• çərşənbə, 24 Aprel, 23:24
  • Baku Bakı 23°C

Rəqibimizin baş məşqçisi: “Bizdə futbolçular başqa yerlərdə işləyir, axşam məşqə gəlirlər“

13.08.13 09:41 1599
Rəqibimizin baş məşqçisi: “Bizdə futbolçular başqa yerlərdə işləyir, axşam məşqə gəlirlər“
Malta yığmasının baş məşqçisi Petro Qedin bu gün mətbuat konfransı keçirib. Apasport.az saytı xəbər verir ki, tədbirə 45 dəqiqə gecikdiyi üçün media nümayəndələrindən üzr istəyən mütəxəssis millimizlə oyunun maraqlı alınacağını bildirib.
- Azərbaycan yığmasına qarşı oynamaq maraqlıdır. Həm yeni, həm də köhnə futbolçuları yoxlamaq baxımından millinizlə oynamaq gözəl fürsətdir.
- Sizi hansı nəticə qane edəcək?

- Azərbaycanla oyunda hesab haqda düşünmürük. Əsas futbolçuların yaxşı oynamasıdır. Mənim üçün ən vacibi meydanı razı qalacağım oyunla tərk etməkdir.
- Azərbaycan millisi haqda hansısa məlumatınız var?

- Bilirəm ki, Azərbaycan yığmasının səviyyəsi var. Mübariz komandadır, heç də zəif deyil. Şimali İrlandiya və Lüksemburqla matçları izləmişəm. Millimiz yaxşı təsir bağışlayıb.
- Ermənistana rəsmi görüşdə qalib gəlmisiniz. Bu komandanı Azərbaycanla müqayisə edə bilərsiniz?

- Deməliyəm ki, Ermənistan yığması mənim üçün yaxşı təsir bağışladı. Düzdür, güclənməlidir. Ancaq ötən seçmə mərhələdə 17 xal toplamışdı ki, bu da güclü, təcrübəli olduğunu göstərir. Hər halda, Azərbaycan yığması da yaxşı komandadır.
- Malta ilə Azərbaycanın klublar səviyyəsində qarşılaşması oldu. Bu, “Slima” ilə “Xəzər Lənkəran”ın oyunudur. Həmin görüş sizdə hansı təəssürat oyatdı?

- Bunlar fərqli oyunlardır. Malta millisinin oyun tərzi “Slima”dan fərqlənir. Düzdür, həmin komandadan 3 futbolçu indi yığmadadır. Ancaq onların sabah əsas heyətdə yer alacağına əmin deyiləm.
- “Xəzər Lənkəran”ın həmin matçlarda oynamış futbolçuları haqda məlumatınız var?

- Xeyr. Neçə futbolçusu var?
- 3.

- Sizə sual vermək olar?
- Buyurun...

- Millinizin Şimali İrlandiya və Lüksemburqla oyunlarında heyətdə çox böyük dəyişikliklər oldu. Bu, nə ilə bağlıdır?
- Bu, baş məşqçi Berti Foqtsa aid sualdır. Əslində, bunu zədə, cəza problemləri ilə əlaqələndirmək olar. Adətən rəqib baş məşqçilər öz komandalarını düşündüklərini deyirlər. Ancaq siz Azərbaycan yığmasını çox diqqətlə izləmisiniz...

- Malta kiçik ölkədir. Almaniya, İtaliya kimi böyük ölkə deyilik ki, seçim imkanımız geniş olsun. Mən özümə, futbolçulara, rəqibə qarşı tələbkar olmağa çalışıram. Bizdə futbolçular başqa yerlərdə işləyir, 6-dan sonra məşqə gəlirlər. Yığmamızda futbolçu azdır.
banner

Oxşar Xəbərlər