Rəngsiz və iysiz ölüm – Dəm qazı

Rəngsiz və iysiz ölüm – Dəm qazı

Cəmiyyət
21 Noyabr 2012, 10:21 2098
Qış mövsümünun başlamasına az qaldığı bir müddətdə dəm qazından zəhərlənənlərin sayı günü-gündən artır. Maarifləndirmə tədbirlərinin aparılmasına baxmayaraq, zəhərlənmə hallarının sayı azalmır. Dəm qazından zəhərlənmələr də daha çox gecə saatlarında olduğu üçün zərəçəkənlərin böyük bir hissəsi dünyasını dəyişir. Zəhərlənmələrin böyük qismi isə mətbəxlə yanaşı, hamamda baş verir.

Misal olaraq, elə dünən gecə Bakıda baş verən hadisəni qeyd etmək olar. Nəsimi rayon prokurorluğundan verilən məlumata görə, 3-cü mikrorayon, Alı Mustafayev küçəsi, ev 43, mənzil 58-də yaşayan 1940-cı il təvəllüdlü Cahan Şıxəliyeva hamamda çimərkən dəm qazından boğularaq ölüb. Qızı 1970-ci il təvəllüdlü Validə Şıxəliyeva isə zəhərlənib və Toksikoloji Mərkəzə yerləşdirilib. Son 3 gündə başqa bir hadisə isə Şabranda baş verib. Belə ki, 9 noyabrda səhər saatlarında şəhərdə yanğınla nəticələnən partlayış olub. Partlayış Mirzə Ələkbər Sabir küçəsində, ümumi sahəsi 108 kvadratmetr olan birmərtəbəli ikiotaqlı evin mətbəxində qeydə alınıb. Nəticədə 1959-cu il təvəllüdlü Zemfira Rüstəmova və onun övladları - 1996-cı il təvəllüdlü Mehriban və 1988-ci il təvəllüdlü Aqşin müxtəlif dərəcəli xəsarətlərlə Şabran Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər. İlkin ehtimala görə, partlayışa məişət qazının sızması səbəb olub.

Təsadüfi deyil ki, qazla bağlı bədbəxt hadisələr təkcə evlərdə deyil, məktəb binalarında da baş verir. Nümunə kimi, ötən ay Bakının Nizami rayonunda yerləşən 109 saylı orta məktəbdə baş verən hadisəni göstərmək olar. Həmin vaxt iki şagird naməlum qazdan zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə daxil olub.

Bu kimi misalları çəkməklə qurtarmaz. Ona görə gəlin, baş verən hadisələrin səbəblərini öyrənməyə çalışaq. Statistikaya baxsaq, görərik ki, 2010-cu ildə qazla bağlı bədbəxt hadisələrin 84%-i yanma məhsulları ilə zəhərlənmələrin, 11%-i partlayışların, 5%-i yanğınların payına düşüb. 2011-ci ilin yanvarında vəziyyət bir qədər dəyişib: bədbəxt hadisələrin 71%-i qazla zəhərlənmə, 29%-i partlayış olub.

Zəhərlənmələr daha çox nə vaxt olur?

Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bizimlə söhbətində bildirdi ki, dəm qazından boğulma ilə bağlı mərkəzə 2010-cu ildə 349 nəfər müraciət etdiyi halda, ötən il bu rəqəm 525 nəfər olub. Onlardan 5 nəfəri vəfat edib ki, bunların da 2-si kişi, 3-ü qadındır.

Toksikoloqun sözlərinə görə, 10 gündür ki, artıq müraciətlər başlayıb: “Bu il də qazdan zəhərlənmə halları müşahidə olunur. Amma əvvəlki illərdən elə də çox fərqlənmir, yəni müraciət edənlərin sayı nə az, nə də çoxdur. Qazdan zəhərlənmələr əsasən qışda olur – yanvar-fevral aylarında”. Zəhərlənmənin müxtəlif səbəblərdən olduğunu deyən A.Maqsudov əlavə etdi ki, İran peçlərindən zəhərlənmələrin sayı azalıb. Çünki artıq o peçlərdən o qədər də istifadə etmirlər. Zəhərlənmələrə digər səbəb qaz sobalarının ventilyasiyasının yaxşı işləməməyi, bacaların təmiz olmamağı və s-dir.

Qeyd edək ki, bu cür problemlərin yaranmasında əsas amil kimi evlərdə tüstü bacalarının vaxtında təmizlənməməsi göstərilir. Tüstü bacalarının ildə bir neçə dəfə təmizlənməsinin vacibliyini nəzərə alsaq, indi belə tədbirin əsl zamanıdır. Bu istiqamətdə məsul orqanlara gəldikdə isə, son vaxtlar vahid bir qurum olaraq həmin işin Bakı şəhər İcra Hakimiyyətinə həvalə edildiyi və bunun üçün müəyyən vəsait ayrılması ilə bağlı fikirlər səslənsə də, müvafiq qurumdan xəbərin həqiqət olmadığı və bunun Mənzil Kommunal Departamentinə aidiyyatı olduğunu bildirirlər.

Tüstü bacaları illərlə təmizlənmir!

Konstitusiya Araşdırmaları Fondunun kommunal xidmətlər üzrə eksperti Ələkbər Ağasiyev mətbuata açıqlamasında bildirib ki, tüstü bacaları ilə bağlı real vəziyyəti sovet dövrü ilə müqayisə etdikdə, 1990-cı illərin əvvəllərinə qədər qüvvədə olan və eyni zamanda nəzarətçilərin, sahə rəislərinin vəzifə öhdəliklərini tənzimləyən təlimatın, həmçinin qaz təchizatında, qaz təsərrüfatında texniki təhlükəsizlik qaydalarının müvafiq bəndlərinə əsasən, nəzarətçilər tərəfindən vaxtaşırı olaraq hər 2-3 aydan bir istehlakçıların, abonentlərin mənzillərində müvafiq qəza təhlükəsizliyi ilə bağlı yoxlamalar aparılırdı.

Son zamanlar məsuliyyətsizlik ucbatından bu öhdəliklərin yerinə yetirilmədiyini deyən ekspertin fikrincə, tüstü bacaları illərlə təmizlənmir. Onun sözlərinə görə, birmərtəbəli yaşayış evlərində baca his bağlayanda, ev sahibi özü onu təmizləyə bilsə də, əhalinin əksəriyyəti hündürmərtəbəli yaşayış binalarında yaşayır ki, artıq burada bacaların təmizlənməsi sakinlərin imkanı xaricindədir.

“Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Tahir Kazımov isə bildirir ki, yaşayış evlərində mövcud tüstü bacalarının təmizlənməsi, işçi vəziyyətə gətirilməsi, onlara texniki qulluq ev sahibi tərəfindən həyata keçirilməlidir: “O binalar ki, ayrı-ayrı nazirliklərin, o cümlədən kooperativlərin balansındadır, həmin bina sahibləri binalarda tüstü bacalarının təmizlənməsinə, işçi vəziyyətinə salınmasına cavabdehlik daşıyırlar və onu təşkil etməlidirlər”.

Dəm qazı hansı səbəbdən əmələ gəlir?

T.Kazımov onu da bildirdi ki, mütəxəssislər olmadan bunu həyata keçirmək mümkün deyil. Ona görə də mənzil-istismar sahələrində mütəxəssislər çalışır, işçilər olmadığı halda isə həm vətəndaşlar, həm bina sahibləri Fövqəladə Hallar Nazirliyinin tərkibində Könüllü Yanğın Cəmiyyətinə müraciət edə bilərlər. Bu qurum tüstü bacalarının təmizlənməsi, təmiri üzrə xüsusi ixtisaslaşdırılıb və lisenziyası var. Son zamanlarda tikilmiş fərdi yaşayış evlərində və kooperativlər tərəfindən inşa olunmuş binalarda çox vaxt isitmə sisteminə, o cümlədən suqızdırıcı sistemlərə aid tüstü bacalarının düzgün qurulmadığını və düzgün istismar edilmədiyini deyən T.Kazımova görə, Bakı şəhərindəki fərdi yaşayış evlərində payız-qış mövsümündə metaldan düzəldilmiş sobalardan istifadə olunur:

“Bu sobaların tüstü bacaları bina tikilən zaman inşa olunmur. Sadəcə olaraq, soba qoyulduqda divarda deşik açılır və sobanın borusunu bayıra çıxarırlar. Çox vaxt heç onu binanın üstündən yuxarı qaldırmırlar da. İran istehsalı olan sobalardan istifadə zamanı çox vaxt belə hallara yol verilir və hesab edirlər ki, soba özü tüstünü bayıra çıxaracaq. Halbuki sobanın tərkibində belə bir qurğu yoxdur. Bütün sobalarda işlənmiş məhsul olan tüstü onun xüsusi çəkisinə görə bayıra atılır. Birbaşa bayıra çıxarmaqla yanaşı, eyni zamanda, borunun diametrini çox az götürürlər: 66-77 millimetr. Halbuki, təhlükəsizlk qaydalarına görə, bu, 125 millimetr olmalıdır”.

Bacalar 5-6 manata təmizlənir

Birliyin nümayəndəsi məsləhət görür ki, hər il mövsümdən əvvəl, ümumiyyətlə, ildə iki dəfədən az olmayaraq tüstü bacaları yoxlanılmalıdır: “Qaz istismar sahələri ildə 2 dəfədən az olmayaraq vətəndaşların mənzillərində, o cümlədən sənaye müəssisələrində qaz avadanlıqlarına texniki baxış keçirir. Bu zaman qaz sobaları, onların sazlığı və tüstü bacasına qoşulma vəziyyəti yoxlanılır. Əgər sovurma yoxdursa, müvəqqəti olaraq o qurğuya qazın verilişini dayandırırıq. Son zamanlar sayğaclar mənzillərdən kənara çıxarıldığı üçün bizim əməkdaşları evin içinə buraxmırlar. Belə olduğu halda, sözsüz ki, texniki baxışda problemlər yaranır”.

T.Kazımovun dediyinə görə, ümumilikdə bu tədbiri həyata keçirəcək müəyyən bir qurum yoxdur və ola da bilməz. Buna bina rəhbərliyi məsuliyyət daşıyır. FHN-də təsərrüfat hesablı təşkilata müraciət etdikdə, müqavilə əsasında bu tədbir çox ucuz qiymətə, 5-6 manata həyata keçirilir. Bütün icra hakimiyyətlərinin nəzdində təhlükəsizliklə bağlı komissiya yaradılıb. Qış mövsümü başlamazdan əvvəl müvafiq qurumlara tapşırıqlar verilir”.

Sonda qeyd edək ki, dəm qazı oksigenə nisbətən hemoqlobinlə möhkəm birləşir və oksigenin bədən hüceyrələrinə daşınmasının qarşısını alır. Bununla da orqanizmdə “oksigen aclığı” yaranır ki, nəticə etibarilə insanın boğulmasına səbəb olur. Orqanizm zəhərlənmədən öncə ilk müşahidə olunan hal başağrısı və ürəkbulanması kimi əlamətlərdir.

Elgün Mənsimov