• çərşənbə axşamı, 19 mart, 11:04
  • Baku Bakı 8°C

“Rəqabət motivasiyamı artırır” – Uğur hekayəsi

13.01.17 14:42 5235
“Rəqabət motivasiyamı artırır” – Uğur hekayəsi
"
Dediyinə görə, çalışdığı sahə ondan sonsuz öyrənmə prosesi tələb edir. Hər gün ortalığa yeni nə isə çıxır və o kitabı açıb o haqda oxuyur, hansısa bir yeniliyi araşdırıb öyrənir. Buna görə də düşünür ki, ömür boyu öyrənəcək və həm də təcrübə qazanacaq. Müsahibimiz Niderland Krallığında çalışan azərbaycanlı gənc Emin Ələsgərovdur.
Qeyd edək ki, Emin Ələsgərov 1991-ci ildə Bakı şəhərində anadan olub. Orta məktəbi 6-cı sinfə qədər 145nömrəli tamorta məktəbdə alıb. Daha sonra təhsilini Dədə Qorqud adına liseydə davam etdirib. Sonra Bakı Dövlət Universitetinə daxil olub. Bir il orada oxuduqdan sonra dövlət proqramı çərçivəsində təhsilini Cənubi Koreyanın KAİST universitetində komyuter elmləri fakültəsində davam etdirib. 4,5 il orada oxuduqdan sonra Azərbaycana qayıdıb, bir müddət sonra magistr təhsili üçün Niderland Krallığının Eindhoven Texnologiya Universitetinə üz tutub.
- Hazırda harada işləyirsiniz?
- Bol.com adlı onlayn satış sahəsində formalaşmış bir şirkətdə proqramçı kimi çalışıram. Sayt Niderland və Belçika ölkələrinin bir nömrəli İT elektron ticarət şəbəkəsidir. Həmin ölkələrdə elektron ticarət çox genişdir. Nəinki alqı-satqı ilə bağlı proqram təminatı yazırıq, həqiqətən daha təkmilləşmiş proqram təminatını hazırlayırıq. Çünki rəqabət aparacağımız şirkətlər çoxdur. Onların arasında seçilmək, birinciliyi qoruyub saxlamaq çətin məsələdir. Mənim çalışdığım şirkət 1999-cu ildə fəaliyyətə başlayıb. Bu şirkət sadəcə, onlayn kitab satışını həyata keçirirmiş. Bu gün isə 25 milyon növ məhsulun elektron ticarəti həyata keçirilir.
- Bundan əvvəl Philips şirkətində çalışırdınız. Başqa iş təcrübəniz varmı?
- Bakalavr təhsilimi bitirdikdən sonra Azərbaycana qayıdıb, 6 ay Bakcell şirkətində telekommunikasiya sahəsində proqramçı vəzifəsində çalışdım. Kompyuter elmləri geniş sahə olduğu üçün həmin müddət hiss etdim ki, bu istiqamətdə biliklərimi daha da genişləndirmək istəyirəm. Ona görə magistr təhsili almağa qərar verdim. Bir çox universitetlərə üz tutdum, amma sonda mənim istəklərimə daha uyğun olduğu üçün qərarım Niderland Krallığındakı Eindhoven Texnologiya Universiteti oldu. Orada təhsil beləydi ki, bir il oxuduqdan sonra "müdafiə işi” yazmaq istəyirsənsə, regionda yerləşən şirkətlərdən birinə müraciət edib həm "müdafiə işi” yaza, həm də müəyyən qədər təcrübə qazana bilərsən. Mən olduğum regionda BOSCH, Philips kimi şirkətlərin nümayəndəlikləri varıydı və onlar həm də tədqiqatla məşğul idilər. Philips şirkətinə müraciət etdim və 8 ay müddətində orada iş təcrübəsi keçdim, həm də "müdafiə işi”mi yazdım. Bundan artıq uzunmüddətli iş təcrübəm olmayıb. Azərbaycanda audit şirkətlərin birində təcrübədə olmuşam. SOCAR şirkətində proqramlaşdırma departamentində 2 ay müddətində təcrübəm olub. Bundan başqa, Cənubi Koreyada oxuduğum müddətdə 3 ay təcrübə proqramı keçmişdim. Bunlara iş yox, qısamüddətli təcrübələr deyək.

- Təcrübə müddəti bitdikdə Philips şirkətində niyə qalıb işləmədiniz?
- Tədqiqat fəaliyyətimə bir növ fasilə verib, real sənaye mühitində çalışmaq istədim. Çünki tədqiqat ortamı başqa, real sənaye ortamı başqadır. Biri var sən tədqiqatla məşğulsan. Buna çox vaxt gedə bilər. Bəzi şirkətlərdə buna kifayət qədər vaxt sərf edilir və ayrıca departamentlər yaradırlar. Amma bir də var, sən elə şirkətə keçirsən və gördüyün işin nəticələri anında özünü büruzə verir. Bu zaman həm tədqiqat olur, həm də bildiklərini tətbiq edə bilirsən. Amma müddət fərqi var. Burada daha çevik olmalısan. Daha dinamik bir ortamı sevdiyim üçün indiki işimi seçdim. Müştərilərlə birbaşa işləmək, öz əziyyətini birbaşa görmək ayrıca zövqdür.
- Amma feysbuk səhifənizə baxanda məndə belə təəssürat yaranmışdı ki, tez-tez iş dəyişirsiniz...
- İndiyə qədər çalışdığım yerlərin hamısını özüm üçün təcrübə hesab edirəm. Ciddi iş həyatına ötən ilin sentyabr ayından indiki işimə başlayandan sonra gəldiyimi deyə bilərəm. İndiki işimə qədər özümü tələbə kimi görürdüm. Biliklərimi müəyyən aspektdə özüm üçün araşdırır, daha nələrsə öyrənirdim. Konsultasiya şirkətində də çalışdım, sırf tədqiqatla da məşğul oldum, proqram təminatı da yazdım. Bütün bunların hamısını etdim və nəticədə həqiqətən nə istədiyimə qərar verdim.
- İş rejiminiz necədir?
- Kağız üzərindəki qaydalara baxsaq, 9:00-18:00 arası işdə olmalısan. Amma Niderlandda bu, belə deyil. İstədiyin zaman işə gələ, istədiyin zaman da gedə bilərsən. Təki sənə verilən işi vaxtında çatdırmaq məsuliyyətini hiss edəsən. Ona görə bir çox insanlar saat 8:00-da gəlib 17:00-da çıxa bilirlər. Bəziləri 9:00-da gəlib 16:00-da çıxırlar. Bəziləri evdən də çalışa bilirlər. Biz komanda şəklində çalışırıq. Hər komandada 5-6 nəfər olur. Əsas odur ki, sənin iş performansın komandanın işinə mənfi təsir göstərməsin. Evdən də çalışa bilərsən. Çoxlu görüşlər olduğu zaman artıq şirkətə gəlmək vacib olur.
- Siz hansı saatlarda işdə olursunuz?
- 8:00-da gedib, 17:00-da çıxıram. Öz şəxsi həyatıma vaxt ayırmaq üçün işə tez gedib, tez çıxıram.
- Amma bəzən işçiyə sərbəst rejim veriləndə gec gəlib, gec gedirlər...
- Günümü səmərəli keçirməyə çalışıram. Bunu niderlandlılardan özümə nümunə kimi götürdüyümü də demək olar. Çünki həqiqətən onlar gördükləri işləri çox gözəl bacarırlar. Həm şəxsi, həm iş həyatlarına kifayət qədər gözəl vaxt ayırırlar. Bunu Cənubi Koreya ilə müqayisə etsək, orada tamam başqadır. Orada şəxsi həyata vaxt qalmırdı, insanlar daha çox tədqiqatla məşğul olurdular, stress də çox idi, daim rəqabət içindəydilər. İşə tez gedib, gec çıxmaq kimi konsepsiyalar insanın şəxsi həyatından birbaşa vaxtın kəsilməsi demək idi. Niderlandlılar üçün ailə və şəxsi vaxt çox önəmlidir. Qeyri-iş vaxtlarında kiməsə zəng edib hansısa işin görülməsini istəyə, tətil zamanı heç kəsi işə çağıra bilməzsən. Tətil müddətində işdə baş verənlərə görə səndən heç kim nəsə tələb edə bilməz.

- Bizdə bəzən hansısa işçi məzuniyyətdə olursa, işə çağırıldığı da olur. Tez-tez əlaqə də saxlayırlar. "Sənsiz iş keçmir, filan” deyirlər...
- Mənə görə əvəzolunmaz işçi yoxdur. Bizim ofisdə iş elə bir sistemli şəkildə qurulub ki, komanda ilə bir ay əvvəldən hər şeyi müzakirə edirsən. Artıq komanda nə iş görəcəyini bilir. Şirkət isə elə balanslaşdırılmış siyasət aparır ki, bir insan olmadığı müddətdə onun işini görəcək kifayət qədər kadr olur. Bu da komandanın balanslaşdırılmış şəkildə fəaliyyət göstərməsinə təminat yaradır.
- Azərbaycan və Niderland iş mühitini müqayisə edəndə əsas fərq kimi nəyi görürsünüz?
- Böyük fərq odur ki, iş zamanı niderlandlılar əsas fikirlərini işə fokuslayırlar. İşdə şəxsi həyatlarını müzakirə etmirlər. Bizim mədəniyyətə görə, bu, bir az maraqsız ola, yorucu gələ bilər. Amma bu prinsip, işi optimallaşdırılmış şəkildə görməyə imkan verir. Azərbaycandan olan biri üçün o cür iş rejiminə uyğunlaşmaq bir az vaxt alır. Öyrəşdikdən sonra görürsən ki, ən yaxşısı odur.
- Uyğunlaşmaq sizə çətin oldu?
- Xaricdə çox vaxt keçirdiyim üçün çətin gəlmədi. Amma Azərbaycandan birbaşa ora iş üçün gedənlərə çətin olar və bir az vaxt alar. Həm şəxsi, həm iş həyatı arasında balans tapmaq bir az vaxt alır. Məsələni anladıqdan sonra iş asanlaşır.
- Gələcəkdə də xaricdə fəaliyyət göstərmək istəyirsiniz?
- Bakalavr və magistr təhsilimi dövlət proqramı ilə aldığım üçün ölkəyə qayıtmalıyam. Mən spesifik bir sahə üzrə təhsil almışam. Hazırda çalışdığım sahə üzrə topladığım təcrübə ilə Azərbaycana qayıdacağam. Düşünürəm ki, hazırda təcrübələrin ən böyüyünü keçirəm. Bu ortamı görüb, ən müsbət cəhətləri alıb, ölkəmizə dönmək fikrim var.
- Xaricdə karyera quran adamın yenidən ölkəmizdə işə başlaması çətin olmayacaq?
- Məncə, çətin olacaq. Bu, hər bir keçidə aid olan məsələdir. Həm xaricə gedən, həm də ölkəyə gələnlər yenidən başlayırlar. İş bildiyimiz bir şeydir. Amma əlaqələr yenidən qurulmalıdır. Mənə görə, ən ciddi iş, çətinlik insan şəbəkəsini qurmaqdır. Bu, iş həyatında çox vacibdir. Amma təcrübəmə əsasən deyim ki, mənim üçün o qədər də çətin olmayacaq.
- Pozitiv insansız. Pozitiv insanların ünsiyyət qurma problemi çox olmur.
- Mən sizinlə razılaşacam. Bu, çətin deyil. Əgər müsbət cəhətləri görməyə çalışsan, bunların üzərində öz karyerana davam etsən, məncə, heç bir problem olmaz.
- İT sahəsində çalışanlar adətən ünsiyyətcil olmurlar, yaxud sual verəndə nadir hallarda istədiyimiz cavabı ala bilirik. Sizdə tam əksini görürük. Sizcə, niyə bu sahənin adamları bir az başqa tərzdə olurlar? Bu işin yorğunluğundan ola bilərmi?
- Yorğunluq deməzdim. İT elə spesifik sahədir ki, çox hallarda o işi görənlər insanların edə bilmədiklərini onların etdiyini, bir çox insanların onlardan asılı olduğunu düşünürlər. Əslində həqiqətən də belədir. Dünya siyasəti İKT tərəfə gedir. Bu sahədə özlərini göstərmiş insanlarda bir çox hallarda insanlara yuxarıdan aşağı baxma halları da olur, ünsiyyətdə müəyyən bir sərhədləri olanları da görə bilərik. Məndə isə bu, heç vaxt olmayıb. İnsanlarla çox ünsiyyətdə olduğum üçün düşünürəm ki, o hiss bu hissi üstələyə bilməyib.
- Azərbaycanda hansı şirkətdə çalışmaq istəyərsiniz?
- Bakcell şirkətində 6 ay çalışdığım müddətdə çox gözəl vaxt keçirdim. Orada yenidən çalışa bilərəm. Ümumilikdə bir neçə şirkət adı çəkə bilərəm. Azercelli, EY, KPMG kimi şirkətləri qeyd edə bilərəm. Belə şirkətlərdə professionallıq yüksək olur. Buna görə orada İT consulting sahəsində işləməyi nəzərdən keçirə bilərəm. Sadəcə, qabaqcıl ölkələrdə bu şirkətlərdə daha geniş miqyaslı proyektlər həyata keçirilir, Azərbaycanda isə yox. Həm də mənim sahəm "Big Data” ilə əlaqəli olduğu üçün, Azərbaycanda daha çox tədqiqat yönümlü işlər görmək olardı, sənaye mühitində bizlər hələ də o sahədə geridəyik. Bir də öz işimi qurmaq kimi fikrim də var. Amma bunun üçün təcrübə lazımdır. Burada yalnız öz sahəni bilmək kifayət deyil. Şirkəti qurmaq, biznesin idarə olunması, insanlarla münasibətlər kimi məsələləri də dərindən bilmək lazımdır. Hiss edirəm ki, hələ buna tam hazır deyiləm. Buna görə də təcrübə yığmaq üçün bir müddət keçməlidir.

- Ölkəmizdə işləsəniz, indi Niderlandda aldığınız məvaciblə burda alacağınız arasında fərq çox olacaq yəqin…
- Manatın kursu düşdükdən sonra deyirsinizsə, ola bilər (Gülür – A.A.). Amma onu da deyim ki, xaricdə maaş yüksək olduğu kimi xərclər də böyükdür. Bir çoxları düşünür ki, gedib xaricdə iş tapsa, yaşayış fərqini gözəl şəkildə hiss edəcək. Amma həqiqətə gələndə, Niderlandda heç bir yerli vətəndaş öz puluna mənzil ala bilmir. İpoteka ilə 25 il ərzində yavaş-yavaş ödəyirlər. Azərbaycandakı kimi valideyn yardımı, əlavə gəlir məsələsi orada mümkün deyil. Sənin xərclərin həqiqətən böyükdür. Orada şəxsi sığortana kifayət qədər böyük pul ödəyirsən və bu, məcburidir. Mənzil ala bilmirsən və kirayədə qalmaq məcburiyyətindəsən. Niderlandda kirayə pulu da kifayət qədər yüksəkdir. Azərbaycanda gözəl bir iş tapıb, öz evində qalıb işə getsən, demək olar ki, bu iki ölkə arasındakı yaşayış səviyyəsində elə də fərq olmur. Sadəcə, o işlərin sayı Azərbaycanda məhdud olduğu və rəqabət o qədər olmadığı üçün karyera baxımından bizdə istədiyinə nail olmaya bilərsən. Buna görə bizim ölkədə bir az gözləmək, səbirli olmaq kimi məsələlər ortaya çıxa bilər.

- Rəqabətli mühitdə işləməyi sevirsiniz deyəsən...
- Rəqabət nə qədər çox olsa, işləməyə o qədər çox motivasiyam olur, daha yaxşı nə isə görməyə məndə stimul yaranır. Çünki ortam bir az zəif olduqda, adam tənbəlləşə bilər. Bir neçə dəfə həyatımda olub. Azərbaycanda təhsil alanda çox yaxşı oxuyurdum və düşünürdüm ki müəyyən bir səviyyəyə gəlib çatmışam. Amma 4 il cənubi koreyalı tələbələrlə bir mühitdə oxuduqdan sonra başa düşdüm ki, hələ də özümü inkişaf etdirməliyəm. Müqayisədə bir çox şeylər ortalığa çıxır. Hesab edirəm ki, insan daim özünü güclülərlə müqayisə etməlidir. Amma bu, onun üçün prioritet olmamalı, həyatını müqayisələrlə keçirməməlidir. Sadəcə, müəyyən bir müddətdən sonra özü üçün müqayisələr aparması yaxşı olar. Bu, yeni motivasiya və stimul mənbələrini özün üçün tapmağa kömək edə bilər.

- Qazanc, yoxsa sevdiyin işlə məşğul olmaq?
- Sevdiyim işlə məşğul olmaq daha vacibdir. Bu, təcrübə də qazandırır, qazanc da. Həyatımın indiki mərhələsinə qədər belə olub. Belə davam etsəm, yəqin ki, bu prinsip özünü həmişə doğrultacaq.

- Özünüzü uğurlu hesab edirsiniz?
- Müqayisədə bəli. Amma bu, dəyişən bir hissdir. Çünki bəzən elə nəticələr əldə edirəm ki, özümlə qürur hissi keçirirəm. Bəzən isə nəyisə istədiyim şəkildə ya qavramıram, yaxud nəyisə çatdıra bilmirəm. O zaman bunun nəyə görə baş verdiyini özüm üçün müəyyənləşdirməyə çalışıram. Problem məndədirsə çox gözəl, bir şəkildə bunu həll edə bilərəm. Ətrafımdan gəlirsə, o bir az çətin olur. Çünki o, məndən asılı olmayan məsələdir, bunu birlikdə həll etmək lazımdır. Ümumiyyətlə, mənə görə, uğur dəyişən hissdir.

- Niderlandda insanların şəxsi həyatlarına çox vaxt ayırmağa çalışdıqlarını dediniz. İnsanın ailəsi, şəxsi həyatındakı münasibətləri, sizcə, uğurlu karyeraya nə dərəcədə təsir göstərir?
- Məncə, birbaşa təsir göstərir.

- Ailəsində xoşbəxt olmayan insan uğurlu karyeraya sahib ola bilməz?
- Ailəsi olmayan insan da gözəl karyera qura bilər. Bu, problem deyil. Amma ailən varsa, burada artıq bir-birini anlamaq məsələsi önəmlidir. Bunu yeni mərhələ adlandıra da bilərik. Ailən səni başa düşürsə, sən ailən üçün kifayət qədər vaxt ayıra bilirsənsə, burada heç bir problem yoxdur. Azərbaycan mühitində biz adət etmişik ki, kişi qazanc gətirməlidir. Prioritet karyera qurmaqdır, amma işlə yanaşı, sən ailəyə kifayət qədər vaxt ayıra bilmirsənsə, tez və ya gec, problemlər qaçılmaz olur. Bu kimi problemlər olmamış öz həyatını düzgün şəkildə balanslaşdırmağı öncədən öyrənmək lazımdır. Bu cəhətdən niderlandlılardan öyrəniləsi çox şey var.

- Kişinin qazanc gətirməsi məsələləri niderlandlılarda necədir?
- Onlarda qadınlar kişilərlə eyni hüquqlara sahib olmağa çalışırlar və o cəhətdən kifayət qədər aktivdirlər. Bir çox şirkətlər iş mühitində gender bərabərliyini qoruyub saxlamağa çalışırlar. Qadının cəmiyyətdə rolu onlar üçün kişiylə eynidir. Bizim şirkət İT şirkəti olsa da, personalın haradasa 45 faizi qadınlardan ibarətdir. Mənim işimi yoxlayan və mənə kompyuter mühəndisi kimi yetişməyə yardım edən baş proqramçı da qadındır.
- Sizə görə uğurlu olmaq üçün nələr olmalıdır?
- Səbir və istək. İstək bizim bir işə motivasiyamızdır. Həqiqətən bu işi görməyi istəyirəm, bu işdən zövq alıram. Səbir ona görə ki, istədiyimiz bir çox şeyləri anında qazana bilmirik. Nəticələri anında göstərə bilmirik. Bu, təcrübəsizlikdən, səhv düşdüyün ortamdan da əmələ gələ bilər. O cəhətdən səbirli olmaq lazımdır. Əgər həqiqətən öz məqsədinə inanıransa, o istək səndə varsa, onu anında əldə edə bilməsən belə, səbirli olub bir müddət sonra öz yoluna çıxa biləcəksən. Həyatımda bu, dəfələrlə baş verib. Böyük korporasiyalarda, şirkətlərdə çalışanda bu, özünü daha qabarıq büruzə verir. Çünki sən tək deyilsən, sənin gördüyün iş digər insanlardan asılıdır. O cəhətdən səbirli və istəkli olmaq mənim üçün uğur komponentidir.
Aygün Asimqızı


banner

Oxşar Xəbərlər