• çərşənbə, 24 Aprel, 15:55
  • Baku Bakı 27°C

Rənglərin su üzərində rəqsi...

25.11.17 10:00 12324
Rənglərin su üzərində rəqsi...
Suya yazılan sevgi hekayəsi, yaxud rənglərin su üzərində ecazkar rəqsi... Damlaların yaratdığı möhtəşəmlik də deyirlər. Bəzilərinə görə möcüzə, bəzilərinə görə isə sənət əsəridir.

Söhbət ebru sənətindən gedir. Su üzərində rəsm çəkmə sənəti kimi böyük şöhrət qazanan ebru sənətinin tarixi əsrlər öncəyə gedib çıxır. Hətta türk dünyasının sənəti kimi adlandırılsa da, Azərbaycanda az sayda ebruzənlərə rast gəlmək olur. Həmin sənətkarlardan biri də müsahibimiz Sevinc Əliyevadır.

Su üzərində zərif iş

Sevinc xalçaçı rəssam olsa da, karyerasına fərqli istiqamətlərdə davam edib. Daha sonra isə ebru sənəti ilə tanış olub və türk ebruzən Bəkir Özsudan dərs alıb: "Bu sənətlə internetdə tez-tez rastlaşırdım. Ebru sənəti xüsusilə "Kurtlar vadisi” serialından sonra daha çox məşhurlaşmağa başladı. Amma inanmırdım ki, bu sənətlə Azərbaycanda məşğul olacağam. Daha sonra araşdırdım və gördüm ki, hələ 12-ci əsrdə yaşamış dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi məşhur "Xosrov və Şirin” poemasında "Şapurun Şirini tərifi və Xosrovun ona aşiq olması” hissəsində ebru sənətindən bəhs edib və su üstündəki naxış sənətini incə, zərif iş adlandırıb”.

Həmsöhbətimiz deyir ki, ebru ilə ilk dəfə tanış olduqda, bu ona möcüzə kimi gəlib: "Suyun üzərində şəklin qalması, boyanın damlasının suyun üzərində yayılmağı və rənglərin bir-birinə qarışmaması məni təəccübləndirdi. Bu mənə görə, əsl möcüzə idi”.


"Bir anlıq həyatı unudursan”

Müsahibimiz ebrunu art-terapiya adlandırır. Deyir ki, pessimistliyə qapılan, depressiyada olan bütün insanlar bu sənətlə məşğul olmalıdırlar: "Depressiyada olan insanlar bununla məşğul olanda rahatlanırlar. İnsanda, xüsusən də uşaqlarda özgüvən hissini yaradır. Bu sənətlə məşğul olduqdan sonra insan həyata başqa gözlə baxır. Məncə, ebru çəkən insan xoşbəxtliyi yaşayır. Suyun üzərində çəkərkən oradakı gözoxşayan rənglərlə həyatı unudursan. Bir anlıq hər şeydən qopur, heç nə düşünə bilmirsən”.
Gəvən otu, öküz ödü, qızılgül...
İlk dəfə ebru sənətini möcüzə kimi qəbul edən həmsöhbətimiz, sənətin texnikasını öyrəndikdən sonra boyaların suda necə hərəkət etdiyinin möcüzə olmadığının fərqinə varıb: "Ebru sənəti tamamilə təbii materiallar əsasında həyata keçirilir. Bu əməliyyat qatılaşdırılmış su üzərində aparılır. Boyalar əsasən torpaqdan hazırlanır. Sonra bu boyalar mərmər üzərində əzilir. Proses təxminən 4-5 saat davam edir. Daha sonra içinə öküz ödü qatılır. Bu, boyanı həm incəldir, həm də suyun üzərində qalmasına imkan verir. Həmçinin boyalar göy qurşağı kimi bir-birinə qarışmır və onun yapışqanlıq xüsusiyyətini təmin edir. Qatılaşdırılmış su astraqal (gəvən) ağacı adlanan təbii tikanotunun köməyi ilə alınır. Azərbaycanda o daha çox Naxçıvanda, İsmayıllıda yetişir. Gəvən otunun gövdəsindən nişastaya bənzər maddə çıxır ki, bu da suyu qatılaşdırır və nəticədə boyalar suyun üzərində dağılmır. Boyaları qatılaşdırılmış suyun üzərinə özü at quyruğundan, gövdəsi isə gül ağacından hazırlanan fırça vasitəsilə düzürlər. Bu fırçalar əllə düzəldilir. Əvvəlcə suyun üzərinə kiçik damcılar tökülür. Fırçanın bu şəkildə hazırlanmasının səbəbi odur ki, su üzərindəki ebrunun naxışlarını idarə etmək mümkün olsun. Bunun da növləri var. Boyanı olduğu kimi suyun üzərinə töküb heç bir müdaxilə etməmək olar. Bu üsulu ilk dəfə işləyən sənətkarın adı ilə əlaqədar olaraq ona Battal adı verilib”.


"Ebru uşağa ən gözəl tərbiyədir”

Müsahibimiz deyir ki, bu sənətin Azərbaycanda xüsusilə də evdar qadınlar arasında yayılmasını çox istəyir: "Ebru həyat tərzidir, sonsuz bir xoşbəxtlikdir. Ebru dili, dini, rəngi, düşüncəsi nə olursa-olsun, insanlar arasında yaradılmış bir sevgi körpüsüdür. Dünyada sehrli atmosfer yaradan yeganə rəsm sənətidir. Evdar qadınların daha çox məşğul olmasını istəyərəm. Mənə görə sənətə xüsusi istedad yox, xüsusi istək lazımdır. İnsan öz üzərində işləsə, ondan zövq alsa, hər bir iş alınacaq. Bizim Azərbaycan qadınları ailəyə bağlıdır. Övlada qayğı çoxdur. Ebru uşağa ən gözəl tərbiyədir. İndi uşaqlar yeni texnologiyaya meyillidir. İndiki uşaqlarda yaradıcılq yoxdur. Bununla məşğul olan uşaqda özgüvən, səbr yaranır, beyin dincəlir. Uşaq özü də öz işini görəndə zövq alır”.

Dəqiqlik, səbir, intizam...
Sevinc deyir ki, bu sənət insanın ruhu ilə bağlıdır. Onun sözlərinə görə, əhvalın pis olan vaxt işin də yaxşı alınmır: "Ebru sənətinə ruh sənəti deyirlər. Həqiqətən insanın ruhu ilə bağlanan sənətdir. Əgər əhvalın pisdirsə, ebru həmin vaxt səndə alınmır. Sanki su səni hiss edir. Həmin suyun üzərində bütün əhvalını əks etdirər. Ruha yaxın sənətdir. İçkili, sərxoş insan ebru üzərində işləyə bilməz. Rəssamlıqda sərxoş insanlar gözəl əsər yarada bilirlər. Ebruda bu mümkün deyil. Ayıq olmadınsa, işləyə bilməzsən. Orada dəqiqlik, səbir, intizam olmalıdır”.

Gənc ebruzənin sözlərinə görə, bu sənətin yaşı yoxdur. Əlində biz tuta biləcək həddə olan hər bir insan işləyə bilər: "Qardaşım oğlu yaşyarımdır. O belə, suyun üzərində boyalardan rənglər çəkir. Rənglərlə nə isə yaradır, bu da ona zövq verir. Mənim 2 yaşdan tutmuş, 52 yaşına qədər işlədiyim insanlar var. Hətta məşhur siyasətçilər də bu sənətlə maraqlanıb, çəkiblər”.

Müsahibimiz sənətinə o qədər bağlıdır ki, onu həm həkim, həm psixiatr, həm də sevgili adlandırır: "Heç vaxt düşünməzdim ki, ebrunu bu qədər sevim. İşdən icazə alıb evə qaçırdım ki, beynimdə olan ideyanı kağıza köçürüm”.

Qeyd edək ki, keçmişdə dövlətlərarası məktublaşmada ebrudan istifadə ediblər. Ebrunun bir incəliyi də odur ki, onu kopyalamaq mümkün deyil. İnsan özü istəsə belə, eyni naxışı ikinci dəfə vura bilməz.

Aygün ƏZİZ




banner

Oxşar Xəbərlər