• cümə, 29 Mart, 02:29
  • Baku Bakı 7°C

Rənglərin simfoniyası - Fotolar

23.05.17 13:30 2407
Rənglərin simfoniyası - Fotolar
"O əmin idi ki, incəsənəti yalnız duymaq olar. Onu izah, şərh etməyin lüzumsuzluğunu, rəssamın şəxsiyyətini, dünyagörüşünü anlamaq üçün açar axtarmağın, onu dərindən hiss etməyin, qəlbindəki çağırışına canlı, səmimi cavab tapmağın vacibliyini vurğulayırdı. Üfüq xətti kimi xəyali və əlçatmaz həqiqət axtarışında əsil dərvişə çevrilən rəssam səfalət içində yaşayır, uzun müddət sənətkar kimi nə şöhrət tapır, nə də ad-san. Buna baxmayaraq, dünyanın heç bir naz-neməti onu sənət yolundan dönməyə məcbur edə bilmir”. Əməkdar İncəsənət xadimi Kamal Əhməd haqqında Xalq Bankın "Xalq Əmanəti” layihəsi çərçivəsində işıq üzü görən 15-ci nəşrində yer alan bu sətirlər görkəmli rəssamın həyat və yaradıcılıq yolu ilə yaxından tanışlığa bələdçilik edir.

Əsərləri Azərbaycan incəsənətinin dəyərli nümunələri kimi şəxsi kolleksiyalarda, böyük muzey və qalereyalarda qorunub saxlanılan görkəmli rəssamın həyat yolu elə də asan olmayıb.
"Bu uşağın böyük gələcəyi var”
Kamal Əhməd rəssam kimi tanınana, əsərləri sevilənə və fərqlənənə qədər həyatın sərt üzü ilə mübarizə aparıb. Yaşadığı çətinliklər onu təkcə rəssam kimi deyil, həm də kamil insan kimi formalaşdırıb. Uşaq yaşlarında inşaatçı-mühəndis olan atasının işi ilə əlaqədar Bakıdan Qarabağa-Ağdam şəhərinə köçüblər. Ailə mühiti Kamalın sənətə məhəbbət ruhunda böyüməsində böyük rol oynayıb. Kamal hələ körpə çağlarından səs və rənglərin sehrinə düşüb. Atası mütaliəni sevən, musiqini duyan insan idi. Muğam ifa edir, hətta tar düzəltməyi bacarırdı. Anası da övladının təbiətə, sənətə və insanlara məhəbbət ruhunda böyüdən savadlı qadın idi. Valideynləri övladlarında rəssamlıq istedadını görüb onu bu istiqamətdə yönəltməyə çalışırdılar. Ancaq tale onunla amansız davranır: əvvəlcə yatalaq xəstəliyinə yoluxan anası, ilyarım sonra isə atası vəfat edir. Ölümündən əvvəl atası övladlarını peşəkar pedaqoqların çalışdığı, ona yaxşı təhsil verə biləcək uşaq evlərindən birinə verməyi təkid edir. Uşaqları Bakıya aparıb müxtəlif uşaq evlərinə verirlər. Bacısı bir müddət sonra vəfat edir, qardaşını isə nənəsi himayəsinə götürür. Kamal 18 yaşına qədər Şüvəlanda uşaq evində qalır. Bəxti onda gətirir ki, uşaq evinin direktoru Kamalın rəssam kimi yetişməsinə çalışır, onu sərgi və konsertlərə aparır, poeziyaya olan marağını təqdir edir. Xalq şairi Səməd Vurğunla uşaq evinin şagirdlərinin görüşündə Kamalın səlis və ifadəli şeir söyləməsi şairin diqqətini çəkir: "Bu uşağın böyük gələcəyi var” deyir.

Kamal məktəbli ikən rəsm dərnəyinə gedir. 1964-cü ildə akademik təhsil sistemini inkar edən ifrat fərdiyyətçi, üsyankar xasiyyətli gənc, Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirir. Onun müəllimlərindən biri görkəmli rəngkar Vəcihə Səmədova idi. Başqalarına bənzəməmək, fərqli olmaq istəyi gəncin məktəbi gec bitirməsinə də səbəb olur. Sonrakı fəaliyyətində də bu xarakteri ona maneçilik yaradır. Ancaq qaranlıq gecənin işıqlı gündüzləri kimi, gənc rəssamın qarşısına da nurlu insanlar çıxır. Səttar Bəhlulzadə ilə tanışlığı Kamalın qarşısında yeni üfüqlər açır. Kamal da Səttar kimi Nizaminin, Füzulinin fəlsəfəsi ilə maraqlanır və əlçatmaz həqiqəti tapmaq üçün əsl dərvişə çevrilir. Səttar Bəhlulzadə gənc rəssama Azərbaycanın poeziya, fəlsəfə və muğam dünyasını, abstrakt və ideal aləminin gözə görünməyən sirlərini açır.

K.Əhmədin digər müəllimi isə Azərbaycan avanqardının banisi Cavad Mircavadov idi. Onun ətrafında formalaşan Abşeron məktəbi adlandırılan həmfikirlərindən ibarət çevrə gənc rəssama Abşeronun gözəlliklərini bəxş edir. Onun işıqlı, günəşlə dolu "Abşeronda”, "Görədil” mənzərəsindəki rəng dünyası əksər rəssamların koloritindən fərqlənir. Uzun müddət Abşeronun Görədil kəndində yaşayan rəssam bu sehrli məkanda xeyli əsər yaradır.

Kamal Əhməd əsil yaradıcı insan idi. Həmkarları onun haqqında danışanda "Kamal faciəvi dünya duyumuna malik insan idi. O, öz xüsusi mikro kainatını, öz planetini yaratmış, burada real həyatın ona verə bilmədiyi hər şeyi əldə edə bilmişdi”- deyə xatırlayırlar: "O, tərki-dünya olub yaradır və bu sirli ayinə heç kimi yaxın buraxmırdı. Öz əsərləri haqqında danışmağı sevmir, rəngkarlıq haqqında heç bir müzakirəyə yol vermirdi”.
Zülmətdən işığa doğru
"Xalq Əmanəti” layihəsi çərçivəsində XalqBankın baş ofisində keçirilən nəşrin təqdimatına toplaşan insanların Kamal Əhməd haqqında ürək sözləri görkəmli rəssamın təkcə sənətkar kimi deyil, həm də insan kimi xüsusiyyətlərini yada saldı.

Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov həmkarı ilə bağlı xatirələrini yada saldı: «Biz onunla yaxın dost olmuşuq. Rəssamlıq Məktəbində oxuyanda mənim 16 yaşım var idi. Kamal isə məndən 5 yaş böyük idi. Hərbi xidməti bir yerdə keçirdik. Çətinliklər gördük, ac qaldıq, amma xidməti başa vurduq. Kamal mənimçün həmişə yaxşı dost idi. Ona təbiətdən istedad verilmişdi. Onun rəssamlıq hissi çox güclü idi. Rəngi onun kimi hiss edən ikinci sənətkar tanımıram. Həm də çox təvazökar adam idi. Onda sənət yanğısı var idi. Mən həmişə onu böyük ürəkli rəssam kimi xatırlayıram».

Bakı İncəsənət Mərkəzinin direktoru Rafael Gülməmmədli Kamal Əhmədi modern incəsənət sahəsinə ən çox təsir edən rəssam kimi dəyərləndirdi: «Kamal Əhməd dissident rəssamlardan idi. Onun kəndlilərə, fəhlələrə həsr etdiyi əsərlərində yalan və pafos görmək mümkün deyil. Kamal filosof idi. Azərbaycan təsviri sənətində qara rənglə işləyən iki rəssam var idisə, biri məhz Kamal Əhməd idi. Kamalın əsərləri qara fona malik simvollarla zəngindir. Simvolların çoxu bu qaranlığın əksinə yaranmış işığın konsepti ilə bağlıdır. İnsanlara tənqidi yanaşmasına baxmayaraq, qəlbinin dərinliyində heç kəsə ziyan gəlməsini arzulamırdı. Hər şeydən öncə, o, öz sənətinə çox bağlı idi və ətrafındakı hər kəsdən anlayış gözləyirdi. Kamal akademik təhsili inkar edirdi. Rəssam kimi özü özünü yetişdirmişdi. 1970-80-ci illərdə Kamal Azərbaycan təsviri sənətində layiqli yerini tuta bildi».

Kamal Əhmədi Abşeron rəssamlıq məktəbinin ən böyük simalarından biri kimi dəyərləndirən yazıçı-publisist Azər Abdulla rəssamı boya işlətmək bacarığına, rəng hissiyyatına görə qeyri-adi sənətkar kimi xatırladı: «Tanrı ona yaranışdan qeyri-adi istedad vermişdi. Onun əsərləri də bu istedadın gücü ilə yaranırdı. Kamal tablolarında zülmətdən işığa doğru gedirdi».

Kamal Əhmədi çox yaxından tanıdığını deyən Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı görkəmli rəssamı sənəti, ədəbiyyatı, musiqini sevən bir insan kimi yada saldı: «Kamal cəsarətli insan idi. Qeyri-adi dərəcədə xeyirxah və mehriban idi. Kamal simvolist idi. Onun əsərlərinə filosofcasına baxmaq lazım idi».

Kamal Əhmədi dahi rəssam kimi xatırlayan sənətşünaslıq doktoru Cəmilə Həsənzadə "O, incəsənətin bütün sahələrini gözəl bilirdi. Musiqini duyurdu” deyə sənət dostunu yada saldı: "Onun yaradıcılığını təkcə Abşeron məktəbinə aid etmək olmaz. Kamalın istedadı sərhəd tanımırdı. Mən onun yaradıcılığını kosmik fəza kimi miqyassız hesab edirəm».

Kamal Əhməd haqqında Azərbaycan televiziyasında ilk filmin müəllifi olduğunu deyən şair Çingiz Əlioğlu «Öz vaxtından qaçan adam» adlı şeirini görkəmli rəssama həsr etdiyini söylədi: «Kamal, öz zamanında duruş gətirə bilmirdi. O, sənətin dəhlizlərində dolaşırdı”. Ç.Əlioğlu Kamal Əhməd kimi sənətkarları milli sərvət kimi dəyərləndirdi: "Biz öz təbii sərvətlərimizlə fəxr edirik. Amma şairlərimiz, rəssamlarımız, bəstəkarlarımız bizim əsil sərvətimizdir. Kamal Əhməd daxilən zəngin insan idi. O, fikir adamı idi. Onun rənglərinin altında neçə-neçə qatlar var. Bu əsərləri sadəcə, duymaq lazımdır. Onun əsərlərində rənglərin simfoniyası vardı».
Gələcək nəsillər üçün zəngin irs
Atasının əsərlərinin çoxdan sərgilənmədiyini, xatirəsinə tədbirlər keçirilmədiyini deyən rəssamın qızı Kamilla Əhmədova ölümündən 23 il keçməsinə baxmayaraq onun göz yaşları ilə, sevinclə, təbəssümlə, bol xatirələrlə xatırlanmasından fərəh hissi keçirdiyini dilə gətirdi: «Bu, sənətkarın xoşbəxtliyidir. Bilirəm ki, tədbirə gələn insanların ürəkləri xatirələrlə doludur”. Atasının rəssamlıq tərzinin təkrarolunmaz olduğunu deyən K.Əhmədova "Baxmayaraq ki, atam çox yaşamadı, amma gələcək nəsillər üçün zəngin irs qoyub” dedi: "Onun sənətkarlıq tərzi təkrarsız idi. Bu əsərlərdən insanlara enerji yayılır. Belə bir tədbir keçirdiyinə, atamın əsərlərindən ibarət mükəmməl nəşrə görə Xalq Banka ailəmiz adından minnətdarlıq edirik!”

Xalq Bankın Azərbaycan mədəni irsinin qorunub gələcək nəsillərə çatdırılması məqsədi daşıyan layihəsi çərçivəsində Kamal Əhmədin əsərlərinin ekspozisiyası may ayının 20-dən başlayaraq bankın baş ofisində (ünvan: Bakı şəhəri, İnşaatçılar prospekti, 22L) fəaliyyət göstərəcək. Gözəlliyi duymaq, hiss və duyğuların vəhdətindən, qəlbin hərarətindən kətan üzərinə süzülən gözəlliklərlə baş-başa qalmaq, ecazkar dünyanın sehrinə düşmək üçünsə sərgiyə vaxt ayırmağa dəyər.

Xatırladaq ki, "Xalq Əmanəti” layihəsi Xalq Bankı tərəfindən 2010-cu ildən etibarən həyata keçirilir. Layihə xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədini daşıyır. Layihə çərçivəsində nəşr olunan kitablar üç dildə - Azərbaycan, ingilis, rus dillərində çap olunur. Nəşrlər ölkənin ali və orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə, kitabxanalarına, eləcə də sənətsevərlərə hədiyyə olunur.
Ötən zaman ərzində Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev eləcə də Mahmud Tağıyev, Vəcihə Səmədova, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinovun, şəhid-heykəltəraş Samir Kaçayevin əsərlərindən ibarət sərgilər təşkil olunub və bədii albomlar nəşr edilib. Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk və unudulmaz Mikayıl Müşfiqin seçilmiş əsərləri, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin "Azərbaycan sikkələri” kitabı işıq üzü görüb.
Təqdimatda iştirak etdi
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər