Rəqsanə beynəlxalq axtarışa verildi

Rəqsanə beynəlxalq axtarışa verildi

Mədəniyyət
10 Aprel 2013, 10:47 1435
Lent.az-ın vesti.az saytına istinadən verdiyi məlumata görə, Suraxanı Rayon Polis İdarəst 1979-cu ildə Qəbələdə anadan olan Rəqsanə İsmayılovanı dələduzluqla bağlı axtarışa verib.

Bu gün isə müğənni MDB məkanında beynəlxalq axtarışa verilib. Rəqsanə İsmayılova bir neçə nəfərin etimadından istifadə edərək böyük məbləğdə pul mənimsəməkdə günahlandırılır. Hələ 2012-ci ilin payızında böyük məbləğdə pul mənimsəməkdə ittiham edilib. İstintaq materiallarına əsasən, müğənni 2010-cu ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının səlahiyyətlərini “mənimsəyib”.

Rəqsanə İsmayılova Binəqədi rayon sakini Samirə Ələsgərovaya qızının Tibb Kollecinə qəbuluna kömək edəcəyini vəd edib. Bunun müqabilində o, Samirə Ələsgərovadan 5 min manat alıb. Lakin Samirə Ələsgərovanın qızı 2010-cu ildə Tibb Kollecinə qəbul olmayıb, müğənni isə Samirə Ələsgərovanın telefonlarına cavab verməməyə başlayıb. Samirə Ələsgərova müğənninin anası Adilə İsmayılova ilə əlaqə saxlayıb. Uzun danışıqlardan 2012-ci ilin ortalarında Samirə Ələsgərovaya bu məbləğin 200 manatı qaytarılıb. Samirə Ələsgərova yenidən Rəqsanə İsmayılovadan pulun qalanını qaytarmağı tələb edəndə isə müğənni pulunun olmadığını, həmin pulu qaytarmağa hazırlaşmadığını və zərərçəkənə hara istəyir, şikayət edə biləcəyini söyləyib.

Rəqsanə İsmayılovanın qurbanları arasında keçmiş prodüseri Təranə Səmədova da var. Müğənni Suraxanı rayonunda özünə məxsus torpaq sahəsini Təranə Səmədovaya satacağını vəd edib və 2010-cu il oktyabrın 26-da ondan 27 min manat alıb. Lakin müğənni torpağın alqı-satqısını rəsmiləşdirməkdən yayınıb. Daha sonra isə pulu geri qaytarmaqdan imtina edib.

Müğənni 2011-ci ilin martında Faik Azayevdən də “Mersedes” markalı avtomobil alarkən onu aldadıb, vəd etdiyi pulu sonradan verməyib. Rəqsanə İsmayılova zavoda işə düzəltmək adı ilə Səbuhi Veysovdan da 8 min alıb. Səbuhi Veysov aldadıldığını başa düşəndə isə gec olub. Müğənni 2012-ci ilin oktyabrında Suraxanı rayonundakı 6 sot torpağını Surxay Əliyev adlı şəxsə satacağına söz verib, ondan 4 min manat alıb. Lakin o, torpağın sənədini Surxay Əliyevə verməyib.

Rəqsanə İsmayılovanın qurbanları arasında Heydər Əliyev adına Beynəlxalq Aeroportun əməkdaşı Babayeva Rəna Həbib qızı da var. 2008-ci ildə Rəqsanə İsmayılova Zamiq Vəliyev, qızı Aişə Namazlı və prodüseri Nigar Babayeva ilə Bakıdan Moskvaya uçub. Rəqsanə İsmayılovanın pulu olmayıb və Nigar Babayeva biletləri öz hesabına alıb. Müğənni Moskvadan geri dönəndə pulu qaytaracağına and içsə də, andına sadiq qalmayıb...

Suraxanı Rayon Prokurorluğu keçən il sentyabrın 5-də müğənni ilə bağlı cinayət işi açıb. Rəqsanə İsmayılovanın günahları sübuta yetirilsə, onu 7 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. Müğənni dəfələrlə polis tərəfindən ifadə verilmək üçün çağırılsa da, gəlməyib. O, 2013-cü il yanvarın 31-də Azərbaycanı tərk edib. Hazırda Moskvada yaşayır.