• cümə axşamı, 18 aprel, 21:36
  • Baku Bakı 21°C

Rəqqasə Oksana: “Sonsuzluqdan əziyyət çəkən 10 anaya övlad bəxş etmişəm”

17.06.14 09:35 4153
Rəqqasə Oksana: “Sonsuzluqdan əziyyət çəkən 10 anaya övlad bəxş etmişəm”
Rəqqasə Oksana Rəsulova yeni layihə üzərində çalışır. Bu barədə “Gənclik qəzeti”nə danışan rəqqasə layihəsinin Hindistanla Azərbaycan arasında bir körpü rolu oynayacağını deyir. Üzərində çalışdığı rəqslərindən ağız dolusu danışan Oksana ikinci sənətinin də maraqlı bir sahə olduğunu bildirdi. Rəqqasə bizimlə söhbətində əsas sənətinin qadın və dəri-zöhrəvi həkimi olduğunu, bu peşədə çalışmaq istədiyini, ancaq işə qəbul olmaq üçün tibb müəssisələri ondan külli miqdarda pul tələb etdiyini qeyd etdi.
Məni milyonlarla insan izləyir
- Eşitdik ki, “Eşq” adlı yeni bir rəqs kompozisiyası hazırlayırsınız.
- Bəli, bu möhtəşəm bir rəqs kompozisiyası olacaq. Həmin klipdə tələbələrimlə gözəl bir rəqs nümayiş etdirəcəm. Alov, eşq rəngi hesab olunan qırmızı rəngdə geyimlərlə rəqsimizi göstərəcəyik. Düşündük ki, əgər ürək qırmızı rəngdədirsə, eşq də qırmızı rəngdə olmalıdır. Klipi Atəşgahda çəkdik və həmin məkanı seçməkdə məqsədimiz odur ki, Azərbaycanın bu gözəl məkanını hər kəsə göstərək. Bu kliplə Azərbaycan Hindistan arasında mədəniyyətimizi mix etməyi düşündük. Rəqsi “Leyli və Məcnun” mövzusunun üzərində qurmaq mənim fikrim oldu. Hind dilində “Leyli və Məcnun” dastanı haqqında mahnını götürüb Nizami Gəncəvinin “Leyli və Məcnun” əsəri ilə üzləşdirdim. Klipin əvvəlində Nizami Gəncəvinin həmin əsərindən bir parça söylədim. Həm də orada qiraətçi kimi özümü göstərdim. Həmin rəqsdə eşqin əzabları, ölməsi, sonrakı qovuşması canlanacaq. Rəqsdə müsəlman rəqs elementləri olan Kathak janrını göstərəcəm. Sizi əmin edə bilərəm ki, bu çox maraqlı bir rəqs alınacaq. Ümumiyyətlə eşq harada varsa orada gözəllik var. Mən məhəbbət mövzusunu oxumağı, dinləməyi, rəqs etməyi xoşlayıram. Onu da qeyd edim ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi “Leyli və Məcnun” muzıklında iştirak etmişəm. Orada Zeynəb obrazını canlandırmışam. Həm də qiraətçi kimi çıxış etmişəm.
- Klip xarici ölkələrdə nümayiş olunacaqmı?
- Təbii ki! Ona görə də 4 aydır ki, bu klip üzrə hazırlaşırıq. Rəqslərdən tutmuş hər şeyə görə müzakirələr aparırıq. Məqsədimiz odur ki, klip gözəl məkanda lentə alınsın. Ümumiyyətlə, mənim bütün kliplərim gözəl məkanlarda çəkilir. Buna səbəb isə klipi izləyən xarici vətəndaşların vətənim haqqında gözəl fikirlər formalaşdırmaqdan ibarətdir. Sosial şəbəkələr vasitəsi ilə məni milyonlarla insan izləyir. Ən çox izləyicilərim isə Hindistan və Amerika vətəndaşlarıdır. Ona görə də yeni layihəmizdə Atəşgahı seçdik. Çünki ora Azərbaycanın qədim və gözəl məkanlarından biridir. Qoy hər bir ölkə Azərbaycanın necə səfalı, gözəl bir ölkə olduğunu görsün.
Sevib ailə qurmuşdum
- Bir neçə ay bundan öncə demişdiniz ki, artıq eşqdən danışmayacaqsınız. Ancaq bu dəfə özünüz rəqsinizlə eşqdən danışırsınız.
- Mətbuat nümayəndələrindən xahiş etmişəm ki, şəxsi həyatımla, xüsusilə də eşqdən, məhəbbətlə bağlı mənə suallar verilməsin. Hələ ki, həyatımda nə eşq, nə də ki, məhəbbət var. Ancaq ümumilikdə deyə bilərəm eşq gözəl bir hissdir. Eşqdən danışıramsa bu o demək deyil ki, hansısa bir kişini sevim və onunla aramızda eşq yaransın. İnsanın hər şeyə eşqi yarana bilər. Belə ki, insan ətrafını, təbiətini, valideynlərini sevə bilər. Ətrafımda bir-birlərini sevib, evlənən cütlükləri görəndə çox sevinirəm. Çünki onların arasında eşq var. Mənim də həyatımda eşq olub. Elə hesab edirəm toyum olan gün ömrümün ən gözəl günü idi, çünki mən sevib ailə qurmuşdum. Sevdiyim insana ərə getmişdim. Bundan sonra isə kimləsə ailə həyatı qurmaq mənlik deyil.
- Oksana xanım, dünyaca məşhur aktyor olan Shah Rukh Khanın burada da kifayət qədər fanatları var. Siz onunla görüşünüzdə nələrdən danışdınız? Ümumiyyətlə o, Azərbaycan haqqında məlumatlıdırmı?
- Shah Rukh Khanın Azərbaycan haqqında kifayət qədər məlumatlıdır. İki il bundan qabaq onun doğum günündə mənim və Shah Rukh Khanın Fan səhifəsinin təşkilatçılığı ilə onun ən gözəl filmlərindəki musiqilərdən ibarət rəqs hazırladım. Aktyorun doğum günü rəqsində onun pərəstişkarlarından 45 nəfər ilə bu rəqsi təqdim etdik. Biz o rəqsi Xəzər dənizinin kənarında nümayiş etdirdik. Həmin məkanı seçməkdə məqsədimiz isə bütün Azərbaycanı göstərmək istəyi idi. Klipin bir çox ölkələr tərəfindən izləniləcəyini düşündük və bir növ ölkəmizi də həmin klipdə təbliğ etdik. Shah Rukh Khan sosial şəbəkədə həmin klipi izləyib və mənə təşəkkürünü bildirmişdi. Ondan sonra isə bizim onunla görüşümüz oldu və o, məni tanıdı. Aktyor Azərbaycan haqqında müxtəlif kitablar oxuyub və vətənimiz haqqında kifayət qədər bilgiyə sahibdir. Shah Rukh Khan bildirdi ki, Azərbaycana gəlmək istəyir.
- Bizə maraqlıdır qadın həkimi kimi məsuliyyətli bir işi qoyub nə üçün qalmaqallı, problemli olan hind rəqqasəsi peşəsini seçdiniz?
- Mən rəqqasəlik sənəti ilə uzun müddətdir məşğul oluram. Akademiyaya daxil olmamışdan qabaq rəqslə məşğul olurdum və xeyli nailiyyətlərim var idi. Ondan sonra Akademiyaya daxil oldum, ali savadlı mütəxəssisə çevrildim. Bu gün mənim iki təhsilim var. Əsas təhsilim genikoloqdur. İkinci təhsilim isə dəri-zöhrəvi həkimidir. İndiyə kimi mənim öz xəstələrim olub. Sonsuzluqdan əziyyət çəkən 10 anaya övlad bəxş etmişəm. Hansı ki, onlar uzun illər sonsuzluqdan əziyyət çəkirdilər. Göydə Allahın, yerdə mənim müalicəmlə o övladlar dünyaya gəlib. Rusiyada yaşayanda bir əlimdə iki qarpız tuta bilirdim. Həm festivallarda iştirak edirdim, həm də məşqlərimə vaxt ayırırdım. Eyni zamanda öz işimlə məşğul olmağa vaxt da tapırdım. Ancaq Azərbaycana gələndə hər şey başqa cür oldu. Buraya gələndə işləmək üçün hər yerə CV-mi göndərdim. İşə qəbul olmaq üçün müxtəlif yerlərdə tanışlarım da var idi. İşləmək üçün məndən xeyli miqdarda pul tələb etdilər. Mən nə üçün 25 min manat pul verib işləməliyəm? Pul verib işə qəbul olmaq istəmədim. Baxmayaraq ki, mənim əlimdə iki qırmızı diplomum var idi. İndi nadir hallarda olur ki, hansısa bir həkimin iki diplomu olsun. Bu kimi hallara görə daxilimdə böyük bir küskünlük yarandı. Mənim ali savadım, qabiliyyətim var. Ancaq vəziyyətin belə olduğunu görüb, hind rəqqasəliyi ilə məşğul oldum. Fikirləşdim ki, belə işləməkdənsə işləməməyim daha məqsədəuyğundur.
Səsim bəzi müğənnilərdən qat-qat yaxşıdır
- Hind rəqqasəsi kimi sizi tanıdıq, aktrisa kimi efirlərdə rollarınızı gördük, hətta rep oxumağınızı da eşitdik. Bizim bilmədiyimiz hansısa başqa bacarığınız varmı?
- Bütün bunlardan əlavə, hərdən mahnı da ifa edirəm. O da yalnız kommersiya xarakterli layihələrdə. Əslində mən müğənni olmaq istəmirəm, heç olmaram da. Eşitsəniz ki, Oksana mahnı oxumağa başlayıb, o zaman bilin ki, bu sadəcə olaraq layihəyə görədir. Ancaq onu da qeyd edim ki, səsim bəzi müğənnilərdən qat-qat yaxşıdır.
- Bildiyimiz qədər çalışdığınız peşə elə də gəlirli sahə deyil.
- Düzdür, bu sahə elə də gəlirli sənət deyil. Ancaq qazandıqlarım mənə yetərincə bəs edir. Mənim layihələrim, proyektlərim, tələbələrim var. Azdan-çoxdan özümü idarə edə bilirəm.
- Haqqınızda demək olar ki, hər gün mətbuatda yeni xəbərlər yayımlanır. Bu nə ilə əlaqədardır?
- Mən bir yerdə dayanan insan deyiləm, dayansam məhv olaram. Boş dayana bilmirəm, bu, mənim xarakterimdir. İşlərim o qədər çoxdur ki, bunlar haqqında da mətbuatda xəbər yayılır. Hər gün yeniliklər edirəm və hər şeyin yaxşı olmasını istəyirəm.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər