AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Rəşad Mahmudov: “ASAN xidmət” sayəsində ölkəmizdə ictimai xidmətlər sahəsində inqilabi dəyişikliklər baş verib

Rəşad Mahmudov: “ASAN xidmət” sayəsində ölkəmizdə ictimai xidmətlər sahəsində inqilabi dəyişikliklər baş verib

Cəmiyyət
05 İyun 2020, 19:11 252
Son illər ölkəmizdə elektron hökumət sahəsində mühüm irəliləyişlər müşahidə olunur. Şəffaflığın və ictimai xidmətlərin səmərəliliyinin artırılması hökumətimiz qarşısında duran əsas hədəflərdəndir. Bu istiqamətdə ən mükəmməl layihələrdən biri də 2012-ci ildə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir (ASAN xidmət). Burada əsas məqsəd dövlət orqanlarının fəaliyyətində şəffaflığı artırmaq, vətəndaşlara daha keyfiyyətli və innovativ xidmətlər göstərməkdir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Rəşad Mahmudov söyləyib.
Agentliyin qısa müddətdə mühüm uğurlara imza atdığını qeyd edən deputat deyib: "Əsasən gənclərdən ibarət bu qurumun fəaliyyəti sayəsində Azərbaycan dünyanın bir çox ölkələri üçün nümunədir və tətbiq olunan model Azərbaycan brendi hesab olunur. "ASAN xidmət” sayəsində ölkəmizdə ictimai xidmətlər sahəsində inqilabi dəyişikliklər baş verib və innovasiyaların inkişafına çox böyük təkan verilib. Bu qurum hətta beynəlxalq araşdırmaların diqqət mərkəzinə çevrilib”.
R.Mahmudov qısa müddət ərzində ölkəmizdə 19 "ASAN xidmət” mərkəzinin istifadəyə verildiyini diqqətə çatdırıb. Qeyd edib ki, daha səkkiz mərkəzin tikintisi nəzərdə tutulur. Dünyada analoqu olmayan bu modelin üstünlüklərindən ən əsası budur ki, o, birbaşa vətəndaşlarla dövlət arasında əlaqələrin yaxınlaşmasına xidmət edir. İctimai xidmətlərin elektron şəkildə həyata keçirilməsi, vətəndaşlara göstərilən xidmətlərin rəqəmsallaşdırılması müasir dövrün tələbidir. "ASAN xidmət” mərkəzləri də məhz bu zərurətdən yaradılıb. Bundan başqa, qurum həm də əhalinin həyat standartlarının yaxşılaşdırılmasına xidmət edən vasitələrdən biridir. Bu cür mərkəzlərin tamam yeni fəlsəfədə tətbiq olunması təkcə ictimai xarakter daşımır, eyni zamanda, siyasi sabitliyə xidmət edir.
"Mən "ASAN xidmət” mərkəzlərinin sərrast iş prinsipləri, keyfiyyət standartları və personalın seçim qaydalarından tutmuş şəbəkənin genişləndirilməsinə qədər bütün fəaliyyəti Azərbaycan dövlətinin öz vətəndaşına müasir standartlar çərçivəsində və sivil qaydada yanaşmasından irəli gəlir. "ASAN xidmət” mərkəzləri dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini uğurla təmin edir və vətəndaşlarımız əvvəllər müxtəlif dövlət orqanlarından əldə etdikləri xidmətləri yalnız bir ünvana - "ASAN xidmət” mərkəzinə müraciət edərək ala bilirlər. Bu gün avropalılar da bu sistemin tətbiqinin yaxşı nəticələrini bildirirlər”, -deyə Milli Məclisin deputatı fikrini yekunlaşdırıb.