Rəsmi nikahdan boyun qaçırmağın səbəbləri və fəsadları
Ötən il Azərbaycanda nikahdankənar 30 min uşaq
doğulub. Azərbaycanda ötən il 6146 boşanma halı övladı olmayanların payına
düşüb. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il boşananlardan
3399-nun bir, 3569-nun isə iki və daha çox övladı olub. Boşanma nəticəsində
valideynlərindən biri ilə qalan uşaqların sayı 11295 olub. Hər 100 boşanmaya
düşən uşaqların sayı 162 nəfərdir. Bu rəqəmlər artıq ciddi narahatlıq doğurur.
Bəs görəsən niyə nikahdankənar doğulan uşaqların sayı getdikcə artır? Niyə ailə
quran gənclərimiz nikah bağlamağa meylli deyillər? Burada ən çox kimin məsuliyyətsizliyi
var? Tərəflərin özününmü, valideynlərininmi, yoxsa aidiyyəti qurumlarınmı? Problemi necə həll etmək olar?
Ümumiyyətlə, təkcə maarifləndirmə işi kifayətdirmi, yoxsa başqa tədbirlər də görülməlidirmi?
Əsas ağırlıq qadının
üzərində qalır
Qadın və gənc ailələrin
sosial inkişafı ictimai birliyinin sədri, Milli QHT Forumu Gender mərkəzinin rəhbəri
Tünzalə Cavadova deyir
ki, burada müxtəlif səbəblər rol
oynaya bilər: "Son dövrlərdə nikahsız ailələrin sayında artım müşahidə olunur və
bu ailələr heç bir normativlərə uyğun gəlmir. Nikahdankənar dünyaya gələn
uşaqların valideynləri adətən vətəndaş nikahı ilə kifayətlənirlər. Statistik rəqəmlərə baxsaq, 2014-cü ildə bu rəqəm
ən yüksək həddə idi. Amma 2017-ci ildəki statistik rəqəmlər rekord həddir. İlk növbədə bunun əsas
səbəbləri araşdırılmalıdır. Səbəblərdən biri kimi çoxlu sayda azərbaycanlının
Rusiya qeydiyyatında olması məsələsidir. Bəzən ata orda rəsmi nikahda olduğu üçün azərbaycanlı
qadınla ailə qurduqda burda rəsmi nikah bağlaya bilmir. Nəticədə, uşaq dünyaya
gəldikdən sonra öz atasının soyadını daşımır. Bəzən qadın nikah yaşına çatmamış,
erkən yaşda ailə qurur. Nikah yaşına çatdıqda isə rəsmi nikah qurmaq istəmir.
Elə olur ki, ata qeyri-rəsmi nikahdan doğulan uşaqlarına öz soyadını vermək istəmir.
Atanın öz uşağına soyadını verməməsi çox vaxt həm də alimentlə bağlı olur. Hətta,
məhkəmə vasitəsilə öz uşağından imtina edənlər də olur. Çünki gələcəkdə
varislik məsələsi ortaya çıxır. Azərbaycanda vətəndaş nikahı ilə yaşayan çox
adam var. Bir çoxları hətta rəsmi nikahı gərək hesab etmirlər. Onlar üçün önəmli
olan vətəndaş nikahıdır ki, bu da insanların psixologiyası ilə bağlıdır. Bu
istiqamətdə maarifləndirmə işləri aparılsa da, statistik rəqəmlər bu sahədə vəziyyətin
yaxşı olmadığından xəbər verir. Yaxud nikah yaşı çatmayan qızlar zorla ərə
verilir və onlar rəsmi nikaha girə bilmir. Uşaq dünyaya gəldikdən sonra isə
problemlər yaranmağa başlayır. Biz regionlarda maarifləndirmə işi apardıqda
görürük ki, 7-8-ci siniflərdə oxuyan uşaqların doğum haqqında şəhadətnamələri
yoxdur. Belə olan təqdirdə, əsas ağırlıq qadının üzərində qalır. Ana öz
uşağının bütün maddi və mənəvi təminatını təkbaşına görə bilmir, həm uşaq, həm
də ana çətin vəziyyətdə qalır. Bu gün
biz nə qədər Avropaya inteqrasiya etsək də, cəmiyyətdə belə məsələlərə ciddi həssaslıqla
yanaşırlar. Çünki bizdə nikahdankənar uşaq birmənalı qəbul olunmur. Ona görə də
bu məsələ üzərində ciddi əsaslarla işləmək lazımdır”.
Ən böyük səhv də
burdan başlanır
Sosioloq Lalə Mehralıdeyir ki, bu məsələ
çox ciddi ictimai-sosial yükü olan problemdir: "Əslində qadağa və cəza sistemi
bu məsələdə bir işə yaramır, çünki Azərbaycan sivil ölkədir və yetkinlik yaşına
çatan hər bir vətəndaşının seçiminə hörmətlə yanaşmaq məcburiyyətindədir. Amma
bu seçimlə gələcəkdə doğulacaq uşaqların sosial həyatı, statusu ləkələnəcəksə,
deməli, müzakirə edilməli və həlli vacib olan böyük bir problem var. Bizim cəmiyyətdə
ailə qurmaq, evlənmək deyəndə toy edib nümayişkaranə gəlin getmək, gəlin gətirmək
başa düşülür. Əgər 500 nəfərin önündə toy etdinsə, rəsmi nikaha ehtiyac
duyulmur, gənclər qanuni ailə sayılır. Ən böyük səhv də burdan başlanır. Gənclər
toy edir, bir evdə vətəndaş nikahında yaşamağa başlayır, övladları dünyaya gəlir.
Uşaq pulu almaq üçün sənədə ehtiyac olanda, ya da uşaq məktəbə gedəndə rəsmi
nikah yada düşür. Bu vaxtadək ailədə doğulan uşaqlar qeyri-rəsmi yolla, vətəndaş
nikahından doğulmuş hesab edilir. Araşdırsaq, görərik ki, rəsmi nikahı olmayan
ailələrdə ya hər iki tərəf, ya da qadın yetkinlik yaşına çatmamış evləndirilib.
Azərbaycan qanunlarına görə 18 yaş nikah yaşı hesab edilir, bəzi bölgələrimizdə
13-15 yaşda belə qızlar evləndirilir. Bu halda rəsmi nikah üçün müraciət edə
bilməzlər, qanunla cinayət məsuliyyəti daşıdıqlarını bilirlər. Dini nikahla məsələni
bitmiş hesab edirlər”.
Sosioloq deyir ki, narahatedici
məsələlərdən biri də ailələrin və gənclərin dini nikahı rəsmi nikahdan
daha üstün hesab etməsi məsələsidir: "Problem ondadır ki, ailə böyükləri toydan
öncə gəncləri dini nikaha girməyə məcbur
etsələr də, rəsmi nikah haqda düşünmürlər. Azərbaycan dünyəvi dövlətdir və ailənin
dövlət tərəfindən qanuni tanınması üçün rəsmi nikah şərtdir. Əks halda dövlət o
ailəni tanımır, orda doğulan uşaqlara görə hər hansı maddi öhdəlik daşımır.
Uşaqlar üçün verilən müavinət də bu səbəbdən rəsmi nikahı olan ailələr üçün nəzərdə
tutulub. Fikrimcə, ailələrin, xüsusilə gənclərin diqqətini sosial çarxlar,
maarifləndirici video-roliklər, habelə sosial şəbəkələrdə təbliğatla rəsmi
nikahın vacibliyinə yönəltmək mümkündür. Bundan başqa, ana olmağa hazırlaşan hər
bir qadına qeydiyyatda olduğu qadın məsləhətxanasında rəsmi nikahın vacibliyindən
danışılmalı, körpə doğulmazdan əvvəl bu işi reallaşdırmağa təşviq edilməli,
uşağın doğumundan sonra rəsmi nikahı olmayan ailələri gözləyən çətinliklərdən bəhs
edilməlidir. Niyə ata yeni doğulmuş uşağına öz soyadını vermək üçün doğum evində
ərizə yazıb körpənin atası olduğunu sübut etməyə ehtiyac duymalıdır? Axı cəmi 5
manat rəsmi dövlət rüsumu və 5 dəqiqəlik bir müddətdə ailəni rəsmi nikahla təmin
etmək mümkündür. Rəsmi nikah olmayanda, nikah üçün tələb olunan tibbi müayinədən
keçmirlər ki, bu da gələcəkdə ailədə problemli uşaqların doğula biləcəyi
ehtimalına yol açır. Əgər rəsmi nikah üçün tibbi arayış aldıqdan sonra müxtəlif
cür xəstəlik daşıyıcısı olduğunu bilən cütlüklərin evlənməkdən imtina etdiyi
barədə rəqəmləri də nəzərə alsaq, bunun vacibliyini də anlamış olarıq. Axı bəzi
xəstəliklər bu yolla daha geniş yayılma
imkanı tapır”.
Ailə dəyərləri təşviq
olunmalıdır
Psxioloq Elnur Rüstəmov deyir ki, bu problem bizdən qabaq Qərb ölkələrində də olub:
"Nikaha gec daxil olmaq, yaxud təkcə vətəndaş
nikahı ilə ailə qurmaq Azərbaycana bir gün ərzində gəlməyib. Uzun illər ərzində
qərb dəyərlərinin Azərbaycana yeridilməsi
sonda bu nəticəyə gətirib çıxardı. Nikahdankənar doğulan uşaqların
sayının artması yeni dönəmin gətirdiyi fəsadlardan biridir. Xanımlar fikirləşir
ki, əgər mən işləyir və təminatımı ödəyirəmsə, ailə qurmağa dəyməz. İndi bu
düşüncədən yola çıxanlar çoxdur. Uşaqların çoxu da atasız, dayə tərbiyəsi altında böyüyür. Bütün
bunlar informasiya dövrünün gətirmiş olduğu yeni ailə dəyəri formasıdır. Lakin
mən bütün hallarda, bu məsələnin bir müddət sonra tənzimlənəcəyini düşünürəm.
Çünki bu məsələ uşaqlarda müəyyən zədələr yaradır. Yeniyetməlik dövründə
uşaqlar anasından atanı soruşur. Ana atanın öldüyünü, yaxud onları tərk
etdiyini deyə bilər. Amma atanın yoxluğu
uşaqlarda natamamlıq kompleksi formalaşdırı. Uşaqlar psixoloji travma
alır və psixoloji təzyiq altında böyüyür. Ona görə də bu istiqamətdə çalışmaq
lazımdır. Ailə dəyərləri təşviq olunmalıdır ki, belə neqativ hallar daha da geniş yayılmasın”.
Şəbnəm
MEHDİZADƏ