• cümə axşamı, 18 aprel, 05:05
  • Baku Bakı 15°C

Repetitorsuz universitetə daxil olmaq mümkündürmü? - Polemika

28.07.14 09:10 2421
Repetitorsuz universitetə daxil olmaq mümkündürmü? - Polemika
Hamımıza məlumdur ki, Azərbaycanda repetitorsuz universitetə daxil olmaq müşkül məsələyə çevrilib. Repetitorluq ölkəmizdə o qədər yayılıb ki, məktəbdən əlavə xüsusi müəllim yanına getmədən universitetə daxil ola bilmək xəyalımızdan belə keçmir. Bəs gənclər nə düşünür? Repetitor yanına getmədən universitetə daxil olmaq mümkündürmü?
“Şagirdlər məktəbdə əlavə yüklərdən azad edilməlidir”

Seyran Quliyev, magistr
Seyran düşünür ki, ötən illərlə müqayisə etdikdə, vətəndaşların təhsilə olan marağı artıb. Həmsöhbətimizin sözlərinə görə, əvvəllər olduğu kimi, müasir dövrdə də repetitor yanına getmədən universitetə daxil olmaq mümkündür. Sadəcə, müəyyən problemləri aradan götürmək lazımdır: “Fikrimcə, təhsildə icbariliyin yaş həddinə bir də baxılmalıdır. Məlumdur ki, uşaqlar öz genetik-təbii imkanlarına görə, əqli-intellektual potensiallarına görə müxtəlifdirlər. Elə buna görə də “təhsil prosesinə cəlb olunmuş şagirdlərin hamısına eyni bilikləri məcburi surətdə öyrətmək həqiqətənmi lazımdır?” sualı ətrafında bir daha düşünülməlidir. Məsələyə praqmatik yanaşsaq, hansı bilik və bacarıqların hamıya mütləq çatdırılmalı olduğuna qərar verilməlidir. Təhsilin müəyyən pilləsində şagirdlər əlavə yükdən azad edilməli və yalnız seçdikləri ixtisasa uyğun dərsləri davam etdirməlidirlər. Bu zaman həm şagirdlər, həm də onlara dərs deyən müəllimlər ixtisasları üzrə seçilməlidir”.
Həmsöhbətimiz deyir ki, repetitorluq təhsilimizdə mühüm rol oynasa da, medalyonun digəri tərəfinə də diqqət etmək lazımdır. Onun sözlərinə görə, unutmaq lazım deyil ki, məhz repetitorların sayəsində ali məktəblərə daxil olanların sayı minlərlədir: “Repetitorluq təhsilimizdə müəyyən rol oynayıb və hazırda da mühüm rol oyanamaqda davam edir. Məhz repetitorların sayəsində son illərdə ali məktəbə daxil olanların sayı minlərlədir. Bu məsələnin müsbət tərəfidir. Medalyonun o biri üzünü çevirdikdə isə problemlər qarşımıza çıxır. Axı repetitor yanında övladını hazırlaşdırmağa hər valideynin gücü çatmır. Yalnız maddi durumu nisbətən normal olanlar öz uşaqlarını xüsusi müəllim yanına göndərirlər. Çox az qismi də yeməyindən, əyin-başından kəsərək birtəhər övladını oxutmağa çalışır. Repetitorluğun populyar olması bəzi yerlərdə, xüsusilə bölgələrdə yuxarı siniflərdə dərslərin qaydasında keçirilməməsinə gətirib çıxarır”.
Müəllim hazırlığındakı boşluğun nəticəsi
Püstəxanım Əmrahzadə, magistr
1 il repetitor yanına gedən Püstəxanım deyir ki, repetitorlar şagirdlərin gələcək inkişafında mühüm rol oynayır. Onun sözlərinə görə, əgər tələbə dərslərini zəif bilirsə, mütləq repetitora müraciət etməlidir: “Son zamanlar savadı olan da, olmayan da repetitorlara müraciət edir. Əgər tələbə məktəb dövründə dərslərinə müvəffəqiyyətlə hazırlaşıbsa, sınaq imtahanlarından uğurla keçibsə, repetitora ehtiyac duyulmur. Mənim fikrimcə, tələbə zəif olduqda repetitora müraciət edilməlidir”. Həmsöhbətimiz deyir ki, müəllimlər öz potensialından dərsdə istifadə etmir, əlavə pul qazanmaq üçün repetitorluğa üstünlük verirlər: “Əgər müəllim məktəbdə dərslərini keyfiyyətli keçərsə, onun artıq evdə repetitorluqla məşğul olmağa gücü qalmamalıdır. Əvvəllər şagirdlər məktəblərdə keçdikləri dərslərin hesabına universitetə daxil olurdular. İndi isə müəllim dərs keçmədiyi üçün şagird repetitora müraciət etmək məcburiyyətində qalır. Mən düşünürəm ki, repetitorluğun ölkəmizdə kütləvi şəkildə yayılmasının səbəbi müəllim hazırlığındakı boşluğun nəticəsidir”.
Püstəxanım düşünür ki, indiki vəziyyətdə şagirdlərin repetitor yanına getmədən universitetə daxil olmaları mümkün deyil: “Müəllimlər pul qazanmağın yolunu repetitorluqda gördükləri üçün 45 dəqiqə dərs saatında özlərini əziyyətə vermirlər. Həmçinin şagirdlər də uşaq yaşlarından repetitor yanına getməyi qarşılarına məqsəd qoyduğu üçün dərslərə ciddi yanaşmırlar. Bu da qarşılıqlı olaraq məktəbdə dərs prosesinin zəifləməsinə səbəb olur”.
“Valideynləri qınamağa haqqımız yoxdur”
Elvin Camal, jurnalist
Elvin digər müsahiblərdən fərqli olaraq repetitor yanına getməyib. 11 il aldığı təhsilin hesabına 561 bal toplayan müsahibimiz Xəzər universitetinə daxil olub: “Məncə, şagirdlərə güclü təhsil verilsə, onların repetitor yanına getməsinə ehtiyac qalmayacaq. Müəllimlərlə yanaşı, şagirdlərimiz də öyrənməyə can atmalıdırlar. Mənim ətrafımda olan yoldaşlarımın, dostlarımın əksəriyyəti repetitor yanına getmədən universitetə daxil olub. Hətta onların içindən 700 bal toplayanlar belə olub”.
Elvin deyir ki, repetitorluğun ölkəmizdə yayılmasının qarşısını almaq üçün müəllimlərin maaşları artırılmalıdır: “Təhsil səviyyəsinin bir çox məktəblərdə qənaətbəxş olmaması abituriyentlərin imtahan nəticələrinin aşağı olmasına səbəb olur. Amma mən istərdim ki, abituriyentlər repetitorların yanına getməkdənsə, heç bir pul xərcləmədən 11 il təhsil aldıqları məktəbdə çalışaraq universitetə daxil olsunlar. Bunun üçün də ilk öncə müəllimlərin əmək haqqısı artırılmalıdır ki, müəllim şagirdə həvəslə dərs keçsin və maaş azlığına görə şagirdi yanına hazırlığa gəlməyə məcbur etməsin. Bu tip məcburiyyətlər də çox zaman müəllim şagird arasında konflikt yaradır və bu da təhsilimizin keyfiyyətinə təsir edir”.
Həmsöhbətimiz düşünür ki, əmək haqqının az olması müəllimin də dərsə həvəssiz yanaşmasına səbəb olur. Bu zaman şagirdlərin də əlinə bəhanə düşür və dərsdən yayınırlar: “Artıq şagirdlərin və ailələrin psixologiyasında belə bir fikir formalaşıb ki, repetitor yanına getmədən universitetə daxil olmaq olmaz. Əslində bu düzgün fikir deyil, lakin valideynləri də qınamağa haqqımız yoxdur. Övladlarının təhsil səviyyələrinin aşağı olduğunu bilən valideynlər buna məcburdurlar”.
Elvin sonda vurğuladı ki, şagird universitetə daxil olmağı qarşısına məqsəd qoyub məktəbdə çalışmalıdır: “Şagirdlərə demək istəyirəm ki, əgər universitetə qəbul olunmaq istəyirlərsə, gündəlik dərslərini oxusunlar. Düşünməsinlər ki, repetitor yanına gedəcəklər və müəllim bütün kitabın içindəkiləri öyrədəcək. Bu işə həvəslə yanaşmaq lazımdır. Əgər şagird kitab oxumağa maraqlı iş kimi yanaşıb öyrənməkdən həzz alsa, inanın 700 bal yığmaq onun üçün çox asan olar”.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər