AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Rəqsanə meydan oxudu: “Axtaran tapar...”

Rəqsanə meydan oxudu: “Axtaran tapar...”

Mədəniyyət
12 Aprel 2013, 14:00 1937
“Axtaran tapar, yoğuran yapar”. Lent.az-ın məlumatına görə, bunu müğənni Rəqsanə İsmayılova “Facebook” sosial şəbəkəsində paylaşıb. Müğənnin paylaşdığı bu status böyük maraqla qarşılanıb.

Qeyd edək ki, müğənni Rəqsanə İsmayılovanın MDB məkanında beynəlxalq axtarışa verilməsi barədə mediada xəbərlərdə dolaşır. O, bir neçə nəfərin etimadından sui-istifadə edərək külli miqdarda pul mənimsəməkdə günahlandırılır.

İstintaq materiallarına əsasən, müğənni 2010-cu ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının səlahiyyətlərini “mənimsəyib”. Rəqsanə İsmayılova Binəqədi rayon sakini Samirə Ələsgərovaya qızının Tibb Kollecinə qəbuluna kömək edəcəyini vəd edib. Bunun müqabilində o, Samirə Ələsgərovadan 5 min manat alıb. Lakin onun qızı 2010-cu ildə Tibb Kollecinə qəbul olunmayıb, müğənni isə Samirə Ələsgərovanın telefonlarına cavab verməməyə başlayıb. Samirə Ələsgərova müğənninin anası Adilə İsmayılova ilə əlaqə saxlayıb. Uzun danışıqlardan sonra 2012-ci ilin ortalarında Samirə Ələsgərovaya bu məbləğin cəmi 200 manatı qaytarılıb. Samirə Ələsgərova yenidən Rəqsanə İsmayılovadan pulun qalanını qaytarmağı tələb edəndə isə müğənni pulunun olmadığını, həmin pulu qaytarmağa hazırlaşmadığını və zərərçəkənə hara istəyir şikayət edə biləcəyini söyləyib.

Rəqsanə İsmayılovadan şikayətçi olanlar arasında keçmiş prodüseri Təranə Səmədova da var. Müğənni Suraxanı rayonunda özünə məxsus torpaq sahəsini Təranə Səmədovaya satacağını vəd edib və 2010-cu il oktyabrın 26-da ondan 27 min manat alıb. Lakin müğənni torpağın alqı-satqısını rəsmiləşdirməkdən yayınıb. Daha sonra isə pulu geri qaytarmaqdan imtina edib.