• cümə axşamı, 28 mart, 21:32
  • Baku Bakı 13°C

Rəngli zirzəmi- Reportaj

09.11.18 12:30 2055
Rəngli zirzəmi- Reportaj
Xalq rəssamı Ağaəli İbrahimov hər zaman deyirdi ki, "rəssam üçün birinci azadlıq, ikinci emalatxanadır”. Bu günün gəncləri isə azadlığı öz emalatxanalarını açmaqda görürlər. Qəzetimizin "Gənclik” əlavəsində məhz o gəncləri tapıb, emalatxanalarında qonaq oluruq. Bu dəfə bir binanın zirzəmisində 3 gəncin açdığı 2 böyük emalatxanaya baş çəkdik. Bir xalçaçı, iki rəssam burada tələbələr hazırlayır, rəssamlığa, xalçaçılığa olan maraqlarını aşkara çıxarırlar. Onlar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələridir.

Zirzəmidə yaradıcılıq həvəsi

Öz emalatxanasında çalışan Elvin Paşayev deyir ki, İncəsənət Universitetinin "dizayner rəssam” ixtisasına daxil olub. Universiteti bitirdikdən sonra öz emalatxanasında rəngkarlıqla məşğuldur və bu emalatxanada gənc rəssamlar yetişdirir. Burada yaş fərqindən asılı olmayaraq, gənclərə rəssamlığın sirlərini öyrədir. Deyir ki, birinci sinifdən rəssamlığa böyük marağı olub: "Uşaq yaşlarımda kağız üzərində cızma-qara edirdim və gördüm ki, bu sənət mənə çox maraqlı gəlir. İstəyimin arxasınca getdim və bu sənətin texnikasını öyrənməyə başladım. Bilirsiniz ki, rəssamlıq sənəti təkcə əlinə fırça alıb ağ kağıza üzərində nəyisə təsvir etməkdən ibarət deyil. Onu xırdalıqlarına qədər öyrənmək və tətbiq etmək mütləqdir”.

Onun ixtisası dizayner rəssamlığı olsa da, rəngkarlığı üstün tutur. Bildirir ki, özünü məhz bu sənətdə tapır: "Özümü dizayner sahəsində görə bilmirəm. Dizayner sənətinin mütəxəssisi olmaq üçün bir çox proqramlara yaxından bələd olmaq mütləq şəkildə lazımdır. İçimdə həmin proqramlara həvəs yoxdur. Bir işdə həvəs olmadıqdan sonra onu inkişaf etdirmək mənasızdır. Mənə görə rəssam fırça ilə çalışmalı və öz təxəyyülünü məhz öz əsərinə tökməlidir. Düzdür, indi müasir dövrdür, kompyuter əsridir. Belə bir zamanda reklam, dizayn sahəsi daha çox gəlir gətirir, nəinki rəngkarlıq. Ancaq mən gəlirin deyil, daxilimdən gələn istəyin arxasınca getdim”.

Gənclərin sirdaşı olan emalatxana

Müsahibimiz deyir ki, universiteti bitirdikdən sonra tanıdığı şirkətlərə və bir çox müəssisələrə CV göndərib: "Gördüm ki, CV verməyin heç bir mənası yoxdur. Yavaş-yavaş rəsm sifarişləri qəbul etdim və müəyyən qədər məbləğ topladıqdan sonra öz emalatxanamı açmaq qərarına gəldim. Dostlarımızla məsləhətləşib, uyğun bir emalatxana tapdıq. Biz burada sifariş qəbul edir, müxtəlif mövzuda əsərlər çəkirik. Daha çox divar rəsmləri üzərində işləyirik. Obyektlərdə divarların boyanması işində də çalışırıq. Sifarişçinin istəyinə uyğun olaraq bura həm də özümüzü təkmilləşdirmək və üzərimizdə işləmək üçün bir məkandır. Yağlı boya və kətan üzərində çalışırıq. Kiçik sifarişləri isə məhz burada işləyirik. Gilan Holdinqlə birlikdə Keşlə Tütün zavodunun həyətində böyük bir qlobus işləmişik. Təbii ki, tanınmış şirkətlərlə işləmək istəyərdik. Ancaq bu işdə əlaqələrin böyük rolu var”.
Elvin deyir ki, bu emalatxanada tələbələr hazırlayır. Rəssamlığa həvəsi olan yeniyetmələr və ali məktəbə daxil olmaq üçün gənclər onlara müraciət edir. Müsahibim vurğulayır ki, 50 yaşında insanın da rəssamlığa həvəsi varsa, gəlib hazırlaşa bilər.
Rəssamlıq sənətinin çətinliklərindən danışan Elvin qeyd edir ki, bu sənəti seçdiyi üçün çevrəsi, ailəsi tərəfindən hər zaman qınaq obyektinə çevrilib. Ancaq nə bu qınaqlar, nə də çevrəsindəki insanların münasibəti sevdiyi peşədən ayıra bilməyib: "Mən peşəmi sevirəm. Rəssamlığa gəldiyim yolda çox qınaqlara tuş gəldim. Hətta "get özünə ayrı sənət tap” deyənlər də oldu. Bizim iş bir az səbr və dözüm tələb edir”.

Gənc rəssam Elvin Paşayevdən beynəlxalq sərgilərdə iştirak edib-etməməyini soruşuruq. O deyir ki, fərdi sərgilərin keçirilməsi üçün dəstək mütləq şəkildə lazımdır: "Təkbaşına nəsə əldə etmək çox çətindir. Kömək, ətraf olmadan nəyisə əldə etmək heç də asan deyil. Bir yerə çıxmaq və beynəlxalq arenada tanınmaq üçün dəstək olmalıdır”.
Bu emalatxanada nəinki rəssamlıq, eyni zamanda xalçaçılıqla da məşğul olurlar. Emalatxanada qonaq olduğumuz gün xalçaçı rəssam Lalə Hüseynzadə iş başında yox idi. Öyrəndik ki, xalçaçı rəssam eyni zamanda "Azərilmə”də çalışır.

Gənc rəssamdan özünü inkişaf etdirmək üçün hansı üsullardan istifadə etdiyini də soruşuruq. Deyir ki, bütün yük insanın öz üzərinə düşür. Rəssamlığı oturduğun yerdə inkişaf etdirmək isə çox çətindir. Gənc rəssamlara emalatxanalar verilsə, onların işləri bir qədər rahat olar.
Söhbətimizə rəssamın otaq yoldaşı Eldar Həsənov müdaxilə edir. O, incəsənət universitetinin "Kino rəssamlığı” ixtisasını bitirib. Deyir ki, əgər bir işi peşəkar səviyyədə görə bilmirsənsə, o işin ətəyindən yapışmaq faydasızdır: "Nəyi bacarırıqsa, onu da nümayiş etdirməyə çalışırıq. Bacara bilmədiyimiz işi öz boynumuza götürmürük. Biz mütəmadi olaraq dünyanın məşhur rəssamlarını izləyirik, qalereyalardan xəbərdarıq. Ancaq gedib ora çıxmaq bizə arzu kimi görünür. Əslində rəngkarlıq sahəsi çox maraqlıdır. Ancaq elə rəssamlar var ki, qrafikaya gedir”.

Onları birləşdirən sənət

Gənc rəssamlardan aylıq sifarişlərini də öyrənirik. Elə ay olur ki, ard-arda sifarişlər qəbul edən gənclər, bir çox aylar sifariş almırlar. Qiymət isə işə və keyfiyyətə görə dəyişir. Ən çox da kətan üzərində tablo sifarişləri alırlar.

Eldar Həsənov: "Yeni-yeni başlayanda arzulayırdıq ki, bir adam çəkə bilsəydim, gözəl olardı. Ancaq tale elə gəldi ki, rəssam oldum və kino rəssamlığı üzrə təhsil aldım, işləyə-işləyə öyrəndim. Nəzəriyyə deyil ki, oxuyub öyrənəsən. Əsas odur ki, öyrəndiklərini tətbiq edəsən. Əslində mən də öz sənətimin arxasınca getmədim. Çünki bu sənət diqqətimi çəkmirdi”.
Emalatxanada gitaranın da olduğunu görürük. Elvin deyir ki, rəssamlıqdan qalan asudə zamanını məhz gitarada ifa edərək keçirir. Özünü bu işdə heç də peşəkar hesab etmir. Sən demə, müsahibimizin oyma və heykəltəraşlıq sənətinə də böyük marağı var.

Gənc rəssamlar deyir ki, çəkdikləri əsərlərə baxanda, onu nə düşündüklərini aydın şəkildə görə bilirlər.
Eldar deyir ki, rəssam əsər çəkərkən hər şeydən ilhamlanır, onun ilham mənbəyi isə fərqli olur: "Hər hansı bir sərgidə gözəl bir iş gördükdə, ondan ilham alıb, emalatxanada yeni bir əsər yaradırıq. Bizim ilham mənbəyimiz günlük əhvalımızdan asılı olur. Adi günəşin çıxmağından belə təsirlənib əsər çəkdiyimiz vaxtlar olub. Əsərlərə baxanda, onu hansı ab-havada çəkdiyimizi xatırlayırıq”.
Gənclərlə söhbətimizi yekunlaşdırıb, şəkillər çəkdiririk. Nədənsə, az əvvəl dil qəfəsə qoymayan gənc rəssam Eldar şəkil çəkdirməkdən imtina edir. Ah bu gənclər, sizin də kompleksləriniz olmaya...

Xəyalə Rəis
banner

Oxşar Xəbərlər