“Rəqiblərdən üstün ol” şüarını devizə çevrən layihə rəhbəri - Olimpdəkilər

“Rəqiblərdən üstün ol” şüarını devizə çevrən layihə rəhbəri - Olimpdəkilər

Gənclik qəzeti
04 Oktyabr 2019, 11:34 643
"Layihəmizin əsas meyarı əşyaların internetidir. Bu, hazırda dünyanı idarə edən texnologiyadır və elə bir sahədir ki, gündən-günə yenilənir. Ona görə, mən də yeni çağırışları qəbul etməyə çalışıram. Hələ ki, daha çox təcrübə qazanmaqla şirkətimi böyütmək istəyirəm. Necə deyərlər, karvanı yolda düzəldərlər” - bu sözləri bizimlə söhbətində "WASCO-Smart Waste Collection System” adlı layihəsi ilə "Yeni Fikir VI" startap müsabiqəsinin qalibi Tural Zəkəryəzadəsöylədi. 
 
Milli Aviasiya Akademiyasının məzunu olan Tural hazırda qalibi olduğu  "WASCO-Smart Waste Collection System” layihəsinin veb-direktorudur. Müsahibim deyir ki, hələ universitetdə oxuduğu müddətdə müxtəlif startap layihələri üzərində çalışıb: "Əslində, ixtisasım sırf texnologiya ilə bağlıdır. Aviasiya elə sahədir ki, daim yenilənmiş texnologiyadan istifadə olunur. Universitetə daxil olanda startap təlimlərinə qatılmağa başladım. 2017-ci ildə təhsillə bağlı bir layihə hazırlamışdım və  uğurla başa çatdı. Həmin layihə nazirlik tərəfindən birinci yerə layiq görüldü. Daha sonra fikirləşdim ki, bu işi böyütmək lazımdır. Beləliklə, komanda yaratmaq qərarına gəldim”.
 
Layihədə optimal yol xəritəsi də təklif olunur
 
"WASCO-Smart Waste Collection System” layihəsindən daha əvvəl də müxtəlif startap layihələrində iştirakçı olan Tural deyir ki, 40 ölkənin iştirak etdiyi və dünyanın ən böyük "yaşıl biznes” layihəsi sayılan "Climate Launchpad 2018” platformasında ölkə finalçısı olaraq Azərbaycanı təmsil edib: "Azərbaycandan finala 3 nəfər qalmışdı, onlardan biri də biz idik. Həmin vaxt komanda olaraq Azərbaycanı Şotlandiyanın Edinburq şəhərində təmsil etdik. Orada xarici investorlarla görüşmək, müzakirələr aparmaq imkanımız oldu. Bu ilin mart ayında isə Bəhreyndə keçirilən "Bahrain Startup Week” və "Bahrain Deep Tech Bootcamp 2019”-da müxtəlif təlimlərdə iştirak etdik. Sözügedən "bootcamp”da dövriyyəsi milyonları aşan nəhəng şirkətlər var idi. Biz də öz layihəmizlə qalib olaraq 25 min dollar məbləğində mentorluq paketi əldə etdik. Daha sonra "Yeni fikir” layihəsi haqqında maraqlandıq. Əslində, bu layihəyə ötən il qoşulmaq istəyirdik, ancaq müəyyən səbəblərə görə alınmadı. Bu il müsabiqəyə müraciət etdikdə ilkin mərhələdən keçdik. Daha sonra yarımfinal mərhələsi oldu və münsiflərlə görüşdük. Münsiflərə öz layihəmiz haqqında ətraflı məlumat verdik, ilkin versiyanı onlara təqdim etdik. Sonda 15 layihə ilə birlikdə finala qaldıq. Finalda öz platformamızın necə işləməsini göstərdik və birinci yerə layiq görüldük”.
 
Müsahibimiz deyir ki, "WASCO-Smart Waste Collection System” layihəsinin əsas məqsədi ətraf mühiti və ekologiyanı qorumaqdır: "Layihə reallaşdıqdan sonra tullantıların toplanması prosesini daha ağıllı vəziyyətə gətirdik. İşləmə mexanizmi isə çox sadədir. Tutaq ki, bir bələdiyyənin hər hansı şəhərdə 500 zibil qutusu var.  Bu zibil qutuları gün ərzində ən azı iki dəfə, ayrı-ayrılıqda yoxlanışdan keçirilir. Halbuki hansı zibil qutusunun dolu, ya boş olması haqqında məlumat olmur. Bəzi zibil qutuları bomboş olsa da, digərləri dolub daşır və ətrafı çirkləndirir. Mən bu problemi bir müddət idi ki, müşahidə edirdim. Komanda yoldaşlarımla bu problemi necə həll edəcəyimizi düşündük. Beləliklə, bir aparat hazırladıq və zibil qutularına yerləşdirdik. Bu aparat qutuların dolluluq səviyyəsini, temperaturu haqda ətraflı məlumatları göstərir. Daha sonra proqram təminatı hazırladıq. Beləliklə, bələdiyyə həmin aparat vasitəsi ilə zibil qutularını müşahidə edə bilir. Hansı ərazidə hansı qutuların dolu, yaxud boş olmasını müşahidə etmək olur. Layihədə optimal yol xəritəsi də təklif olunur. Tullantıları toplayan şəxslər xəritədən istifadə edərək yanacaq xərclərinə 50 faizə qədər qənaət etmiş olur. Çünki onlar boş zibil qutularına əlavə yanacaq xərcləmirlər. Yanacaqla yanaşı, maşının digər xərclərinə də qənaət olunur. Həm də bələdiyyələr öz işçilərini optimal şəkildə idarə edirlər. Əslində bu layihə "Ağıllı şəhər” konsepsiyasının bir qolu hesab olunur. İndiki dövrdə ətraf mühitin qorunmasında proseslərin avtomatlaşdırılması çox vacibdir. Biz də öz ideyamızla bu prosesə dəstək olmaq istədik”.
 

 
Həmin pulun bizə böyük dəstəyi oldu
 
Gənc proqramçı deyir ki, layihənin ideyası gündəlik təcrübələri və müşahidələri əsasında meydana çıxıb: "Mən Nizami rayonunda yaşayıram. Həmin ərazidə ən böyük problem zibil qutuları ilə bağlıdır. Hər gün səhər saat 8-də zibil maşınları gəlir, bir saata bir zibil qutusunu boşalda bilirlər. Bu zaman isə yaranan səs-küy məni yatmağa qoymurdu. Halbuki 3 qutudan cəmi ikisi dolu olsa da, zibil maşınına görə yol bağlanır, maşınların hərəkəti dayanırdı. Buna görə də, həmişə bu problemin həlli haqqında düşünürdüm. Dünya təcrübəsinə də müraciət etdim. Komanda yoldaşım Orxan və mən daha əvvəl də belə layihələr hazırladığımıza görə, fikirləşdik ki, bir aparat yaratmaqla bu problemi həll edə bilərik. Əgər xüsusi cihaz qutular haqqında məlumat verə bilsə, bu, işimizi asanlaşdırar. Yol xəritəsi isə taksi aplikasiyaları kimi işləyir. Yəni dolu olan zibil qutuları yol xəritəsində göstərilir”.

Əvvəlcə layihənin prototipini hazırlayan komanda qalib olduqdan sonra bu prototipi işlək vəziyyətə gətirib: "Növbəti mərhələdə layihəni təkmilləşdirdik. "Yeni Fikir” layihəsində qazandığımız maddi dəstəyi layihənin pilot testlərinə ayırdıq. Azərbaycanda və xaricdə yerləşən müxtəlif bələdiyyələrlə danışdıq. Həmin bələdiyyələrdə bir həftəlik və bir aylıq pilot testlər həyata keçirdik. Layihədən qazandığımız pulla onun xərclərini qarşılamağa çalışırıq. Bu mənada həmin pulun bizə böyük dəstəyi oldu. Çünki biz testlərə başlayanda maddi çətinliklə üzləşdik. Bəzən elə olurdu ki, öz cibimizdən pul qoyurduq. Hazırda BP şirkətinin və "Yeni Fikir” layihəsinin bizə göstərdiyi maddi dəstək, pilot testlərimizi intensiv şəkildə aparmağa kömək edir”.

Müsahibim deyir ki, hazırda komanda yoldaşları ilə birgə öz şirkətini qurub: "Ölkədə satışları həyata keçiririk. Artıq bir neçə qurumlara satışlarımız olub. Həmçinin akselerasiya proqramlarının birinə qəbul olmuşam. Bu proqram bizə maddi investisiya ayırmaqla yanaşı,  həmin ərazidə böyüməyimizə kömək olacaq. İndi əsas məqsədimiz şirkətimizi daha da böyütmək və xarici bazarlara çıxış əldə etmək, satışları həyata keçirməkdir”.
 

 
Həyat tərzinə çevrilən iş 
 
Hələlik Turalın komandasında daimi olaraq 3 nəfər fəaliyyət göstərir: "Mən proqram təminatı ilə məşğul oluram, yəni web-developerəm. Eyni zamanda, layihənin məsul menecerliyi işini də görürəm. Komanda yoldaşım Orxan Aslanov araşdırma işləri ilə məşğuldur. O, yeni bazarların tapılmasına və layihəmizin genişlənməsinə kömək edir. Digər komanda yoldaşım Gülnar Absalamova isə layihənin marketinq işlərinə məsuldur. Həmçinin layihənin maliyyə işlərinə də o nəzarət edir. Bundan əlavə, bizə proqram təminatında kömək edən proqramçı var. Müəyyən məqamlarda ondan da dəstək alırıq”.

Həmsöhbətim düşünür ki, startap layihəsinin uğurlu olmasının 90 faizi komandadan asılıdır: "Çünki komanda meyarı burada əsas rol oynayır. Önəmli olan, komandaya düzgün insanları cəlb etməkdir. Əgər doğru insanlarla işləyirsənsə, uğur qazana bilərsən. Həmçinin, komanda daxilində münasibətlər də normal olmalıdır. Bizim əsas məqsədimiz layihəmizi dünya markasına çevirib, onu bütün dünyada tanıtmaqdır. Bunun üçün də hər birimiz gecə-gündüz çalışırıq. İşə gəlincə, iş bölgüsünü öz aramızda təyin edirik. Komandada hər kəsin cavabdeh olduğu vəzifə var. Yalnız bu halda şirkət daha tez və sürətlə böyüyə bilir”.
 
Hazırda yaxın Şərq ölkələri ilə işlədiklərini söyləyən müsahibim orada pilot testlər apardığını bildirdi: "Tullantıların idarə olunmasında problem olan istənilən ölkə bizim potensial bazarımız sayılır. Komandanın inkişafı həm də komanda üzvlərinin inkişafıdır. Məqsədimiz və inancımız bu şirkətlə bağlıdır. Bizim komanda olaraq işlətdiyimiz bir ifadə var ki, təkəri yenidən ixtira etməyə ehtiyac yoxdur. Bu artıq bizim devizimizə çevrilib. Xüsusilə proqram təminatı sahəsində bu, daha vacibdir. Bu sahədə demək olar ki, böyük ixtiralar edilib. Bizim məqsədimiz həmin sahədəki boşluqları görüb daha da optimallaşdırmaqdır. Əslində bu yenilikləri axtarıb tapmaq  mənim üçün əyləncə vasitəsidir. 4 il ərzində gördüyümüz iş artıq mənim həyat tərzimə çevrilib. Müəyyən boşluqları tapıb bu sahə üzrə işləyərək "rəqiblərdən üstün ol” şüarı bizim devizimizə çevrilib”. 
 
Şəbnəm Mehdizadə