"Rəsm əsəri əl işi deyil, beyin işidir"
İspaniyanın
Madrid şəhərində keçirilən 6-cı beynəlxalq rəsm müsabiqəsində azərbaycanlı rəssam
Soltan Soltanlı 2-ci yerə layiq görülüb. O, yarışmaya "Kalva ətrafında döyüş”
əsəri ilə qatılıb. Əsəri öncə yağlı boya ilə kətan üzərində çəkən rəssam sonradan
onun qrafik variantını işləyib və həmin fotonu müsabiqəyə göndərib. O, sözügedən
əsəri keçən ilin aprel döyüşlərindən təsirlənərək yaradıb.
Soltan
Soltanlı 20 ildən artıqdır ki, rəssamlıq sənəti ilə məşğul olur. Rəngkar,
qrafika ustası və karikaturaçıdır. O, "Soltan gülür”, "Soltanın cizgiləri” və
"Karikaturalar” kitablarının müəllifidir. 2000, 2003-cü illərdə Azərbaycan
Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda, 2001-ci ildə M.F.Axundov
adına Milli Kitabxanada, 2004-cü ildə Azərbaycan Karikatura Evində, 2004-cü
ildə İranın Təbriz və Ərdəbil şəhərlərində fərdi sərgiləri təşkil olunub.
Bundan başqa, rəssam Azərbaycan Karikatura Evini yaradıb (2004), orada bir sıra
yerli və beynəlxalq sərgilər təşkil edib. 2006-cı ildən Azərbaycan Rəssamlar
İttifaqının üzvüdür.
Müsahibimiz indiyədək
çoxlu beynəlxalq karikatura müsabiqələrində iştirak edib, mükafatlar qazanıb.
Əsərləri dünyanın müxtəlif ölkələrindəki karikatura muzeylərində və özəl
kolleksiyalarda saxlanılır. Rəsmləri çoxsaylı beynəlxalq rəsm kataloqlarında
çap olunub.
Biz də
rəssamı təbrik edib, əvvəlcə təəssüratlarını xəbər aldıq:
- Belə bir
yarışmada qalibiyyət əldə etmək hər bir rəssamın arzusudur. Beynəlxalq səviyyədə
bu tip festivallar rəssamların gücünün göstəricisidir. Rəssamlar başqalarının
əsəri ilə müqayisədə öz əsərinin hansı səviyyədə olduğundan xəbərdar olur. Mən
də festivalda öz gücümü tanıma şansı əldə etdim. Bu mənim ilk qalibiyyətim
deyil. Ümid edirəm ki, davamı gələcək.
- Sözügedən
müsabiqə dünyada hansı səviyyədə tanınır?
- Bu, ənənəvi
beynəlxalq müsabiqədir. Əgər altıncı dəfə keçirilirsə, demək ki, seçilir. Mən özüm
bu müsabiqəyə 4 əsər göndərmişdim. Müsabiqədə çoxsaylı əsərlər olub. 77 əsər
finala vəsiqə qazanıb. Onlardan 3-ü son finala qədər gəlib çıxıb. Çox şadam ki,
finalçılar sırasında mən də varam. Məlumat üçün bildirim ki, orada dekabrın
17-dən başlayaraq fevral ayının 26-na qədər finala vəsiqə qazanmış əsərlərin
sərgisi keçirilir. Bu şəkli ötən ilin aprel döyüşlərində çəkmişəm. O döyüşlərdə
çox şəhidlər verdik və mən bundan təsirləndim. Müharibə mövzusu məni çox cəlb
etdi. Elə bir şey çəkmək istədim ki, sadəcə təsvirdən ibarət olmasın. Burada
səngər həm də əsgərin məzardır. O öz qəbrini qazaraq döyüşə girir və bilir ki,
bu döyüşdə həlak olacaq. Bunun üçün mən səngəri ənənəvi formada deyil, qəbir
formasında təsvir etdim. Bununla da əsgər öz qəbrindən düşmənə qarşı döyüşür.
Orada yağlı boya variantında döyüşçülərin Azərbaycan əsgəri olmasını sübut
etmək üçün bir əsgərin qolunda Azərbaycan bayrağını da əks etdirmişəm.
- Əsərinizin
adı "Kalva ətrafında döyüş”dür. Ancaq qeyd edirsiniz ki, bu əsəri aprel döyüşlərindən
təsirlənib yazmısınız...
- Kalva mənim
kəndimdir. Bu, kalafa sözündən götürülüb. Kalafa türk dilində uçmuş, dağılmış
bir yer mənasını verir. Bizim kəndimiz qədim bir kənddir. Bunu nə üçün Cəbrayıl
üzərində döyüş yox, Kalva üzərində döyüş kimi qeyd etmişəm? Elə hesab etdim ki,
o döyüş mənim kəndimdə baş verir. Orada vuruşan mənim yerlilərimdir.
- Bəs nə üçün
müsabiqəyə məhz bu əsərinizi göndərdiniz?
- Bu sənətdə
bir rəmzləşdirmə, bir rəng var. Müsabiqə elan olunanda düşündüm ki, hansı əsəri
göndərim? Bu cür yarışmalarda ən əsas güclü ideya olmalıdır. Güclü ideya ifadə
etməyən əsər yer qazana bilməz. Ona görə də rəssamlar həmişə ən güclü
əsərlərini göndərirlər. Təsəvvür edin ki, oraya dünyanın ən çox sayılıb-seçilən
rəssamlarının əsərləri göndərilir. Ona görə fikirləşdim ki, bu əsərin yer
qazanma şansı var.
- Əsərlərinizin
demək olar ki, çoxuna baxmışam. Ancaq müharibə ilə bağlı heç bir əsərinizi
görməmişəm...
- Müharibə
mövzusunda cəmi iki əsərim var. Açığını deyim ki, öncədən çəkəcəyim mövzu
haqqında düşünmürəm. İlham insana birdən-birə təsir edir. Qarşıma məqsəd qoysam
ki, müharibə mövzusunda çəkəcəm, inanın ki, heç nə çəkə bilməyəcəm. Əsərin
yaranma məsələsi istənilən mövzuda daha çox təəssüratla bağlı olur. Bu əsər də
həmin təəssüratdan yarandı. Yəni elə bir şey çəkim ki, onu indiyə qədər heç kim
çəkməyib. Bu mənim üçün yaradıcılığın əsas məğzidir. Yoxsa uşaq, qadın
portreti, kənd, mənzərə – bunlar çox adi şeylərdir. Bununla sənət inkişaf
etməz. Dünyanın tələbi tamamilə başqadır. 2000-ci ildən beynəlxalq
yarışmalarda, festivallarda iştirak edirəm. Orada rəsm sənətinə dünyadakı
tələbləri görəndə bilirsən ki, dünya nə istəyir. Rəssamlıq sənətinin yönü hara
olmalıdır, necə olmalıdır. Bu çox önəmli məsələdir. Sənətkar başqalarını
heyrətləndirməyi, təəccübləndirməyi hökmən bacarmalıdır. Gərək dünyaya elə bir
söz deyəsən ki, fərqli olsun. Bu, incəsənətin digər nümayəndələri üçün də
vacibdir. Tutaq ki, dünya kinosu davamlı inkişaf edir və sən elə bir şey hazırlamalısan
ki, həmin standartlara cavab versin. Azərbaycan rəssamı elə bir əsər ortaya
çıxarmalıdır ki, desinlər, bəli, bu ölkənin rəssamı da sözünü deməyi bacarır.
Dünyanın tələbini bilmək çox önəmlidir.
- Bir
rəssamın insanlara çatdırmaq istədiyi mesaj bəzən bir siyasətçinin, hətta
siması tanınan, dünyaca məşhur ulduzun demək istədiklərindən də güclüdür. Elə
hesab etmirsinizmi ki, beynəlxalq müsabiqələrdə Azərbaycanın musiqisini,
mədəniyyətini, mətbəxini əks etdirmək daha maraqlı olardı?
- Tamamilə
doğrudur. Ən başlıcası, sərbəst mövzu seçirəm. Məni narahat edən, düşündürən
fikirləri çəkirəm. Əsərlərin içərisindən yarışmanın maraqlarına uyğun olanını
göndərirəm. Bir də mövzulu yarışma var. Bu yaxında Belçikada keçirilən çox
böyük yarışmanın nəticəsi açıqlanacaq. 40 ildən çoxdur ki, bu müsabiqə
keçirilir. Mövzusu ruhla bağlıdır. Bu çox düşündürücü və fəlsəfi bir şeydir. Belə
mövzulu yarışmalarda çox gərgin oluram. Rəsm əsəri yaratmaq əl işi deyil, beyin
işidir. Filosofluğa bərabər bir şeydir. Rəssam fikrini o qədər açıq və aydın
ifadə etməlidir ki, orda onu başa düşsünlər. Müasir incəsənətin özündən
ayrılmasını, qəlizləşməsini sevmirəm. Çox zaman rəssamlar elə əsərlər çəkirlər
ki, insanlar onu anlamaqda çətinlik çəkirlər. Rəssam yaratdığı əsəri ilə tamaşaçını
borclu çıxarır ki, siz məni başa düşmürsünüz, anlaya bilmirsiniz. Halbuki,
rəssamın düşüncə səviyyəsi o qədər zəifdir ki, o, fikrini açıq ifadə edə
bilmir. Mövzusu, süjeti, mənası olmayan, başı ilə ayağı bilinməyən əsərlər
dünyada, eləcə də bizim ölkəmizdə müəyyən insanlar tərəfindən yüksək
dəyərləndirilir. Guya rəssam burda nəsə demək istəyib. Tam məsuliyyətlə deyirəm
ki, əslində burada heç bir fikir yoxdur. Fikir odur ki, Günəşin göydə görünməsi
qədər adi bir həqiqət olsun.
-
Dəyərləndirmək demişkən, bu mövzu barədə bir araşdırma etmişdim və aydın
olmuşdu ki, Azərbaycanda və dünyada ən çox satılan əsərlər məhz bucür
qeyri-müəyyən, qarışıq əsərlərdir.
- Tamamilə
düzdür, xüsusi adamlar var ki, rəğbət yaratmaq üçün onları yayırlar. Bu
bilirsiniz nəyə bənzəyir? İllər əvvəl insanlara deyirdilər ki, nehrə yağı
insanlara ziyandır. İnsan bitki yağı yeməlidir. Ancaq bu bitki yağının
arxasında böyük istehsalçılar dayanır. Ondan yaxşı pul qazanırlar. Bu gün
insanların xərçəng xəstəliyinə tutulmasının yarısı məhz bu bitki yağlarının
öhdəsinə düşür. Yəni demək istəyirəm ki, təbliğatdan çox şey asılıdır. Bütün
bunların başında iyirminci əsrin əvvəllərində yaranmış cərəyanların əndrəbadi,
əcaib-qəraib, anlaşılmayan əsərlərini dünyaya təqdim edən rəssamları dayanır. Qeyd edim ki, dünyanın ən məşhur rəssamları
bəşəriyyətin sənət zövqünün korlanmasında da çox böyük xidmət göstəriblər.
Misal üçün, Pablo Pikassonun yaratdığı eybəcərliyi kim yarada bilər? Ancaq nə
olsun ki, indi onun adı dünyada məşhurdur. Onun bəzi əsərləri insanı zalım edir.
Bu qarışıq əsərlərin altında rəssam özü bir izahat yazmasa, insanlar heç nə
anlamayacaq. Bunun hamısı tapmacadır.
- "Sənət o
zaman ölür ki, fantaziyadan mərhumdur”- bu fikirlər sizə məxsusdur. Rəsm
çəkməyə başlayarkən reallığamı, fantaziyayamı üstünlük verirsiniz?
- İndiyə kimi
reallıqdan hamı çəkib, indi də çəkirlər. Realizm rəssamlığın əsasında durur. Amma
sənət yalnız realizmdə ilişib qalırsa, bu, faciədir. Azərbaycanın Sovet
dövrünün rəssamlarının əsərlərinə baxanda bir az da təəssüf hissi keçirirəm.
Bilmirəm dövrdürmü, zəmanədirmi onları belə edib. Ona görə də bu əsərlərin çox
az bir hissəsi gedib gələcəyə çıxacaq. Kolxoza, quruculuğa həsr olunan əsərlər
bu gün önəm daşımır. Rəssam hər şeyi olduğu kimi görürsə, onu digər insanlar da
elə görür. Rəssam təbiəti, gerçəkliyi olduğu kimi görmür. Gördüyü mənzərənin arxasında
olanı üzə çıxarmağı və sənət kimi insanlara təqdim etməyi bacarmalıdır. Hətta
olmayanı çəkib göstərməyə belə, borcludur. Bu sənət həyatı insanlara inandırmaq
üçün yaranıb. Sənətin məqsədi insanları dünyaya inandırtmaqdır. Hər çəkilən
rəsm əsərində bir məna var. Ancaq bir məsələ var, o bunu nə qədər bacarır,
yaxud bacara bilirmi? Bunu nə dərəcədə ifadə etmək gücü var? Bu, rəssamdan
ustalıq tələb edir. Burda fantaziya, xəyal dünyası mütləqdir. Mənim çox dəyər
verdiyim rəssamlar cizgi filmi ustalarıdır. Çünki onlar uşaqlar üçün çox
maraqlı fantaziya yaradırlar. İstəyirlər ki, uşaqlarda maraq yaratsınlar.
Onların da hamısı yox. Bəzi cizgi filmləri uşaqları qabalaşdırır, uşaqlığından
ayırır. Nə janr olursa-olsun, orada fantaziya və romantikanı çox sevirəm.
- Sizin
əsərlərinizdə də bu, hiss olunur. Bəs həyatda necə, romantiksinizmi?
- Deməzdim
ki, romantikəm. Mən reallığı hər zaman nəzərə alıram. Ancaq romantikadan məhrum
deyiləm. Əsil romantik gerçəkliyi düzgün nəzərə alandır. Misal üçün, Hüseyn
Cavid çox romantik insan olub. Ancaq biz həyatı onun qədər bilə bilərikmi?
Görün nə qədər həyatı incəliyinə qədər dərindən bilib. Təəssüf ki, gerçəklik
özü romantik deyil, üzücüdür, zəhlətökəndir. Ancaq sənətkar həmin romantikanı
yaratmağa məcburdur, çünki o, həyata inanmağa və başqalarını inandırmağa
məcburdur.
- Siz
Azərbaycanda Karikatura Evinin yaradıcılarından olmusunuz. Ancaq təəssüf ki,
indi onun fəaliyyəti haqqında heç bir məlumatımız yoxdur.
- 2004-cü
ildə yaradıldı, İçərişəhərdə, indiki Muğam Teatrında. Oranın rəhbəri Arif
Qazıyev mənə yer verdi və biz orda fəaliyyət göstərdik. Orada beynəlxalq və
yerli sərgilər keçirdik, maraqlı tədbirlərimiz oldu, müəyyən səbəblərdən belə
qərara alındı ki, oranın fəaliyyəti dayansın. Çox böyük istəyim var ki,
Azərbaycanda belə bir qurum yaradılsın. Dünyanın hər yerldərində karikatura
evləri var və turistlərin ən çox maraq göstərdiyi ünvanlardan biridir.
Karikatura rəssamlığın ən çətin janrıdır. Hamı əlinə fırça alıb ayağı-başı
bilinməyən tablolar yarada bilər, əncaq hər kəs karikatura yarada bilməz.
Karikatura düşüncə tələb edir.
- Əvvəllər
qəzet səhifələrində karikaturalara geniş yer verilirdi. İndi isə buna rast
gəlmirik. Sizcə, bu nədən qaynaqlanır?
- Açığı,
təkliflər yoxdur. Yəqin ki, qəzetlərin maddi vəziyyəti bir qədər çətindir. On
il ardıcıl qəzetlərə karikatura çəkmişəm. Onlardan yaxşı qonorar almışam. 1995-ci
ildən 2005-ci ilə qədər. İnsanlar karikaturanı vəzifəli insanın tənqidi kimi
başa düşürlər. Bu, karikaturada mövzu
ola bilər. Ancaq karikatura özü janr kimi insanların düşündüyü dar çərçivələrdə
deyil. Karikatura sənətinin çox böyük tarixi ənənəsi olsa da, biz onu yaşada
bilmədik.
Xəyalə Rəis