• çərşənbə axşamı, 16 aprel, 13:26
  • Baku Bakı 19°C

Rəqəmsal yayıma keçidin detalları aydın oldu

29.12.13 11:42 7130
Rəqəmsal yayıma keçidin detalları aydın oldu
Qonşumuz Mədət dayı hər dəfə rastlaşanda sual edir: “Ay qızım, sən bilərsən, bu telekanallar niyə belə tez-tez dəyişir?” Mədət dayıgilin evində rəqəmsal televiziyadır – yerli kanallarla birlikdə 22 kanal tutur. Amma xarici kanallar tez-tez dəyişir.
Mədət dayı da deyir ki, bunu verirlərsə normal versinlər, vermirlərsə biryolluq kəssinlər: “Hər gün deyirlər rəqəmsal yayıma keçirik, rəqəmsal yayım budusa istəmirik. Bir kanalı verirlər, ordakı verilişlərə öyrəşirik, bir aydan-iki aydan sonra dəyişir, yerinə başqasını verirlər, di gəl indi də buna öyrəş”. Bir neçə gün öncə isə qonşum belə bir sual ünvanladı mənə: “Bəs bu rəqəmsal yayım dedikləri noldu, niyə çoxlu kanal göstərmir, elə bu baxdıqlarımız olacaq görüb-görəcəyimiz?”
Mədət dayının suallarına cavab tapmaq üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Teleradio İstehsalat Birliyinin texniki direktoru Mikayıl Abbasovla əlaqə saxladıq. “Rəqəmsal yayıma keçid hansı mərhələdədir” sualına cavab verən M.Abbasovun sözlərinə görə, artıq yayım şəbəkəsinin qurulması tam başa çatıb və şəbəkə respublikanın 96 faizini əhatə edir: “Bu şəbəkədə 83 ədəd güclü rəqəmli televericilər istifadə olunur ki, bu da respublika əhalisinin 95 faizini əhatə edir. Bu vericilərdən 10-u kommersiya tiplidir ki, onlardan da 6-sı Bakıda, 4-ü Gəncədə istismar olunur. Yerdə qalan 73 verici sosial paketə daxil olan proqramları yayımlayır. Sosial paketə daxil olan kanallar dövlət və özəl televiziya kanallarıdır. Onların ümumi ölkəyə yayım hüququ var, həmçinin Türkiyənin TRT televiziyası. 9 yerli, 1 də TRT respublikanın hər yerinə yayımlanır və əhalinin 97 faizə qədəri bu yayımı tam qəbul edir”.
İkinci paket isə kommersiya xarakterlidir. Bu paket hazırda 22 kanal yayımlayır və test məqsədilə verilib. M.Abbasovun sözlərinə görə, yanvarın ilk həftəsindən həmin kanallar yayımdan çıxarılacaq: “Bu kanallar iki il müddətinə test məqsədilə verildi ki, rəqəmsal yayım əhaliyə tanıdılsın, maraq artsın. Çünki insanlara başa salmaq olmur ki, analoq yayımla rəqəmsal yayımın fərqi nədir. Artıq bizdə olan statistik məlumatlara görə, rəqəmsal yayıma keçid faizi yüksəkdir. Əgər kimsə əlavə xarici kanallara baxmaq istəyirsə, Bakıda “ATV+” şirkətindən aylıq qiyməti 9 manat olmaqla 96, Gəncədə və ətraf rayonlarda 6 manat olmaqla 60 kanala rəqəmsal yayım üzərindən baxa bilər. Növbəti ilin ilk yarısında respublikanın şimal, ikinci yarısında isə cənub bölgəsinə rəqəmsal yayımın paketləri təqdim olunacaq”.
Bəs, çanaq antenaları ləğv olunacaqmı? Suala cavab verən M.Abbasov bildirdi ki, belə bir qadağa yoxdur və olmayacaq: “Kimsə başqa kanallara baxmaq istəyirsə, bunu qadağan edə bilmərik ki. İnsanlar çanaq antenalardan itifadə edib istədiyi kanallara baxa biləcəklər. Lakin şəhərin mərkəzində eyvanlara qoyulan, binaların görkəminə xələl gətirən formada qoyulan antenaların məsələsi həll ediləcək. Ya onlar binanın üzərinə qaldırılacaq, ya da həmin ərazidə kabel televiziyası varsa, ona qoşulması təklif ediləcək. Yoxsa heç bir qadağa yoxdur. Türkiyədə, Avropa ölkələrində necə insanlar paralel yayımlardan itifadə edirlər, bizdə də elə olacaq. Bir şeyi də qeyd edim ki, Avropada 60 santimetrdən hündür çanaq antenalarının istifadəsi qadağandır. Bu, həm şəhərin görkəminə pis təsir göstərir, həm də insanların sağlamlığına”.
Kanalların tez-tez yerini dəyişməsinə gəlincə, M.Abbasov bildirdi ki, sosial paketdə yayımlanan kanalların nə adları, nə özləri dəyişə bilməz: “Söhbət ikinci – kommersiya paketindən gedir, bayaq dediyim kimi, bu paket test məqsədilə təqdim olunub. Kanallar çıxarılır, yenisi əlavə edilir ki, görək yayım necədir. Bu, bilirsiniz ki, yeni texnologiyadır və testi aparılmalıdır. Hər formatda kanallar verilir ki, şəbəkənin effektivliyi müəyyənləşdirilsin”. İkinci paketdə təqdim olunan kanalların sayı da gələcəkdə artırıla bilər: “Bu gün “ATV+” 96 kanal verirsə, B&B TV, “Konnekt” 120 kanal verir. Əlbəttə, rəqabət üçün “ATV+” kanalların sayını 150-yə qaldırmaq istəsə, sadəcə, avadanlıq alıb qurmaqla bunu edə bilər”.
Qeyd edək ki, televiziyalar iki halda rəqəmsal yayımı dəstəkləyir – özlərinin daxili yaddaşı ilə və əlavə qoşulmuş xüsusi dekoderlə. Dekoderlər hazırda 30-50 manata satılır. Milli Televiziya və Radio Şurası əhalinin aztəminatlı təbəqəsini dekoderlə təmin etmək üçün ölkə başçısına müraciət edib. Şuradan bildirilir ki, Azərbaycanda olan təxminən 132 min aztəminatlı ailənin xüsusi avadanlıqla təmin olunması üçün bir neçə milyon manat vəsait lazımdır.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər