• çərşənbə axşamı, 23 aprel, 16:07
  • Baku Bakı 24°C

Rəsmi Bakı Avropa İttifaqından konkret fəaliyyət və nəticələr gözləyir

30.07.19 18:27 9077
Rəsmi Bakı Avropa İttifaqından konkret fəaliyyət və nəticələr gözləyir
Müstəqil xarici siyasət yürüdən Azərbaycan Avropa strukturları ilə hərtərəfli əməkdaşlığı genişləndirir. İllər uzunu bu siyasət rəsmi Bakının prioritetlərindən biri olub. Bu sırada Avropa İttifaqı ilə də çoxsaylı saziş və proqramlara imza atılıb. Avropa İttifaqı ilə sıx əməkdaşlıq edən Azərbaycan "Şərq tərəfdaşlığı” proqramı çərçivəsində tarixi sənədin imzalanması istiqamətində danışıqlar aparır. Bu fikirlər qərbin nüfuzlu "New Eastern Europe” nəşrində dərc olunan "Azerbaijan and the European Union: Cooperation instead of integration” başlıqlı məqalədə vurğulanır. Qeyd edilir ki, yeni saziş üzrə danışıqlar 2017-ci ilin fevralında başlayıb və hazırda son mərhələdədir. Xüsusi vurğulanır ki, Azərbaycan "Şərq tərəfdaşlığı”na daxil olan altı ölkə arasında unikal mövqeyə malikdir. Xarici siyasət kursunda tam şəkildə qərbyönümlü mövqe tutan Gürcüstan, Moldova, Ukrayna və rəsmən Rusiyanı dəstəkləyən Ermənistan və Belarusdan fərqli olaraq Azərbaycan mütləq mənada neytral mövqe nümayiş etdirir - hər hansı bir bloka qoşulma əlaməti olmadan tam müstəqil siyasəti ilə seçilir. Məqalədə bildirilir ki, "Azərbaycan ilk illərdən qərbyönümlü siyasətə daha optimist idi və ötən əsrin 90-cı illərindən Avropa yolunu prioritet kimi müəyyən edib. O illərdən də bəri ölkə Avropanın ən müxtəlif institutlarına qoşulub. 2001-ci ildə Azərbaycan Avropa Şurasına üzv qəbul edildi. Quruma üzvlük istiqamətində rəsmi Bakı milli qanunvericiliyinə bir sıra köklü dəyişikliklər etdi, onu Avropa Şurası standartlarına uyğunlaşdırdı. Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər ilk dəfə olaraq rəsmən 1999-cu ildə qüvvəyə minən tərəfdaşlıq və əməkdaşlıq haqqında Sazişlə rəsmiləşdi. 2000-ci illərin ortalarına qədər Azərbaycanın Qərb strukturlarına inteqrasiyası təbii bir hal kimi nəzərdən keçirilirdi. Lakin son illər Azərbaycanın avropayönümlü siyasəti tam şəkildə daha balanslaşdırılmış siyasətlə dəyişdi. 2010-cu ildə başlanan assosiativ üzvlüklə bağlı Razılaşma danışıqları 2013-cü ildə dayandırıldı”. Məqalədə bildirilir ki, "Assosiativ üzvlüklə bağlı sənədə, eləcə də, Avropa İttifaqı ilə azad ticarət, vizasız gediş-gəliş haqqında Sazişə imza atan Ukrayna, Gürcüstan və Moldovadan fərqli olaraq Azərbaycan inteqrasiyadan çox, əməkdaşlıqda maraqlıdır. Bakı nədən Avropa inteqrasiya layihələrindən imtina etdi? Buna bir neçə səbəb var. Bakı siyasi və yaxud hərbi bloklara üzv olmaqdan imtina edir, müstəqil xarici siyasət yürüdür, iri dövlətlərin qarşıdurmasına qoşulmaq istəmir. Strateji tərəfdaşlıq enerji təhlükəsizliyi sahəsində əməkdaşlıqla reallaşa bilər. 2006-cı ildə tərəflər arasında enerji əməkdaşlığı sahəsində imzalanan saziş müəyyən narazılıqlar yaratmışdı.
2000-ci illərin ortalarından etibarən Azərbaycan neft sahəsindən külli miqdarda dividentlər əldə etməyə başladı. Bu da Azərbaycana maliyyə məsələlərində müstəqil və neytral siyasət yeritməyə - istənilən blokla inteqrasiya çərçivəsində əməkdaşlıqdan kənar olmağa imkan verdi. 2017-ci il Münhendə keçirilən təhlükəsizlik konfransında prezident İlham Əliyev qısa şəkildə Assosiativ üzvlüklə bağlı sazişdən imtinanın səbəblərini izah edib. "Birtərəfli təlimat” adlandırılan sənəddən imtinanın əsas səbəbi Ermənistan və Azərbaycan arasında gedən münaqişənin ölkənin ərazi bütövlüyünün qorunub saxlanılması şərti ilə həll edilməsinə dair dəqiq mövqenin olmaması idi. Bu cür sənədlər, eləcə də, Avropa institutlarının digər sənədlərində mütəmadi olaraq Gürcüstan, Moldova və Ukrayna ərazilərinin işğal altında olduğu əks olunduğu halda, Azərbaycanın düşdüyü vəziyyət nəzərə alınmır. Azərbaycan cəmiyyəti illər uzunu Qərblə inteqrasiya perspektivlərindən məyus olub. Azərbaycan dünyəvi Avropa ölkəsidir. Cəmiyyət həm də Avropa İttifaqının Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ikili standartlarının mövcudluğundan məyusdur”.
Məqalədə daha sonra vurğulanır ki, rəsmi Bakı Avropa İttifaqından konkret fəaliyyət və nəticələr gözləyir: "Son illər Brüssel Gürcüstan və Ukraynanın ərazi bütövlüyünün qorunması ilə bağlı dəqiq mövqe ortaya qoysa da, bunu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə aid etmək olmaz. Bu mövqe kifayət qədər dəyişkəndir – quruma üzv dövlətlər Ermənistana qarşı hər hansı bir mövqe nümayiş etdirmir. Bu səbəbdən də Azərbaycanın avrointeqrasiya baxışındakı skeptizm təsadüfi deyil. Azərbaycan hökuməti Avropa İttifaqı ilə sıx əməkdaşlıqdan daha çox enerji və nəqliyyat layihələri ilə əməkdaşlıq üzərində dayanır. Bu variant Azərbaycan hökuməti üçün öz ölkəsi və onun resursları üzərində nəzarətin saxlanılması nöqteyi-nəzərindən daha əlverişli və məqbuldur. Bakı Avropa İttifaqından Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində ikili standartların yerinə daha dəqiq mövqe ortaya qoymasını gözləyir. Brüssel isə əvəzində Bakıdan siyasi və iqtisadi islahatları aktivəşdirməyi gözləyir”.

Azər NURİYEV

banner

Oxşar Xəbərlər