə vətəndaşları iqtisadi islahatlar, ordu quruculuğu, korrupsiya əleyhinə mübarizə tədbirləri və digər məsələlərlə bağlı mövqelərini bəyan ediblər.
Mövzu ilə bağlı "Kaspi qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Hikmət Məmmədov bildirdi ki, bütün sorğu istiqamətləri üzrə Azərbaycan Prezidentinin fəaliyyəti sorğuda iştirak edən respondentlər tərəfindən yüksək qiymətləndirilib və əsas məsələlərdə rəy bildirənlər ölkə başçısının fəaliyyətini təqribən 90 faiz ətrafında müsbət qiymətləndirib: "Bu hər şeydən öncə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət və bu siyasətin mərkəzində Azərbaycan vətəndaşının mənafeyinin dayanması ilə bağlıdır. Əslində cəmiyyətimizi sosioloji kontekstə müşahidə etməyi və ictimai nəbzi tutmağı bacaranlar üçün rəy sorğusunun nəticələri gözlənilən idi. Bu kontekstə önə çıxan başlıca məsələlərdən biri isə dövlət başçısı tərəfindən ölkəmizdəki ictimai-siyasi sabitliyin qorunması ilə bağlı respondentlərin qiymətləndirməsidir. Burada rəyi soruşulanların 90 faizdən çoxu sabitliyin qorunmasını yüksək qiymətləndirdiklərini bildirirlər. Bu cür yanaşma sıravi azərbaycanlının strateji düşünmə bacarığının olmasından xəbər verir. Yəni respondent bilir ki, ictimai-siyasi sabitlik olmadan nə sosial, nə də iqtisadi problemləri həll etmək mümkün deyil”.
H.Məmmədov qeyd etdi ki, ikinci mühüm məsələ regionların inkişafının təmin olunmasının yüksək qiymətləndirilməsidir: "Burada da müsbət rəy 90 faiz ətrafındadır. Doğrudan da regionlarımızın inkişafı daim dövlət başçısının diqqət mərkəzində olub və bunun üçün 2004-cü ildən başlayaraq ardıcıl dövlət proqramları həyata keçirilib. Nəticə isə göz qabağındadır, abad yollar, qaz və elektrik enerjisi ilə təchizat, sosial obyektlərin və idman qurğularının tikilməsi, regional sağlamlıq mərkəzlərinin yaradılması, iş yerlərinin açılması və s. Buna paralel olaraq regionların iqtisadi zonalara bölünərək, hər iqtisadi zonanın xarakterinə uyğun modern iqtisadiyyatın qurulması kimi işlər yeni reallıqlar formalaşdırıb. Bütün bunlar regionlarımızın real mənzərəsini təşkil edir və vətəndaşlarımız tərəfindən yüksək qiymətləndirilir. Heç şübhəsiz ki, sosial sahədə inqilabi islahatların aparılması da respondentlərin diqqətindən kənarda qalmayıb və növbəti yüksək rəy alan blokda öz əksini tapıb.
Şəhid ailələrinə birdəfəlik müavinətlərin verilməsi, təqaüdlərin artırılması, Qarabağ veteranlarına əlavə ödənişin müəyyən edilməsi, minimum əmək haqlarının orta aylıq əmək haqlarına yaxınlaşdırılması, problemli kreditlərin həll olunması və digər bu kimi işlər vətəndaşlarımızın müsbət rəy ifadə etməsini təmin edib. Eyni zamanda idarəetmədə aparılan islahatlar, xarici siyasət, ordu quruculuğu işlərindəki böyük uğurlar da respondentlər tərəfindən yüksək qiymətləndirilib. Nəticədə isə aydın olub ki, ötən bir ildə görülən işlər əslində 15+1 formulası kontekstində qiymətləndirilib və Azərbaycan cəmiyyətinin ictimai yaddaşı kifayət qədər dərin və məntiqlidir. Əgər 15 il öncə həyata keçirilən işlər olmasaydı, hazırda son bir ildə bu qədər böyük işlər görmək də olmazdı”.

B.Məmmədli
banner

Oxşar Xəbərlər