• cümə, 29 Mart, 03:05
  • Baku Bakı 7°C

"Rəqəmli yayıma keçmək günün tələbi idi"

29.09.16 13:06 3068
"Rəqəmli yayıma keçmək günün tələbi idi"
"Bu ilin sonuna qədər Azərbaycanda analoq televiziya yayımı dayandırılacaq”.Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclasında rəqəmli yayıma keçidlə bağlı qəbul edilən qərar əhali üçün bir sıra suallar ortaya çıxarıb. Qeyd edək ki, qərar ölkə başçısının 20 sentyabr 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı” nın həyata keçirilməsi üzrə Tədbirlər Planına əsaslanıb. Belə ki, Bakıvə Abşeron yarımadasında yerüstü yayımlanan ümumölkə TV proqramlarının analoq yayımının 01 noyabr 2016-cı il tarixdən dayandırılması qərara alınıb. O cümlədən, respublikanın digər bölgələrində yayımlanan TV proqramlarının yerüstü analoq yayımı 1 dekabr 2016-cı il tarixdən etibarən dayandırılacaq. Analoq yayımın dayandırılması və rəqəmli yayıma keçiddə ölkəmizin Beynəlxalq Telekommunikasiya İttifaqı qarşısında öhdəliyi də əsas götürülür.
Qərara görə, teleradio yayımçılarına ölkə ərazisində yerüstü yayımlanan TV proqramlarının analoq TV qəbulediciləri ilə izlənilməsi üçün DVB-T standartına uyğun olan dekoderlərin ("Set-Top-Box”-ların) istifadəsi ilə bağlı maarifləndirmə tədbirlərinin aparılması tövsiyə edilib. Digər müvafiq qurumlar, eyni zamanda ölkəmizdə fəaliyyət göstərən sahibkarlar DVB-T standartına uyğun olan dekoderlərin ("Set-Top-Box”-ların) satışının təşkilinin təmin edilməsini həyata keçirəcəklər.
Milli Televiziya və Radio Şurasının Texniki şöbəsinin müdiri İsa Məmmədov "Kaspi”yə müsahibəsində rəqəmli televiziya yayımın keçidin zərurəti və üstünlüklərindən danışıb.
- MTRŞ-nın qərarı ilə ilin sonuna qədər ölkədə analoq televiziya yayımı dayandırılacaq. Rəqəmli televiziya yayımına keçid bu sferada nəyi dəyişəcək? Ümumiyyətlə, rəqəmli yayıma keçid zərurəti nədən yarandı?
- Rəqəmli televiziya yayımının keyfiyyət göstəriciləri yüksək olur. Artıq dünyanın əksər ölkələrində bu yayıma keçiblər. Biz bu şəbəkəni qurmuşduq. Şəbəkə həmişə qəbuledici tərəfdən məhdudlanır. Verici şəbəkəni qurmaq o qədər çətinlik törətmir. Biz vericiləri qurduq, şəbəkə yarandı və təminat var. Bu gün ölkə əhalisinin 99 faizi rəqəmli televiziya yayımı ilə əhatə olunub. Amma əhalidə bu rəqəmli televiziya qəbuledicilərinin olmasını gözləyirdik. Aparılan sorğulardan məlum olub ki, əhalinin çoxunda qəbuledicilər var. Olmayanlar isə adicə dekoderlər alıb ("Set-Top-Box”-ların) analoq televizoruna qoşacaq və bunu qəbul edəcəklər. Nəticədə də keyfiyyət çox yüksək olacaq. İstər təsvirin, istərsə də səsin keyfiyyəti yaxşılaşacaq. Rəqəmli yayıma keçmək günün tələbi idi. Elə Avropa ölkəsi var ki, 2006-cı ildə, bəziləri 2009-da, çox ölkələr isə 2012-ci ildə analoq yayımını dayandıraraq rəqəmli yayıma keçiblər. Biz hələ bir qədər də analoq yayımı ilə rəqəmli yayımı paralel aparıb əhalinin bu prosesə hazır olmasını gözlədik. İndi hiss edirik ki, əhali hazırdır. Ona görə də bütünlüklə rəqəmli TV-yə keçməyə qərar verdik. Prosesin icrasına hələ bir ay vaxt qalıb. Əvvəlcə proses Bakı şəhərini, daha sonra isə regionları əhatə edəcək.
- Ümumiyyətlə, rəqəmsal TV-yə keçid nə deməkdir?
- Rəqəmli televiziyaya keçid televiziya yayımında yüksək keyfiyyət deməkdir. Analoq yayımında keyfiyyətsiz təsvir ola bilər, rəqəmli televiziya yayımında isə təsvir ya olmur, ya da normal olur. Axı, televiziya yayımının sürəti, keyfiyyəti gündən-günə artır. Burda metodlar da, siqnalın formalaşdırılması və ötürülməsi metodları tam fərqlidir. Maliyyə dayanıqlığı, spektrial effektivliyi yüksəkdir. Rəqəmli TV bütün göstəricilərə görə, analoq televiziya yayımını üstələyir. Bu üstünlük rəqəmli televiziyaya keçməyə imkan verir. Yalnız bir göstərici var ki, onu rəqəmli televiziya üçün nöqsan saymaq olar: harada siqnal çox zəifdirsə, orada rəqəmli yayım olmayacaq. Çünki pis təsvir olmaqdansa, ümumiyyətlə, təsvir olmur. Amma analoq yayımda təsvir də olur. Belə çıxır ki, həmin ərazidə analoq televizoru pis təsvirlə göstərəcək, rəqəmli televizor isə heç nə canlandırmayacaq. Rəqəmli televiziya yayımının digər bir üstünlüyü avtomobildə gedərkən , xüsusən sürət yüksək olanda təsvirin itməməsidir. Analoq yayımında isə avtomobillərdə təsvir itir.
- Bəs rəqəmli yayıma keçid üçün televizorlara lazım olan dekoderi insanlar haradan və necə əldə edəcəklər?
- Həmin dekoderlər şəhərdə çox yerdə satılır. Xüsusən Sədərək Ticarət Mərkəzindəki mağazalardan əldə edilə bilər. Bundan əlavə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin beş min ədəd dekoderi var ki, onları rayonların poçt şöbələrinə verəcəklər. İnsanlar dekoderi həmin şöbələrdən də əldə edə biləcəklər. Qiyməti də təxminən 30 AZN-dir.
- İnsanlar özləri dekoderi televizora quraşdıra biləcəklərmi? Yoxsa bunun üçün usta çağırmağa ehtiyac olacaq?
- Bu, çox sadə üsulla həyata keçirilir. Belə ki, dekoderin biri təsvir, digəri stereosəs olmaqla iki çıxışı var ki, onu televizorda eyni təsvir (sarı rəng) və səs dəliyinə (ağ və qırmızı) taxacaqlar. Hətta, səs dəliyini səhv salsalar belə, səs yenə canlanacaq.
- Bəs dekoderlərin alınması üçün sosial durumu çətin olan təbəqə nəzərə alınıbmı? Yəni onlar imkansız insanlar üçün hansısa güzəşt nəzərdə tutulubmu?
- Belə bir güzəşt nəzərdə tutulmayıb. Çünki o insanları üzə çıxarmaq çətin məsələdir. Düzdür, bu barədə söhbətlər oldu, amma o adamları necə ayırd edəsən ki, onlara dövlət tərəfindən pulsuz dekoder verilsin? Bilirsinizmi, həmin insanları üzə çıxarmaq üçün aparılan sorğular dekoderi əldə etmək üçün sərf olunan puldan çox vəsait istəyir.
- Bildiyim qədər əhalinin müəyyən qismi artıq rəqəmli televiziya yayımına keçib. Təcrübə keyfiyyətin həqiqətən də yüksək olduğunu göstərir?
- İnsanların evində hazırda "Plazma” və ya "LSD” televizorları var. Həmin televizorlar həm analoq yayımını, həm də rəqəmli yayımı canlandıra bilir. Əgər evinizdə belə bir televizor varsa və antena yerüstü yayımı tutan sadə antenadırsa, onda analoqu axtarın və keyfiyyət fərqini özünüz aydın görəcəksiniz.
- Bəs evlərində «Plazma» və ya "LSD” televizorları olmayan, hələ verilişləri köhnə model televizorlardan izləyən insanlar necə edəcəklər?
- O insanlar mütləq həmin dekoderdən istifadə etməlidirlər. Onlar sadə antenanı dekoderin girişinə qoşmalı, çıxışını da üç naqillə televizorun oxşar girişinə taxmalıdırlar. Bunun üçün heç bir xüsusi vərdiş tələb olunmur.
- Qərara görə, ilin sonuna qədər proses tamamlanmalıdır. Bəs kimsə hansısa bir səbəbdən proses başa çatana qədər rəqəmsal yayıma keçə bilməsə necə olacaq?
- Əgər biznesmenlər bundan sui-istifadə etməyə çalışsalar onda biz yenidən şuranın iclasında müzakirə edib vaxtı uzada bilərik. Çünki belə bir təhlükə ola bilər. Yəni biznesmenlər insanların dekoderi əldə etmək istəyini görüb qiyməti qaldırmaq istəyərlər. Belə bir məqam olarsa, onda biz yenidən məsələni müzakirə edib həmin müddəti uzada bilərik. Amma buna ehtimal vermirəm.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər