Rəsmi Bakıdan icazəsiz aksiyaya münasibət

Rəsmi Bakıdan icazəsiz aksiyaya münasibət

Siyasət
22 Oktyabr 2012, 15:02 1412
Əli Həsənov: Azərbaycanın sağlam gəncliyi qanun keşikçilərinin çağırışlarına tabe olmayan gəncləri tərbiyə etməlidir

Azərbaycanın sağlam gəncliyinə çağırış edirik ki, belələrinə təsir göstərsinlər və onların sıralarında belə məsuliyyətsiz, qanun keşikçilərinin çağırışlarına tabeçilik nümayiş etdirməyən belə gəncləri özləri tərbiyə etsinlər. Bunu Trend-ə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov oktyabrın 20-də bəzi müxalifət partiyalarının gənc üzvlərinin Bakıda icazəsiz aksiya keçirməyə cəhd göstərməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, 200-ə qədər gəncin qanunlara meydan oxumağa cəhd göstərməsi və müvafiq olaraq onların qarşısının alınması bütün dünya ölkələrində baş verən hadisədir.

"Biz bunu, ilk növbədə, o gənclərin məsuliyyətsizliyi kimi və onları bu işə təhrik edən insanların məsuliyyətsizliyi kimi dəyərləndiririk. Nə belə hallarla Azərbaycan dövlətini sarsıtmaq olar, nə onun polisini öz fəaliyyətindən çəkindirmək olar, nə də mövcud sabitliyi pozmaq olar. Biz belə halları görmüşük və bundan sonra da belələri olacaqsa, qarşısı alınacaqdır", - PA rəsmisi vurğulayıb.

Siyasi müxalifətin bu qəbildən olan hadisələrdən istifadə etmək cəhdlərinə gəlincə isə, Həsənov bildirib ki, onlar həmişə belə hallardan istifadə etməyə çalışıb, həmişə belə gəncləri bu işlərə təhrik edərək onların arxasında öz siyasi fəaliyyətlərini reallaşdırmağa çalışıblar.

"Bu da baş tutmayıb və bundan sonra da baş tutmayacaq", - şöbə müdiri qeyd edib.

Xatırladaq ki, Azərbaycanın bəzi müxalifət partiyalarının gənc üzvləri oktyabrın 20-də Bakıda icazəsiz aksiya keçirməyə cəhd göstəriblər.